“Yağış altında pişik” Ernest Hemingway

hemingway460

Mehmanxanada iki amerikalı qalırdı.  Oradakılardan heç kimi tanımırdılar. Qaldıqları dəniz mənzərəli nömrə ikinci  mərtəbədə idi. Pəncərədən park və müharibə qurbanları üçün qoyulmuş abidə görünürdü. Göz oxşayan parka iri palmalar, yaşıl skamyalar bir başqa gözəllik verirdi. Yaxşı hava olan kimi hansısa rəssam qoltuğunda molbert parka gələr,  hündür palmalara, mehmanxanaya, dənizə tamaşa edər, onları fırçası ilə əks etdirməyi sevərdi. İtaliyanlar  abidəni görmək üçün  uzun yol qət edirdilər. Bürüncdən düzəldilən heykəl yağış altında bərq vururdu. Yağış yağır, damlalar palma yarpaqlarından süzülürdü. Çınqıl yolda sular çuxura axıb gölməçələr əmələ gətirirdi. Yağış abidənin qarşısındakı boş meydançanı döyəcləyirdi. Meydanın digər tərəfində kafenin qapısı ağzında  ofisiant dayanıb ətrafa tamaşa edirdi.
Amerikalı qadın pəncərədən çölə baxırdı.  Küçədə yaşıl stolun altında bir pişik büzüşmüşdü. Stolun bir küncünə qısılmış pişiyin yeganə dərdi islanmamaq idi.
“Gedirəm pişiyi gətirməyə.” amerikalı qadın dedi.

“Mən gətirərəm.” əri çarpayıdan dilləndi.
“Yox, özüm gedərəm. Yazıq pişik stolun altında qısılıb qalıb.”
Əri iki yastığı başı altına qoyub  kitabı oxumağa davam etdi.
“Çalış islanma.”  qadın otaqdan çıxarkən arxasınca  əri səsləndi.
Qadınsa pilləkanlardan cəld düşüb çölə çıxmağa tələsdi. Mehmanxana sahibi qadını görən kimi  başı ilə salamladı.  Onun masası girişin  küncündə yerləşirdi. Hündür yaşlı bir kişi idi.
“Il piove1,” qadın dedi. Mehmanxana sahibindən xoşu gəlirdi.
“Si, Si, Signora, brutto tempo2. Çox pis.”
Kişi qaranlıq otağın sonundakı masanın arxasında dayanmışdı. Qadın onu bəyənirdi. Mehmanxana sahibi olaraq gileylərə ciddi yanaşmasıbəyənirdi. Əzəmətini bəyənirdi.  Ona xidmət etməyə çalışmasını bəyənirdi. Mehmanxana sahibi olmaq qürurunu bəyənirdi.  Yaşlı, sərt üzünü və böyük əllərini bəyənirdi. Bunları düşünə-düşünə qapını açıb küçəyə çıxdı. Elə yağış yağırdı ki, tut ucundan göyə çıx. Plaşlı kişi boş meydanı keçib kafeyə gedirdi. Pişik hardasa buralarda olmalı idi, sağ tərəfdə.  İslanmamaq üçün pərvaz boyu getmək olardı. Qapı ağzında dayanmışdı ki, birdən başı üstündə çətir açıldı. Çönəndə otaqlarına qulluq edən  xadiməni tanıdı.
“İslanmamağınız üçün,” italyanca deyib gülümsədi. Şübhəsiz ki, mehmanxana sahibi göndərmişdi. Çətiri tutan xadimə ilə birgə bir az getdikdən sonra pəncərələrinin altına çatdılar.  Stol oradaydı, yağışda stolu yaxşıca təmizləndiyindən yaşıl rəng bir başqa gözəl görünürdü. Amma pişikdən əsər-əlamət yox idi.  Yaman dilxor oldu.
“Ha perduto qualque cosa, Signora?3”
Burda pişik olmalı idi.” amerikalı qız dedi.
“Pişik?”
“Si, il gatto4.”
“Pişik? Xadimə güldü. “Yağış altında  pişik?”
“Bəli,” amerikalı cavab verdi, “stolun altında. Elə istəyirdim ki. Mən pişik istəyirəm.”
O ingilis dilində danışanda xadimənin sanki üzü tarım çəkilmişdi.
“Gəlin, Signora,” o dedi. “ Gərək geri qayıdaq. Yoxsa islanacaqsınız.”
“Düz deyirsən,” amerikalı qız bir anlıq düşündü, “ qayıdaq.”

Onlar çınqıl yol boyu geri qayıdıb içəri girdilər. Xadimə arxada qalıb çətiri bağladı. Qız içəri daxil olan kimi padrone5 masanın arxasından xəfifcə başını tərpətdi. Qızın içində anlaşılmaz hisslər oyandı. Padrone ona özünü  həm balaca, həm də vacib hiss etdirirdi. Bir anlıq o, özünü tamamilə vacib biri kimi hiss etdi. Pillələrlə yuxarı qalxdı. Qapını açdı. Georg yataqdaydı, hələ də kitab oxuyurdu.
“Pişiyi gətirdin?” kitabı bağlayaraq soruşdu.

“Yoxuydu.”

“Görəsən hara getmiş olar?!” gözlərinə istirahət verib soruşdu.
Qadın çarpayıda oturdu.
“Çox istərdim mənim olsun. Heç özümdə bilmirəm ki, niyə bu qədər çox istəyirəm. Yazığın bu yağışda  çöldə olması heç yaxşı deyil.”
Georg yenidən oxumağa başladı.
Qadın çarpayıdan qalxıb bəzək stolunun arxasında oturdu.  Əl güzgüsündə özünü süzdü, güzgüdəki simasına uzun uzadı baxdı. Sonra başının və boynunun arxasını nəzərdən keçirdi.
“Saçımı uzatsam necə olar, nə düşünürsən? “ yenidən güzgüyə baxıb ərindən soruşdu.
Georg onun oğlan kimi kəsilmiş saçlarına baxdı.

“Mənim belə də xoşuma gəlir.”
“Artıq yorulmuşam,” qadın dedi, “ oğlan kimi görünməkdən yorulmuşam.”

Georg yataqdakı vəziyyətini dəyişdi. Yoldaşı danışmağa başlayandan bəri gözünü çəkmədən ona baxırdı: “Sən çox gözəlsən.”

Güzgünü stola qoyub pəncərəyə yaxınlaşdı, getdikcə toranlaşan havaya gözlərini zillədi. “Saçlarımı uzatmaq istəyirəm, darayıb arxadan  yığmaq, onların küləkdə dalğalandığını  hiss etmək istəyirəm.  Dizimdə oturan, mən sığalladıqca mırıldayan pişik istəyirəm.”
“Doğurdan?” Georg elə yerindəcə cavab verdi.
“Birdə ki, öz yemək dəstim olan  masamın arxasında oturmaq istəyirəm və birdə şam. İstəyirəm yaz olsun, sonra  əlimi vuranda saçımın uzun olduğunu bilmək, pişik və yeni paltarlar istəyirəm.”

“Az danış, nəsə götür oxu.” Georg dedi və oxumağa davam etdi.

Onun həyat yoldaşı pəncərədən qara boşluğa baxırdı, yağış hələ də palmaların yarpaqlarını döyəcləyirdi.
“Nə olursa olsun mən pişik istəyirəm. İstəyirəm. Elə indicə.  Uzun saçım ya da  məşğuliyyətim yoxdursa, pişiyim mütləq olmalıdır.”

Georg artıq qulaq asmırdı. Kitab oxuyurdu. Qadın da sadəcə meydandakı közərən işığa baxırdı.
Qapı döydüldü.

“Avanti6.” Georg başını qaldırıb səsləndi.
Xadimə qapının ağzında dayandı.  Qucağında qara-qəhvəyi rəngli pişik vardı və onu özünə doğru sıxırdı.
“Bağışlayın,”  dedi, “Padrone bunu Signora üçün göndərib.”

 

 

 

  1. “Yağış yağır.”
  2. “Bəli, bəli xanım. Pis havadır.”
  3. “Nəsə itirmisiniz xanım?”
  4. “Bəli, pişik.”
  5. Sahibkar
  6. Buyurun

 

 

      Tərcümə etdi: Arzu Fariz

     http://arzufariz.wordpress.com/2012/10/06/yagis-altinda-pisik/

     Orijinalı: http://www.vahidnab.com/cat.pdf

 

 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi | Bir şərh yazın