YENI BIR HƏYAT ÜÇÜN

Tərcümə etdi: Namiq Hüseynli

Günorta saat ikiyə az qalmış telefonun zəngi çalındı. 2007–ci ilin 31iyul günü idi və mən artıq nahar yeməyimi yeyib, qonaq otağına keçmişdim. Telefonum zəng çaldı, xəttin o başındakı kişi deyirdi: Cənab V. axır ki sizin üçün yeni bir qaraciyər tapılıb. Telefondakı adam məni bir qədər təşvişə saldı, düz iki ildir ki, telefonumun dəstəyini qaldırmamışdım. Oturub səbirsizliklə gözləməyə başladım. Dörd dəqiqə sonra mən artıq evimin qarşısındakı küçəyə çıxıb, təcili yardım maşınını gözləyirdim. Oradakı maşın saxlamaq üçün dayanacaqların hamısı boş idi, çünki Berlində yay tətili günləri idi. Mən çox dağınığam, əşyalarımı fərli-başlı yığışdırmamışam, qapımın önündə tökülüb qalmış çantalarımın hamısı səliqəsizcə qablaşdırılıb, əşyalarımın çoxunu zorla, ağzı açıq qalmış çantaya basmışam. Ən əsası tərliklərimi yenə də yaddan çıxarmışam. Ümidim var ki, üç gün sonra intensiv fizioterapiya həkimi məni yenidən ayağa qaldıracaq. Həkim deyir ki, ayaqüstdə dayanmaq mənim üçün çox vacibdir, daha mən ayağımda gülməli görünən rezin corablarla gəzəcəm. Öz halıma baxanda gülməyim tutur, amma belə halda gülmək də insana əzab verir.

Təcili yardım maşını bundan əvvəl bir dəfə 2006 –cı ilin, aprel axşamlarının birində də evimə gəlmişdi. Onda biz Kristian Rösinqerlə birlikdə İsveç küçəsindəki Haliflor kafesində oturmuşduq, ordan evimə qədər məsafə cəmi 300 metr olsa da, o məni evimin qarşısına qədər maşınıyla gətirdi. Onda mən giriş qapısını açıb, mənzilimə daxil olmuş, mətbəxə keçib soyuducudan alma sıyığı tapıb çıxarmışdım. Mən bayaqdan bəri stolun üstündə olan qəzeti götürüb oxuyarkən, boğazımda qəfil bir sızıltı hiss etmişdim. Bəlkə boğazımda nə isə qalmışdı? Bəlkə bu elə sıyıq idi? Mən sıyıqdan daha bir qaşıq aldım, ancaq o artıq dadlı gəlmədi. Heç bir səbəb olmadan, durub hamama keçdim, güzgünün qarşısında dayandım, özümə baxdım, ola bilsin rəngim bir az avazımışdı, amma xüsusi bir dəyişiklik hiss etmirdim. Hamama gəlmişkən, elə dişlərimi təmizləməyə qərar verdim, həm də istədim, yatmazdan əvvəl özümə bir göz gəzdirim. Bu məqamda qeyri-iradi olaraq vannaya tərəf çevrildim və əyildim, ağzımdan böyük bir qusuntu kütləsi vannaya töküldü. Gözümü açdıqdan sonra (inanıram ki, qusma və öskürmə zamanı gözün yumulması şərti refleksdir) gördüklərimdən dəhşətə gəldim, belə ki, vanna başdan-başa qana boyanmışdı. Qan yavaş-yavaş kanalizasiya dəliyinə doğru axıb gedirdi.

Mən bunun nə demək olduğunu anlayırdım. B. –də, başqa həkimlər də mənə artıq çoxdan xəbərdarlıq etmişdilər. Elə indidən hər şeyin səbəbini aydın izah edə bilirəm, bu həzm kanalından qanaxma nəticəsində baş verib, həzm sistemimi qanla təmin edən damarlardan biri partlayıb və mənim daxilim qanla dolub. Bilirəm, belə məqamlarda köməksiz qalmaq olmaz. Mən təcili yardımı çağırmalıyam. Yenə də düşünürəm, çox ləng də olsa düşünürəm ki, özüm də taksiyə minib klinikaya gedə bilərəm, ya da təcili yardımı çağıraram, yox axı məndə heç bir taksi sürücüsünün nömrəsi yoxdur. Yenidən güzgüdə solğun çöhrəmə baxıb, telefonun yerləşdiyi kabinetimə keçdim. Onda mən açıq-aydın 112 nömrəsi əvəzinə 110 nömrəsini yığmışdım, dəstəyin o başındakı əsəbi səs, xeyli müddət mənə təcili yardım üçün 112-yə zəng etmək lazım olduğunu izah etmişdi. “Bağışlayın mən narahat etmək istəmədim” – deyib dəstəyi asmışdım. Bir müddət bu hadisənin əslində mənim evdə qalmağımın daha yaxşı olacağını göstərən bir əlamət olduğunu düşündüm. Özüm özümə, “yox” – dedim və 112 –nömrəsini yığdım. Mənə deyildi ki, evin qapısını açıq qoyum, mənsə özüm paltomu və çəkməmi geyinib həkimi qarşılamağa qərar verdim. Bilirdim, bir an öncə xəstəxanaya çatmalıydım. Bilmirəm nəyə görəsə belə məqamda çantamı açıb yarımçıq əlyazamalarımı götürdüm, onları burda ortalıqda qoyub getmək istəmədim, sonra evdən çıxıb pilləkanla üzüaşağı düşərkən həkim və onun iki müşayətçisi ilə qarşılaşdım. Qabaqlarına yüyürüb dedim ki, xəstə mənəm, təcili xəstəxanaya getməliyəm, ancaq məlum oldu ki, onlar vanna otağımdakı qanı görməmiş elə biliblər, özümü yalandan xəstəliyə vururam.

On iki yaşım olanda ailəlikcə xizək kurortuna getmişdik və elə orda qarnımda ağrılar hiss etməyə başlamışdım. Təsadüfən özümü həkimə göstərəndə həkim qaraciyərimin həcminin böyüdüyünü demişdi. Bizim ailə həkimimiz isə mənə hepatit diaqnozu qoymuşdu, lakin hansı növündən olduğu indi yadımda deyil. Elə bir ay başdan-başa xəstəxanada yatmalı olmuşdum, ancaq həkimlər yenə də xəstəliyimin nə olduğunu tapa bilməmişdilər. Artıq qaraciyər xəstəliyinə tutulmuşdum, ancaq hələ bilinmirdi bu Hepatit A yoxsa B idi, altmışıncı illərin əvvəllərində A və B-dən əlavə Hepatit C-nin də varlığı haqqında heç bir məlumat yox idi. Tibb Univerisitetinin uşaq poliklinikasında başdan-ayağa, diqqətlə müayinə olunduqdan sonra, nəhayət ki, mənə “avtoimmunhepatiti” adlı qəribə bir diaqnoz qoydular. İmmun sistemim bədənim üçün yad cisim aşkarlamış və dərhal ona qarşı antitellər yaratmışdı, bu da öz növbəsində Hepatit xəstəliyini doğurmuşdu. İmmun sisteminin özünü nəyə görə belə apardığı hələlik məlum deyildi. Bu günə qədər də buna məntiqi izah verən olmayıb.

Qaraciyərim əldən getmişdi. Mən ki onda hələ uşağıydım. Bir qaraciyər 40-il sərasər alkoqol qəbulundan sonra belə yarı qüvvəsi ilə çalışa bilər, ancaq bununla belə fəaliyyətdən qalmazdı. Beləliklə kortizon vəzinin və immun sisteminin gücləndirilməsinə yönəlmiş müalicə başlanıldı. Xəstəliyin gücü zəiflədi, bununla da qaraciyər serrozunun qarşısı alındı. İşlərim yaxşı gedirdi. Daha dəqiqi işlərim dərmanların saysız-hesabsız yan təsirləri ortaya çıxana qədər yaxşı gedirdi. Kortizon hormonunun təsiri ilə üzüm dairəvi şişdi, o vaxtlar yaxşı görünməyə can atan yeniyetmə kimi mən dağ siçanına bənzəməyə başladım, üzümdəki ət Helmut Kolun üzündəkindən xeyli çox idi. Bu xəstəliyin daşıyıcılarında dərinin rəngi avazıyır, sümüklər yumuşalır. Onlar yaşlı qadınlar kimi “Osteoparoz” daşıyıcısı olurlar, yəni dəri quruyur, bədəninin səthinə ən kiçik toxunuşdan belə dəridə sarı ləkələr qalır. Xəstəlik özü ilə birlikdə “Qlaukoma” və yaxud “Yaşıl ulduz” adlandırılan başqa xəstəliyi gətirir. Belə ki, kortizon gözdaxili təzyiqi artırır, bunun nəticəsində də gözdən damlalar axaraq göz bəbəyini iynənin ucu boyda olana qədər yığır. Xəstə çətinliklə görür və gözlərinin qızartıları, onu əsl heroin aludəçilərinə bənzədir. O, uzağı pis görür, eynək taxmalı olur və dərisi sanki üç dəfə hamilə qalmış qadınınkı kimi sallaq olur. O, gün keçdikcə yan təsirləri olan dərmanlara qarşı öz növbəsində yeni yan təsirləri olan dərmanlar qəbul edir. Xeyri yoxdur. Yalnız yan təsirlərə baxıb xəstə olduğumu heç vaxt unuda bilmirdim. Qaraciyərim sağ tərəfdəki qabırğalarımın altında daim öz yerində yırğalanan böyük və sakit balina kimiydi. O açıq-aydın yuxarı qalxırdı, ancaq mən bunu hiss etmirdim. Ancaq onun fəaliyyət qabiliyyəti yavaş-yavaş aşağı enirdi.

Mən küçədə dayanıb  məni yeni qaraciyərimə qovuşduracaq təcili yardım maşınını gözləyirdim. Ən azı bir dəqiqə olar ki, ordaydım. Daha sonra transplatasiya mərkəzinə zəng vurub maşının harda qaldığını soruşdum. Maşın ən qısa müddətdə orda olacaq – deyə, telefondakı səs məni sakitləşdirdi. Mən K. –ya zəng etdim, bundan əlavə ayda-ildə bir qarşılaşıb, salamlaşdığım 5-6 adama da SMS yazıb vidalaşdım. SMS-də yazmışdım ki, “mən yeni qaraciyər köçürülməsi üçün xəstəxanaya gedirəm”. Elə ordaca telefonumun, mesaj bölümündən, göndərilən mesajlara baxanda, gördüm ki, cəmi bir həftə əvvəl həmin adamlara “indi yeni bir həyat üçün xəstəxanaya gedirəm” ismarıcını yazmışam. Təcili yardım maşını, yay bürküsündən üzülmüş halda, gəlib çıxana qədər zəng vurub durdum. Axır ki, içində şirin ölümü gətirən maşın gəlib çıxdı. Maşının sərnişin yerindən siyirmə qapını bir kişi açıb yerə düşdü, o qapını elə açdı ki, sanki həyatı boyu ancaq siyirmə qapılar açmışdı. O məni salamlayan kimi, xəstəxanaya aparma haqqını əvvəlcədən istədi və yerindəcə mənim beş yevromu gözaltı etdi. Mən evə girib pul qabımı tapdım və ordan əzik-üzük bir beş yevroluq çıxarıb gətirdim ki, sürücü məni tezliklə xəstəxanaya çatdırsın. Onda mən işimi ehtiyatlı tutmuşdum, bəlkə bir az sürətli sürsəydi hər yerdə yaşıl işıqlardan keçib, vaxtında çatardım. Həmçinin həm sərnişin yerindəki adam, həm də sürücü məni heç bir ləngimə olmayacağına əmin etdilər, axı tətil idi, yollarda nəqliyyatın sıxlığı azalmışdı. Mən maşının gedəcəyi məsafəni dəqiqi bilirdim. Özüm həmin yolu tez-tez maşınla gedib-gəlmişəm. Berna küçəsinin aşağısından sola dönüb, sonra bir başa Veddinqlə düzünə getmək lazımdır. Bir il yarım bundan əvvəl, aprel gecəsində mənim arxamca gəlmiş təcili yardım maşını da bu yolla getmişdi. Mən o zaman təcili yardım maşınında getməyimi indi xəyalıma gətirirəm, özümü üstüaçıq arabada Filandriyanın daş döşənmiş körpüləri ilə yırğalana-yırğalana boz küçələrdə necə irəlilədiyimi təssəvvür edirdim. Təcili yardım həkimi məndə heç də hər şeyin qaydasında olmadığını anlamışdı. O mənim təcili yardım sənədlərimə baxdı və dedi ki, mən Virxova getməliyəm, Şarit xəstəxana kompleksində yerləşən Virxova. Mən vanna otağımdakı qan haqqında onlara danışdım, daha sonra mənim avtoimmun hepatitimdən, həzm kanalındakı problemimdəm, daxili qan təzyiqimdən, xəstə qara ciyərimdən çıxan damarlardakı təzyiqdən ətraflı bəhs etdim. Növbəti qan kütləsini elə maşının içindəcə qusdum, əlimlə kütlənin qarşısını tutmağa çalışdım amma, qan ağzımdan təzyiqlə çıxıb ətrafımdakı üç adamın üstünə və maşının içinə sıçradı. Eynilə dəhşət filimlərindəki kimi qanlı bir səhnə yarandı, amma buradakı qan yalançı deyil, mənim özümünkü idi. Qan təcili yardım həkiminin eynəyinin üstü ilə axırdı, o eynəyini təmizləyib mənə xörək duzundan hazırlanmış məlhəm verdi, azca sonra mən başımın üstündə yol kənarındakı ağacları və xəyalımdakı Flandriyadanın ulduzlarını gördüm. Deyəsən, daha bir dəfə yenə qusmuşdum və əlimdəki şəffaf torbada qusduqlarımın ancaq yarısı toplanmış, eləcə uzanıb qalmışdım. Qanın daha böyük miqdarı yerə tökülmüşü, mənsə bilirdim ki, qanaxma tezliklə dayanmasa mən öləcəm.

On beş, on altı yaşlarımda özümü şəxsi dəfnimdə təsəvvür etmək mənim ən sevimli xəyallarımdan biri idi. Mən özümü suda üzərkən ya da qayıqla gedərkən baş verən bir qəza nəticəsində ölmüş təsəvvür edirdim, mənim cəsədim isə tapılmırdı. Laxer gölü, mən məhz orda boğulmaq istərdim, ora elə gözəl görünür ki, ölmək üçün daha uyğun bir yer təsəvvür edə bilmirəm. Axır ki, uğrusuz axtarışların sonunda mən ölü elan edilirəm, bu o deməkdir ki, mənim cəsədim gölün dibindəki palçıq, gil qalığına batıb çürüməkdədir, mənim ruhum isə həmin vaxt İspaniyada ya da Latın Amerikasında gəzinir və bir də heç vaxt insan kimi ortaya çıxmır. Lakin bu xəyalım özü ziddiyyətlidir, əgər mən özüm öz dəfnimdə yaxşı geyinib, bir qədər aralıdan insanları seyr edəcəyəmsə, onda deməli tabutun içi boş olmalıdır.

Növbəti gün günorta mən intensiv terapiya şöbəsində ayılanda, öyrəndim ki, həkim qanaxmanı dayandıra bilib. O, endoskopik yolla damar genişləndirilməsi əməliyyatı aparıb, belə ki, o qanaxmanı dayandırmaq üçün, həzm borusundakı zədələnmiş damara daha böyük olan rezin halqa taxıb. Mənim bəxtim gətirib, çünki bu üsul lap yaxın zamanlarda kəşf olunub. Cəmi iyirmi il əvvəl belə qanaxmalar zamanı nə isə etmək sadəcə mümkünsüz idi. Bununla belə mən bir neçə litr qan itirmişdim, qanımda hemoqlobinin miqdarı az qala 3 q/destilitrə qədər azalmışdı, qaraciyərimin həcmi kiçilmişdi. Doqquz gün sonra mən evə buraxıldım, lakin cəmi bir həftə keçməmiş məndə yenidən qanaxma baş verdi. Yenidən intensiv terapiya bölməsinə yerləşdirildim, yenidən liqatura (damarların ipək sapla tikilməsi) əməliyyatı keçirdim, yenidən on gün xəstəxanada yatdım, bu dəfə bədənimdə qan lap azaldığına görə mənə qan plazması vurdular. Növbəti səkkiz ay ərzində mən yenidən qaçmağı öyrəndim, dörd həftə səy göstərib yenidən düz çörək mağazasına qədər qaça-qaça gedib gəlirdim. Hər üç ayda, iki ya da üç dəfə klinikaya gedib, üç gün orda yatmalıydım, yenidən endoskopiya olunmalıydım, həkimlər yenidən və yenidən qarnımdakı rezin halqanı dəyişdirməliydilər. Mənim qaraciyərimin həcmi yenə problem olaraq qalır, çünki böyük miqdarda qanın qarın boşluğuma tökülməsi nəticəsində indi də orda zülal şoku yaşanmaqdadır. Nə olur olsun yeni qaraciyərə ehtiyacım vardı.

Mənim adım artıq siyahıdadır, xeyli vaxtdır gözləməkdəyəm. Bir il əvvəl, 2005-ci ildə mən iki həftə xəstəxanada yatdım, iki həftə boyu bədənimdə mümkün olan bütün müayinələr aparıldı və müayinələrin nəticələri sənədlər, rəsmlər halında bir qovluğa toplandı, orda bədənimin vəziyyətini öyrənmək üçün çəkilmiş Rentgen, Ultrasəs müayinəsi, Maqnit rezonans tomoqrafiyasının nəticələri var idi. Artıq evdə oturub “X” gününü – cərrah stoluna uzandığım, qarnımın yarıldığı, damarlarımın birdəfəlik bərpa olunduğu günü səbirsizliklə gözləməkdəydim.

Açıq danışan adamlar çox-çox əvvəllər, hələ yetmişinci illərin başlanğıcından mənim xoşuma gəlməyə başlayıb. Mən bilirəm, B. özü bunu mənə demişdi, ömrüm çox da uzun olmayacaq. O hətta əvvəlcədən mənə yol da göstərmişdi ki, belə qısa həyat mənim üçün daha yaxşıdır. Mənsə bu haqda heç nə eşitmək istəmirəm. Mən istəmirəm, niyə istəmədiyimi də bilmirəm.  Heç nəyə fikir vermədən yoluma davam etməliyəmmi? Davam etməliyəmmi mən? Heç kimin oxumadığı kitablarımdan daha bir neçəsini yazmalıyammı? Ya da bəlkə bu bir taledir, mən onu yaşamağa məcburam? Bəlkə yazdıqlarım hardasa kiməsə lazım olacaq? Daha bir neçə ilmi? Qaraciyər gün keçdikcə daha böyük fəsadlar törədir. Həzm boruma bir neçə litr su yığılıb, qarnımı şişirdib, qanım çox pis laxtalanır və mən gün keçdikcə daha tez-tez yorulmağa başlayıram. Qaraciyərin zəif fəaliyyəti bədənin zəhərlənməsinə gətirib çıxara bilər, belə ki, bədəndə olan zərərli maddələrin qaraciyərdə təmizlənməməsi ya da çox az təmizlənməsi beynin əks reaksiya verməsinə gətirib çıxara bilir. Zaman keçdikcə beynimdə qan dövranı daha da zəifləyir. Mən yoruluram, əhvalım pisləşir və çox vaxt ayıqmı, yuxudamı olduğumu bilmirəm, anlamıram ki, mən gerçəklikdəyəm yoxsa illüziyalar aləmində. Bu elə haldır ki, tamamilə özünəməxsus təəssüratları var, başqa insanlar ancaq qadağan olunmuş vasitələrlə özlərini belə hallanmış şüur səviyyəsində kökləyə bilirlər və bu olduqca çətin başa gəlir. Buna baxmayaraq, hər gün, istər adi gün olsun, istər qeyri-adi hadisələr baş versin, istər darıxdırıcı, istərsə də anlamsız olsun, mən mütləq ölü olmağın nə qədər böyük xoşbəxtlik olduğunu azı üç dəfə fikrimdən keçirirəm. İntihar etmək nə gözəl olardı, suda batmaq, damdan özünü atmaq ya da başına bir güllə çaxmaq. Kaş, bircə tapançam olaydı. Baxmayaraq ki, B. mənə bunu azı yüz dəfə demişdi, ki mənim özümüm pis hiss etməyimin və intihar fantaziyalarımın kökündə cəmi bir fizioloji səbəb dayanır bu da mənim korlanmış qaraciyərimdir, mənsə bunu anlamamışam, anlamaq istəməmişəm. Heç vaxt həyatdan bezginliyimin günahını qaraciyərimin üstünə atmamışam, əksinə ona görə hətta özümü bir qədər xoşbəxt də hiss etmişəm, çünki məhz bu xəstəliyin üzündən mən gündə on beş dəqiqədə olsa fikrimi toplayıb XXI əsrin ən böyük romanını yazmaq istəyini duymuşam. Mən heç bir tərəfə çıxara bilmədiyim bir mətn üzərində işləyirəm. Bu cür elə də xoş keçməyən günlərimdə mən yarı trans vəziyyətinə bənzər bir təəssürat yaşayıram. Yatağımdan qalxan kimi, azca sonra yenidən yatağa qayıdıram və gözümün qarşısında yarı dumanlı halda rəqs edən dünyanı canlandırıram. Və belə günlərimin birində  B. transplantasiyadan qabaq qaraciyərin qiymətləndirilməsi üçün aparılan Ultrasəs müayinəsinin nəticəsini göstərən bir sənədlə birlikdə mənim yanıma gəldi və üstü örtülü olsa da bildirdi ki, mənim qaraciyər toxumalarımda dəyişikliklər var. Bu tamamilə aydın şəkildə qaraciyər toxumalarımın sıradan çıxması demək idi, tibb dilində bu təbii ki, “hepatosellülar kartsinom” deyil məhz, toxumaların kütləvi ölməsi adlanır. B. tələsmək lazım olduğunu deyirdi. Ah indi bir də qaraciyər xərçəngimi çıxdı? Buna inana bilmirəm artq, bu mənim üçün sadəcə həddindən artıqdır.

31-iyul 2007-ci ildə, günün ikinci yarısında, təqribən 2:30 radələrində təcili yardım maşının içindəki həkimlər məni QTM -stansiyasının yeddinci korpusunun dördüncü mərtəbəsinə qaldırdılar. QTM –Qaraciyər Transplantasiyası sahəsində ixtisaslaşmış ayrıca mərkəzdir. Lakin bir neçə sözün baş hərfindən yaranmış QTM, mənə aeroportdakı minik bölmələrini xatırladır eynilə LAX yaxud TXL kimi, bu qısaltmaların altında da öz növbəsində Los-Anjeles və Teqel kimi sözlər gizlənir. Mərkəzin girişində məni böyük bir qoruyucu xalata bürüdülər ki, ətrafıma daha çox mikrob yaymayım, bundan sonra onlar məni şərqə tərəf baxan böyük pəncərəli otağıma apardılar. Mən burdan Humbolt meşəsini, onun top bürclərini, Brunnen küçəsindəki şüşəli göydələnləri, Fridrix Yan idman parkının işıq dirəklərini görə bilirəm. Mən hətta, ona qovuşmaq üçün hara baxmaq lazım olduğunu da bilirəm, bununla özüm üçün xəyal qururam, uzaqda Orderberqer küçəsindəki evlərin damına baxıram. Bu zaman qoruyucu geyimdə olan üç ya da dörd adam mənim böyrümü kəsdirmişdi. Onlardan biri məndən üzərimdəki əşyaları, eynəyimi, atamdan qalan saatımı, pul qabımı və telefonumu götürdü. Mən paltarımı soyunarkən, bir yandan da onların xəstəliklə bağlı suallarına cavab verirdim. Xəstəlik nə vaxtdan başlayıb, qanaxmanın səbəbi nədir kimi suallar verdilər. Onlar mənə həmçinin bir qədər dəyişik formalı diş protezi də verdilər. Mən bütün razılaşma sənədlərini imzaladım, sonuncu dəfə ayaqyoluna getdim və əmliyyat köynəyini geyindim. Əvvəlcə bədənimə qan vurmağa başladılar, arterial və venoz qan təzyiqimi ölçəndə məlum oldu ki, bədənimdə qanın miqdarı normallaşmağa başlayıb. Qarnımın və döş qəfəsimin xarici divarına dəridə iz qoyan yaşılımtıl-sarı maye sürtdülər, dezinfeksiya edib, bədənimin müxtəlif yerlərinə, elektrodlar yapışdırdılar. “Əgər bu çox uzun çəkməyəcəksə mən bir şeylər atışdırım” – mən dedim. “Olar, amma daha donuz qızartması da yox da”, – deyə həkimin mənlə zarafatlaşdığını eşitdim. Mən özümü olduqca yaxşı hiss edirdim, sanki bu hiss ömürlük davam edəcəkdi. Ətrafdakı tibbi heyyət yüksək hazırlıqda, bununla belə olduqca rahat görünürdülər, yəqin onlar belə əməliyyatları tez-tez edirlər. Bildiyimə görə bu klinikada indiyə kimi 2105 dəfə belə əməliyyat aparmışdılar, mənim əməliyyatım isə 2106-cı olacaqdı.

Bədənimi bütünlükdə onların ixtiyarına verdim, gövdəm, qollarım və ayaqlarım bədənimdə hər-hansı bir dəyişikliyi qeydə alan cürbəcür aparatlara qoşulmuşdu. Bədənimə yapışdırılan və ordan çıxan kabellər, həkimlərin gözü qarşısına mənim daxilimin aydınca əks olunmuş bir obrazını qoyurdu. Heç bir qorxum yox idi. Əməliyyata hazırlıq otağında anestezisti dostcasına qarşıladım, o öz işinin kamil ustasıdır və indi məni keyikdirəcək. Sonradan onun bığlarını və qısa, lakin zarafatcıl söhbətini xatırlaya bilirdim ancaq. Deyəsən, o mənim indi köməksiz olduğumu və onun mənə istədiyini edə biləcəyini deyirdi. O həmçinin söhbətimizin sonunda mənim ondan ayrılacağımı, tək qalacağını da demişdi. O həqiqəti deyirmiş, söhbətdən sonra mən huşumu itirdim.

Mən huşumu itirdim və heç nə hiss etmədim. Böyük dərin bir heçliyə düşdüm.  Mən artıq mövcud deyiləm və bundan belə ancaq bu təəssüratla yaşayıram, bu əsl hissiyyat deyil daha çox Rembrandın “Doktor Tulp” rəsmindəki insanın anatomiyasıdır. Amma niyə mən hələ də özümdən “mən” deyə bəhs edirəm, cərrah stolunda hərəkətsiz bir bədən var və mən bir qədər aralıqda dayanıb onu seyr edirəm. Onun içində artıq mənim kimiliyimlə bağlı hansısa məlumat yoxdur, mən burda daha çox köməkçi rolunu oynayıram. Mən indi yalnızca onun ətrafında dayananlardan və yanından tutanlardan biri ola bilərəm. Bu mənim bədənimdir, mən ki, kənardan onu tanıyıram, əməliyyat stoluna uzadılmış, qarın nahiyyəsi yarılmış, qaraciyəri isə bu mənzərədən xüsusilə qabarıq nəzərə çarpan bir bədəndir. O, nə uzaqdan, nə yaxından bir qartala bənzəmir. Axşam saat 9-da ya da bir həyatdan o birinə keçdikdən sonra mən gözlərimi açdım. Çarpayımın yanında K. dayanmışdı, mən yenə də yeddinci mərtəbədəki otaqda yatırdım, indi axşam idi və pəncərədən şəhərin işıqları görünürdü. Mən salamat idim və bunu görürdüm, ancaq hələ özümü yaxşı hiss etmirdim. Mən yenidən bu dünyaya qayıtmışam.

Keçirdiyim doqquz çətin gündən sonra mənim həyatım yenidən öz axarına qayıtmağa başladı, tez-tez K. məni əlarabasına qoyub, klinikanın həyətində gəzdirməyə aparırdı. Hər yerdə səbirsizliklə məni gözləyən zərərli mikroblardan qorunmaq üçün əlcək, maska və baş örtüyü taxmalıydım. Biz hər gün dəniz kənarı küçələrlə şimal sahilinə doğru gedən yeni cığırlar axtarıb tapırdıq. Zaman keçdikcə mən ayağa durub yeriməyə çalışırdım, hər gün sərbəst halda beş metr, on metr addımlayırdım. On metr irəliləmə mənim üçün inanılmaz nəticə idi. Üçüncü gün gəzinti zamanı bir arı gəlib məni düz ayağımdan sancdı, bu qəribə ağrı mənim xoşuma gəldi, daha sonra ağrı ayağımdan, qarın boşluğuma doğru yayıldı. Bir həftə sonra, mən artıq tək başıma hamama qədər gedə bilirdim. Üç həftə və bir gün sonra məni xəstəxanadan evə buraxdılar. Bundan sonra təkbaşına çox ləng də olsa, pilləkənlə dördüncü mərtəbəyə qədər çıxar, yataq otağını yığışdırar, daha sonra isə qonaq otağına qayıdar, ordansa vanna otağına gedə bilərdim. Ayağa qalxmaq mənə çətin gəlirdi. Ümumiyyətlə, azca da olsa ayaqüstə dayana bilmirdim. Uzananda isə elə edirdim ki, ayaq əzələlərim tarım dayansın, bükülməsin. İstərdim ki, xəstəxanada olduğu kimi yatağımın üstündən bir asqı və ayağımı ona keçirmək üçün metaldan üçbucaq olsun, bu halda mən ayağımı ora keçirib rahatca yatardım. Çünki ayağa qalxmaq üçün əvvəlcə uzanmış halda dizlərimi büküb ayağımı yığmalı, sonra dirsəklərimlə bədənimə dayaq verib kürəyimi yataqdan ayırmalı, daha sonra əllərimlə ayaqlarımı yataqdan yerə salmalıydım ki, qarın əzələlərimə yük düşməsin. Əgər imkanım olsa, hətta bədənimi təkcə əllərimin üstündə qaldırardım ki, bədənimin ağırlığı qarnıma düşməsin. Mən ancaq doqquz ay sonra qarnı üstdə uzana bildim. Xeyli müddət qarnımın dərisi keyləşmişdi, qarnımın ortasında böyük bir ulduzşəkilli tikiş izi qalmışdı, cərrahiyyədə bunu “mersedes” ulduzu adlandırırdılar. Həmçinin, göbəyim də keyləşmişdi, hər dəfə barmağımı ora sürtəndə heyrətə gəlirdim, nə isə hiss edəcəyimi gözləyirdim amma toxunuşum qarnımın dərisində hiss olunmurdu. Əlimlə qarnımı sığallayanda barmaqlarımın ucu öz bədənimi deyil sanki, rezin qrelkanı hiss edirdi.

Bir neçə gün evdə qaldıqdan sonra Reabilitasiya klinikasının mikroavtobusu gəlib məni öz evimin qapısı ağzından götürdü. Mən Mürtiç gölünün ətrafına, Reabilitasiya klinikasına gedirəm. Mənim otuz altı yaşım var və burda heç on il deyil ki tikilmiş bütün eyvanları dənizə baxan bir mənzildə qalıram. Mən bura gələndə heç yüz metr yeriyə bilmirdim,amma indi “Nordic Walking” adlanan sevimli idmanım var. Bu elə idmandır ki, adamlar kənardan baxanda gülüşlərini saxlaya bilmirlər. Mənim üçün isə burada gülməli heç nə yoxdur, axı mən bunu başqalarını güldürmək üçün etmirəm. Bununla belə,  “Nordic Walking” hamıda gülüş doğuran çılğınca görünüşünə baxmayaraq, insana inanılmaz zövq verir. Bunun dəlilik kimi göründüyünü bilirəm, bu mənim vecimə deyil. Mən üç həftə Reabilitasiya xəstəxansında qaldım. Mənimlə birlikdə müalicə olunan iki xəstə məndən cavan idi, hər ikisinə yeni böyrək köçürülmüşdü. Bəzi xəstələr isə qırx yaşlarının ortalarında, sonlarında idilər, yerdə qalanlar buraya təkcə köçürülmə əməliyyatına görə deyil, daha yaşlılar, həm də revmatizm və ürək xəstəliklərinə görə  gəlmişdilər. Əlbəttə ki, mən bunu düz bir həftədən sonra onlardan ən gənci ilə qarşılaşanda anlamışdım. Səhər, günorta və axşamlar biz hamımız ümumi toplantı yerimiz olan stolun arxasına yığışıb, əvvəlcədən özümüzə hərəkət planı təyin edirdik. Hər gün üçün ayrıca hərəkət-təlim palnı vardı və belə söz gəzirdi ki, kim reabilitasiya məşqlərində özünü daha fəal göstərsə o xəstəxana məsrəflərini ən sonda ödəmək şansı əldə edəcək. Mənsə buna inanmıram, səhər saat yeddinin yarısı oyanıb yemək dolu zənbilin yanından etinasız şəkildə ötərək, idman üçün meşəliyə gedirəm. Bundən əlavə mən bədənimdə ağrı yaratmayacaq məşqləri etmək üçün Trenajor zalına da getməliyəm. Həmçinin erqometr aparatında müayinə olunmalı, gimnastika və boksla məşğul olmalıyam. Bunundan sonra öz seçimimə görə ya saxsı qab ya da dabandaşı düzəltməli və ömürlük immun çatışmamazlığı olanlar üçün mühazirəni dinləməli, gələcək illərdə sağlamlıq üçün təhlükəli olan qidaların hansılar olduğunu öyrənməliyəm. Çiy yemək olmaz, qabıqlı yemək olmaz, yerdən götürüb yemək olmaz, heç bir halda kahı yemək olmaz. Mənim üçün ən yaxşısı çəkilmiş, dondurulmuş ya da bir yolla sterizə olunmuş qidalar ya da konservlərdir. Ən yaxşısı, təbii qidalar satılan xoşməramlı mağazalardan heç nə almayasan. Çünki belə mağazalar adətən mikroblarla dolu olur. Həmçinin böyük insan kütlələrinin axışdığı yerlərdən, xüsusilə də, hovuzlardan, azyaşlı uşaqlardan və xəstələrdən uzaq olmalıyam. İndidən bilirəm ki, bu qaydalara həmişə əməl edə bilməyəcəm. Özümü məktəb illərindəki kimi hiss edirəm, kağıza kiçicik bir kişi və cürbəcür fiqurlar çəkib xəyallarımın gerçəkləşməsini gözləyirəm. Çox vaxt otağımda oturub getdikcə sağaldığımı bilmək məni o qədər sevindirir ki, açıq eyvan qapısının yanında uzanıb televizorda “Six Feet Under” və “Sopranos”a baxıram. Bəzən də, pəncərəmin önündə dayanıb ağquyruq qartalın səmaya qalxmasını gözləyirəm.

Budur yenidən evə gedirəm və yenidən sərbəst yeriyə bilirəm. Bu üç gün ərzində klinikada qalmalıyam, bədənimə qan köçürülməli, immunitetin bərpa olunma səviyyəsi və qaraciyər yoxlanılmalıdır. Mənim halım gün-gündən yaxşılaşır. Vaxtımın çoxunu sağlamlığımda ağır qüsurlar yaranması ilə bağlı ərizə formalarını doldurmaq və xəstəxana hesabımdakı zərfləri açmaq kimi darıxdırıcı işlərlə keçirirəm. Mənim qanuni xəstəxana hesabımda hər şey var, məgər bu əla deyil, gör bir nə gözəl ölkədə yaşayıram, bütün xərclərim artıq ödənilib. Məni ancaq gözəl günlər gözləyir. İşlərim gah yaxşı gedir, gah da birdən-birə pisləşir. Qarnımda qəflətən dəhşətli ağrılar hiss etdim. Ürəyim istəsə də, daha heç nə yeyə bilmirəm. İki gün, üç gün, dörd gün dözürəm. Bundan əlavə heç, su da içə bilmirəm. Yenidən xəstəxanaya getdim. Təcili yardıma yox, qaraciyər üzrə ixtisaslaşmış həkimə müraciət etməliyəm. Budur yenidən həkimin otağındakı müayinə çarpayısında uzanmışam. İndi oktyabrın sonu, günlərədən bazar günüdür. Mən yenə də xəstəxanadayam. Yenə də avqust ayında üç həftə yatdığım otağın düz yanındakı otaqda, bir yatağım və məni gözləyən çoxlu iynələrim var. İndi pəncərəmin qarşısında fəsilləri göstərən teatrda payız tamaşaya qoyulub, hər səhər ağaclardakı yarpaqların sayı daha da azalır. Yəqin ki, üç həftə sonra mən buranı tərk edəndə budaqlar tamamilə çılpaq qalacaq. Mən yayda uzandığım yerdə pəncərədən seyr etdiyim dəmir taxçaları xatırladan o qəribə bina indi kiçik, sarı kuba çevrilib, onun ətrafı hər tərəfdən kanallar və elektrik stansiyası üçün kömür daşıyan qatarların hərəkət etdiyi dəmir yolları ilə əhatə olunub. Daha sonra bir dəfə həmin binaya gedib mütləq oradakı işçilərdən binanın nə üçün tikildiyini soruşdum. Məgər ora ekspedisiyaçıların anbarı imiş. Doğrusu, aldığım cavab məni bir qədər təəccübləndirdi, iş orasındadır ki, xəstə yatağında çox vaxt pəncərədən baxıb qurduğum fantaziyalarıma görə həmin bina ən azından möcüzəli sınaqların keçirildiyi laboratoriya olmalıydı.

Yaxşı mənimsədiyim xəstəxana jarqonu ilə desək, mən yenə də stansiyada dayanmışam. Hər yerim ağrıyır, halım pisləşib, daha heç nəyə marağım qalmayıb. Yəqin, sonralar K. deyəcək ki, mən xəstəliyə dözə bilmədim. Mən indi sistem altında yatıram və on dörd gündür ürəyim nə yemək, nə içmək istəyir. Bu məni tamam əldən salıb. Bədənimdə adi halda zərərsiz, şiddətlənmiş halda isə immun sistemi üçün çox təhlükəli ola biləcək “Sitomeqal” virusu var. Səhər və axşam bədənimə dərman vurulur, güclü qələvi reaksiyası yaratdığı üçün dərmanı venalarımın vasitəsilə bədənimə yeridirlər. Hər dəfə dərman üçün bədənimdə yeni bir dəlik açılmalıdır, bir həftədən sonra mən lap narkoman kimi görünəcəm. Zamanla bu möcüzəli dərman vasitəsi viruslara qarşı aqressiv təsirini göstərir, hər şey yavaş-yavaş yaxşılaşır. Mən yenidən xoşbəxtəm, bu dəfə xoşbəxtlik uzun müddətli olacaqmış kimi görünür. Mənimlə qonşu çarpayıda yatan, otaq yoldaşım, düz on üç həftədir buradadır. K. hər gün mənə baş çəkir, oxumaq üçün qəzet gətirir. Bu günlərdə Reabilitasiya mərkəzində həmişə stol arxasında mənimlə üzbəüz oturan cənabın dünyasını dəyişdiyini oxudum. Biz böyük bir yemək stolunun arxasında ancaq ikmiz oturub qəzet oxuyar, bir-birimizə xəstəliyimiz haqqında ən yeni təfərrüatları çatdırardıq. Biz maraq üçün oxuyar, bir-birimizə başa salardıq. İndi isə qəzetdən onun bir həftə bundan qabaq dünyasını dəyişdiyini öyrəndim. Qaraciyər köçürülən insanların təxminən iyirmi faizi heç bir il yaşaya bilmirlər.

Buraya gəldiyim ilk günün axşamı yeni bədən üzvümlə daha özümü yüksək əhval-ruhiyyədə hiss edə bilmirəm. İntensiv terapiya şöbəsində yatıram, bilmirəm oyağam, yoxsa məni qara basır, yeni qaraciyərimin danışdığını eşidirəm. İçəridən onun səsini ayırd edə bilirəm, o məni qətiyyən təəccübləndirməyən dildə, ispanca danışır. Onu yaxşı başa düşə bilirəm. Həmin hadisədən bəri özümü inandırmışam ki, qaraciyərim mənə İspaniyadan, Barselonadan gəlib. Həmin şəhərdə bir neçə dəfə, bir neçə ay qalmışam, lakin qaraciyərimin danışdığı dil kataloniya dili deyil. Ancaq bir neçə gün sonra “Evrotransplantasiya” təşkilatının saytından öyrəndim ki, İspaniya bu təşkilatın üzvü deyil, donor orqanlar isə ancaq üzv ölkələrin arasında paylaşıla bilər. Həmçinin, bunu da bilirəm ki, xəstəxana kartımda “Evrotransplantasiya” qaraciyərinin sahibinin şəxsiyyəti haqqında məlumatlar onsuz da ciddi şəkildə gizlədilib. O Almaniyadan, Avstriyadan, Hollandiyadan ya da hansısa başqa ölkədən ola bilər. Hər halda bu məsələ məni tez-tez narahat edir, gah təmkinli və utancaq, gah da birbaşa və aşkar maraqla onun İspaniya ilə nə əlaqəsi olduğunu soruşmağa cəhdələr etmişəm. Qaraciyər Barselonadanmı gəlib? Məni maraqlandıran bu suala bütün sualına cavab axtaran və tapmayanlar kimi, “Mən bilmirəm” –cavabını eşitmişəm. Elə bacımın uşağının sual hesab etdiyim fikri də belə səslənirdi: “Sənə qaraciyərini vermiş adamın adı nədir?” Şəxsən mən qaraciyərimin sahibinə başqalarından daha çox acıyıram. Əlbəttə ki, mən donorun həyatı və taleyinin mənimkinə mistik təsirinin mümkün olacağına inanıram. Alexandro Qonsalez İnarritunun “21 Qram” və Pedro Almodovarın “Mənim anam haqqında hər şey” filmlərində bənzər hadisələri görmək olar. Nə olur olsun yenə də belə orqan köçürülməsini qanunsuz hesab edirəm, çünki mənim yaşamağıma kömək edən insanın özü artıq dünyada yoxdur, onun orqanı isə məndədir. Mən ona görə yaşayıram ki, başqa birisi (xatirəsi mənim üçün əziz olan biri) dünyasını dəyişib. Ona görə yaşayıram ki, başqa bir insan artıq yaşamır. Haqqında heç nə bilmədiyim yad bir insan mənə həyat bəxş edib. Bundan əlavə həmin insandan bir parça hələ də mənim bədənimdə yaşamağa davam edir, mən onun qaraciyəri ilə yaşayıram. Məndən olsa kiminləsə belə intim yaxınlığım olduğunu hər kəsdən gizlədərdim. Bu ancaq mənə məxsusdur, mənə və ona.

Düz yarım ildən çox vaxt keçdikdən sonra mən dəhşətli bir həqiqəti öyrəndim ki, əslində hər şey tamam başqa cür də baş verə bilərdi. Həmin aprel axşamında həkimə gec çatsaydım qanaxmadan dünyamı dəyişəcəkdim. Mənim orqan alıb-vermə ilə bağlı sənədim var, (əlbəttə ki, istərdim hər kəsdə belə bir sənəd olsun) təcili yardım xəstəxanasına çatdırıldığım həmin gecə, həkim mənim pul qabımdan o sənədi tapıb təcili yardım sənədlərimə əlavə etmişdi. Mənim yerimə başqası olsaydı buna sevinərdi. Əks halda gecənin bir vaxtı onun telefonuna zəng gələcəkdi və ona yeni ciyər, böyrək, ürək haqqında deyəcəkdilər. Ancaq mənim qaraciyərim haqqımda heç kim xəbər tutmayacaqdı. Yəqin bundan sonra başqaları yaşayacaqdı, siyahıda olanlardan heç biri ölməyəcəkdi. Ola bilsin, o adamlardan birisi hətta, bu hadisəyə bənzər hadisə ilə qarşılaşıb, mənim keçirdiyim hisslərin təsiri altında buna bənzər bir hekayə yazacaqdı.

İndi mən yazı masasında oturmuşam, günortadan bir qədər keçib, artıq nahar etmişəm, həmin hadisələrin üstündən artıq bir il keçib. Artıq telefon zəngi gözləmirəm, heç bir zəng gəlməməlidir. Mənim yeni bir qaraciyərim var.

 

David Vaqner

David Vaqner Reynlanda doğulub, boya-başa çatmış, müxtəlif illərdə Bonnda, Parisdə və Berlində ümumi ədəbiyyat və ədəbiyyatın ayrı-ayrı sahələrini, həmçinin incəsənət tarixini öyrənmişdir. O olduqca uzun müddət ölkəsindən kənarda Roma, Barselona və Mexiko şəhərlərində yaşayıb-yaratmışdır. Nəhayət 1999-2001-ci ildə Frakfurt Allqemayn qəzetinin Berlin şöbəsində felyetonlarını yayımlamış, 2002-2003 –cü illər arası bu qəzetdə mütəmadi olaraq öz köşəsində gündəlik hadisələrlə bağlı yazmağa başlamışdır.

David Vaqner XX əsrin 80-cı illərində  Reynlandda keçən uşaqlıq illəri haqqında yazdığı ilk romanı sayəsində şöhrət qazanmışdır. Bu şöhrət onun gündəlik qəzet-jurnallarda dərc olunan, Berlinin müasir həyatından bəhs edən kiçik esseləri və bədii felyetonları ilə daha da artmışdır.

David Vaqner 1998-ci ildə Alfred Döblin təqaüdünə layıq görülmüş, 1999 –cu ildə Valter Serner mükafatını, 2000-ci ildə Ən Yeni Ədəbiyyat üçün verilən Dedalus mükafatını, 2001-ci ildə Georg K. Qlaser mükafatını, Kolik Ədəbiyyat mükafatını, eləcə də 2005-ci ildə Marta Saalfed ali mükafatını almışdır. Onun “Dörd Alma” romanı ümummilli Alman Kitab mükafatınının uzun siyahısına düşmüşdür.

 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Bir şərh yazın