“SU PƏRİSİ” Margo Pfeiff


SU PƏRİSİ

Atasının ölümündən sonra qızı ovutmaq mümkün deyildi. Heç nə dərdinə çarə olmurdu, ta ki…

Ronda Cill dörd yaşlı qızının sözlərini eşidəndə heyrətindən donub qaldı. 1993-cü ilin oktyabr sabahında Deziri qonaq otağında sakitcə ağlayırdı. Ronda ayaqlarının ucunda qapıya yaxınlaşdı. Qarasaçlı balaca qızcığaz doqquz ay bundan əvvəl ölmüş atasının şəklini qucaqlamışdı. İyirmi dörd yaşlı Ronda Dezirinin barmaqları ilə atasının şəklini oxşadığını gördü. “Atacan”, –  o, astaca dedi, – “axı niyə qayıtmırsan?”

Balaca qarayanız universitet tələbəsini kədər bürüdü. Əri Kenin ölümü ilə barışmaq onsuz da,  olduqca çətin idi, amma qızı bu cür dərdə dayana bilməzdi. Kaş bu ağrını ona unutdura bilsəydim, – deyə Ronda düşünürdü.

Ken Cil ilə tanış olanda Ronda Cilin 18 yaşı vardı. Bir-birlərinə sonsuz sevgi ilə bağlı olan cütlüyün ilk və tək övladı Deziri 1989-cu il yanvarın 9-da anadan olmuşdu.

190 sm boyunda, əzələli bir gənc olmasına baxmayaraq, Ken hamının çox sevdiyi nəzakətli insan idi. Onun həyatda ən böyük sevgisi Deziri idi. “O, doğrudan da atasının qızıdır,”  Rondanın tez-tez dediyi bu sözlər Kenin gözlərində parıltılı bir qurur hissi ilə əks olunurdu. Ata-bala hər yerə birgə gedirdilər: həmişə gəzintiyə gedər, xanı balığı və qızıl balıq tutmaq üçün balıq ovuna çıxardılar.

Tədricən atasının yoxluğuna alışmaq yerinə Deziri bu ölümü qəbul eləməkdən belə imtina edirdi. “Atam tezliklə gələcək”  anasına deyirdi,  “o işdədir”. Oyuncaq telefonu ilə oynayarkən sanki atası ilə danışırmış kimi deyirdi: “Darıxmışam sənin üçün, atacan”. “Nə vaxt gəlirsən axı?”

Kenin ölümündən dərhal sonra Ronda mənzilini dəyişərək anasının yaşadığı yerə yaxın bir evə köçdü.  Dəfndən bir neçə həftə keçsə belə, Dezirini ovuda bilmirdilər. “Nə edəcəyimi bilmirəm” – Ronda Triş Mora, tibb işçisi olan 47 yaşlı anasına deyirdi.

Bir gecə hər üçü həyətdə oturub ulduzlara baxırdılar. “Deziri, o ulduzu görürsən?” – Nənə üfüqdə işıl-işıl parıldayan böyük ulduzu göstərdi. “Bax bu atandı, cənnətdən yer üzünə işıq saçır”.

Bir neçə gecə sonra Ronda ayılıb Dezirinin gecə paltarında qapı ağzında oturub göz yaşları içində atasının ulduzuna baxdığını gördü. Qızı iki dəfə uşaq psixiatrının yanına apardılar, amma heç bir faydası olmadı.

Son çarə olaraq Triş Dezirini atasının qəbri üstünə apardı; ümid edirdi ki, atasının ölümü ilə üzləşmək ona bu ölümlə barışmağa kömək edə bilər. Uşaq başını atasının məzar daşına dayadı və dedi: “Çox diqqətlə qulaq assam, bəlkə atam mənimlə danışar, səsini duyaram”.

Bir gecə Ronda Dezirini yatırarkən uşaq dedi: “Mən ölmək istəyirəm, anacan, bəlkə onda atamın yanına gedə bilərəm”. “Allahım, mənə kömək ol”, deyə Ronda Allaha dua eləyirdi. Əlindən başqa nə gəlirdi?!

Yaşasaydı, 1993-cü il noyabrın 8-də Kenin 29 yaşı olacaqdı. “Mən atama necə təbrik açıqcası göndərim?” – Deziri nənəsindən soruşdu.

“Bəlkə məktubu şara bağlayaq? Və göndərək cənnətə” – Triş dedi. Dezirinin gözlərinə sanki işıq gəldi.

Qəbiristanlığa gedən yolda qəbir ziyarəti üçün arxa oturacağı güllərlə dolu olan maşını bir dükanın önündə saxladılar. “Anana şar seçməkdə kömək elə”, –  deyə Triş tapşırdı.

Deziri hava ilə doldurulmuş onlarla gümüşü şarın qoyulduğu rəfə baxıb qəfildən qərarını verdi: “Bax bu”. Disney filmlərindən olan Su pərisinin şəklinin yuxarı hissəsinə “Ad Günün Mübarək” sözlərini yazdırdılar. Deziri və atası bu filmə həmişə birlikdə baxardılar.

Gülləri Kenin qəbrinə düzdükcə sanki qızın gözlərinə parlayırdı. Gözəl bir gün idi, xəfif külək evkalipt ağacının budaqlarının yelləyirdi. Daha sonra Deziri atasına bir məktub yazdırdı: “Ona de ki, ad gününü təbrik edirəm. Onu çox sevirəm və onun üçün çox darıxmışam”, – bu sözləri Deziri birnəfəsə yazdırdı: “inanıram ki, atam bu məktubumu alacaq və yanvar ayında ad günümdə mənə cavab yazacaq”.

Triş balaca bir kağıza Dezirinin sözlərini və ünvanı yazdı və plastik qaba qoyub şarın ipinin ucuna bağladı. Və Deziri şarı havaya buraxdı.

Demək olar ki bir saat boyunca onlar gümüşü şarın havada gözdən itməsini seyr elədilər. “Yaxşı,” – Triş dedi – “Evə getmək vaxtıdır”.

Ronda və Triş qəbirdən azca uzaqlaşmışdılar ki, Dezirinin həyəcanla qışqırdığını eşitdilər. “Bunu gördünüz? Atamın gəlib onu götürdüyünü gördüm!”

Bir neçə dəqiqə bundan qabaq hələ də görünən şar artıq gözdən itmişdi. “İndi də atam mənə məktub yazacaq”, – Deziri onları ötüb maşına tərəf gedərkən bu sözləri dedi.

Soyuq və yağmurlu səhərlərin birində Şərqi Kanadada Şahzadə Edvard adasında 32 yaşlı Veyd MakKinnon ördək ovu üçün suyadavamlı silahını götürmüşdü. Meşə gözətçisi olan MakKinnon arvadı və üç uşağı ilə birlikdə Su Pərisi kəndində yaşayırdı.

Həmişə ov elədiyi çay mənsəbi yerinə o qəfildən üç kilometr aralıda olan Su Pərisi gölünə getməyə qərar verdi. Silahını orda qoyub yağışdan islanmış küknar və şam ağaclarının yanından keçdi və az sonra doqquz hektar sahəsi olan gölü əhatə edən quşüzümü ilə dolu bataqlığa girdi.

Sahildəki kolların arasında nə isə tərpəndi və bu dərhal gözətçinin diqqətini cəlb etdi. Maraq içində kola yaxınlaşarkən qurşağa çatan kolun budaqları arasında ilişib qalmış gümüşü bir şar tapdı. Şarın bir tərəfində su pərisi şəkli vardı. İpi açanda plastik qaba bükülmüş bir parça islanmış kağız gördü.

Evdə MakKinnon yaş kağızı ehtiyatla çıxardı və qurutdu. Arvadı Donna evə gələndə şarı və yazını ona göstərib dedi: “Buna bax”. O, maraq içində yazını oxudu: “8 noyabr 1993-cü il. Ad günün mübarək, atacan…” Məktubun sonunda Layv Oakda, Kaliforniyada yerləşən bir ünvan yazılmışdı.

“İndi noyabrın 12-dir. Bu şar dörd gün ərzində 5000 kilometr yol gəlib”, deyə Ceyd heyrətlə dedi.

Donna şarı çevirərək dedi: “Bir bura bax. Bu ki Su pərisi şarıdır və gəlib düz Su pərisi gölünə düşüb”. “Biz Deziriyə cavab yazmalıyıq”, – Veyd dedi. “Bəlkə də bu qızcığaza kömək etmək üçün seçilmişik”. Amma görürdü ki, arvadı başqa hisslər keçirir. Gözləri yaşla dolmuş Donna bir qədər kənara çəkildi. “Belə balaca qızcığaz ölümlə mübarizə aparmalı olub. Bu ki dəhşətdir”.

Veyd söhbəti uzatmadı. Məktubu şkafa qoydu və hələ də içi hava ilə dolu olan şarı qonaq otağının qarşısındakı eyvanın məhəccərinə bağladı. Amma şarın göz önündə olması Donnanı daha da narahat edirdi. Bir-iki gün sonra şarı götürüb mətbəx bufetinə atdı. Amma həftələr keçdikcə Donna şar haqqında getdikcə daha çox düşündüyünün fərqinə varırdı. Bu şar Qayalı dağlardan və Böyük göllərdən keçib buralara gəlmişdi. Cəmisi bir neçə kilometr də getmiş olsaydı okeana düşəcəkdi. Amma belə olmamış, burada, Su pərisi gölündə ilişib qalmışdı.

“Bizim övladlarımız necə də xoşbəxtdirlər”, deyə o düşündü. Valideynlərinin hər ikisi sağlamdır. Veyd ölsəydi hələ cəmisi iki yaşı olan qızı Heylinin hansı hissləri keçirəcəyini təsəvvürünə gətirdi birdən.

Səhəri gün Veydə dedi: “Haqlısan. Bu şar əbəs yerə bizə gəlməyib. Biz gərək Deziriyə kömək eləyək”.

Kitab dükanından Donna “Su pərisi” nağılının yeni nəşrini aldı. Bir neçə gün sonra Milad bayramı ərəfəsində Veydin aldığı ad günü açıqcasında bu sözlər yazılmışdı: “Sevgili qızıma xoş arzularla. Ad günüm mübarək, qızım”.

Donna səhər oturub Deziriyə məktub yazdı. Məktubu tamamladıqdan sonra onu açıqcanın içində kitabın arasına qoydu. Sonra 1994-cü il yanvarın 3-də poçtla yola saldı.

Dezirinin beş yaşının tamam olmasını yanvarın 9-da kiçik bir ziyafətlə qeyd elədilər. Şarı havaya buraxdıqları vaxtdan bəri qızcığaz hər gün anasından soruşurdu: “Səncə atam şarımı aldı?” Ad günü keçdikdən sonra artıq heç bir sual vermirdi.

Yanvarın 19-da günortadan bir az keçmişdi ki, MakKinnonların göndərdiyi bağlama gəldi. Nahar yeməyini hazırlamaqla məşğul olan Triş naməlum ünvana baxaraq bunu Kenin ailəsindən kiminsə nəvəsinə göndərdiyi ad günü hədiyyəsi zənn etdi. Ronda və Deziri evlərinə getmişdilər, ona görə də Triş bağlamanı Rondaya sabah verməyi qərar aldı.

Həmin gün axşam televizor izləyərkən Trişin ağlından qəfil bir fikir keçdi. “Niyə kimsə Deziriyə hədiyyəsini bu ünvana göndərsin ki?” Bağlamanı açdıqda içindən bir açıqca tapdı. “Sevimli qızıma”. Nənənin ürəyi şiddətlə döyündü. İlahi! Bir anlıq düşünüb əlini telefona uzatdı. Gecə yarısını keçmişdi, amma Ronda  ilə mütləq danışmalı idi.

Səhər saat 06:45-də Triş ağlamaqdan gözləri qızarmış halda qapıya yaxınlaşanda qızı və nəvəsi artıq çoxdan oyanmışdılar. Ronda və Triş qonaq otağına keçib Dezirini aralarında oturtdular. Triş bağlamanı nəvəsinə verdi. “Atan göndərib”.

“Bilirəm” – deyə Deziri sakitcə dedi. “Nənə, oxu mənim üçün”.

“Atan ad gününü təbrik edir”, deyə Triş oxumağa başladı. “Yəqin ki mənim kim olduğumu bilmək istəyirsiniz. Noyabr ayında ərim Veyd ördək ovun gedəndə başladı bütün bunlar. Heç bilirsiniz nə tapdıq? Sənin atana göndərdiyin su pərisi şarını…” Triş dayandı. Bir damla göz yaşı Dezirinin yanağından yavaş-yavaş üzüaşağı süzülürdü. “Cənnətdə mağaza yoxdur, yəqin ona görə də atan kiminsə onun yerinə sənə şar almasını istədi. Məncə atan ona görə bizi seçib ki, biz Su pərisi adında bir şəhərdə yaşayırıq”.

Triş oxumağa davam edirdi: “Bilirəm ki atan sənin qəmgin yox, xoşbəxt olmağını istəyərdi. Bilirəm ki, atan səni çox sevir və həmişə səmadan səni izləyir. Sevgilərlə, MakKinnonlar”.

Triş sözünü bitirib Deziriyə baxdı. “Bilirdim ki, atam bir çarəsini tapar, məni unutmazdı”, – qız dedi.

Triş göz yaşlarını silib qolunu nəvəsinin boynuna saldı və MakKinnonların göndərdiyi Su pərisi hekayəsini oxumağa başladı. Bu hekayə atasının həmişə oxuduğu hekayədən fərqli idi. Həmin hekayədə Su Pərisi yaraşıqlı şahzadə ilə ömrünün sonuna kimi xoşbəxt yaşayır. Amma burda zalım cadugər quyruğunu kəsdiyi üçün pəri ölür. Onu üç mələk aparır.

 

Oxuyub qurtardıqdan sonra Triş narahat oldu ki, birdən əsərin belə bitməsi nəvəsini kədərləndirə bilər. Amma Deziri əllərini sevinclə üzünə vurdu. “O cənnətə gedəcək” – deyə sevinclə qışqırdı. “Ona görə atam bu kitabı göndərib mənə. Çünki su pərisi də onun kimi cənnətə gedəcək”.

Fevral ayının ortalarında MakKinnonlar ailəsinə Rondadan bir məktub gəldi: “Yanvarın 19-da sizin göndərdiyiniz bağlama ilə qızımın arzusu həyata keçdi”.

Növbəti bir neçə həftə ərzində MakKinnon və Cill ailəsi telefonla əlaqə saxladılar, mart ayında isə Ronda, Triş və Deziri MakKinnonları ziyarət etmək üçün Şahzadə Edvard adasına getdilər. Birlikdə göl kənarında Veydin şarı tapdığı yerə baxmaq üçün meşə ilə gedərkən Ronda və Deziri susurdular, sanki Kenin onların yanında olduğunu hiss edirdilər.

İndi hər dəfə atası haqqında danışmaq istəyəndə Deziri MakKinnonlara zəng edir. Heç bir şey bu bir neçə dəqiqəlik telefon söhbəti qədər rahatlıq gətirmirdi balaca qıza.

Ronda deyirdi: “İnsanlar düşünür ki, su pərisi şarımızın Su pərisi adlanan o qədər uzaq bir yerə düşməsi həqiqətən böyük təsadüfdür. Amma mən bilirəm ki, Ken balaca qızımıza öz sevgisini göstərmək üçün MakKinnonları seçdi. İndi Deziri başa düşür ki, atası həmişə onun yanındadır.”……

 

Əsərin orijinal adı: A miracle of Mermaids

Müəllif: Margo Pfeiff

Orijinal dil: İngilis dili

Tərcümə etdi: BTK üzvü Gülnaz Cavadova

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , | Bir şərh yazın