“Hiss edirdim ki, deməyə çox sözüm var….”
Ədəbiyyat üzrə Nobel mükafatı qalibinin elan edilməsindən dərhal sonra – Mo Yandan götürülmüş telefon müsahibəsini təqdim edirik. Müsahibə 11 otkyabrda Yan Şuanq Lindblom tərəfindən çin dilində götürülmüş, Liu Pu Zenq tərəfindən bizim üçün yazıya alınmışdır.
YŞL: İlk öncə sizi təbrik edirik. Ədəbiyyat üzrə Nobel mükafatının qalibi olmağınız xəbərini eşidəndə hansı hissləri keçirdiniz?
MY: O qədər təəccüblənmişdim ki..bunu eşidəndə. Çünki Nobel mükafatının mənim üçün əlçatmaz olduğunu düşünürdüm.
YŞL. Nobelprize.org saytının ziyarətçiləri əsasən tələbələrdir. Sizcə, hansı əsəriniz gənclər, yaxud sizin yaradıcılığınızla yeni tanış olanlar üçün gözəl bir başlanğıc ola bilər?
MY: Yaxşı olar ki, oxucular ilk olaraq bu il İsveçdə nəşr olunmuş “Həyat da, ölüm də məni əldən salır” kitabını oxumaqla başlasınlar. Daha sonra isə “Qırmızı kalış”, “Böyük döşlər və iri budlar ” və s. əsərlərimi oxuya bilərlər. İlk olaraq “Həyat da, ölüm də məni əldən salır” kitabını oxumalarını tövsiyə etməyimin səbəbi odur ki, bu kitab mənim üslubumu və roman sənətində göstərdiyim səyləri özündə əks etdirir.
YŞL: Gənc ikən, sizi yazıçı olmağa nə sövq etmişdi?
MY: Kitab oxumağa hələ uşaqkən başlamışam. Oxuduğum kitabların sayı artdıqca mənim ədəbiyyata olan həvəsim də artırdı. Hiss edirdim ki, deməyə çox sözüm var. Özümü ifadə etməyin ən qüdrətli və çərçivəsiz yolunun ədəbiyyat olduğunu düşündüm və başladım yazmağa. Əlbəttə, özümü sübut etmək və taleyimin axarını dəyişmək istəyi də vardı.
YŞL: Bizi öz yaradıcılığınızla tanış edin, zəhmət olmasa.
MY: Elə indicə sizə “Həyat da, ölüm də məni əldən salır” kitabını tövsiyə etdim. Birincisi, bu kitab Çin tarixi və gerçəklilərinə məxsus olan bir sıra mühüm məsələlərə, o cümlədən, torpaq və kəndlilərlə bağlı məsələlələrə toxunur. İkincisi, mən bu əsərdə şərq surrealizmindən istifadə etmişəm. Romanda asanlıqla heyvana çevrilən insan bir heyvanın gözü ilə son 50 ildə Çin cəmiyyətində və tarixində baş vermiş dəyişiklikləri görə bilir. Bundan əlavə, ürəkdən gələn fikirlərimi daha sərbəst və sadə dildə ifadə etmək üçün əlimdən gələni etmişəm. Beləliklə, hesab edirəm ki, bu əsər realizmə göstərilən diqqət və yaradıcı üslubun tədqiqininin nisbətən mükəmməl və yekcins kombinasiyasıdır.
YŞL: Mən oxumuşdum ki, siz “Həyat da, ölüm də məni əldən salır” kitabını 43 gündə yazıb bitirmisiniz. Bu qədər sürətlə yazmağa sizi nə vadar etmişdi? Yazarkən nə kimi çətinliklərlə üzləşdiniz?
MY: Bu kitabı necə oldu ki, qısa zaman kəsiyində yaza bildim?..İlk olaraq onu qeyd edim ki, kitab real həyat hadisələrinə əsaslanıb. Hardasa 6-7 yaşım olanda bizim məktəbin yaxınlığında bir kəndli yaşayırdı. O, bütün cəmiyyətə, “xalq icmalar”ına, kollektivləşməyə qarşı idi. O dövrdə isə onun kimi insanlar radikal hesab edilirdi və hamı ona bədheybət kimi yanaşırdı, onu döyür və alçaldırdılar. Üzləşdiyi itkilər onu öz əqidəsindən döndərə bilmədi. Ailəsi, o cümlədən oğlu və qızı belə ondan üz döndərdi, ancaq o, yenə də təslim olmadı. Sonralar isə, zaman onun haqlı olduğunu sübut etdi. Romanı yazmağa başlayandan sonra düşündüm ki, həmin “bədheybət” gec-tez bu əsərə daxil olmalıydı. Beləliklə, kitab çox qısa vaxtda yazıldı. Eskizi 43 günə yazdım, əslində isə romandakı qəhrəmanlar bəlkə də onillərlə mənim xəyalımda hazır şəkildə mövcud idi. Təsəvvür artıq mövcud olduğu üçün yazı da belə sürətli alındı.
/nobelprize.org/
Tərcümə etdi: AGTA Bədii Tərcümə Klubu (Nərmin Musayeva)