Mo Yan: “ Nobel mükafatını qazanmaqla özüm özümü təəccübləndirdim. Hər zaman düşünmüşəm ki, bu mükafat mənim üçün əlçatmazdı!”
2012-ci ilin Ədəbiyyat üzrə Nobel Mükafatı çinli yazıçı Mo Yana verilib. Beləliklə də, o Ədəbiyyat üzrə ilk Nobel Mükafatını almış çinli yazıçı kimi tarixə düşüb. Öz əsərlərində realizmlə xalq nağıllarını, tarixiliyi və müasirliyi əlaqələndirən yazıçı yerli televiziyaya verdiyi müsahibəsində bildirib ki, artıq dünyanın gözü Çin ədəbiyyatına yönələcək. Çinin ən məşhur yazıçılarından biri olan Mo Yan tez-tez senzuraya məruz qaldığından əsərlərini əsasən pirat üsulu ilə oxucularına çatdırır.
Daha çox Mo Yan təxəllüsü ilə tanınan Guan Moye yazdığı qısa həcmli hekayələri və romanları ilə məşhurdu. Çinin Franz Kafkası adlandırılan Mo Yanı Qərb oxucuları 2012-ci ilə kimi motivləri əsasında “ Qırmızı darı tarlaları” filmi çəkilmiş iki romanına görə tanıyırdılar.
Dövlət İanə Fondunun sədri Cim Liçlə müsahibəsində təxəllüsünün tarixindən danışan yazıçı “ Mo Yan” ifadəsinin Çin dilindən“ Danışma!” kimi tərcümə olunduğunu bildirib. Yazarın dediyinə görə bu sözü ona valideyinləri Çin inqilabı dövründə küçədə ağlına gələni danışmasın deyə tez-tez deyərmiş.
Çində yenidənqurma və böyük islahat dövründə bədii yaradıcılığa qısa həcimli hekayələrlə başlayan Guan Moyenin ilk iri həcimli əsəri 1981-ci ildə çap olunmuş “ Yaz gecəsindəki yağış” romanı olmuşdur. Epik tarixi romanla qara yumorun ənənələrini birləşdirən hallusentrik realizmin nümayəndəsi olan Mo Yanın əsərlərinin əsas mövzusunu ideologiyadan asılı olmadan mövcud olan insan xəsisiliyi təşkil edir. Əsasən ovsunlu,mürəkkəb və zorakı obrazlar yaradan müəllif əsərlərində fəhlə sinfi ilə bürokratları absurd vəziyyətlərə salmaqla sosial realizmi tənqid atəşinə tutur.Əsərlərində keçmişlə indinin, ölümlə həyatın və dolayısı ilə yaxşı ilə pisin fərqini araşdıran Mo Yan romanlarında hekayələr danışan avtobioqrafik xarakter kimi ortaya çıxır.
Mo Yan “Yaz gecəsindəki yağış”, “Qırmızı darı”, “Sarımsaq balladaları”, “ Şərab Respublikası”, “ Həyat və ölüm məni əldən saldı”, “ Dəyişmək” kimi romanların və “ Partlayış və digər hekayələr”, “ Gülmək üçün sən hər şey edəcəksən” kimi hekayə kitablarının müəllifidir.
Günel