Sevgimiz bağa bənzəyir. Bağımızın gül, çiçəyə bürünməsi üçün həmişə ona qulluq etməliyik. Fəsilləri, dəyişkən havanı nəzərə almalıyıq. Yeni toxumlar basdırmalı, alaq otlarını təmizləməliyik. Bağımızda olduğu kimi sevgimizin də sehrini qorumaq lazımdır. Sevgimizin də fəsilləri var. Biz sevgimizdəki ehtiyacları anlamalıyıq.
Sevginin baharı
Aşiq olmaq bahar fəslinə bənzəyir. Biz elə düşünürük ki, bundan sonra yalnız xoşbəxt olacağıq. Öz yarımızı nə vaxtsa sevməyəcəyimizi heç ağlımıza da gətirmirik. Məsum duyğular fəslini yaşayırıq. Sehirli aləmdə yaşayırıq – hər şeyin mükəmməl olduğu sehirli aləmdə. Bizim üçün yarımız dünyadakı ən mükəmməl insandır. Sanki almanın o biri yarısını tapmışıq. Həyatımız birgəliyin harmoniyasında həzin-həzin axıb keçir. Bəxtimizin gətirdiyini düşünürük
Sevginin yayı
Sevgimizə yay fəsli gəlir və anlayırıq ki, yarımız düşündüyümüz kimi mükəmməl deyilmiş. Və budur, münasibətimiz üzərində işləməyin vaxtıdır. Unutmayın yarımız da bizim kimi insandır. Səhvsiz insan yoxdur. Narazılıqlar və gərginliklər yaranır. Alaq otlarını kökündən çıxarmaq, yenicə əkdiyimiz toxumları isə qızmar günəşdən qorumaq lazımdır. Bağımıza qulluq etmək zamanıdır. Uzun müddət ərzində kiməsə sevgi vermək və ondan sevgi almaq çətindir. Zaman bizə göstərir ki, insan heç də həmişə xoşbəxt ola bilməz. Biz hər zaman sevmək ya da sevilmək məcburiyyətində deyilik. Əsl sevginin obrazı bu deyil. Bu nöqtədə bir çox cütlüyün ümidi puç olur. Onlar münasibətlərini yaxşılaşdırmaq üçün cəhd göstərmirlər. Bir çoxları yanlış olaraq sevginin yalnız bahar çağında qalacağını düşünürlər. Sevgililərimizi günahlandırır və ayrılığa təslim oluruq. Sevgi mübarizədir- asan olmayan mübarizə. Bəzən sevgimizin yandırıcı günəş altındakı güllər kimi suvarılmağa ehtiyyacı olur. Sevgimizin yayında biz yarımızın ehtiyaclarını anlamağa, həmçinin, öz ehtiyaclarımızı anlatmağa çalışmalıyıq. Bu mərhələ öz-özünə keçib getmir. Biz çox çalışmalıyıq sevgi bağımızın üzərində.
Sevginin payızı
Yayda bağımıza göstərdiyimiz qulluğun və əməyimizin bəhrəsini dadmağın vaxtıdır. Payız xəzan fəslidir. Sevgimizin qızılı dövrü gəlib çıxır. Məhz bu fəsildə gərçəklikləri görməliyik. Yarımızın mükəmməl olmadığını analamaqla daha xoşbəxt ola bilərik. Onu olduğu kimi qəbul etməklə münasibətimizə yetkin sevgini gətirməyin vaxtıdır. Paylaşmanın, minnətdarlığın fəslidir sevgimizin payızı. Əgər yayda münasibətimiz üzərində gərgin işləmişiksə, indi bağımızda oturub dincəlməyin əsl vaxtıdır.
Sevginin qışı
Qəfildən hava dəyişir, şiddətli soyuqlar başlayır. Budur, qış gəlib sevgimizə. Özümüzə qapanmağın zamanı gəlib çıxıb. Bizim istirahətə ehtiyyacımız var. Daxilən yeniləşməliyik. Bitməyəcək ağrıların, həyatımıza kölgə salan qaranlıqların fəslindəyik. Biz qoruyucu örtüyümüzü açmalıyıq. Əzaba dözməyin zamanıdır. Yeganə təsəllimiz yalnızlıqdır. Qış təkliyin rəmzidir. Qarşımızdakını azacıq kənara qoyub öz hisslərimiz üzərində işləməyin zamanı yetişib. Biz öz yaralarımızı sağaltmalıyıq. Uzun, soyuq, tək, əzablı qışdan sonra yazın gəlməsi labüddür. Həyat bizə yenidən sevgi, ümid vəd edir. Qışı arxada qoyun. Içinizdəki şübhələrlə, yanlış axtarışlarla birgə qışa əlvida deyin. Bahara qollarınızı açın. Bahar qoxusunu doya-doya içinizə çəkin.
Tərcümə etdi: Günel Əbilova
Con Grey
(“ Qadınlar Veneradan, kişilər isə Marsdan gəliblər” kitabından bir hissə)