İlk dilmancın axtarışında: Xristofor Kolumb və hindular

Columbus_landing_on_Hispaniola_adj

Tarixdə qalan dilmanclar: oynadıqları rollar və kimlikləri

Sinxron tərcümə uzun bir tarixə malikdir, lakin ilk səyahətçilərə, diplomatlara və tacirlərə kömək edən dilmanclar barədə çox az məlumatımız var. Mən bununla yenicə maraqlanmağa başlamışam və çox maraqlıdır ki, ədəbiyyat  dil bilənlərə olan ehtiyacla yanaşı, bu sahəyə real marağın çatışmazlığından da bəhs edir. Kəşflər və ya işğallar barədə yazanlar salnamələrində əsasən digər məsələləri əhatə edirdilər. İlk dilmanclar onların salnamələrində ikinci dərəcəli rol oynayırdılar.

Bununla belə biz (qeyd: dilmanclar) arxa fonda var idik. Felipe Fernández-Armestonun müəllifi  olduğu Xristofor Kolumbun bioqrafiyasında onun dil macəraları ilə bağlı bir sıra gülməli əhvalatlar yer alır. 1492-ci ildə dəniz səyahətinə başlayanda Şərqdən olan xalqlarla ünsiyyət qura bilməsi üçün Kolumb, gəmisinə ərəb dilmanc götürmüşdü. Həmin dilmancın xidmətlərindən çox istifadə olunmasa da, onun o gəmidə olması o zaman onlara olan ehtiyacın bariz nümunəsidir.  Bu səbəbdən Kolumb səyahətinin sonunda Karib hövzəsindən bir neçə yerlini özü ilə İspaniyaya gətirdi. Məqsəd onları məhkəmədə təqdim etmək, onları xaç suyuna çəkmək və onların yeni dini öyrənmələri, eləcə də növbəti səfərlər zamanı dilmanclıq etmələri üçün İspan dilini öyrətməkdən ibarət idi.

Onlardan yalnız biri Diego Colón, faktiki olaraq, dilmanc oldu. Lakin, Karib hövzəsinin hindu tayfaları müxtəlif dillərdən istifadə etdiklərdən o da çox fayda verə bilmədi. 1502-ci ilə planlaşdırılan dördüncü səfəri üçün Kolumb əsir götürülən və Juan Pérez adı verilmiş hindunu dilmanclıq üçün hazırlayırdı. Bununla belə, o, Honduras sahillərində yerlilərlə işarələr vasitəsilə ünsiyyət qurmaq məcburiyyətində qaldı və onların Panama boğazı (və ya dar keçid) barədə verdikləri məlumatın geniş okeana su yolu olduğunu güman edərək həqiqətən Hindistana getdiyini düşündü.

Həmin məlumatın əl-qol işarələri vasitəsilə necə ötürüldüyünü təsəvvür etmək çox çətindir – aydındır ki, Kolumb yolun onu Hindistana aparıb çıxaracağına əmin olmaq istəyirdi. Onun Amerikaya səfərlərindən olan bu nümunələr bəzi suallar ortaya çıxardır və ilk dilmancların axtarışında  mən bu suallara cavab tapmağa çalışacam. İstəyərək və ya məcburən ilk səyahətçilərə kömək edənlərin əksəriyyəti də olsa, lakin heç də hamısı əsir deyildi:  qədim Məhsuldar Aypara (qeyd: daha ətraflı məlumat üçün http://wikipedia.org-da Fertile Crescent barədə oxuyun) zamanlarından peşəkar dilçilərin mövcudluğuna dair sübutlar var.

İlk dilmancların axtarışı silsiləsində mən XV və XVI əsr Avropa səyahətçilərinin qeydlərini nəzərdən keçirərək ilk dilmanclıq nümunələrini, eləcə də dilcmanlığın əsrlər boyu inkişaf və tənəzülünü aydınlaşdırmağa çalışacam.

Sinxron Tərçüməçilərin Beynəlxalq Assosiasiyasının səhifəsində (http://aiic.net) çap olunan bu material yalnız müəllifin fikirlərini əks etdirir.

 Tərcümə etdi: Tərlan Arzumanov

Redaktə etdi: Ülviyyə Məmmədova

Məlumat kateqoriyasına göndərildi | Bir şərh yazın