“Bülbül və qızılgül” Oscar Wilde

          “Əgər ona qırmızı qızılgül versəm mənimlə rəqs edəcək,” gənc Tələbə yüksək səslə öz-özünə danışdı; “ ancaq bağımda bir dənə də olsun qırmızı qızılgül yoxdur.”
Bülbül palıd ağacındakı yuvasından gileyləri eşidib  yarpaqlar arasından  maraqla baxdı.

“Qırmızı qızılgül!” deyə qışqırdı o, gözəl gözləri yaşla doluydu. “ Ah, xoşbəxtlik  kiçik şeylrədən asılıdır! Bütün ağıllı adamların yazdıqlarını oxumuşam, fəlsəfənin hər bir sirrinə bələdəm, ancaq bunlar bəs etmir, həyatım adı bir gülə görə dözülməz olub.”

“Budur, həqiqi aşiq.” Bülbül dedi.  “Heç vaxt görməsəm də gecələr boyu  onun barədə oxuyuram; hər gecə onun hekayəsini ulduzlara danışıram, indi isə onunla qarşılaşdım. Saçları sünbül çiçəyi tək qara, dodaqları istədiyi gül kimi qırmızıdır; ancaq sevdası üzünü  filsümüyü kimi solğunlaşdırıb, qəm isə alnına öz möhürünü vurub.
“Şəhzadə sabah axşam zifyafət verir,” Tələbə pıçıldadı,  “sevgilim də orada olacaq. Əgər ona qırmızı qızılgül versəm səhərədək mənimlə rəqs edəcək. Əgər ona qırmızı qızılgül versəm, qollarım arasında, başı çiyinlərimdə, əlləri ilimdə olacaq. Ancaq bağımda qırmızı qızılgül yoxdur, tək olacağam, mənimlə maraqlanmayacaq. Mənə fikir verməyəcək və qəlbim  buna dözə bilməyəcək.”
“Həqiqətən də əsil aşiqdir,”  Bülbül dedi, “ oxuduqlarımdan özümə həzz versə də o əzab çəkir. Doğurdan da sevgi qəribədir. Zümrüddən də dəyərli, opaldan desən, ondan daha əzizdir. Nə bazarda satılar; nə mirvariylə, nə də narla alınar. Nə tacirlər dəyər verə bilər,  nə də sevgi qızılla eyni  tutular.”
“Musiqiçilər öz yerlərində oturacaqlar,” Tələbə dedi, “ və  simli alətlərində çalacaq, sevdiyim arfa və skripka sədaları altında rəqs edəcək. Elə incə rəqs edcək ki, ayaqları heç döşəməyə dəyməyəcək, sanki pərvazlanacaq, dəbdəbəli əyanlar onun ətrafına pərvanə olacaqlar. Təkcə mənimlə rəqs etməyəcək, çünki ona verməyə qırmızı qızılgülüm yoxdur.” ; otların üzərində çömbəlib ağladı.
“O niyə ağlayır?”  balaca yaşıl Kərtənkələ havada quyruğunu yelləyib soruşdu.
Günəş işığında uçan Kəpənək də ona qoşuldu; “Görəsən niyə?”
“Niyə?”  Çobanyastığı qonşusuna pıçıldadı.
“Qırmızı qızılgül üçün ağlayır.” Bülbül  səsləndi.
“Qırmızı qızılgül üçün?” onlar qışqırdılar, “bu ki lap gülüncdür!” və abrısız Kərtənkələ birdən qəhqəhə çəkdi.
Ancaq Bülbül Tələbənin kədərinin sirrini başa düşürdü, palıd ağacında sakitcə  oturub sevgi barədə düşünməyə başladı.
Birdən qəhvəyi qanadlarını açıb süzdü. Meşənin üzərindən kölgə kimi  keçib qanad çaldı.

Çəmənliyin ortasında  gözəl bir qızılgül kolunun olduğunu görüb sevincək budağına qondu.
“Mənə qırmızı qızılgül ver,” o qışqırdı, “ mən də sənə ən gözəl mahnımı oxuyaram.”
Ancaq kol başını yellədi. “Mənim güllərim ağdır,” o cavabladı, “dəniz köpüyü kimi, dağ başındakı qardan da ağ. Sən qardaşımın yanına get, o köhnə qumsaatının yanındadır, ola bilsin ki,  istədiyini sənə verə.”
Beləliklə  köhnə qumsaatının yanında yetişən qızılgül kolunun yanına getdi.
“Mənə qızrmızı qızılgül ver,” o qışqırdı, “ mən də sənə ən gözəl mahnımı oxuyaram.”
Ancaq kol başını tərpətdi. ”Mənim güllərim sarıdır, kəhrəba taxtda oturan  dənizqızının saçları kimi sarı,  əkinçi orağı ilə gəlməmişdən əvvəl çəmənlikdə açan nərgizdən daha sarı. Sən Tələbənin pəncərəsi altında yetişən qardaşımın yanına get, o sənə istədiyini verə bilər.”
Beləliklə Bülbül Tələbənin pəncərəsi altında yetişən qızılgül kolunun yanına getdi.
“Mənə qırmızı qızılgül ver,” o qışqırdı, “onda mən sənə ən gözəl mahnımı oxuyaram.”
Ancaq kol başını yellədi. “Mənim güllərim qırmızıdır,  okeanın ləpə döyən  mağaralarındakı mərcan qayalıqlarından daha qırmızı, al qan kimi. Amma qış mənim damarlarımı, tumurcuqlarımı  dondurub. Külək budaqlarımı sındırıb, buna görə də bu il  gülüm olmayacaq.”
“Cəmi birini ,” Bülbül qışqırdı, “cəmi bir qırmızı qızılgül! Bəs onu necə tapım?”
“Bir üsul var,” kol cavab verdi, “ancaq bu elə dəhşətlidir ki, bunu sənə deməyə cəsarət etmirəm.”
“De, qorxmuram.”
“Əgər sən qırmızı qızılgül istəyirsənsə ayişığında  yaratmalısan onu, qanınla boyamalısan. Tikan sənin sinənə batmalıdır, gecə uzunu mənə hamnılar oxumalısan, tikan səninin ürəyini deşib qanını mənim qanım etməlidir.”
“Ölüm qırmızı qızılgül üçün həddindən artıq dəyərlidir. Həyatsa hər şeydən əzizdir. Yamyaşıl meşədə oturub Günəşi qızıl taxtında, Ayı mirvari arabada görmək necə də gözəldir. Yemişanların, dərələrdə  gizlənən zəncirçiçəyinin, təpələrdə bitən süpürgə otunun ətri necə də şirindir. Amma sevgi həyatdan da  gözəldir, bir quşun ürəyi insanınkının yanında nədirki?!”
Beləliklə o qəhvəyi qanadlarını açıb havaya qalxdı. Bağın, meşənini üzərindən kölgə kimi keçdi.
Tələbə elə quşun onu qoyub getdiyi yerdə də oturmuşdu, göz yaşları isə gözəl gözlərindən qurumamışdı.
“Xoşbəxt ol,” Bülbül qışqırdı, “xoşbəxt ol; qırmızı qızılgülünü alacaqsan. Ayişığında musiqidən yaradacam onu, qanımla boyayacam. Bunun qarşılığında səndən istədiyim yeganə şey həqiqi aşıq olamğındır. Sevgi fəlsəfədən daha ağıllı, gücdən daha güclüdür. Atəş rəngindədir, qanadları və bədəni alovla rənglənmişdir. Onun dodaqları baldan daha şirindir, nəfəsi isə büxur kimi ətirlidir.”
Tələbə başını qaldırıb dinlədi, ancaq Bülbülün dediklərindən heç nə başa düşmədi, çünki o yalnız kitabların dediyini anlayırdı.
Ancaq palıd ağacı başa düşdü, kədərləndi. Çünki budağında yuva quran bu balaca Bülbülü çox sevirdi.
“Son dəfə mənim üçün oxu,” o pıçıldadı, “sən olmayanda tək qalacağam.”
Bülbül son dəfə palıd ağacı üçün oxudu, səsi gümüş qabdan tökülən su tək saf idi.
Mahnı bitəndə Tələbə ayağa qalxıb cibindən kağız və karandaş çıxartdı.
Meşədən keçərkən Tələbə öz-özünə dedi: “Bülbülün səsi gözəldir, inkar edilə bilməz, bəs duyğulumudur? Qorxuram ki, yox. Rəssama bənzəyir; qeyri-səmimi ifa. O heç vaxt özünü başqalarına görə qurban verməz. O yalnızca musiqi barədə düşünür, hamı bilir ki, incəsənət axmaqlıqdır. Səsinin gözəl olsa da bir işə yaramaması həqiqətən də pisdir.”  Otağına girib yatağında uzanaraq sevdiyi barədə düşünməyə başladı; bir azdan yuxuya getdi.
Ay görünən kimi Bülbül gül kolunun yanına uçdu, sinəsini tikanın qabağına verdi. Gecə boyu tikan sinəsinə bata-bata oxudu, soyuq büllur ay isə  dinlədi. Tikan daha da dərinə getdikcə  bülbülün qanı axmaqda davam edirdi.
Oğlanla qızın ürəyində  ilk sevginin doğulmasından oxudu. Mahnılar bir-birinin əvəz etdikcə  kolun ən hündür budağında ləçək-ləçək gül açdı. Əvvəlcə çayın üzərində  asılı qalan sis kimi solğundu, səhərin ilk anı qədər, şəfəqin gümüş qanadları tək solğundu. Gül gümüş güzgüdəki, sudakı kölgə kimiydi.

Ancaq kol  daha yaxın olsun deyə Bülbülə qışqırdı: “Daha yaxın, balaca Bülbül, yoxsa gül qurtarmadan gün doğacaq.”
Beləliklə, Bülbül daha da yaxınlaşır, yüksəkdən, lap yüksəkdən oxuyur mahnısını, o, qız və oğlanın ruhlarında istəyin doğuşunu oxuyurdu. Gəlinin dodaqlarını öpən bəyin üzündəki xəfif qızartı kimi qızardı gül. Amma tikan Bülbülün ürəyinə girməmişdi hələ, ona görə də gülün ürəyi ağ idi. Gülün ürəyini yalnız bülbül ürəyi qırmızı edə bilərdi.
Kol Bülbülə daha yaxın olması üçün qışqırdı: “Daha yaxın, balaca Bülbül, yoxsa gül qurtarmadan gün doğacaq.”
Beləliklə, Bülbül daha da yaxınlaşdı, tikan ürəyinə batdı, köksündən dəhşətli bir ağrı keçdi. Səsi ucaldı, ölümlə gözəlləşən sevgini, məzar daşı üstə ölməyən sevgini oxuyurdu.

Gül qızardı, şərq səmasının gülü tək qızardı. Ləçəklər qızarmışdı, ürəyi isə sanki bir yaqut. Ancaq Bülbülün səsi getdikcə zəiflədi, kiçik qanadları çırpınmağa başladı, gözləri torlandı.  Səsi yavaş-yavaş itirdi, boğazında nəsə vardı sanki.

Son dəfə səsləndi Bülbül. Ay bunu eşidən kimi səmada qaldı, şəfəqi unutdu. Qırmızı qızılgül də eşitdi səsi, səhərin soyuq havasında ləçəklərini həyəcanla açdı. Əks-səda səsi təpələrdəki bənövşəyi mağaralara apardı, yatan çobanları yuxudan oyatdı. Səs çay qamışlarına qədər gəlib çatdı, onlarsa bu səsi dənizə apardılar.
“Bax, bax!” kol qışqırdı, “gül tamamlandı.”; ancaq Bülbüldən cavab çıxmadı, o artıq uzun otlar arasında ürəyində tikan əbədi uzanmışdı.

Günorta Tələbə pəncərəsini açıb çölə baxdı.
“Nə yaxşı oldu! Qırmızı qızılgül ! İndiyə kimi belə gözəl gül görməmişdim.  Necə də gözəldir, əminəm ki, latın dilində uzun bir adı var.”; əyilib onu dərdi.
Şapkasını geyinib əlində gül Professorun evinə getdi. Professorun qızı qapı ağzında oturub mavi ipək sarıyırdı, iti də ayaqlarının dibində qısılmışdı.
“Demişdin ki, əgər sənə qırmızı qızılgül gətirsəm mənimlə rəqs edəcəksən,” Tələbə dedi. “Budur, dünyanın ən qırmızı gülü.  Bu gecə bunu ürəyinin üstünə taxarsan, rəqs edərik və səni necə sevdiyimi anlayarsan.”
Qaşqabağını tökdü.
“Paltarıma uyğun deyil, təəsüf.,” qız cavab verdi;  “həm də Çamberleynin  qohumu mənə cəvahirat göndərib, hamı bilir ki, cəvahirat güldən daha qiymətlidir.”
“Nankorsan!”  Tələbə qəzəblə dedi; və gülü küçəyə atdı, gül gölməçəyə düşdü, bir araba isə üzərində keçdi.
“Nankor!” qız dedi. “Sən kobudsan; ən əsası, sən kimsən ki? Yalnızca Tələbə. Çamberleynin qohumunun gümüş toqqaları var, inanmıram ki, sən də olsun ondan.” ; stulundan qalxıb içəri keçdi.
Oradan uzaqlaşarkən “Sevgi nə axmaq şeydir.” Tələbə dedi.  “Məntiqin yarısı qədər belə faydalı deyil, heç nə sübut edə bimir, həm də olmayan şeylərə inandırır insanı. Üstəlik çox faydasızdır, bu dövrdə hər şey yararlı olmalıdır, kitablara qayıdıb metafizika öyrənəcəyəm.”
Beləliklə otağına qayıdıb, iri tozlu kitabı götürüb oxumağa başladı.

http://arzufariz.wordpress.com/2012/09/22/bulbul-v%C9%99-qizilgul/

Orijinalı   http://www.wilde-online.info/the-nightingale-and-the-rose.html 

Tərcümə etdi:  Arzu Fariz

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi | Bir şərh yazın