İRANDA MƏŞHUR BƏDİİ TƏRCÜMƏÇİ YOXA ÇIXIB

120124013118-mohammad-soleimani-nia-story-top

(CNN) – İranın məşhur bədii tərcüməçisi həbsxanadan buraxıldıqdan cəmi bir neçə həftə sonra itkin düşdü.

Tərcüməçiyə yaxın bir mənbə bildirdi ki, müsadirə edilmiş şəxsi əşyalarını geri almaq barədə iyunun 27-də rəsmi şəxslərdən gələn zəngə cavab verdikdən sonra 40 yaşlı Məhəmməd Süleymani Nianı görən olmamışdır.

 

O, sürücülük vəsiqəsi, kompüter və pasportu daxil olmaqla əşyalarını Evin Həbsxanasının yaxınlığındakı ofisdən götürməli idi.

Tərcüməçinin yoxa çıxmasına qədər baş vermiş hadisələrin xronologiyası mənbədə aşağıdakı kimi göstərilir:

— 2011-ci il noyabr ayının sonlarında Süleymani Nia təhlükəsizlik və kəşfiyyat idarəsinin nümayəndələri tərəfindən sorğu-sual olunur. Dostları və ailəsi bu  sorğu-sualın arxasında hansı motivin olmasından xəbərdar deyildi, çünki İranda telefonlara nəzarət olunur və Süleymani Nia ölkədən çıxışına qadağa qoyan bu hadisə barədə susqunluğunu qoruyurdu.

— 10 yanvar tarixində o, İnqilab Məhkəməsinə çağırılır. Bu məhkəmədə qaçaqmalçılıq, kafirlik, zorakılıq yaradan və ya İran hökumətinin devrilməsi cəhdləri kimi işlərə baxılır.

— Məhkəməyə çatdıqdan sonra Süleymani Nia mühafizə xidmətinin əməkdaşları tərəfindən  Tehrandan kənarda, Karacda ailəsi ilə birlikdə yaşadığı evə qədər müşayiət olunur. Mühafizəçilər evdə axtarış apararaq elektron qurğuları və sənədləri müsadirə etmiş, Süleymani Nianın ailəsi ilə danışmasına icazə verməmişlər.

— Bundan sonra Süleymani Nia naməlum səbəblərdən saxlanılmış, sonra isə may ayında zaminə buraxılmışdır. O, 28 günlük aclıq aksiyasını dayandırmağa razılıq verdikdən sonra azad edilmişdi. Bu müddətin müəyyən hissəsində onun sərt saxlanma şəraiti ilə məşhur olan Evin Həbsxanasında təkadamlıq kamerada saxlanıldığı bildirilirdi.

Süleymani Nianın bu hekayəsinin növbəti fəsli isə ona yaxın olan bir çox adamların narahatlığına səbəb olmuşdur.

“Biz bilmirik ki, o Evin Həbsxanasının yaxınlığındakı ofisə gedib çıxa bildi, yoxsa evdən çıxan kimi oğurlandı?” deyə mənbədə bildirilir. “Bu narahatlıq doğurur.  Bu vaxta qədər məsələ ilə bağlı heç bir rəsmi orqan məsuliyyəti üzərinə götürməyib və biz onun harada olduğunu bilmirik”.

Həmkarları Süleymani Nianın fiziki baxımdan zəif olduğunu deyirlər.

Süleymani Nia tərəfindən İran auditoriyası üçün tərcümə olunmuş məşhur “Fars gülüşü” əsərinin  müəllifi Firuzə Dumas dostunu “nəcib ruhlu insan” və “ölkəsini, ailəsini və mədəniyyətini sevən nümunəvi vətəndaş” hesab edirdi.

“Məhəmməd Süleymani Nia indiyə qədər tanıdığım ən siyasətdən uzaq insan idi,” Dumas dedi.

“O, “Fars gülüşü” əsərini yalnız ona görə tərcümə etmişdi ki, İngilis dilində maraqla oxuduğu bir kitabı öz İranlı yoldaşları ilə bölüşmək istəyirdi”.

Süleymani Nia texnologiya sahəsində yaşıdları arasında birinci idi; o, İranda “LinkedIn” şəbəkəsinə bənzər U24 adlı  sosial şəbəkəsini yaratmaqda məşhurdur, bu şəbəkə İranda peşəkar iş axtaranlar üçün yaradılmış portaldır.

“Yüksək işsizlik səviyyəsini nəzərə aldıqda onun İran iqtisadiyyatına kömək etmək təşəbbüsü yüksək qiymətləndirilməlidir. Amerikada yaşasaydı onu dahi adlandırardılar. İranda isə o, məhbusdur”, Dumas dedi.

CNN İranın xarici işlər nazirinin sözcüsü ilə əlaqə yaratmağa cəhd göstərmişdir, lakin hələ Süleymani Nianın işi ilə bağlı rəsmi cavab verilməmişdir.

Tərcümə etdi: Gülnaz Cavadova

Mənbə: www.cnn.com

Xəbərlər kateqoriyasına göndərildi | Etiketləndi , , , , | Bir şərh yazın