“Ocaq” Cek London

         “Cek Londonun “To Build A Fire” əsərinin tərcüməsində çətinliklərim kifayət qədər oldu. Təsvirlərin çox olması məni yorsa da bir neçə dəfə oxuduqdan sonra əslində özümü onun əvəzində hiss etməklə necə rahat tərcümə etdiyimi deyə bilərəm.“Tərcüməçi ikinci yazıçıdır (şair)” deyimi ilə əvvəllər razılaşmasam da indi tamamilə razıyam. Dəqiq tərcüməyə nə qədər cəhd etdimsə  orijinallığı  bir o qədər  itirdim. Buna görə özüm hiss etdiyim, gördüyüm kimi yazdım. Amma bu o demək deyil ki, ağlıma gələni. Əsla. Tərcüməçi kimi (olmağa cəhd edirəm) yazıçının  yazdıqlarına dəyişikliklər edə bilmərəm. Hər –halda  tərcümə zamanı şaxtanı hiss etdim və onu oxuyuculara da hiss etdirməyə çalışdım. Oxuyucuların tərcüməmdən razı qalacaqlarını ümid edirəm. Təklif və tənqidlər  gələcəkdə daha yaxşı tərcümələr etməyimə kömək edə bilər.  Uğurlar!”

Soyuq və ciskin. Yukonun əsas cığırından çıxaraq yolunu başqa cığırla davam etmək üçün hündür təpəyə qalxan  kişi yeyin hərəkət edirdi. Nadir hallarda yolçusu olan cığır qalın küknar meşəsindən keçərək şərqə doğru uzanırdı. Dik təpə idi. Hündürlükdə saata baxmaq bəhanəsi ilə nəfəs almaq üçün dayandı. Əqrəblər saat 9-u göstərirdi. Səmada bir dənə bulud olmasa da nə günəş vardı, nə də günəşdən bir nişanə.  İşıqlı bir gün  olsa da sanki gözəgörünməz örtük hər şeyin üsütünü örtmüş, zərif alaqaranlıq ətrafı qaranlığa bürümüşdü. Bütün bunlar onu narahat belə etmirdi. O, buna öyrəşmişdi. Çünki günəşi sonuncu dəfə gördüyü gündən xeyli vaxt keçmişdi. Bilirdi ki, günəş üfüq xəttində görünüb bir daha qeyb olması üçün daha bir neçə gün keçməlidir. O, geriyə- gəldiyi yola baxdı.

“Yukon çayı 1 mil uzaqlıqdakı buzlaqdan 3 fut aşağıda yerləşir”.

Geri dönüb gəldiyi yola nəzər saldı. Yukon çayı 1 mil uzaqlıqdakı buzlaqdan 3 fut aşağıda yerləşirdi. Ətraf ağappaq buz idi. Buzda küləyin təsiri ilə dalğa formasını alan qar uzaqdan görünürdü. Tünd bozumtul xətdən başqa ucqar şimal və cənub ərazilər dümağ idi. Bu xətt cənuba doğru küknar ağacları ilə əhatə olunmuş adanın ətrafından burularaq keçirdi. Başqa bir adanın arxası ilə şimala tərəf əyilirdi. Bu tünd bozumtul xətt yol idi – əsas yol –buradan 500 mil cənuba Chilcoot Pass, Dyea və  duzlu sulara; şimala, 70 mil aralıda Dawson-a, 1000 mil şimalda Nulato-ya və nəhayət millərlə uzaqlıqda Berinq dənizindəki St.Michael-ə  aparırdı.

Ancaq bütün bunlar- sehirli uzun  cığır, günəşin yoxluğu, dəhşətli soyuq, bütün bunların qəribəliyi və dəhşəti onda heç bir təəssürat oyatmırdı. Ona görə yox ki, o, buna öyrəşmişdi. Ona görə ki, bu torpaqlarda yeni idi və  onun bu torpaqlarda keçirdiyi ilk qış idi. Qarşıda onu nə gözlədiyi barədə heç bir təsəvvürü yox idi. Həyatda həmişə zirək və sayıq olsa da, belə məqamlarada əlacsız olurdu. Temperaturun mənfi 50C olma ehtimalı belə onda xoşagəlməz hiss yaradırdı, başqa heç nə . Ümumilikdə  hər bir insan övladı müəyyən olunmuş isti və soyuğun müəyyən həddinə kimi dözə bilir. Ancaq bu yol onu ölməzlik səltənətinə ya da kainatdakı digər yerlərə aparmırdı. Əlcəklərin, qulaqcıqların, isti mokasinlərin və eləcə də qalın corabların istifadəsi də bir o qədər əlac etmirdi. Sadəcə mənfi 50C ola bilməzdi, onun düşündüyündən daha aşağı olmalıydı.

Getməyə hazırlaşarkən tüpürdü. Anidən kəskin çartıltı səsi gəldi. Bir daha tüpürdü. O  başa düşürdü ki, tüpürcəyi mənfi 50 dərəcədə donmalıdır, bu dəfəki isə havada çırtıldamışdı. Şübhəsiz  mənfi 50Cdən də soyuqdur- bəs nə qədər? bax onu bilmirdi. Temperatur  əsas məsələ deyildi. O, digərləri ilə birlikdə əvvəl olduğu yerdə-Henderson körfəzinin sol sahilində, keçmişdə bir iddianı boynuna götürmüşdü. Onlar  Hind çayını keçərək gəlmişdilər. O isə yaz aylarında Yukonda odun tədarükü görmək üçün adalardan odun gətirməyin mümkün olub olmayacağına baxmaq üçün dolanbac yolla gəlməli olmuşdu. Düşərgəyə saat 6da çatmalı olacaqdı. Oğlanlarsa ondan tez çatıb ocaq qalamış, yeməyi hazırlamış olacaqlar. O  gödəkçəsinin altındakı bağlamanın çıxdığını görüb içəri saldı. Bağlama əl dəsmalına bükülərək köynək və çılpaq dəri arasına qoyulmuşdu. Bütün bunlar biskvitləri şaxtadan qorumaq üçün edilmişdi. O, biskvitlər, donuz yağına salınmış çörək və eləcə də qızardılmış donuz ətinin tikələri  haqqında düşündükcə özündən razı halda gülümsədi.

Küknar ağaclarının arası ilə yoluna davam etdi. Ancaq bəzi yerlərdə cığır itirdi. Axrıncı kirşə ləpirinin üzərini qar örtmüşdü. O, kirşəsiz gəldiyinə görə hətta sevinirdi. Əl dəsmalına bükdüyü qəlyanaltısından başqa özü ilə heç nə götürməmişdi. Əllərini  almacıq sümüklərinə və donmuş burnuna yaxınlaşdıranda havanın necə dəhşətli soyuq olduğunu hiss etdi. Saqqallı üzünü soyuqdan qorusa da qabarıq almacıq sümüklərini, eləcə də burnunu  soyuqdan müdafiə edə bilmirdi.

Arxasınca böyük, boz xəzli vahiməsi ilə sahibindən heç də fərqlənməyən canavarit  gedirdi. Dəhşətli soyuq itə də təsir etmişdi. Havadan anlaşılırdı ki, səyahət üçün heç də uğurlu vaxt deyil. Səfər barədə onun  instinkti adamın mühakimələrindən daha dürüst idi. Həqiqətdə isə hava mənfi 50Cdən soyuq deyildi, mənfi 60C ya da 70Cdən daha soyuq idi. Donma nöqtəsi müsbət 32 olandan bəri  107 dərəcə şaxtanında mövcüd olması danılmazdır. Temperatur mənfi 75C-yə qədər düşmüşdü. İtin termometrlər barədə heç bir anlayışı mövcud deyildi. Bəlkə də insanın düşündüyü kimi soyuq barədə düşünmürdü. Amma heyvanın da öz instinktləri var. Yol boyu insanın arxasınca gedir, ona göz qoyurdu. Sanki sahibinin düşərgəyə getməsi, ya daldalanacaq axtarması, ya da ocaq qalamasını gözləyirdi. İt artıq ocaq istiliyinin nə olduğunu  bilirdi, elə indicə sahibinin od qalamsını gözləyirdi, yaxud qarın altında sığınacaq düzəltmək olardı, ya da soyuq havadan uzaq isti bir yer. Narın qar dənələri xəzinin üstündə sanki ag örpək əmələ gətirmiş, çənəsi, üzü, kirpikləri isə donmuşdu. Kişinin kürən saqqalını və bığını isəbuz bağlamışdı. Nəfəs alıb verdikcə  buz daha da qalınlaşırdı. O, tütün çeynəyirdi. Buz isə onun dodaqlarını bir-birinə elə yapşdırmışdı ki, əli ilə üzünə güclə toxunur, ağzından axan şirəni silə bilmirdi. Beləliklə şaxta çənəsindəki şirənin uzunluğunu artırırdı.Əgər yerə düşsəydi şüşə kimi çilik-çilik olardı. Ancaq buna əhəmiyyət vermirdi, çünki bu soyuq ölkədəki bütün tütün çeynəyənlərə bir cəza idi və artıq o, əvvəllər də belə bir vəziyyətlə qarşılaşmışdı. Lakin bilirdi ki, indiyədək belə soyuq olmayıb və spirt termometri vasitəsilə ən aşağı göstərici Altmış Mildə mənfi 50, 55C qeydə alınmışdır.

O, meşədə bir neçə mil getdi, geniş düzənliyi keçdi. Sonra isə kiçik çayın donmuş yatağına tərəf sahilə düşdü. Bu Henderson körfəzi idi və ayırıca hələ on mil var. Saat on idi. Bir saat ərzində  cəmi dörd mil yol qət eləmişdi. Hesablamalarına görə 12-nin yarısı yol ayrıcında olacaqdı. Bunu qeyd etmək üçün qəlyanaltısını yemək qərarına gəldi. Adam çay yatağı boyunca gedərkən it də quyruğunu bulaya-bulaya  onun ardınca gəlirdi. Köhnə kirşənin izlərini qar yavaş-yavaş örtürdü. Aydın görünürdü ki, son bir ay ərzində çay boyu heç kim hərəkət etməmişdi. Təmkinlə dayanırdı. O, çox düşünməzdi, indi isə yalnızca yeməyini yeyib saat 6-da digərləri ilə birlikdə düşərgəyə getmək barədə düşünürdü. Danışmağa heç kim yox idi. Əslində olsaydı belə, bu mümkün deyildi, şaxta üzünü yaman dondurmuşdu. Tütünü çeynəməkdən və sifətində getdikcə uzanan buza fikir verməməkdən başqa əlindən heç nə gəlmirdi. .Bəzən düşünürdü ki, hava çox soyuqdur və o, hələ heç vaxt belə soyuqla qarşılaşmayıb. Əlcəkli əlinin arxası ilə almacıq sümüyünü və burnunu isitməyə çalışırdı. Bunu qeyri-iradi şəkildə gah bir əli ilə, gah da o biri ilə  edirdi. Ancaq  əlini çəkən kimi yenə də şaxta burnunu dondururdu. O, belə soyuq havalar üçün burun kəməri icad etmədiyindən dərin peşmançılıq hissi keçirirdi. Əgər kəmər olsaydı  yanaqlarının üzərindən də keçər, onları da soyuqdan müdafiə edərdi. Ancaq bu o qədər də vacib deyildi. Donmuş yanaq necə olur? Sadəcə biraz ağrı verirdi. Bunlar  onu qarşıda gözləyən ağrılar qədər ciddi deyildi.

”Onlar  tələ idilər. Onlar qarın altında su gölməçələri gizlətmişdilər”.

Beynində müxtəlif fikirlər vardı. O, yaxşı müşahidəçi idi: kiçik körfəzin əyri xətlərindəki, döngələr və eləcə də buzlaqlardakı dəyişikliyi baxan kimi sezmişdi. Addımlarına fikir verir, ayaqlarını qoyduğu yerə yaxşı baxırdı. Elə bu anda döngəyə çatanda qorxmuş at kimi  qəfildən kənara sıçradı. O, bir neçə addım arxaya çəkildi. Bilirdi ki, dibinə qədər donmuş heç bir çay belə bir şimal qışında özündə su saxlaya bilməz, ancaq bulaqları da unutmaq olmazdı. Bunlar  çay buzlarının altı ilə axırdılar. Həm də bilirdi ki, ən dəhşətli soyuqlar belə bu bulaqları dondura bilmir. Bulaqların təhlükəli olmasından da xəbərdar idi. Onlar tələ idilər. Onlar qarın altında su gölməçələri gizlətmişdilər. Bəlkə də bu gölməçələrin dərinliyi 3 düym ya da 3 fut idi. Bəzən gölməçələrin üzərini yarım düym qalınlığında buz təbəqəsi örtür, bunlarsa qarla əhatə olunurdu. Hərdən isə su və buz  bir-birini əvəz edərək təbəqələr əmələ gətirirdilər. Bəzi hallarda nazik buz təbəqəsinin üzərinə çıxanda  buz tab gətirmir və o suya düşürdü, belinə qədər özünü isladırdı.

Məhz buna görə təlaşla geri çəkilmişdi. Ayaqlarının altında buz çartıltısını eşitmişdi. Belə bir  hava şəraitində ayaqlarını islatması əziyyətdən və təhlükədən başqa heç nə ola bilməzdi. İstənilən halda bu yubanma ilə nəticələnəcəkdi. Çünki o zaman dayanmalı və ayaqlarını, corablarını, mokasinlərini qurutmaq üçün od qalamalı olacaqdı. Dayandı və çay yatağına, sahillərinə diqqətlə baxmağa başladı və belə bir qərara gəldi ki, su axını sağ tərəfdən gəlir. O, burun və yanaqlarına toxuna-toxuna qısa müddət ətrafa nəzər yetirib son dərəcə ehtiyatlı addımlamağa çalışaraq və addım atmamışdan əvvəl buzun qalınlığına əmin olduqdan sonra sola tərəf getməyə başladı. Az sonra təzə tütün götürüb çeynəməyə başlayarkən, ayağının altındakı buzun yırğalandığını hiss etdi. Qarşıdakı iki saat ərzində də o, bu kimi bir neçə bənzər tələlərlə rastlaşmışdı. Bəzən gölməçələrin üzərində  ərimiş və xarlanmış qar olurdu, bu artıq təhlükəyə nişanədir. Gölməçələrin çoxaldığını görəndə iti qabaqda getməyə məcbur etdi. İt də təhlükəni hiss edir, getmək istəmirdi. Sonda kişi məcbur qalaraq iti qabağa itələdi. İt cəld hərəkətlərlə buzun qalın hissəsindən keçdi. Birdən buz deşildi və it bir tərəfə doğru çapalamağa başladı, pəncələri ilə buzda möhkəm dayanmağa çalışdı. İtin pəncələri suya dəydiyindən tezliklə buza döndü. Çıxan kimi pəncələrini  yalamağa və barmaqları arasındakı buzları dişləməyə başladı. Bu instink idi. Əgər buzu təmizləməsəydi, onda ayaqları ağrayacaqdı. Amma o, bunu bilmirdi, çünki daxilindəki sirli bir səsə tabe olmuşdu. Adam bir az düşündükdən sonra sağ əlindən əlcəyini çıxardaraq buzu təmizləməyə kömək etdi. O, barmaqlarını bir dəqiqədən artıq çöldə  saxlaya bilmədi və onların az  vaxt ərzində bu qədər donması onu təəccübləndirdi. Dəhşətli soyuq idi. Cəld əlcəyini geyinib əlinə zərbələr vurmağa başladı.

Artıq saat 12 idi və günəş parıldayırdı. Günəş üfüqü işıqlandırmaq üçün hələ çox  uzaq idi. Qabarıq çıxıntı günəşlə adamın günorta vaxtı gəzdiyi və kölgələrin olmadığı yerdə- Henderson körfəzi  arasında yerləşirdi. Çayın ayrıcına çatanda saat birin yarısı idi. Öz sürətinə qane olmuşdu. Əgər belə davam etsə sözsüz ki, 6-ya kimi digərlərinə çata biləcəkdi. Gödəkçəsinin və köynəyinin düyməsini açıb qəlyanaltısını  çıxartdı. Bu hərəkəti cəmi 15 saniyəyə elədi. Amma əlcəyini yenidən geyinmədi. Əvəzində isə  barmaqlarını ayaqlarının əksi istiqamətinə qoyub  kəskin zərbələrlə vurdu. Yeməyini yemək üçün üzəri qarla örtülmüş kötüyün üstündə oturdu. Barmağına vurduğu zərbələrdən sonra əmələ gələn şiddətli ağrı elə sürətlə kəsdi ki, özü də buna təəccübləndi. O, bir biskvit götürmək üçün müxtəlif yollara əl atdı; dəfələrlə barmaqlarını vurdu, sonra əlcəyini yenidən geyindi. Bu dəfə yemək üçün o biri əlcəyini çixartdı. Biskvitdən yeməyə çalışsada bu dəfə də donmuş sifəti imkan vermədi. Ocaq qalayıb isinməyi tamamilə unutmuşdu. Adam axmaqlığını fikirləşib güldü. Elə bu zaman barmaqlarını donduran şaxtanı hiss etdi. Ayaq barmaqlarında yaranan şiddətli ağrı oturanda artıq yoxa çıxmışdı. Barmaqlarının donub-donmadığını bilmək istəyirdi. Buna görə də mokasinlərini çıxartdı və ayaq barmaqlarının artıq doduğunu gördü. Tələsik əlcəyini geyinib durdu. Biraz qorxmuşdu. Həmin ağrılar qayıdana qədər ayaqlarını yerə vurdu. Hava dəhşətli dərəcədə soyuq idi. Sulfur sahilidə yaşayan qoca havanın necə soyuq olması barədə deyəndə ona həqiqəti söyləmişdi. O zaman o, qocaya gülmüşdü. Bu onu göstərdi ki, heç kim heç vaxt faktlar barədə dəqiq nəsə deyə bilməz. Havanın kəskin soyuq olması barədə heç bir yalnışlıq ola bilməzdi. İsti olana qədər o, iri-iri addımlar atır, ayaqlarını yerə döyəcləyir, qollarını ora-bura yellədirdi. Ocaq qalamaqdan başqa əlac qalmırdı. Kibritləri çıxardıb od qalamağa çalışdı. Ağacların altından, kolluqlardan ağac parçaları, oduncaq yığdı, çör-çöp götürdü. Ehtiyatlı işləyərək tez bir zamanda gur bir alov yaratdı. Əvvəlcə üzündəki donu əritdi, sonra isə biskvitlərini yeməyə başladı. Qısa müddət ərzində  ətrafdakı soyuq unuduldu. Ocaq itin də donunu açmış onu isitmişdi.

Yeməyini qurtaran kimi çubuğunu doldurub, siqaret çəkməyə başladı. Əlcəklərini geyindi, qulaqcıqlarını necə lazımdı düzəltdi. Sonra isə yolun sol ayrıcındakı körfəzə tərəf üz tutdu. İt getmək istəmirdi, eləcə ocağın yanında qalmaq, isinmək  istəyirdi. Bu insan soyuğun nə olduğunu bilmirdi. Yəqin ki, onun əcdadları da  mənfi 75 dərəcəlik soyuğa məhəl qoymamışdılar. Amma itin bütün əcdadının  bildiyi kimi o da bilirdi: hava dəhşətli soyuqdur və bu bilik ona irsən keçmişdi. O bilirdi ki, belə bir dəhşətli soyuqda çöldə gəzmək yaxşı deyildir. İndi qarda yuva düzəltmək və orada rahatca uzanmaq və soyuğun gəldiyi tərəfdən buludun gəlişini  gözləmək vaxtı idi. Həm də itlə adam arasında güclü bir yaxınlıq da yox idi. Çünki biri digərinin xidmətində idi. İtə göstərilən qayğı  boğaz səsləri çixartmaqla qorxutmaq və çubuqla hədələməkdən ibarət idi. Ona görə də it narahatlığını bildirmək üçün nə cəhd göstərir, nə də yanına gedirdi. O, adamı narahat etmirdi, bunu sadəcə özü üçün edirdi. Buna görə də ocağın yanında ayrılmaq istəmirdi. Sahibinin fit çalması və qayış ilə səs salması onu yerindən qalxmağa və onunla getməyə məcbur etdi.

Yenidən tütündən bir az götürdü və yeni kəhrəba saqqalının yaranmasına biganə qaldı. Rütubətli nəfəsinin buzla təması bığını, qaşlarını və kirpiklərini dümağ etmişdi. Henderson  körfəzinin sol ayrıcında bulaqlar görünmürdü, elə növbəti yarım saat ərzində də o, bulaqlardan  heç bir əsər-əlamət görmədi. Və anidən yolun başlanğıcından çox qorxduğu hadisə baş verdi. Möhkəm görsənsə də üzərinə çıxdığı buz təbəqəsi deşildi. O qədər də dərin olmasa da deşikdən çapalayıb çıxanacan dizlərinə qədər islandı.

Əsəbləşdi, öz bəxtini ucadan lənətlədi. O, ümid edirdi ki, saat 6-ya qədər  digərləri ilə düşərgədə olacaq.  İndi isə ocaq qalamaq və ayağındakılarını qurutmaq düz bir saat vaxt alacaqdı. Belə hava şəraitində bu olduqca vacib idi. Beləliklə o, elə gəldiyi sahilə doğru getdi. Üst tərəfdə, kiçik küknar ağaclarının ərtafındakı kolluqda quru odun qalığı, xırda  çubuqlar və budaqcıqlar  vardı ki, bunların da çoxu keçən ilki otlar idi. Əvvəlcə qarın üzərinə böyük odun parçaları qoydu ki, bu ocağın yaxşı yanmasına kömək edəcək və qarın odu söndürməsinə mane olacaqdı. Cibindən çıxartdığı tozağacı qabığının kiçik bir parçasına kibriti toxundurmaqla odu yandırdı. O, kağızdan daha tez yanırdı. Yanan kibriti hazırladığı odunların içinə yerləşdirərək bir çəngə quru otu və xırda budaqları  üzərinə tökdü. Edəcəyi hər bir səhv hərəkətin nəticəsini bildiyi üçün son dərəcə asta və aramla, ehtiyatla işləyirdi. Tədricən alov böyüdükcə odun üzərinə atdığı budaqların sayını da artırırdı. O, əyilərək  kolluqdakı budaqları dartıb çıxardır və elə birbaşa ocağın üzərinə atırdı. Bilirdi ki, bu işdə bir yalnışlıq olmamalıdır. Mənfi 75C temperaturda heç bir insan ocaq qalamaq üçün ilk cəhdində uğursuz olmamalıdır, ayaqları yaş olsa belə. Əgər ayaqları quru olsaydı o, yarım mil qaça bilər və öz yoluna yenidən davam edə bilərdi. Qaçmaq da mənfi 75C temperaturda yaş və donmuş ayaqları əvvəlki halına qaytarmayacaqdı. Onun hansı sürətlə qaçmasının fərqi yox idi, yaş ayaqları onsuzda donacaqdı.

Bütün bunları o yaxşı bilirdi. Sulfur körfəzinin sahilində yaşayan qoca ona bu barədə danışmışdı və indi o, bu məsləhətləri qiymətləndirirdi. Artıq ayaqlarını  hiss etmirdi. O, ocaq qalamaq  üçün əlcəklərini çıxarmış, barmaqları da ani vaxt kəsiyidə tez donmuşdu. Saatda 4mil yol getmək bədəninə eləcə də ətraflarına qan vuran ürəyinə heç bir təsir etməmişdi. Elə bu an adam dayandı, ürəyin fəaliyyəti yavaşımağa başlamışdı. Artıq planetin bu müdafiəsiz yerində soyuğu iliklərinə kim hiss edirdi. Çox keçməmiş bədənindəki qan əvvəlki fəaliyyətini yenidən bərpa etdi. İt isə bu dəhşətli soyuqdan gizlənmək, qaçmaq istəyirdi. Adamın ürəyi ətraflarına tərəf  qanı vurmağa çalışsada döyüntülər getdikcə zəifləyir və bədənin iç tərəflərinə  doğru axırdı. Bunu ilk hiss edən isə ətrafları oldu. Ayaq barmaqlarını da əl barmaqları da şaxta dondururdu. Burnu və yanaqlarını da artıq don vurmuşdu. Bədəni isə qan itirdiyinə görə daha tez soyuyurdu .

Ancaq o, hələ sağ-salamat idi. Yalnız  barmaqlarını, burnunu, yanaqlarını şaxta vurur, alov isə hələ indi yanmağa başlayırdı. Əvvəlcə ocağa barmağı qalınlığında sonra isə biləyi qalınlığında budaqlar qoyacaqdı. Sonra adam ayağındakıları çıxaracaq və onlar quruyarkən  yalın ayaqlarını qara sürtərək odla qızdıracaqdı. Od  bu hal üçün böyü bir uğur idi. Çünki bu yolla sağ-salamat qalacaqdı. O, Sulfur körfəzindəki qocanın nəsihətini yadına salıb gülümsədi. Əslində həmin yaşlı sakin qaydalara tabe olmaqda çox haqlı idi. Çünki heç kim mənfi 50C-dən də aşağı temperaturda Klondike-də təkbaşına hərəkət etməməliydi. Budur o, burdadır, bədbəxtlik baş vermişdir, təkdir, bütün bunlara baxmayaraq o, özünü xilas edə bilmişdi. O, fikiləşirdi ki, bu cür  qocaların çoxu arvadağız olurlar. Çünki əgər bir kişi  tək yaşamaq qərarına gəlibsə, o belədə olmalıdır. Əsil kişi təkbaşına səyahət etməyi bacarandır. Ən təəccüblüsü isə burun və yanaqlarının belə sürətlə donması idi. Barmaqlarının da tez bir zamanda cansızlaşacağı barədə heç fikiləşmirdi belə. Onlar artıq ölü kimi idilər, budaqları tutmaq üçün barmaqlarını güclə hərəkət etdirə bilirdi. Barmaqları ondan qopmuş kimi görünürdü. O, budaq götürərkən əvvəlcə əmin olmalıydı ki,  budağı həqiqətən tutub yoxsa yox. Əslində onunla barmaq ucları arasındakı  əlaqə  kifayət qədər yaxşı idi. Amma artıq bunların heç birinin əhəmiyyəti yox idi, çünki ocaq- rəqs edən alov dilimləri ilə birlikdə həyat vardı. O, mokasinlərini açmağa başladı. Onlar qalın buz qatına bürünmüşdülər. Qalın alman corabları  isə dizə qədər çıxan dəmir qınlar kimi ayağına ağrı verirdi. Mokasinlərin ipləri düyünlənmiş polad  çubuqlara oxşayırdı. Bir anlıq o, ipləri donmuş barmaqları ilə açmağa çalışdı, amma bunun axmaqlıq olduğunu anlayan kimi bıçağını çıxartdı.

Lakin ipləri kəsməzdən əvvəl başqa bir hadisə baş verdi. Bu, onun günahı, daha doğrusu səhvi idi. Ocağı küknar ağacının altında  deyil, açıqlıqda qalamalıydı. Amma buradan kolluqdakı budaqları dartmaq və birbaşa onları odun üzərinə qoymaq daha asan idi. Ancaq indi altında ocaq qaladığı ağacın budaqlarında çoxlu qar vardı. Həftələrlə  külək əsmədiyindən budaqlar qarla dolu idi. Hər dəfə o, ağacdan budaq dartarkən hissedilməyən silkələnmələr olurdu. Həddindən artıq silkələmə qarın tökülməsinə səbəb ola bilərdi. Ağacın yuxarı hissəsində bir budaq qarın ağırlığından aşdı. O, aşağıdakı budaqların üstünə düşdü. Onları da aşırtdı. Bu  ağacın digər hissələrinə də yayılaraq ardıcıl şəkildə davam etdi, qar uçqunu kimi böyüdü və adamla ocağın üstünə düşdü. Ocaq söndü! Alovun yandığı yeri qar örtüyü əvəzlədi.

Onun ümidləri bir an içində puç olmuş, sanki birdən özünün ölüm hökmünü eşitmişdi. Bir anlıq oturdu və ocaq qaladığı yerə məyus-məyus baxdı. Sonra sakitləşdi. Bəlkə də Sulfur  körfəzindəki qoca adam haqlı idi. Əgər onun yol yoldaşı olsaydı, indi heç bir təhlükə ilə üzləşməzdi,  həm də ocaq qalaya bilərdi. Budur o, yenidən ocaq qalamaq fikrindədir. Ancaq ikinci dəfə heç bir səhv olmamalıydı. O, qalaya bilməsə ayaq barmaqlarından məhrum ola bilərdi. Çünki ayaqları bərk donmuşdu və ikinci ocağı hazırlamağa vaxt lazım idi. Bunları yalnızca düşünürdü. Amma oturmaq vaxtı deyildi, nəsə bir tədbir görmək lazım idi. Nəhayət ağlından keçənləri həyata keçirməyə başladı. Od üçün heç bir  ağacın poza bilməyəcəyi açıq yerdə yeni bir özül yaratdı. Sonra isə yaxınlıqdakı qəzaya uğramış gəmidən xırda taxta parçaları və quru otlar topladı. Amma onları götürmək üçün barmaqlarını bir araya gətirə bilmirdi, lakin ovucu ilə onları birtəhər toplaya bildi. Bu yolla o, çoxlu çürümüş taxta yığa bilmişdi. Əlindən gələni edirdi ki, bu səfər hər şeyi düzgün etsin.  Hətta ocağı alovlandırmaq üçün bir qucaq budaq da topladı. Bu müddət ərzində it oturub onu izləyir, onu yalnızca od tədarükçüsü kimi görürdü. Alov da yavaş-yavaş qızışırdı.

İndi isə toz ağacı qabığının ikinci  parçasını cibindən çıxartmalı idi. O, bilirdi ki, qabıq oradadır. Onu barmaqları ilə hiss edə bilməsə də əli ilə yoxlayarkən xışıltısını eşidə bilirdi. Nə qədər çalışsa da onu tutub saxlaya bilmədi. Ayaqlarının daha da çox donmasından başqa heç nə barədə düşünə bilmirdi. Bu fikir isə onu tələsməyə sövq edirdi, ancaq o, çalışırdı ki, tələsməsin, özünü sakitləşdirsin. Sonra əlcəklərini dişi ilə çıxartdı və oturub duraraq əlləri ilə qollarına irəlidən və arxadan zərbə vururdu. İt də quyruğu qabaq pəncələrinin üzərində  qıvırıb bu müddət ərzində qarda oturaraq onu izləyirdi. O, iri qulaqlarını qabağa şəkləyərək adama baxırdı. Adam isə əl və qollarına zərbə vurarkən qarşısındakı məxluqun öz təbii kürkündə  necə isti və təhlükəsizlikdə olduğuna baxıb paxıllıq hissi keçirtdi. Bir qədər sonra o, döyəclədiyi  barmaqlarından ilk siqnalları ala bildi.  Əvvəlcə sakit olan sonra isə şiddətlənən kəskin bir ağrıya çevrildi. Ancaq bu onun üçün sevindirici hal idi. O, sağ əlindən əlcəyini çıxardaraq  tozağacı qabığını cibindən götürdü. Artıq heç nə təsir etmirdi, barmaqları yenidən donmağa başlamışdı. Şaxtanın barmaqlarını dondurmasına baxmayaraq cibindən sulfur kibrit qutusunu çıxarda bildi. Kibritin birini götürmək istəyəndə digərləri də yerə töküldü. Tökülən kibrit dənələrini yığmağa çalışarkən bir daha yerə tökülürdülər. Artıq barmaqları ilə onlara nə toxuna bilirdi  nə də ki, tutub saxlamağı bacarırdı. Çox ehtiyatlı idi. Ayaqlarının, burnunun və yanaqlarının donmasını unudub bütün diqqətini kibritlərə yönəltmişdi. Hhiss etmək əvəzinə görmə duyğusundan istifadə edərək etdiyi hərəkətləri izləyirdi. Kibrit dənələrini ovcunda olduğunu görəndə, barmaqlarını bağlamağa çalışır, ancaq alınmırdı- artıq barmaq ucları ilə sinir əlaqəsi  kəsildiyi üçün heç nə edə bilmirdi. Sağ əlinə əlcəyini geyindi və əlini hara gəldi vurmağa başladı. Sonra əlcəkli əlləri ilə kibrit dənələrini qarla birlikdə yerdən götürüb dizi üstünə qoydu. Hələ də  yaxşı hiss etməsədə bir neçə hərəkəti etdikdən sonra ovucları içində kibritləri saxlaya bildi. Sonra kibritləri ağzına tərəf apardı və ağzını açmağa istəyəndə üzündəki buzlar şaqqıldamağa başladı. Alt çənəsini əli ilə aşağı çəkdi, üst dodağını kənara burdu, kibrit dənəsindən birini götürmək üçün dodağı ilə ayırmağa başladı. Nəhayət ki, birini götürə bildi, ancaq  kibrit onun qucağına düşdü. Sanki hər şey yenidən başlamışdı. Amma bu dəfə alınmalı idi. O, dişi ilə kibritin birini götürüb ayağının quru olan hissəsinə kibrit yanana qədər dəfələrlə sürtməyə başladı. Alovlanan kimi onu  dişləri ilə tozağacı qabığına yaxınlaşdırdı. Kibrit yananda yaran tüstü onun burun deşiklərinə və ciyərlərinə daxil olan zaman öskürməyə başladı. Öskürməyə başlayan kimi kibrit qarın üstünə düşüb söndü.

O, ümidsizlik içərisində Sulfur körfəzindəki qoca sakinin haqlı olduğunu fikirləşirdi: belə bir şəraitdə insan tək olmamalıdır, mütləq yanında yol yoldaşı olmalıdır, ancaq artıq gecdir-  o təkdir. Əllərini silkələdi, ancaq heç nə hiss etmədi. Dişləri ilə əlcəklərini çıxartdı və kibrit dəstəsini ovcunda tutdu. Qol əzələləri donmadığından kibrtiləri ovucu arasında kip tuta bilirdi. Sonra kibritləri qıçına sürtməyə başladı və 70 kibrit dənəsi bir dəfəyə alovlandı. Külək olmadığından onların sönmə ehtimalları da yox idi. Başını yana çevirdi ki, tüstüdən boğulmasın.  Alovlanan kibritləri isə tozağacı qabığına yaxınlaşdırdı. Kibritləri elə tutmuşdu ki, əlini yandırmışdı, ancaq bunu belə hiss etmirdi yalnızca yanıq iyindən başa düşmüşdü. Yanıq dərinə getdikcə, ağrı  kəskinləşdikcə hissetmə də güclənirdi. O, bütün bunlara baxmayaraq kibritləri tozağacı qabığına tərəf tutur, dözməyə çalışırdı. Belə görünürdü ki, qabıq  tezliklə yanmayacaq, çünki alovun çox hissəsini yanan əlləri özünə tərəf çəkirdi.

Nəhayət artıq dözə bilmədi və əllərini çəkdi. Yanan kibritlər fışıldayaraq qara düşdü. Məyus olmağa dəyməzdi, çünki tozağacı qabığı artıq alovlanmışdı. Sönməməsi üçün alovun üzərinə quru otlar və kiçik budaqlar qoymağa başladı. Ovucları arasında yanıq olduğundan onları götürə bilmirdi. Çürümüş odun parçaları və yaşıl mamırlar budaqlara ilişmişdilər. Məcbur qalıb dişləri ilə ayırmağa başladı. Ocağın sönməməsi üçün əlindən gələni edirdi. Çünki bu yerdə, bu anda ocaq həyat demək idi və yenidən sönməməliydi. Bədəni  qan çəkildikcə titrəməyə başlayırdı, bu onu narahat etdi. Nəm yaşıl mamır parçası düz alovun üzərinə düşdü. Mamırı barmaqları ilə çıxartmağa çalışsa da  titrəyən bədəni alovu daha da qarışdırdı. Yanan otları və kiçik budaqları aralayıb bir kənara qoyub sönməməsinə çalışdı. Sonra yenidən onları bir yerə yığdı. Cəhdlərinə baxmayaraq heç nə edə bilmədi, budaqlar bir az  tüstü buraxdı və sonda söndülər. Od tədarükçüsü ümidini itirmişdi. Çarəsizlik içərisində ətrafına baxarkən, itə nəzər saldı. İt qarın içində ocağın qalıqları yanında səssizcə oturmuş, qəribə hərəkətlərlə qabaq ayaqlarını yavaşca qaldırıb qoyur, irəli-geri tərpənirdi.

İti görəndə ağlına dəlisov bir fikir gəldi. Çovğundan öküzü öldürüb cəmdəyinin içərisinə girərərk xilas olmuş adamın əhvalatını xatırladı. Elə o da iti öldürəcək və donu açılana qədər əllərini onun cəmdəyində gizlədəcək, sonra başqa bir ocaq qalaya biləcəkdi. O, iti yanına çağırır, onunla danışmağa çalışırdı. Amma onun səsində nəsə qəribəlik hiss olunurdu. Heç bir insan onunla belə rəftar etməmiş, danışmağa çalışmamışdır. Nə isə tərs gedirdi. Heyvan təhlükəni hiss edirdi. Onu hansı təhlükə gözlədiyini anlamır, ancaq içində nəsə insandan qorxmaq hissi yaradırdı. İnsanın səsi gəldiyi tərəfə qulaqlarını şəklədi, qəribə hərəkətlər edir, ön pəncələrini daha kəskin qaldırıb endirdi. Ancaq insanın yanına  getməyəcəkdi. Adam  əllərini və dizlərini yerə qoyub itə tərəf sürünməyə başlaması itdə yenidən şübhə oyatdı və o, yavaş-yavaş kənara çəkildi. Adam səssizcə qalxıb qarın üstündə oturdu. Dişləri ilə əlcəklərini çıxardıb ayağa qalxdı və əmin olmaq üçün aşağı baxdı. O, həqiqətən də ayaq üstündə idi. Ayaqlarında heç bir hissiyyat olmadığından sanki yerlə əlaqəsi kəsilmişdi. Ayağa qalxması itdə şübhələri daha da artırmışdı. Birdən itə səsləndi. İt öz sədaqətini göstərərək ona tərəf gəldi. Yaxılaşanda isə adam öz üzərində nəzarətini itirdi. Əlini uzadıb iti tutmağa çalışarkən bir anlıq dayandı, çünki əllərini hərəkət etdirə bilmirdi. Barmaqlarını nə bükə bilirdi. nə də hiss edə. İt barədə düşüncələr barmaqlarını şaxta vurduğunu  və onların tədricən  daha da donduqlarını unutdurmuşdu. Hər şey bir göz qırpımında baş verdi, qaçmamışdan  əvvəl insan artıq  qolları ilə onu dövrəyə almışdı. İti möhkəm özünə sıxıb oturdu. İt isə zingildəyir, xilas olmağa çalışırdı.

Onu qolları arasında tutmaqdan başqa əlindən heç nə gəlmirdi. İti öldürə bilməyəcəyini yaxşı başa düşürdü. Donmuş əlləri ilə nə bıçağı saxlaya biləcək, nə də ki, heyvanı boğa bilmək üçün nəsə edə biləcəkdi. Ona görə də iti buraxdı.İt zingildəyərək sahibindən uzaqlaşdı – 40 fut məsafədə dayandı və qulaqlarını qabağa şəkləyərək əlacsız adamı gözdən keçirtdi. Adam isə hərəkətsiz əllərinə baxdı və onların necə sallandığını gördü. Beş dəqiqə ərzində qollarını fırladır, hara gəldi vururdu. Bu müddət ərzində isə ürəyi titrəməsini dayandırmaq üçün lazımi qədər qan vura bilmişdi. Ancaq yenə də əllərində heç bir hissiyat yox idi. Əllərini qollarından asılan bir yük kimi hiss edirdi. Sonra isə tamamilə onları hiss edə bilmədi.

Ətrafdan ölüm qorxusu gəlirdi-cansıxıcı və ağır. Dəqiqələr keçdikcə ağrılar əzabverici olurdu. Anlayırdı ki, əl və ayaqlarının donması, onları itirməsi bir anlıq işdir. Hər an ölüm-dirim məsələsi idi.  Baş verənlər onu həyəcanlandırırdı. Təlaş içərisində donmuş çay yatağına tərəf getdiyini anlamadan, məqsədsiz,  kor-koranə şəkildə qaçmağa başladı.İt də arxasınca qaçırdı. Qaçır, qaçır amma yenə də eyni şeyləri görürdü: çay sahilləri, əvvəlki ağac qalıqları, yarpağını tökmüş ağcaqovaqlar və səma. Qaçmaq onu yaxşılaşdırmışdı. Artıq titrəmirdi.  Bilmək olmaz bəlkə də kifayət qədər qaça bilsəydi düşərgəyə və digərlərinə çata bilərdi. Güman  ki, üzünün, əl və ayaqlarının bəzi hissələrindən məhrum olacaqdı, amma oradakılar onun qayğısına qalacaqdılar. Beləliklə bədəninin qalan hissəsini xilas edə bilərdi. Başqa nələrsə də fikirləşirdi: düşərgəyə- digərlərinin yanına getməyəcəkdi. Çünki ora çox uzaqdır, amma şaxta da olduğu kimi dayanmır, onun üzünü əllərini dondururdu. Ölümünə çox qalmamışdı. O, anlayırdı ki, bu fikirlərlə irəliləyə bilməz, amma fikirlər ona üstün gəlir, ölümünü gözləməsini istəyirdi. Tezliklə  bu fikirdən uzaqlaşaraq başqa şeylər haqqında düşünməyə başladı. Qaçanda ayaqları elə donmuşdu ki, bədəninin ağırlığını daşıyarkən onları  hiss edə bilmirdi. Bir anlıq yerdən tamamilə qopduğunu, yerlə heç bir əlaqəsinin qalmadığını düşündü. Haradasa bir yerdə bir dəfə qanadlı Merkurini görmüşdü. Maraqlıdır, Merkuri də yer üzərindən keçərkən onun kimi hiss etmişdimi?

“Bir neçə dəfə büdrədi, axsadı və yıxıldı.”

Onun düşərgəyə və digərlərinə çatmaq üçün qaçış nəzəriyyəsində nəsə bir nöqsan vardı: dözümlülüyü çatmırdı. Bir neçə dəfə büdrədi, axırda axsamağa başladı və qəfildən yıxıldı. Var qüvvəsi ilə ayağa qalxmağa çalışsada hər dəfəsində yıxılırdı. Nəhayət qərara gəldi ki, oturub istirahət etsin, sonra yoluna davam edər. Oturarkən özünü tamamilə isti və rahat hiss edirdi. Daha əsmir, isti bir alovun sinəsinə və bütün vücuduna daxil olduğunu hiss edirdi. Özünü belə hiss etsə də burnuna və yanaqlarına toxunarkən heç bir hiss duymurdu. Qaçış nə onların  nə əllərinin, nə də ayaqlarının donu açmışdı. Sonra bədəninin  donmuş hissələrini dartıb uzatmağın donvurmaya xeyirli olacağını düşündü. Başqa bir şey düşünməliydi; o, insanı təlaşlandıracaq fikirlərdən uzaq olmalıydı, əks təqdirdə… bunun nə ilə sonlacağından yaxşı xəbərdar idi. Ancaq bunlar tamamilə donmuş  bədən üçün yad düçüncələr idi. Yol uzun və dözüləməzdi, qaçdı, yavaşıdı. Düşünəndəki donacaq o yenidən qaçdı. Ardınca isə it. O, ikinci dəfə yıxıldı.  Bütün yol boyu onu tək qoymayan it bu dəfə də ondan uzaqlaşmadı, quyruğunu  buladı, qulaqlarını şəklədi və diqqətlə ona baxaraq qarşısında oturdu. Heyvanın belə istiliyi və təhlükəsizliyi onu qəzəbləndirirdi, ürəyində itə lənət edirdi. Onu yenidən əsməcə tutdu. Artıq məğlub olmuşdu, bu mübarizənin qalibi isə şaxta idi. Şaxtanı bütün bədənində hiss edirdi. Bu barədə fikiləşmək istəmirdi. Qalxdı, bütün gücünü toplayıb qaçdı, amma sadəcə yüz fut. Bu sonuncu təlaş idi. O, nəfəsini yenidən bərpa edərək oturdu. Ölümü ləyaqətlə qarşılamaq üçün oturdu. Amma yenə də ürəyində bunu qəbul edə bilmirdi. Onun yeganə səvhi ortalıqda başı kəsilmiş quş kimi məqsədsizcə qaçması idi- hər halda o belə düşünürdü. O beynində rahat və sakit idi. Ölümü yuxuda qarşılamaq. Bu, ağrikəsici qəbul etmək kimi bir şey idi. İnsanların fikiləşdiyi kimi donmaq o qədər də pis bir şey deyildi. Ölmək üçün daha pis üsullar da vardı.

O, səhəri gün onun cəsədini tapan oğlanları təsəvvür etdi. Birdən o,özünü axtaran və yol boyu digərləri ilə birlikdə gələn özünü tanıdı. O, digərləri ilə birlikdə meyitin yanına gəldi və özünü qarda uzanmış vəziyyətdə gördü. Artıq özünə məxsus deyildi, çünki oğlanlarla birlikdə dayanaraq qarda uzanmış cəsədinə baxan onun özü idi. Soyuq idi. O ştatlara qayıdanda dostlarına əsil soyuğun nə olduğunu deyəcəkdi.  Xəyalı Sulfur körfəzinin sahilindəki  yaşlı sakinin yanına getdi, onu  tamamilə aydın, isti, rahat və əlində tənbəki çubuğu çəkən gördü.

”Sən haqlı idin, qoca, sən haqlı idin”-deyə  körfəzdəki yaşlı sakinə donquldandı. Sonra adam ona rahatlıq gətirən və onu məmnun edən əbədi yuxuya getdi. İt qarşısında oturub ona baxırdı. Yavaş-yavaş alatoranlıq çökürdü. Ocaqdansa heç bir nişanə yox idi. İt qarın içində beləcə uzanan və ocaq qalamayan adam heç vaxt görməmişdi. Alatoranlıq çökdükcə itin od üçün olan ümidləri də puç olurdu. O, ön pəncələrini qaldırıb-qoyur, yavaşca zingildəyirdi. Amma sahib səssiz idi. Sonra  ucadan zingildədi. Ölüm qoxusunu hiss etmişdi. Sahibinə yavaş-yavaş yaxınlaşdı, ürkdü və arxaya çəkildi.  Biraz getdikdən sonra o, soyuq səmada rəqs edən, şəfəq saçan ulduzların altında ulayaraq düşərgəyə- qida və od tədarükçülərinin olduğu tərəfə yavaş-yavaş addımladı.
Əsərin orijinal adı: To Build A Fire

Müəllif: Cek London

Orijinal dil: İngilis dili

Tərcümə etdi: BTK üzvü Arzu Qasımova

 

Tərcümələrimi buradan izləyə bilərsiniz http://arzufariz.wordpress.com/2012/07/27/ocaq/ 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Bir şərh yazın