“Mən yuxularımı satıram” Gabriel Garcia Marquez

 

    Səhər saat doqquz olardı. Sübh günəşinin parlaq şüaları altında Havana Riviera mehmanxanasının foyesinde səhər yeməyi yeyirdik. Elə bu an dənizdən qalxan nəhəng dalğa bənd boyu uzanan yolda hərəkət edən və səkidə dayanan avtomobilləri ağuşuna alıb havaya qaldırdı. Axının apardığı avtomobillərdən biri zərblə mehmanxananın divarına çırpıldı və ilişib qaldı.

Bomba kimi partlayaraq əsas giriş qapısını toza çevirən bu zərbə iyirmi mərtəbəli mehmanxana binasının hər bir mənzilinə özü ilə böyük bir təlaş, qorxu və vahimə gətirmişdir.

 

Dəhlizdəki turistlərin çoxu mebellə birgə havaya sovrulmuşdu. Salamat qalanları isə havada sürətlə hərəkət edən şüşə qırıntıları kəsik-kəsik etmişdi. Olduqca güclü olan axının bəndlə mehmanxana arasında geniş küçə boyu bir xeyli məsafə qət etməsinə baxmayaraq, mehmanxananın pəncərələrini çilik-çilik etməyə də gücü çatmışdı.

Xeyirxah Kubalılar yanğınsöndürənlərin köməyi ilə altı saatdan da az bir vaxtda dağıntının bütün fəsadlarını aradan qaldırmış, əsas çıxışı bağlamış və dənizə aparan başqa bir yol açmışdılar. Bir sözlə hər şey əvvəlki kimi qaydasında idi. Günortaya qədər heç kim divara pərçimlənib qalmış maşına fikir vermirdi. Sanki bu səkidə saxlanılmış avtomobillərdən biri idi. Lakin kran avtomobili divardan dartıb çıxaranda sükanla oturacaq arasında sıxışıb qalmış qadın cəsədi aşkarlandı. Zərbə o qədər güclü olmuşdur ki, onun heç bircə sümüyü belə salamat qalmamışdı. Onun üzü parçalanmış, paltarı və ayaqqabıları isə tikə-tikə olmuşdur. Onun üstündən zümrüd gözləri olan ilan formalı üzük tapılmışdı. Polis aydınlaşdırdı ki, ölən qadın yeni təyin olunmuş Portuqaliya səfirininvə onun arvadının qulluqçusudur. İki həftə öncə onlarla birgə Havanaya gəlmiş bu qadın yeni maşını ilə səhər tezdən bazara gedirmiş. Qəzetdən onun haqqında oxuyanda adı mənim üçün heç bir məna kəsb etməsə də, onun üzərindən çıxan zümrüd gözlü ilan formasındakı üzük məni təşvişə saldı. Amma qəzetdə bu üzüyün onun hansı barmağında olması barəsində heç nə yazılmamaşdır. Bunu bilmək mənim üçün vacib idi. Mən qorxurdum ki, bu indiyə kimi əsl adını belə bilmədiyim, lakin daim xatırladığım həmin qadındır. Həmin dövrdə normal qarşılanmasa da o həmişə sağ əlindəki işarət barmağına bu cür üzük taxırdı. Mən onu ilk dəfə otuz dörd il öncə Viyenada amerikalı tələbələrin tez-tez getdiyi bir kafede pivə ilə sosis yeyəndə görmüşdüm. Həmin səhər Romadan gəlmişdim və indiyə kimi onu ilk dəfə görəndə təmtəraqlı zil səsi, boynundakı tülkü quyrugu və barmağındakı ilan şəkilli Misir üzüyünə necə reaksiya verdiyim yadımdadır. O, nəfəs almadan danışırdı, lakin İspancası çox zəif idi. Mən düşündüm ki, o, uzun taxta stolun arxasında əyləşmiş yeganə avstraliyalıdır. Lakin səhv etmişdim. O, Kolumbiyada doğulmuşdu. Hələ uşaq ikən Birinci Dünya Müharibəsindən sonra musiqi və vokal dərsləri almaq üçün Avstraliyaya gəlmişdi. Təxminən otuz yaşlarında olardı. Xarici görnüşcə heç də gözəl olmayan bu xanıma daha çox yaş vermək olardı. Lakin o məftunedici və pərəstiş ediləsi bir qadın idi.

İkinci Dünya Müharibəsindən sonra coğrafi mövqeyinə görə iki barışmaz cəbhə arasında dayanan möhtəşəm Vyana qara ticarətin və beynəlxalq casusluğun vətəninə çevrilmişdi. Stolda əyləşənlərin hamısı üçün yemək almağa pulu çatacaq həmvətənim üçün tələbə kafesində bu cür oturub vaxt keçirməkdən daha böyük biyabırçılıq ola bilməzdi. Heç vaxt əsl adını bizə söyləməyən bu xanımı Viyenadakı Latın Amerikalı tələbələrin onun üçün düşünüb tapdığı alman yanıltmacı ilə çağırırdıq. Yəni, o bizim Frau Friedamız idi. Onunla ilk tanışlığımız ədəbsizcəsinə ondan Quindionun küləkli təpələrindən yerlə göy qədər fərqlənən bu cür uzaq yerə necə gəlib düşdüyünü soruşduğum gün olmuşdu. O zaman sualımdan yayınaraq belə bir cavab vermişdir mənə:

“ Mən yuxularımı satıram.”

Doğurdan da o, yuxularını satırdı. Köhnə Koldasda on bir uşaqlı tacir ailəsinin üçüncü övladı olan bu xanım dogulduqdan bir neçə il sonra ailəsinə qəribə bir adət gətirmiş idi. Belə ki, o hər səhər yeməyindən əvvəl ailə üzvlərinə yuxusunu danışırdı. Həmin vaxtlar sadəcə saflığın təzahürü olan bu yuxular zərərsiz görünürdü. Yeddi yaşı olanda o yuxusunda görmüşdü ki, qardaşlarından birini sel aparır. Onun anası dini mövhumata inanmasa da, bu yuxudan sonra çayda çimməyi oğluna qadağan etmişdi. Lakin Frau Friedanın bu vergisinin özünə məxsus bir tərəfi vardı. O, anasına yuxusunu belə şərh etmişdi:

“ Mənim yuxum o demək deyil ki,qardaşım çayda batacaq. O sadəcə şirniyyatdan uzaq olmalıdır.”

Bayram şirniyyatlarını görəndə ağzının suyunu saxlaya bilməyən beş yaşlı uşaq üçün bu cür şərh, doğurdan da, cəfəngiyyat idi. Həmin vaxt ana qızını dəmir kimi bərk əli ilə hədələyərək bu zərərli istedadından istifadə etməyi qadağan etdi. Amma Frau Friedanın əvvəlcədən gördüyü bu faciə ailədən yan keçmədi. Anansının gözündən yayınan oğlan yediyi ilk şirniyyat tikəsi ilə boğulub öldü. Düzdü anası onu qorumağa çalışdı, lakin bacarmadı.

Frau Frieda heç vaxt ağlına gətirməzdi ki, bu qorxulu istedadından nə vaxtsa pul qazanmaq üçün istifadə edəcək. Lakin sərt Vyena qışı və heç kimə acımayan həyat onun xırtdəyindən yapışanda başqa bir çarəsi qalmamışdı. Onun nə pulu, nə də qalmağa yeri vardı. İşləyə və yaşaya biləcəyi bir ev tapmalı idi. Iş üçün gəldiyi ilk evin xanımı ondan nə bacardığını soruşanda Frau Frieda düzünü demişdi:

“ Mən sadəcə yuxu görməyi bacarıram.”

Bu qısa cavb ev sahibəsi üçün kifayət idi. Frau Frieda azacıq əmək haqqı müqabilində işə götürüldü. Maaşın az olmasına baxmayaraq onun qala biləcəyi isti otağı və qarnını doyurmağa yeməyi vardı. Artıq hər səhər ailə üzvləri- maliyyəçi ata, romantik ana və iki balaca uşaq yaxın gələcəkdə nə baş verəcəyini öyrənmək üçün birgə stol arxasında əyləşirdilər. Onlar hamsı dindar idi və köhnə inanclara da şübhəsiz inanırdılar. Və onlar yeganə vəzifəsi ailənin gündəlik taleyini yuxulara əsasən yozmaq olan Frau Friedanı işə götürməkdən məmnun idilər. Reallığın qarabasmadan daha qorxulu olduğu İkinci Dünya Müharibəsi boyunca Frau Frieda bu ailəyə layiqincə xidmət etdi. Yalnız o ailə üzvlərinə nəyi necə etməli olduqları barəsində səhər tezdən göstəriş verə bilərdi. Onun bu öncəgörmələri tezliklə bu ailənin idarəçisinə çevrildi. O, bu evin yeganə hökmdarı idi. Hətta nəfəs alanda belə onla məsləhətləşirdilər. Evin sahibi mən Viyenada olanda rəhmətə getmişdi. Rəhmətə getməzdən əvvəl ev sahibi mülkinin bir hissəsini ona vəsiyyət etmişdi. Amma bir şərtlə ki, yuxuları bitənə qədər o, bu ailənin gələcəyini söyləməyə davam edəcəkdi.

Təxminən bir ay müddətində Vyanada acınacaqlı vəziyyətdə yaşadım. Burdakı bütün sıxıntılı tələbələr kimi evdən pul gəlməyini gözləyirdim. Amma bu pul heç vaxt gəlib çıxmadı. Həmin gün Frau Friedanın kafeya qəfil gəlişi lap göydən düşmə oldu. Həmin gecə o, kefli halda qulağıma pıçıldadı:

“ Dünən gecə səni yuxuda gördüyümü demək üçün gəlmişəm. Sən elə bu gün burdan getməlisən və beş il müddətində Vyanaya qayıtmamalısan.”

Onun dedikləri o qədər inandırıcı göründü ki, elə həmin gecə sonuncu qatarla Romaya gəldim. Dedikləri mənə o qədər güclü təsir etmişdi ki, özümü böyük fəlakətdən qurtulmuş kimi hiss edirdim. Və mən o gündən bəri bir dəfə də olsun Vyanaya getməmişəm.

Havanada baş vermiş bu dəhşətli hadisədən bir xeyli əvvəl Frau Friedanı Barselonada görmüşdüm. Bu görüşümüz sırf təsadüf nəticəsində olmuşdu. Sanki onu illər sonra görməyim elə özü möcüzə idi. Bu görüş Pablo Nerudanın Vətəndaş Müharibəsindən sonra İspaniya torpağına ayaq basdığı ilk günə təsadüf etmişdi. Valparasioya uzun müddətli dəniz səfərinə çıxmış Neruda səyahətə qısa müddətli ara vermək üçün İspaniyaya gəlmişdi.

O, səhər tezdən bizimlə ikinci əl kitab mağazasına getdi və çoxlu köhnə kitab aldı. Bu kitablara verdiyi pul konsulluqdan aldığı iki aylıq məvacibə bərabər idi. Sanki dünya həyatın düzəltdiyi nəhəng oyuncaqmış kimi Neruda gah gördüyü hər şeyə uşaqsayağı maraqla baxır, gah da camaatın arasında yaralı fil kimi səndəliyə-səndəliyə addım atırdı. Indiyə kimi İntibah dövrü adamlarının düşüncələrinə bu qədər yaxın olan birini görməmişdim. O saf olduğu qədər də qarınqulu idi. Istəməsə belə hər zaman süfrədə diqqəti öz üzərinə çəkirdi. Arvadı Matilda onun boynundan bərbərxanada istifadə olunan önlüyə bənzər yaxalıq asırdı. Bu onun köynəyini sous ləkəsindən qorumağın yeganə yolu idi. Karvalinadakı bu günümüz əvvəlkilərdən çox da fərqli keçmədi. Yenə də qəlyanaltı zamanı Neruda cərrah dəqiqiliyi ilə kəsdiyi xərçəngləri son tikəsinə kimi yedi. Eyni vaxtda gözü ilə hamının boşqabını da sivirdi. Hələ yeməklərimizə bir barmaqda etdi. Necə iştaha ilə yeyirdisə adamın lap tamahı düşürdü. Fransızlar kimi yeyə-yeyə ancaq dadlı yeməklərdən danışırdı. Xüsusi ilə də, dadı damağından getməyən Qədim Çili yeməklərindən.

Birdən o dayandı, əlindəki xərçəngi yerə qoyub mənə sakitcə pıçıldadı:

“ Arxamda gözünü məndən çəkməyən biri var.”

Onun çiyinlərinin üstündən dediyi yerə baxdım. O, düz deyirdi. Üç stol aralıda tələsmədən yeyən və gözlərini Nerudaya zilləyən köhnə dəbli papaqla al qırmızı şərf taxmış cəsarətli üz ifadəsi olan bir xanım əyləşməşdi. Həmin dəqiqə onu tanıdım. O qocalmış və bir az da kökəlmiş idi. Lakin ilan üzüyü hələ də işarət barmağında idi. Bu həmin Frau Frieda idi. O da İspaniyaya Nerudanın səyahət etdiyi gəmidə gəlmişdi, lakin onlar bu günlər ərzində eyni göyərtədə olsalar da bir-birini görməmişdilər. Onu bizimlə çay içməyə dəvət etdim. Hətta şairi təəccübləndirmək üçün ondan yuxuları barəsində danışmağı xahiş etdim. Lakin bu yuxular şairdə maraq doğurmadı. Şair söhbətimizin lap əvvəlindən öncəgörmələrə inanmadığını bəyan edərək dedi:

“ Mənim üçün yalnız bir ilahi vergi var. O da şairlikdir.”

Qəlyanaltıdan sonra biz hamımız Ramblas ətrafında gəzintiyə çıxdıq. Qəsdan Frau Frieda ilə geriyə qaldıq ki, köhnə xatirələrimizə bir səyahət edək. O, Avstryadakı bütün mülkünü satıb Portuqaliyaya köçdüyünü dedi. Dediyinə görə, hündür təpədə yerləşən bir qəsrdə yaşayır. Hətta bu qəsr o qədər hündürdədi ki, burdan baxdıqda okeanın o tayı da görünür. Birbaşa deməsə də, sözündən belə çıxdı ki, gördüyü hər yuxu ona daha çox sərvət gətirib. Hər zaman onun yuxularının ağıllıcasına düşünülmüş kələk olduğunu fikirləşməyimə baxmayaraq indi danışdıqları məni təəccübləndirmədi. Onun yuxuları barəsində nə fikirləşdiyimi birbaşa üzünə dedim. Qəhqəhə çəkib güldü və dedi:

“ Sən elə əvvəlki kimi kobudsan.”

Başqa heç nə demədi çünki Nerudagil dayanıb bizi gözləyirdi. Yenidən söhbətə başlayanda Frau Frieda mövzunu dəyişdi:

“ Yeri gəlmişkən, sən artıq Vyenaya qayıtmalısan.”

Yalnız o zaman anladım ki, bizim ilk görüşümüzdən düz on üç il ötüb.

“ Hətta sənin yuxuların uydurma olsa belə, mən heç vaxtı Vyanaya birdə qayıtmayacağam!” dedim.

Saat üçdə Frau Friedadan ayrılıb evə gəldik. Çünki Nerudanın günorta yatmaq vaxtı idi. O, hər günorta Yapon çay mərasimi uzun bir həngamədən sonra güclə yuxuya gedirdi. Belə ki, otaqda istilik düzgün paylansın deyə bəzi pəncərələri açmaq,digərlərini bağlamaq, işıqlanma düzgün olsun deyə işığın hansı istiqamətdən gəldiyinə fikir vermək və tam sakitliyə riayət etmək lazım idi. Nəhayət Nerunda yuxuya getdi. Lakin heç on dəqiqə keçməmişdi ki, yuxudan ayıldı. Gözlərini ova-ova qonaq otağına gəldikdə hələ də yastığın naxışları üzündə idi.

“ Mən yuxumda həmin yuxu görən qadını görmüşəm.”, o dedi.

Matildə qadını yuxuda necə gördüyünü soruşdu.

“ Mən gördüm ki, o məni yuxuda görüb.”

“ Bu Borgesdəndi( Tanınmış argentinalı yazıçı)”, mən dedim.

Neruda narahat halda mənə baxıb soruşdu:

“O, artıq bunu yazıb?

“ Əgər yazmayıbsa belə nə vaxtsa bunu yazacaq”, mən dedim.

Həmin axşam saat altıda Neruda gəmisinə qayıtdı və bizdən xeyli uzaqda bir stolda əyləşdi. Hər zaman gül, balıq, quş şəkli çəkdiyi yaşıl mürəkkəbi ilə axıcı misraları yazmağa başladı. Birinci “ Hami sahilə” əmri veriləndə biz Frau Friedanı axtarırdıq hələ də. Onunla artıq sağ ollaşmadan getməyə hazırlaşırdıq ki, onu göyərtənin turistlər üçün nəzərdə tutulmuş hissəsində tapdıq. O da günorta yatıbmış.

Bizi görəndə dedi:

“ Mən şairi yuxuda gördüm.”

Mən heyrətlə yuxuda nə gördüyünü soruşdum.

“ Yuxuda gördüm ki, o məni yuxusunda görüb”, o cavab verdi.

Mənim məyus baxışımdan qəzəblənərək əlavə etdi:

“ Axı sən nə gözləyirdin? Hətta bəzən mənim yuxularımın da bu həyatla əlaqəsi olmaya bilər.”

O zamandan bəri daha heç vaxt onu görmədim. Düzü heç yadıma da düşmürdü taki Havana Rivieradakı faciyədə ölən üzüklü qadın haqqında eşidənə qədər. Bir neçə ay sonra Portuqaliyalı səfirlə görüşmək mənə nəsib oldu. Frau Frieda barəsində onu sorğu suala tutmaq həvəsimi boğa bilmədim. Onun haqqında böyük şövq ilə danışan səfir dedi:

“ Onun necə qeyri- adi istedada malik olduğunu heç təsəvvür belə edə bilməzsiniz. Mütləq onun haqqında hekayə yazmalısınız.”

O, eyni ahəngə Frau Frieda haqqında uzun uzadı danışdı. Lakin mənə lazım ola biləcək heç nə demədi. Sonda dözməyib birbaşa soruşdum:

“ Axı o nə edirdi?”

Sualımı eşidən səfir məyus halda cavab verdi:

“ Heç bir şey. O sadəcə yuxu görürdü.”

 

Tərcümə etdi: Günel Əbilova

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi | Bir şərh yazın