“Susqunlar” Albert Kamyu

albert camus

Qışın oğlan çağı olmasına baxmayaraq, parlaq günəş hələ də hərəkətli şəhərin səmasında var-gəl edirdi. Dalğaqıranın sonunda dənizlə səma göz qamaşdırıcı bir işıqda bir-biri ilə birləşirdi. Amma Yvars bütün bunların fərqində deyildi. O, limanın yuxarısındakı bulvarda yavaş-yavaş velosipedini sürürdü. Bir ayağı gecəki rütubətdən sonra hələ də nəm olan sürüşkən səkidə velosipedi hərəkət etdirməyə çalışarkən, şikəst olan digər ayağı pedalın üzərində hərəkətsiz olaraq dayanmışdı. Velosipedin üstdə ayaqlarını aralayıb oturmuş bədəncə kiçik Yvars köhnə dəmir yolundakı relslərə ilişməmək üçün başını yuxarı qaldırmadan sürürdü.
Yoldakı maşınların onu ötüb keçməsinə imkan vermək üçün qəfildən velosipedin sükanını döndərdi və bu zaman dirsəyi, təsadüfən, Fernandenin onun üçün hazırladığı yemək çantasına toxundu. Adətən bu cür hallarda o, acıqlı-acıqlı çantanın içindəkiləri fikirləşərdi. İkinci növ çörəyin iki dilimi arasında onun xoşladığı İspansayağı omlet ya da yağda qızardılmış bifşteks yox sadəcə pendir var idi.
Velosipedlə dükana getmək heç vaxt ona bu qədər uzun görünməmişdi. O qocalırdı. Üzüm tənəyi kimi düz qamətli qalmasına baxmayaraq, insanın qırx yaşında əzələləri belə sürətlə qızınmır. Bir vaxtlar idman icmallarında otuz yaşlı idmançıya veteran kimi müraciət olunduğunu oxuyanda çiyinlərini çəkib Fernandeyə deyərdi:
“ Əgər o, veterandırsa, demək ki, mən artıq əlil arabasındayam”.
Lakin o bilirdi ki, müxbir sözlərində heç də haqqsız deyil. Otuz yaşında adam artıq özü də hiss etmədən bədəninin şuxluğunu itirməyə başlayır. Düzdü, qırx yaşında Yvars hələ də əlil arabasında deyildi, amma böyük ehtimalla buna doğru gedirdi. Görəsən, buna görəmi şəhərin o biri başındakı çəlləkçi emalatxanasına gedəndə dənizə baxmaqdan çəkinirdi?! Iyirmi yaşı olanda dənizi izləməkdən heç yorulmazdı. Bu səbəbdən həftə sonlarını çimərlikdəki emalatxanada keçirməyi özü üçün adətə çevirmişdi. Şikəst olmasına baxmayaraqmi deyim, yoxsa elə məhz şikəst olduğu üçünmü dənizdə üzməyi hər zaman sevmişdi. Sonra illər ötdü. Fernandenin onun həyatına daxil olması və oğlunun dünyaya gəlişi Yvarsın görüşlərinin, şənbə günlərində dükanda keçirdiyi əlavə iş vaxtlarının, bazar günləri başqaları üçün gördüyü qəribə işlərin sonu oldu. Yavaş-yavaş həmin dəhşətli vaxtlarda özünü ovundurduğu vərdişlərdən əl çəkdi. Dərin, təmiz su, qızmar günəş, qızlar və fiziki həzzdən başqa bu ölkədə heç bir xoşbəxtlik mövcud deyildi. Bu xoşbəxtlik isə gəncliklə birgə itib gedirdi. Yvars dənizi yenə də sevirdi, lakin yalnız günün sonunda- körfəzdə suya qaranlıq çökəndə. Fernandenin yaxşıca ütülədiyi təmiz köynəyin və buz kimi bir stəkan arağın bəxş etdiyi məmnunluq hissi içində evinin qarşısındakı meydançada işdən sonra oturub dincəldiyi vaxtlar onun lap ürəyini oxşayırdı. Axşam düşər, səma yumşalıb həlimləşər,Yvarsla danışan qonşular qəfildən səslərini aşağı salardılar. Həmin anlarda heç özü də bilmirdi xoşbəxtdir yoxsa bədbəxt. Bu cür vaxtlarda içində bir sakitlik hiss edirdi, susqunluq içində oturub gözləməkdən başqa ediləsi bir şey yox idi. Gözləmək, nəyi gözlədiyini bilmədən sadəcə gözləmək.
Lakin, səhər durub işə gedəndə yenə də dənizə baxmazdı. Onu salamlamaq üçün dənizin həmişə orada olmasına baxmayaraq,Yvars hava qaralana kimi onu görməkdən imtina edərdi. Bu səhər özünü həmişəkindən daha ağır hiss edərək yenə də başı aşağı pedalları fırlayırdı. Sanki ürəyi sinəsinə görə çox ağır idi.
Keçən gecə görüşdən evə gələndə onların işə geri qayıtmalı olduqlarını eşidən Fernande sevinərək dedi:
“ Müdir maaşını artırır?”
Müdir maaş zad artırmırdı, tətil uğursuzluğa düçar olmuşdu. Etiraf etmək lazımdır ki, hadisələri düzgün planlaşdırmamışdırlar. Tətil çox sürətlə baş vermişdi; ittifaq bu tətili könülsüz dəstəkləməkdə haqqlı idi. Bütün olanlardan sonra çəlləkçi emalatxanasında işləyən on beş işçini güclə tapmaq olardı. Ittifaq fəaliyyət göstərməyən digər çəlləkçi dükanlarını da nəzərə almalı idi. Həqiqətən də, ittifaqı günahlandırmaq olmazdı. Tankerlərin və avtosisternlərin qurulması ilə təhlükə qarşısında qalan çəlləkçi emalatxanaları inkişafı dayandırmışdır. Çox az sayda çəllək və iri çənlər hazırlanırdı. Emalatxanalarda işin əsas hissəsi hazır çənlərin təmir olunmasından ibarət idi. Emalatxana sahibləri işlərinin geriləməsindən agah olsalar da, bu işdən xeyir götürmək niyyətində idilər. Bunun ən asan yolu yaşayış xərclərinin günü-gündən artdığı bir dövrdə işçilərə maaş verməmək idi.
Çəlləkçi emalatxanaları fəaliyyətini dayandırdıqdan sonra çəlləkçilər nə edəcəkdi? Nəysə bir şeyi öyrənərkən çətinliklərlə qarşılaşanda peşəmizi dəyişmirik; bu çox çətin mərhələdir və uzun müddətli usta köməkçiliyi adlanır. Əyilmiş çəllək taxtalarına forma verən, eləcə də, rafiya ( palmanın bir növüdür; liflərindən parça, taxta məhsulları istehsalında və gəmiqayırmada təbii kəndir kimi istifadə olunur) və ya oakumsuz (əsasən gəmiqayırmada taxta, dəmir, polad lövhələrin bərkidilməsi üçün istifadə olunur; çətənə bitkisinin lifindən alınır.) onları dəmir çəmbərlə odda bərkidən peşəkar çəlləkçi tapmaq çox çətindir. Yvars bunları bacarırdı və bununla da fəxr edirdi. Peşə dəyişmək asan işdir. Lakin bildiyin bir işdən, peşəkarı olduğun sənətdən əl çəkmək heç də asan məsələ deyil. Peşən gözəl ola bilər, amma iş yoxdursa sən batdın, taleyinlə barışmalısan. Işdən çıxmaq da asan deyil. Müzakirə yürüdə bilməyəcək birinin ağzını yummaq və sırf hər həftənin sonunda onların vermək istədiyi -əslində, almalı olduğundan dəfələrlə az olan maaşı almaq üçün hər səhər üst-üstə yığılmış yorğunluqla eyni yolu qət etmək çox çətin idi.
Beləliklə işçilər qəzəbli idilər. Ikisi, üçü tərəddüd içində idi. Lakin müdirlə ilk danışıqlardan sonra qəzəb dalğası onların hamısının ürəyini bürümüşdü. Müdir qəti olaraq bildirdi ki, onlar ya bununla kifayətlənməli, ya da işdən çıxmalıdırlar. Bu kişiliyə sığan bir hərəkət deyildi.
“ O bizdən nə gözləyirmiş ki, belə?”- Esposito dedi. “ Ona boyun əyib bir gün eşşək kimi dalımızdan vurub bizi bayıra atmasını gözləyəcəyik?!”
Halbuki, müdir o qədər də pis biri deyildi. O, atasından miras qalmış çəllək emalatxanasında böyümüşdü. Demək olar ki, burdakı çəlləkçilərin hamsını uzun illərdi tanıyırdı. Arada bir işçilərini emalatxanada qəlyanaltı etməyə dəvət edər; taxta ovuntularından qaladıqları ocağın üstündə siyənək ya da sosis bişirərdilər. Bir az da qonaq etdiyi şərabın sayəsində o, həqiqətən, çox yaxşı insan idi. Həmişə Yeni İl gecəsində hər bir işçisinə beş şüşə əla növ şərab verərdi. Hətta xəstə olan yaxud evlilik kimi hansısa vacib hadisəni qeyd edən işçilərinə pul hədiyyə edərdi. Qızı dünyaya gəldikdə hər kəsə şəkərli badam paylamışdı. Iki-üç dəfə Yvarsı sahilyanı mülkinin ərazisində ov etməyə də dəvət etmişdi. O, işçilərini sevirdi, buna şübhə ola bilməzdi. Tez-tez atasının sadə usta köməkçisi kimi işə başladığını dilə gətirərdi. Lakin heç vaxt işçilərinin evində olmamışdı. Onların vəziyyətindən xəbərdar deyildi. O, yalnız özünü fikirləşirdi. Özündən başqa heç nə onun üçün maraqlı deyildi. Indi də deyirdi ki, ya bu halınıza şükür etməli, ya da işdən çıxmalısınız. Başqa sözlə desək, o, işçilərinə inad edirdi. Tutduğu mövqeyə görə bu cür davranmaqda ona haqq qazandırmaq olardı.
O, ittifaqı sıxışdırırdı və beləcə emalatxana fəaliyyətini dayandırdı. Müdir isə sadəcə belə dedi:
“ Keçirmək istədiyiniz etiraz tətillərinin yaradacağı fəlakətə girişməyin. Emalatxana işləməyəndə mən sadəcə puluma qənaət etmiş oluram”.
Bu düz deyildi. Lakin o, işçilərin üzünə deyirdi ki, yazığı gəldiyi üçün onlara iş verib. Bu söhbət olanları qaydasına salmağa kömək etmədi, əksinə hər şeyi daha da qəlizləşdirdi. Qəzəbindən vəhşiləşmiş Esposito müdirə adam olmadığını dedi. Müdrin də qəzəbdən gözü çöndü, onları güclə ayırdılar.
Amma bu hadisə öz növbəsində digər işçiləri də coşdurdu. Iyirmi günlük tətil dalğası, evdə qəmgin oturmuş qadınlar, ruhdan düşmüş iki-üç nəfər və nəhayət son nəticə- ittifaq arbitrajı (mübahisəli məsələnin üçüncü tərəf vasitəsi ilə həll olunması) və iş vaxtından sonra əlavə iş saatları hesbına itirilmiş günlərin bərpasını üzərlərinə götürməyi onlara məsləhət gördü. Onlar işə qayıtmaq qərarına gəldilər.
Lovğalanaraq bunun son olmadığını, nəyinsə yenidən nəzərə alınacağını deyə bilərik. Lakin bu səhər, məğlubiyyətə bənzəyən yorğunluq və çörəyin arasında ət əvəzinə qoyulmuş pendir göstərirdi ki, xülyalar daha mövcud deyil. Günəşin necə parlamsının, dənizin boş vədlər verməməsinin heç bir fərqi yox idi. Yvars ayağını bir pedala basaraq gedirdi. Pedal hər dəfə fırlananda o, sanki bir az da qocalırdı. Yenidən görəcəyi emalatxana, yoldaşları, müdri haqqında düşünə bilmirdi. Fernande narahat halda soruşdu:
“ Adamlar ona nə deyəcək, görəsən? Heç bir şey?!”
Yvars velosipedin üzərində ayaqlarını aralayaraq başını tərpətdi. Dişlərini qıcadı. Onun girdə, qara, qırışlı üzü həsas cizgiləri ilə birgə sərtləşdi.
“ Biz işə geri dönürük. Vəssalam!”
Yenə də dişlərini qıcayaraq velosipedini sürdü. Beləcə, bulvarı və dənizi arxada qoyaraq köhnə İspan meydanının rütubətli küçələrinə üz tutdu. Bu küçələr isə tən yarıya kimi daşdan hörülmüş,yarıdan sonra isə şüşədən ibarət metal damlı alçaq daxmaya bənzər emalatxananın yerləşdiyi xırda komalarla, dəmir-dümür anbarları və qarajlarla dolu bir əraziyə aparıb çıxarırdı. Emalatxananın qapıları iş inkişaf edib böyüdükdən sonra istifadə olunmayan üstü örtülü depo ilə əhatələnmiş həyətə- köhnə çəllək sexinə açılırdı. Indi bu sex sadəcə xarab maşınların və köhnə çəlləklərin saxlanıldığı anbar idi. Köhnə kirəmitlərlə döşənmiş cığıra bənzər yolla sexin həyətindən ayrılmış digər tərəf müdirin bağı idi. Bağın sonunda isə çöl pilləkanlara sarılmış Virginia sarmaşığının və dağınıq bitmiş doqquzdanın (kol) yaratdığı görüntü ilə nəhəng və yöndəmsiz təssürat oyadan ev dayanmışdı.
Yvars elə bu vaxt gördü ki, emalatxananın qapıları bağlıdır. Bir qrup işçi də qapının qarşısında sakitcə dayanıb gözləyir. Burda işləyəndən bəri ilk dəfə idi ki, gələndə qapıların bağlı olduğunu görürdü. Müdir bununla hökmranlığını göstərmək istəyirdi. Yvars sola dönərək velosipedini o tərəfdən daxmaya doğru uzanmış çardağın altında saxladı və qapıya doğru addımladı. Sakitcə dayanıb onun gəlişini izləyən emalatxanada birgə işlədiyi hündür boylu, qarayanız, tüklü Espositonu, qırmızımtıl dərisinə görə ittifaqın nümayəndəsi Markonu, emalatxanadakı yeganə ərəbi-Səidi və digərlərini uzaqdan tanıdı. Lakin Yvars gəlib onların yanına çatmamış qəfildən onların hamısı təzəcə açılmağa başlayan qapıya tərəf çönüb baxdı. Briqadir Ballester qapının arasında göründü. Arxasını işçilərə çevirmiş briqadir dəmir relsin üzərində qapını itələyərək emalatxananın ağır qapılarından birini açdı.
Yaşca hamıdan böyük olan Ballester tətil fikrini dəstəkləməsə də, Esposito onu müdrin əlaltısı adlandırana qədər səsini çıxarmamışdı. Indi isə mavi rəngli enli, qısa toxunma köynəyi əynində, ayaqyalın (Səiddən sonra ikinci adam idi ki, ayaqyalın işləyirdi) qapının yanında dayanan Ballester qalın, sallaq bığlarının altında doddaqlarını aşağı sallayaraq qocalmış üzündə rəngsiz görünən solğun gözləri ilə onların gəlişini bir-bir izləyirdi. Məğlubiyyətdən sonra qayıtmaqla artıq alçaldılmış olan bu insanlar susurdular, lakin bu sükutda bir yırtıcılıq gizlənmişdi. Onlar sükutu pozmaqda aciz olduqları üçün bu susqunluq uzun müddət davam etdi. Onlar Ballestere baxmadan gedirdilər, çünki onun verilmiş əmri yerinə yetirdiyini bilirdilər. Onun nə fikirləşdiyini yerə dikilmiş acıqlı baxışından anlamaq olardı. Yvars bircə dəfə ona baxdı. Yvarsdan xoşu gələn Ballester heç bir söz demədən başını buladı.
Onların hamısı giriş qapısının sağında bir tərəfində bərkidildikləri rəngsiz lövhələrlə ayrılmış açıq çadırlar, digər tərəfində qıfıllı rəflər olan kiçik qapalı otaqda dayanmışdılar. Girişdən ən uzaqda qurulmuş və komanın divarlarının əksinə yerləşmiş çadır torpaq döşəməni deşərək düzəltdikləri su novalçasının üzərini bağlayan duşa çevrilmişdi. Emalatxananın ortasında hazırlanmanın müxtəlif mərhələsində olan məhsullar görmək olardı; odda cilovlanmağı gözləyən artıq tam hazır olmuş boş çəlləklər, ortasından uzun şırımlar çıxarılmış qalın taxtalar ( bu taxtaların bəzisindən tilişkəli ucları hamarlanmamış dairəvi parçalar kəsilib çıxarılmışdı) və yanmayan ocaq yerləri. Girişin solunda divarın yanında işçilərin oturduğu dəzgahlar cərgə ilə düzülmüşdü. Onların qarşısında isə cilallanmağı gözləyən çəllək taxtaları yığılıb qalmışdı. Sağ tərəfdəki divarın qarşısında- paltar dəyişdikləri otağın lap yaxınlığında saz vəziyyətdə yağ içində parlayan iki böyük elektrik mişarı səssiz durmuşdu.
Bir müddət əvvəl emalatxana burda işləyən işçilərin sayına görə çox böyük idi. Bu işçilərə yayda sərf etsə də, qışda heç əl vermirdi. Indi isə həmin bu geniş yerdə yarımçıq tökülüb qalmış işlər, kobud işlənmiş güllər kimi başından ayrılmış taxtaları birləşdirən tək çənbərli çəlləklər künc-bucağa səpələnmiş, mişarağzı (taxta kəpəyi,yonqarı) skamyaların üstün örtmüş, alət qutuları, maşınlar-bir sözlə, hər şey emalatxanaya atılmış, tərk edilmiş yer görkəmini verirdi. Işçilər köhnə iş köynəklərini, rəngi-rufu qaçmış yamaqlı şalvarlarını geyinib otağa tərəddüd içində baxırdılar. Ballester isə sadəcə onlara baxırdı.
“Belə, indi hamı iş başına”.- o dedi.
Işçilər heç bir söz demədən bir-bir öz yerlərinə keçdilər. Ballester növbə ilə birinin yanından o birinin yanına keçərək başlanmalı və bitirilməli olan işləri qısa şəkildə onların yadına salırdı. Lakin heç kim ona cavab vermirdi. Az sonra çəlləyin qabarmış hissəsini çənbərləmək üçün olan dəmir ucluqlu çivə dəyən çəkic tappıldamağa, ağac fırına toxunan rəndə xırıldamağa, Espositonun işə saldığı elektrik mişarı uğuldamağa başladı.
Səid lazım olanda taxta ya da ocaq qalamaq üçün yonqar gətiridi. Dəmir çəmbərin tam oturması üçün çəlləkləri odda bişirirdilər. Kiminsə Səidin köməyinə ehtiyacı olmayanda o, öz yerində əyləşər, ağır çəkic zərbələri ilə paslı çəmbərləri pərçimləyərdi.
Yanan yonqarın iyi yavaş-yavaş emalatxananı bürüyürdü. Espositonun kəsdiyi taxtalara forma verən Yvars köhnə qoxunu hiss etdi və ürəyinə azacıq da olsa rahatlıq çökdü. Hamı başını aşağı salıb səssiz işləsə də, emalatxanada bir istilik, həyat işartısı görsənməyə başlayırdı. Iri pəncərələrdən təmiz hava içəri dolurdu. Tüstü qızılı günəş işığına bir bozluq gətirirdi. Ətraf o qədər sakit idi ki,Yvars hətta yanındakı böcəyin vızıltısını belə eşidirdi.
Elə bu an divarın sonundakı qapı içəri tərəfə itələndi və qapının astanasında müdir M.Lazalle göründü. Uzun, qara dərili bu bəyin uzağı otuz yaşı olardı. Gabardin ( sıx toxunuşlu qalın yun parça) kostyumunun üstündən sallanan şinel onun əyninə böyük görsənirdi. Çapacağa bənzər sümüklü üz biçiminə baxmayaraq, əksər sağlam insanlar kimi adamda ilk baxışdan özünə qarşı rəğbət hissi oyadırdı. İçəri girdikdə simasındakı çaşqınlıq özünü büruzə verirdi. Salamlaşmağı da həmişəkindən fərqli oldu. Bununla belə, heç kim onun salamını almadı. Çəkiclərin səsində də bir durğunluq hiss olundu, taqılltı səsi bir anlıq kəsildi, lakin sonra daha ucadan çıxmağa başladı. M.Lazalle inamsız halda daha bir-iki addım irəli atdı. Sonra bir ildiki onlarla işləyən balaca Valeriyə baxaraq başını tərpətdi. Valeri Yvarsdan bir neçə addım aralıda elektrik mişarının yanında dayanıb iri çəlləklərin altlığını birləşdirirdi. Müdir bir az onun necə işlədiyinə baxmağa başladı. Valeri isə heç bir söz demədən işləməyə davam edirdi.
“ Hə,oğlum, işlər necə gedir?”- M.Lazalle soruşdu.
Gənc oğlanın əli ayağına dolaşdı. O, qucağında taxta Yvarsa tərəf gedən Espositoya baxdı. Esposito da fikrini işdən yayındırmadan ona doğru baxdı. Valeri müdirə cavab vermədən başını düzəltdiyi çəlləyə tərəf çevirdi. Bir qədər də karıxan Lazalle bir anlıq gənc oğlanın önündə donub qaldı, sonra çiyinlərini dartdı və üzünü Markoya tərəf çevirdi. Qıçlarını aralayıb oturmuş Marko asta və diqqətli hərəkətlər ilə çəlləyin altlığının künclərini yonurdu.
“ Salam, Marko”.- Lazalle yaltaqlanırmış kimi dedi.
Başı əlindəki taxtanı bacardıqca incə yonmağa qarışmış Marko ona cavab vermədi. Lazalle üzünü digər işçilərə tutub yüksək səslə soruşdu:
“ Sizə nə olub axı? Bilirəm, biz razılığa gələ bilmədik. Lakin bu bizim birgə işləməyimizə mane ola bilməz. Belə etməklə nə qazanacaqsınız axı?”
Marko ayağa qalxdı, hazırladığı altlığı yuxarı qaldırdı, dairəvi kəskin küncü ovcu ilə yoxladı, nisgilli gözlərini razılıq əlaməti ilə qıydı və sakitcəsinə iri çəlləyi yerləşdirməkdə olan digər işçiyə tərəf addımladı. Emalatxanada çəkiclərin və elektrik mişarlarının səsindən başqa heç nə eşitmək olmazdı.
“ Yaxşı, nə vaxt ətəyinizdəki daşı tökmək qərarına gəlsəniz Ballestre xəbər edin mənə desin”.- Lazalle dedi və sakitcə emalatxanadan çıxdı.
Demək olar ki, dərhal sonra emalatxananın gurultusunu kölgədə qoyan zəng iki dəfə çalındı. Papirosunu bükmək üçün təzəcə oturmuş Ballester yavaşca ayağa durdu və emalatxananın sonundakı qapıya tərəf getdi. O gedəndən sonra çəkiclərin səsi yavaşıdı; hətta Ballester geri qayıdanda işçilərdən biri işini dayandırıb durmuşdu. Ballaster qapının yanında dayanıb bircə bunu dedi:
“ Marko və Yvars, müdir sizi çağırır”.
Buna ilk olaraq Yvars reaksiya verdi, getmək üçün əllərini yudu, lakin Marko onu qolları ilə qucaqlayıb saxladı və Yvars onun arxasınca axsayaraq getdi.
Çöldə işıq o qədər təmiz və axıcı idi ki,Yvars bu işığı üzündə və köynəyini yuxarı çırmalayıb açıq qoyduğu qollarında hiss etdi. Onlar üstündə bir iki yerdə açmış çiçəkləri olan doqquzdanın altıyla çöl pilləkanlarla yuxarı qalxdılar. Divarları diplomlarla bəzədilmiş dəhlizdən keçəndə ağlayan körpənin və M.Lazallenin səsini eşitdilər:
“ Nahardan sonra uşağı yatağa apar. Əgər yaxşılaşmasa həkim çağırarıq”.
Sonra müdir qəfildən dəhlizdə peyda oldu və onları əvəllər gördükləri əldə düzəldilmiş mebel və idman kubokları ilə bəzədilmiş kiçik ofisə dəvət etdi. Yazı stolunun arxasında əyləşən Lazalle dedi:
“ Əyləşin”.
Onlar oturmadılar. Və Lazalle sözə başladı:
“ Mən sizi ona görə çağırmışam ki, Marko- sən nümayəndəsən, Yvars- sən isə Ballesterdən sonra gələn ən köhnə işçimsən. Mən artıq keçmişdə qalmış müzakirələrə birdə qayıtmaq istəmirəm. Mən istədiyiniz şeylərin hamsını sizə verə bilmərəm. Problem artıq həll olundu və biz işin bərpa olunması qərarına gəldik. Görürəm ki, mənə qarşı acıqlısınız, bu məni incidir. Mən hiss etdiyimi sizə deyirəm. Sadəcə bir əlavəm var: bu gün etdiyimi çox güman ki, işdə vəziyyət düzələndən sonra da edə biləcəm. Əgər mən bunu edə bilsəm,siz deməmişdən əvvəl edəcəm. Beləliklə, gəlin birgə işləməyə cəhd edək.”- o nəyisə götür-qoy edirmiş kimi danışmağı dayandırdı və onlara tərəf baxdı.
Marko pəncərədən çölə baxır,Yvars isə dişlərini qıcamışdı. O danışmaq istəyirdi lakin bacarmırdı.
“ Yaxşı”.- Lazelle dedi,” mənə qulaq asın. Heç biriniz indi məntiqlə düşünmürsünüz. Bu müvvəqqətidir, düzələcək. Nə vaxt ki, yenidən ağılla düşünməyə başlayacaqsınız indi dediklərimi yada salın”.
O ayağa qalxdı, Markoya tərəf getdi və onun əlini sıxdı.
“ Hələlik”- Lazalle dedi.
Markonun rəngi qaçdı, məşhur qırmızımtıl üzü sərtləşdi, bir saniyə sonra isə üzündə mənalı bir ifadə yarandı. Daha sonra qəfildən dabanları üstdə çevrildi və otaqdan çıxdı. Lazallenin də sifəti solğunlaşmışdı. O, əl uzatmadan Yvarsa baxdı və qışqırdı:
“ Cəhənnəm ol!”
Onlar emalatxanaya geri dönəndə işçilər hələ də nahar edirdilər. Ballester çölə çıxmışdı. Marko isə bircə bunu dedi:
“ İt hürər, karvan keçər!”
Espozito əlindəki çörəyi dişləməyi dayandırıb onların hansı cavabı verdiyini soruşdu. Yvars heç bir cavab vermədiklərini bildirdi. Sonra gedib yemək çantasını götürdü, geri qayıdıb öz yerində oturdu. Yvars yeməyə təzəcə başlayanda ondan azacıq uzaqda olan, az parlaq səmanın maviyə bürüdüyü pəncərəyə başı dumalı şəkildə baxan Səidin bir topa taxta yonqarının üstə arxası qatda uzandığını gördü. Səid dedi ki, gətirdiyi əncirləri yeyib qurtarıb. Yvars yeməyi dayandırdı. Lazalle ilə olan söhbətdən sonra yaranmış cansıxıcılıq otağın abu-havasını daha mülayim etmək üçün qəfildən yoxa çıxdı. Yvars ayağa qaldı, çörəyini iki yerə böldü, lakin Səid çörəyi götürməyərək gələn həftə hər şeyin daha yaxşı olacağını bildirdi. Bu zaman Yvars dedi:
“ O zaman sən məni qonaq edəcəksən”.
Səid güldü və aclığı olmayan adam kimi Yvarsın buterbrodundan bir dişləm aldı.
Espozito isə köhnə qazançanı götürdü və taxta qırıntılarından ocaq qaladı. Şüşədə gətirdiyi qəhvəni qızdırdı. O bildirdi ki, bu tətilin uğursuzluğa düçar olduğunu eşidən baqqalçının hədiyyəsidir. Xardal bankası əldən ələ ötürüldü. Hər dəfəsində Espozito şəkərli qəhvəni yerə tökürdü. Səid qəhvəni yeməyi udduğundan daha ləzzətlə uddu. Espozito ağzını marçıldadaraq və söyərək yerdə qalan qəhvəni qaynar qazançadan içdi. Elə bu vaxt Ballester işə qayıtmaq vaxtını bildirmək üçün emalatxanaya girdi.
Onlar ayağa durub qab-qacaqlarını çantalarına qabqaranda Ballaster onların ortasında dayanıb dedi:
“ Hamınız üçün çətindi, elə mənim üçün də. Lakin bu uşaq kimi davranmağa səbəb deyil. Küsülü qalmağın heç bir faydası yoxdur”.
Espozito qazançanı götürdü Ballestere tərəf çöndü , onun uzunsov kobud sifəti qəfildən qızardı. Yvars onun nə demək istədiyini- və eyni zamanda hər kəsin nə düşündüyünü bilirdi; onlar küskün deyildilər, sadəcə susdurulmuşdurlar, onlar ya bu vəziyyəti qəbul etməli, ya da işdən çıxmalı idilər, bəzən qəzəb və köməksizlik o qədər əzab verir ki, qışqırmağa belə gücün olmur. Onlar kişi idilər, bütün olanlardan sonra gülümsəyə, boş-boşuna dişlərini ağarda bilməzdilər. Lakin Espozito bunların heç birini demədi, üzündəki ifadə mülayimləşdi. Hamı iş başına qayıtdı, Espozito isə nəcibliklə Ballesterin çiyninə vurdu. Yenidən çəkiclər tappıldadı, böyük emalatxana tanış qoxuya- yanmış yonqar və tərli köhnə paltar qoxusuna büründü. Espozitonun ehmalca itələdiyi yaş taxtanı kəsən mişar uğuldadı. Mişarın ağzı taxtaya toxunduqca ətrafa nəm taxtanın yonqarı səpələnir və bir ucu uğuldayan ülgücün altında olan taxtanı qətiyyətlə tutmuş Espozitonun əlləri çörək qırıntısına bənzər ovuntu ilə örtülürdü. Taxta doğrandığı müddətdə yalnız mühərrikin səsini eşitmək mümkün idi.
Yvars rəndəyə tərəf əyildikcə kürəyində bir sancma his edirdi. O , adətən işin sonuna az qalmış yorulardı. Aydın idi ki, bu bir neçə həftə ərzində işləməmək onu əldən salmışdı. Əlbəttə ki, konkret iş olmadıqda yaş da işin çətinləşməsində öz sözünü deyirdi. Kürəyindəki bu sancma biryandan da, qocalığın göstəricisi idi. Nə ilə məşğul olmasından asılı olmadan əzələlər gərgin işlədikdə getdikcə işə qarşı nifrət yaranır; bu ölümə aparır- axşam gərgin fiziki çalışmanın ardından yatmaq elə özü ölümdür. Oğlu müəllim olmaq istəyirdi və o seçimində haqqlı idi; əl əməyi ilə bağlı streotiplərə göz yumanlar nə haqda danışdıqlarını bilmirlər.
Yvars nəfəsini dərmək və bu dəhşətli fikirləri ağlından çıxarmaq üçün qamətini dikəldən də yenidən zəngin səsi eşidildi. Bu zəng amiranə başlaması və bitməsi ilə elə qəribə inadla çalınırdı ki, fəhlələr işlərini yarımçıq dayandırdı. Ballester bir az zəngin səsini dinlədi, təəccübləndi, özünü ələ alıb yavaşca çölə çıxdı. Bir neçə saniyə sonra zəng səsi kəsiləndə o da gözdən itdi. Onlar işlərinə qayıtdılar. Qapı yenidən açıldı və Ballester paltar dəyişmə otağına tərəf getdi. Parusin ( qalın kətan material) ayaqqablarını və jaketini geyinə-geyinə otaqdan çıxan Ballester Yvarsın yanından keçəndə, “ Uşağın ürək tutması olub. Indi Germayn həkimi gətirmək üçün gedirəm” .-dedi və əsas çıxışa tərəf qaçdı.
Həkim Germayn emalatxanada işləyənlərin sağlamlığından məsul şəxs idi. O burdan çox da uzaqda olmayan bir məhəllədə yaşayırdı.
Yvars heç bir şərh vermədən Ballesterin dediklərini təkrarladı. Işçilər Yvarsın başına toplaşıb sıxıntı içində bir-birinə baxdılar. Emalatxanada heç bir səs eşidilmirdi. Yalnız öz-özünə işləyən mişarın mühərrikinin çıxardığı uğultu eşidilirdi.
“ Çox güman ki, ciddi bir şey deyil”.- onlardan biri dedi.
Onlar işlərinin başına qayıtdılar, emalatxana yenə səs-küylə doldu. Lakin onlar sanki nəysə gözləyirmiş kimi ləng işləyirdilər.
On beş dəqiqə sonra Ballester qayıtdı, jaketini soyunub asdı və bir söz demədən kiçik qapıdan çıxdı. Hava getdikcə qaralırdı. Az sonra əvvəlcə çox uzaqdan, sonra yaxından, az sonra isə lap həyətdən təcili yardım maşının səsi eşidildi. Və səssizlik çökdü. Az sonra Ballester geri döndü və hamı onun başına toplaşdı. Espozito mühərriki söndürdü. Ballester paltarını dəyişə-dəyişə dedi ki, sadəcə uşaq əyiləndə qəfildən yıxılıb.
“ Nə vaxtsa belə bir şey eşitmisiniz?!” – Marko dedi.
Ballester başını silkələdi və emalatxanaya tərəf işarə etdi; lakin o elə görsənirdi sanki böyük bir sarsıntı içindədir. Yenə təcili yardım maşının səsi eşidildi. Onlar hamsı sükuta qərq olmuş emalatxanada şüşə panellərdən sızan sarı işığın altında kobud, boş əllərini köhnə tozlu şalvarları boyunca sallayaraq dayanmışdılar.
Günün qalan vaxtı güclə gəlib keçdi. Yvars indi yalnız yorğunluq və ürəyindəki ağırlığı hiss edirdi. O danışmaq istəyirdi. Lakin nə onun, nə də başqalarının danışmağa sözü yox idi. Onların ünsiyyətsiz simalarından sadəcə kədər və inadkarlıq yağırdı.
Bəzən Yvarsın üzündə “bədbəxtlik” sözü qəribə bir formada peyda olurdu, ancaq dərhal da qeyb olurdu. Sanki bu söz qabarcıq kimi bir anlıq onun üzündə qabarır və elə həmin anda partlayıb yox olurdu. O, evə gedib çıxmaq, Fernande və oğlu ilə yenə də meydançada oturmaq istəyirdi. Elə bu vaxt Ballester iş vaxtının bitdiyini elan etdi. Maşınlar dayandı. Işçilər tələsmədən ocaqları söndürməyə, dəzgahlarında hər şeyi yerbəyer etməyə başladılar. Sonra bir-bir paltar dəyişdikləri otağa keçdilər. Səid emalatxananı təmizləməli və tozlu döşəməyə su səpməli olduğu üçün onlardan bir az geri qaldı. Yvars paltar dəyişdikləri otağa gəlib çıxanda, iri cüssəli, tüklü Espozito artıq duşun altında idi. Arxasını onlara çevirmiş Espozito duşun altında vurhavurla sabunlanırdı. Nəhəng ayı yaman utancaq idi. O , həmişə gövdədən aşağını gizlətməkdə israrlı idi. Adətən, buna görə onu ələ salırdılar. Lakin, indi heç kim bunun fərqində deyildi. Espozito duşdan çıxdı və gövdəsini gizlətmək üçün dəsmalı büründü. Hamı duşa girmək üçün növbəyə durdu. Marko bədəninin çılpaq hissələrini var gücü ilə silkələyirdi. Elə bu vaxt, böyük qapı tökmə dəmir çarxın üzərində yavaşca fırlanaraq açıldı və Lazelle içəri daxil oldu.
Səhər gələndə geydiyi paltar yenə də əynində idi, lakin saçları bir az dağılmışdı. Qapının astanasında dayanıb boş qalmış emalatxanaya baxdı, bir- iki addım atıb yenə dayandı və paltar dəyişilən otağa tərəf baxdı. Hələ də dəsmal qurşağında gəzən Espozito ona tərəf çevrildi. Çılpaq, bir az da təəccüb içində olan Espozito səndələdi. Yvars düşündü ki, bu vəziyyətdə nəysə demək Markodan asılıdır. Lakin Marko yuxardan tökülən su şırnağının altında görünmürdü. Espozito köynəyi qamarlayıb götürdü və cəld əyninə geyindi.
Lazelle ifadəsiz- heç bir məna kəsb etməyən səs tonu ilə “ Gecəniz xeyrə qalsın”- dedi və balaca qapıya tərəf addımladı. Yvars kiminsə onu çağırdığını düşünəndə qapı artıq örtülmüşdü.
Yvars yuyunmadan paltarını dəyişdi və beləcə də, yoldaşlarına gecəniz xeyrə qalsın dedi. Lakin o, yoldaşları ilə ürəkdən sağollaşdı. Onlar da Yvarsa eyni səmimiyyətlə cavab verdilər. O, cəld həyətə çıxdı, velosipedini götürdü və pedalları fırlamağa başladı. Bu zaman kürəyində yenə bir ağırlıq hiss etdi. O , indi- axşam çağı şəhərin tıxaclı yolları ilə velosipedini sürürdü. O tələsirdi çünki evinə gedib çıxmaq, meydançada oturmaq üçün səbirsizlənirdi. O, bulvarın hasarının o tayından sübh çağındakından daha böyük qaranlıq içində artıq onu müşayiət edən dənizə oturub tamaşa etməzdən əvvəl yuyunmalı idi. Balaca bir qız da onun yanınca gedirdi. Yvars yanınca gedən bu qız barəsində düşünməyə son qoya bilmirdi.
Oğlu məktəbdən qayıtmış, şəkilli kitabı vərəqələyirdi. Fernande hər şeyin qaydasında olub olmadığını soruşdu. Yvars ona cavab vermədi, yuyundu və meydançanın alçaq divarının qarşısındakı skamyada oturdu. Duşun kranını başının üstündən qaldırdı, sanki səma şəffaflaşdı. Hasarın üzərindən dənizin axşam görüntüsü göz oxşayırdı. Fernande ona araq, iki stəkan və bir bardaq soyuq su gətirdi. Sonra da ərinin yanında oturdu. Evliliklərinin ilk günlərindəki kimi arvadının əlindən tutub hər şeyi ona danışdı. Danışıb sözünü bitirdikdən sonra heç yerindən qımıldanmadı da. Gözlərini üfiqin bir ucundan o biri ucuna uzanmış, üzərinə yeyin-yeyin toranlıq çökən dənizə zillədi.
“ Of! Bu onun öz səhvi idi!”- dedi.
“ Kaş ki, o da, Fernande də yenə gənc olardılar və qaçıb dənizin o tayına gedərdilər”.

Tərcümə etdi: Günel Əbilova

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi | Bir şərh yazın