Qanunun önündə bir keşikçi dayanırdı. Kənddən bir kişi bu keşikçinin yanına gəlir və Qanunun qəbuluna düşmək üçün yalvarır. Lakin keşikçi deyir ki, bu dəqiqə qanunun qəbuluna girməsinə icazə verə bilməz. Kişi bir az düşünür və keşikçidən daha sonra keçməyə icazə verib – verməyəcəyi barəsində soruşur.
“ Bu mümkündür”, keşikçi deyir, “lakin, bu dəqiqə yox”.
Darvaza adətən açıq olduğundan və keşikçi darvazanın bir tərəfində addımladığından, kişi belini əyərək darvazadan içəri diqqətlə baxır. Bunu görən keşikçi gülərək deyir:
“ Əgər sən içəri beləcə keçmək istəsən, sadəcə mənim qadağama fikir vermə və keç. Amma yadda saxla: mən güclüyəm. Və mən keşikçilərin ən zəifiyəm. Bir zaldan digərinə keçiddə bir keşikçi digərini əvəzləyir və hər biri əvvəlkindən daha güclüdür. Üçüncü keşikçi artıq o qədər qorxuncdur ki, mən hətta ona baxmağa belə cəsarət edə bilmirəm”.
Bu çətinliklər kənddən gəlmiş adam üçün gözlənilməz idi. Qanun – kişi düşünür ki, qanun hər zaman hər kəsi qəbul etməlidir, amma o indi kürk paltodakı, iri sivri burunlu, uzun, seyrək, qara tatarsayağı saqqalı keşikçiyə daha yaxından nəzər salır və keçməyə icazə verilənə qədər gözləməyin daha yaxşı fikir olduğu qərarına gəlir.
Keşikçi ona bir stul verərək qapının bir tərəfində oturmasına icazə verir. O, burda aylarla, sonra isə illərlə oturur. Kişi qəbula düşmək üçün çox cəhd edir, hətta öz inadı ilə keşikçini bezdirir. Keşikçi tez-tez onunla kiçik söhbətlər edir, evi və digər şeylər haqqında suallar verir, lakin suallar böyük adam verirmiş kimi laqeyidcəsinə soruşulur və hələ də keçməyə icazə yoxdur bildirişi ilə sona çatırdı.
Kişi səfəri üçün tədarük etdiyi hər şeyi, ən dəyərli olanları belə keşikçini ələ almaq üçün qurban verir. Keşikçi verilən hər şeyi qəbul edir, lakin həmişə eyni bir fikri söyləyir:
“Mən bunları yalnız ona görə qəbul edirəm ki, sən sonra hansısa imkanı əldən verdiyini düşünməyəsən”.
Bütün bu illər ərzində kişi öz diqqətini yalnız bu keşikçiyə yönəldir. O, digər keşikçiləri yaddan çıxarır, bu birinci keşikçini Qanuna çatmaqdakı yolda yeganə mane kimi görür. İlk vaxtlar bəxtini lənətləyən kişi daha sonra, yaşlandıqca sadəcə özü üçün şikayətlənməyə başlayır.
Getdikcə uşaqlaşır və keşikçini o qədər uzun müddət seyr edir ki, hətta onun qalın kürk paltosundakı birələri belə kəşf edir və onlara da qapıçını yola gətirməkdə kömək əllərini uzatmaları üçün yalvarır. Nəhayət, gözləri zəifləməyə başlayır, artıq qərar verə bilmir ki, dünya doğurdanmı zülmətə qərq olub, yoxsa gözləri onu aldadır. Amma, o hələ də Qanunun qapısından sönməyən bir işığın sızdığını hiss edirdi. Ömrü də çox qalmamışdı. Ölümqabağı onun bu illər ərzində etdiyi hər bir şey sanki bir nöqtədə cəmlənərək ağlında indiyə qədər keşikçidən soruşmadığı bir sual ortaya çıxarır. Artıq bərkimiş bədənini tərpədə bilmədiyi üçün əlini yellədərək keşikçini yanına çağırır. Keşikçi ona tərəf əyilməli olur, çünki kişi balacalaşdığından aralarındakı boy fərqi də artmışdı. “Hələ də nəyi öyrənmək istəyirsən, axı?”, deyərək keşikçi ondan soruşur, “səni razı salmaq olmur.” “Hamı Qanuna can atır”, kişi deyir, “amma, bəs necə olur ki, bu illər ərzində məndən başqa kimsə içəri girmək istəmədi?”
Keşikçi kişinin ölümayağında olduğunu anlayır və kişinin qulaqları zəiflədiyi üçün dediklərini yaxşı eşitsin deyə ona tərəf əyilərək ucadan qışqırır:
“ Buradan səndən başqa kimsə keçə bilməzdi, çünki bu qapı yalnız sənin üçün idi. Indi isə onu bağlamağa gedirəm”.
Tərcümə etdi: Günel Əbilova