Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir. ABŞ-da nəşr olunan məşhur “TIME” jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını “Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri” adlandırmış, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab etmişdir. Qərbli oxucular Mo Yanı daha sonralar əsasında “Qırmızı kalış” (“Red Sorghum”) filmi çəkilmiş “Qırmızı kalış” və “Kalış şərabı” romanlarından tanıyırlar. 2012-ci ildə Mo Yan “hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən” yazıçı kimi Ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülmüşdür.
Təxəllüsü
Çin dilində “Danışma!” mənasının verən “Mo Yan” yazıçının təxəllüsüdür. ABŞ-ın Bəşəriyyətə Mili Dəstək qurumunun (National Endowment for the Humanities) sədri Cim Leç ilə müsahibə zamanı o bildirmişdi ki, bu ad 1950-ci illərdə Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anasının ona düşüncələrini cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədardır. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.
Əsərləri
Mo Yan yazıçı karyerasına Çinin islahatlar dövründə Çin dilində nəşr etdirdiyi onlarla qısa hekayə və romanlar yazmaqla başlamışdır. Onun “Bir yaz gecəsi yağan yağış” adlı ilk romanı 1981-ci ildə çap olunmuşdur. Mo Yanın bir neçə romanı Notrdam Universitetinin Şərqi Asiya dilləri və ədəbiyyatı üzrə professor Howard Goldblatt tərəfindən ingilis dilinə tərcümə edilmişdir.
Mo Yanın “Qırmızı Kalış Silsiləsi” 1923-1976-cı illər arasında Şandonq ailəsinin nəsilləri haqqında xronoloji ardıcıllıq gözləməyən tarixi romandır. Müəllif Çin tarixində Yapon Təcavüzü Əleyhinə Müqavimət Hərəkatı, Kommunist İnqilabı, Mədəniyyət İnqilabı kimi siyasi çevrilişlərdən qeyri-ənənəvi tərzdə söz açır: məsələn işğalçı yapon əsgərlərinin çəkdiyi əziyyətlərdən bəhs edir. Onun ikinci romanı “Sarımsaq Balladaları” məhsulları hökumət tərəfindən alınmayan Qaomi qəsəbəsinin üsyan qaldırmış fermerləri haqqında olmuş əhvalatlara əsaslanır. “Şərab Respublikası” qastronomiya və spirtli içkilər haqqında satiradır və burada o Lu Xundan sonra hannibalizmi Çində özünü-məhvin metaforası kimi istifadə etmişdir. “Yekə döşlər, iri budlar” əsəri qadın bədənindən bəhs edir; burada döşləri yapon güllələri ilə dəlik-dəlik edilmiş nənədən tutmuş, bir mərasimdə şəhərin bütün qadınlarının döşlərinə vurub onlara xeyir-dua verən Şanqquan Cintonqa qədər müxtəlif obrazlar vardır. Bu kitab Çində birmənalı qarşılanmadı. Bəzi solçu tənqidçilər bu əsəri Kommunist əsgərlərinin mənfi obrazda təsviri kimi qəbul edirdilər.
Mo Yan son əsəri olan “Həyat da, ölüm də məni əldən salır” romanını cəmi 42 gün içində yazmışdır. O öz romanlarını pinyin yazı metodu ilə deyil, əllə yazmağa üstünlük verir, çünki birinci metod “söz ehtiyatını məhdudlaşdırır”. “Həyat da, ölüm də məni əldən salır” romanı Çində torpaq islahatları hərəkatı dövründə müxtəlif heyvan formalarında yenidən doğulan mülkədardan bəhs edir. Mülkədar iki qatırı yemlərini onunla bölüşməyə məcbur etməklə ((eşşək formasında olduqda)) Kommunizm cəmiyyətini tənqid edir, çünki “kommunizm dövründə … mənim malım – sənin malın, sənin malın – mənim malım” prinsipi hökm sürürdü.
Təsir
Mo Yanın əsərləri əsasən sosial şərh xarakteri daşıyır və o, Lu Xunun sosial realizmi və Gabriel Garcia Markezin sehrli realizmindən güclü şəkildə təsirlənmişdir. Ənənəvi Çin ədəbiyyatı baxımından isə yazıçı Uater Marginin xalq ədəbiyyatına əsaslanan klassik epik romanından təsirlənmişdir. Mo Yan eyni zamanda “Qərbə Səyahət” və “Qırmızı palatanın yuxusu” əsərlərinin də onda təsir yaratdığını qeyd edir.
Xarici əsərlərin tərcümələrini oxuyan Mo Yan dünya ədəbiyyatını oxumağı güclü şəkildə təbliğ edir. 2009-cu ildə Frankfurt Kitab Yarmarkasının açılışı zamanı o, öz nitqində Hötenin “dünya ədəbiyyatı” ideyasını müzakirə edərək bildirirdi ki, “ədəbiyyat ölkələri və xalqları ayıran sərhədlərə qalib gələ bilər”.
Üslubu
Mo Yanın əsərləri “hallüsinasiyalı” realizmlə xarakterizə olunan və “qara yumor”dan ibarət tarixi epik romanlardır. İdeologiyanın təsirinə baxmayaraq onun əsərlərinin əsas mövzusunu insanın acgöz və satqın xarakterinin tükənməzliyi təşkil edir. Heyrətləndirici, mürəkkəb və əsasən zorakı obrazlardan istifadə edilən bir çox əsərlərindəki hadisələr Şandonq əyalətində, yazıçının doğma şəhəri Şimal-Şərqi Qaomi şəhərində cərəyan edir. Mo Yan deyirdi ki, o, Uilyam Folknerin “Səs və Qəzəb” əsərini oxuduqdan sonra başa düşdü ki, o, “ailəmi, tanıdığım insanları, kəndliləri…” əsərlərinin obrazlarına çevirə bilər. Yazıçı fəhlələri və bürokratları gülünc vəziyyətlərə salaraq sosialist realizmi janrını satira atəşinə tutur.
Mo Yanın yaradıcılığı “keçmiş və müasir dövr, canlılar və ölülər, eləcə də yaxşı və pis” arasında fərqlərin tutqun əks etdirilməsi ilə xarakterizə olunur. Mo Yan öz əsərlərində müəllifin digər əsərlərini yenidən nəql edən və düzəliş edən yarım-avtobioqrafik obraz kimi çıxış edir. Onun əsərlərindəki qadın obrazları əksər hallarda ənənəvi çinli qadın roluna riayət etmir: məsələn “Qırmızı Kalış” əsərində Şanqquam ailəsinin anası ərinə oğul doğa bilmir və ona xəyanət edərək İsveç missioneri və Yapon əsgərindən qız uşaqlarına hamilə qalır. Kişinin gücü “Yekə döşlər, iri budlar” əsərində sarkazmla təsvir olunur və romanda yalnız bir kişi obraz var.
Əsərlərinin siyahısı
Romanları
“Bir yaz gecəsi yağan yağış” (1981)
“Qırmızı Kalış Silsiləsi”, beş hissədən ibarətdir: “Kalış Şərabı”, “Kalış Dəfni”, “İt yolu”, “Qəribə Ölü”, “Qırmızı Kalış” (1987; İngilis dilində: 1993)
“Sarımsq Balladaları” (1988; İngilis dilində: 1995)
“Şərab Respublikası: Roman” (1992; İngilis dilində: 2000)
“Yekə döşlər, iri budlar” (1996; İngilis dilində: 2005)
“Səndəl Ağacının Ölümü: Roman” (2004; İngilis dilində: 2013)
“Həyat da, ölüm də məni əldən salır” (2006; İngilis dilində: 2008)
“Dəyişiklik” (2010) ISBN 9781906497484
“Pow!”[18] (2013) ISBN 9780857420763
Kiçik hekayələr toplusu
“Partlayış və digər hekayələr”
“Şifu: Sən gülmək üçün hər şeyi edərsən” (1999; İngilis dilində: 2002)
Müəllifin çap olunmuş digər əsərlərinə “İnsan və heyvan”, “Yüksəliş”, “Dəmir uşaq”, “Müalicə”, “Sevgi hekayəsi”, “Şen bağçası”, “Atılmış uşaq” və s. daxildir.
Mükafat və təltiflər
1998: Ədəbiyyat üzrə Beynəlxalq Neustadt Mükafatı, namizəd
2005: Kiriyama Mükafatı, Önəmli kitablar, “Yekə döşlər, iri budlar”
2006: XVII FukuokaAsiya Mədəniyyət Mükafatı
2007: Asiya Ədəbiyyat Mükafatı, namizəd, “Yekə döşlər, iri budlar”
2009: Çin Ədəbiyyatı üzrə Nyuman Mükafatının qalibi “Həyat da, Ölüm də məni əldən salır”
2010: Fəxri Həmkar, Müasir Dillər Assosiasiyası
2011: Mao Dun Ədəbiyyat Mükafatının qalibi Qurbağa
2012: Ədəbiyyat üzrə Nobel Mükafatı
Ədəbiyyat üzrə Nobel Mükafatı, 2012
11 oktyabr 2012-ci il tarixində İsveç Akademiyası “hallüsinaiyalı realizm vasitəsilə xalq nağılları, tarix və və müasir ədəbiyyatı birləşdirən” yazıçı kimi Mo Yanın Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görüldüyünü elan etdi. 57 yaşlı yazıçı bu mükafatın 109-cu qalibi, Çində yaşayıb, bu mükafata layiq görülmüş ilk şəxsdir. Çində doğulmuş və Fransa vətəndaşı olan Gao Xingjian 2000-ci ildə bu mükafatın laureatı olmuşdur. İsveç Akademiyasınını rəhbəri Peter Englund bildirirdi: “Mo Yanın yazı üslubu elə özünəməxsusdur ki, onun əsərindən yarım səhifə oxumaqla bilərsiniz ki, bu əsəri kim yazıb”.
Əsərləri əsasında çəkilmiş filmlər
Mo Yanın bir neçə əsəri əsasında film çəkilmişdir:
“Qırmızı Kalış” (1987) (rejissor: Zhang Yimou)
“Xoşbəxt Anlar” (2000) (rejissor: Zhang Yimou, “Şifu: Sən gülmək üçün hər şeyi edərsən” əsəri əsasında)
“Nuan” (2003) (rejissor: Huo Jianqi, “Ağ it və yelləncək” əsəri əsasında)
Günəşin də qulağı var (1995) (rejissor: Yim Ho, “Qırmızı ipək geyinən nənə” əsəri əsasında)
BU YAZI AGTA BTK TƏRƏFİNDƏN VİKİPEDİA ÜÇÜN TƏRCÜMƏ EDİLMİŞDİR
Tərcümə etdi: Gülnaz Cavadova