Bir dəfə yazıçıların konqresində hekayəni danışmaqla onu yazmaq arasındakı fərqdən söz gedərkən Markez belə demişdi: “Fərq odur ki, hekayəni yazarkən onun necə dəyişdiyini görürsünüz”.
Biri vardı, biri yoxdu, kiçik bir kənd vardı. Orada bir qadın 17 yaşlı oğlu və 14 yaşlı qızı ilə birgə həyat sürürdü. Üzündən narahatlıq yağan qadın uşaqlara səhər yeməyi verirdi. Uşaqlar ondan nə baş verdiyini soruşanda belə cavab verdi:
– Bilmirəm, amma məndə elə bir hiss var ki, bu şəhərdə nəsə çox ciddi bir hadisə baş verəcək.
Onlar analarına güldülər. Dedilər ki, bu, qocalara məxsus öncəgörmədir, olan şeydir. Oğlan bilyard oynamağa getdi. Ən sadə karambolu vuran anda o biri oyunçu dedi:
– Bir pesodan* mərc gəlirəm ki, o dəyməyəcək.
Hamı gülüşdü. O da güldü. Karambolu vurdu, amma dəymədi. Pesonu ödədi. “Bu ki sadə karambol idi, necə oldu ki, vura bilmədin?” soruşanda dedi:
– Düzdür, ancaq bu gün səhər anam mənə dedi ki, bu şəhərdə nəsə çox ciddi bir hadisə baş verəcək, ona görə narahat qalmışam.
Hamı ona güldü. Pesonu qazanan adam isə evə döndü. O, anası və bir qohumu ilə yaşayırdı.
– Bu pesonu Damasodan çox sadə formada qazandım, çünki o, axmaqdır.
– Niyə axmaqdır ki?
– Bilirsən, çox sadə karambolu vura bilmədi, çünki anasının ürəyinə dammışdı ki, bu gün kənddə nəsə çox dəhşətli bir hadisə baş verəcək, bu fikir isə ona mane olurdu.
Bu zaman anası dedi:
– Sən qocaların öncəgörmələrinə lağ eləmə, bəzən onlar gerçək olur.
Qohum qızsa bunu eşitdi və ət almağa getdi. Qəssaba:
– Mənə bir funt** ət çək – dedi.
Qəssab əti doğrayanda qız əlavə elədi:
– Yaxşısı budur, iki funt elə, deyirlər ki, nəsə bir bəla üz verəcək, hazırlıqlı olmaq yaxşıdır.
Qəssab əti çəkib verdi. Bu zaman ət almağa gələn başqa bir qadın bir funt ət istəyəndə ona dedi:
– İki funt al, bura gələn camaat deyir, nəsə çox dəhşətli hadisə olacaq, ona görə də hamı hazırlaşır, şey-şüy alır.
Bu zaman qarı ona cavab verdi:
– Mənim uşaqlarım çoxdur, yaxşısı budur, 4 funt ət ver.
Dörd funt əti alıb getdi. Uzunçuluq etməmək üçün deyim ki, qəssabın əti yarım saatın içində qurtardı, ayrı bir dananı kəsdi də, satdı da. Şayiə isə yayılmaqda davam edirdi. Elə bir vaxt gəldi ki, hər kəs nəyinsə baş verəcəyini gözləməyə başladı. Bütün hərəkət dayandı. Və qəfildən günorta saat ikidə həmişəki kimi hava isti oldu. Kimsə dedi:
– Belə başa düşülür ki, hava isti olacaq?
– Hə, amma bu kənddə hava həmişə isti olub!
(Elə bir isti ki, buranın musiqiçiləri qatranla düzəltdikləri alətləri həmişə kölgədə çalardılar, əgər açıq günəş altında çalsaydılar xarab olardı.)
– Elədir – başqa biri dedi, – günün bu saatında burda heç vaxt belə isti olmayıb.
– Amma günorta saat iki havanın çox isti olduğu vaxtdır.
– Hə, ancaq indiki kimi isti yox.
Heç kimin gözə dəymədiyi kəndə və meydana qəfildən bir quşcuğaz endi və kimsə dedi:
– Meydanda bir quşcuğaz var.
Hamı qorxa-qorxa quşa baxmaq üçün meydana gəldi.
– Ay camaat, bura həmişə quş gəlib də.
– Hə, amma bu saatda heç vaxt.
Kənd camaatı üçün elə bir gərgin an gəldi ki, hər kəs kəndi tərk etməyə çalışırdı, ancaq bunu etməyə cəsarətləri çatmırdı.
– Mən axı kişiyəm – biri qışqırdı – Mən gedirəm.
Mebellərini yığışdırdı, uşaqlarını, heyvanlarını götürüb arabaya qoydu və yazıq camaatın baxışları altında mərkəzi küçəni keçdi. Bu zaman o biriləri də dedilər:
– Əgər o, cəsarət etdisə, onda biz də gedək.
Və sözün əsl mənasında kəndi sökməyə başladılar. Əşyalarını, heyvanlarını, bir sözlə, hər şeyi aparırdılar.
Kəndi tərk edən sonuncu sakinlərdən biri:
– Evimizdə qalan şeylərə heç bir bədbəxtlik gəlməsin – deyib evi yandırmağa başladı. Başqaları da belə etdilər.
Dəhşət və əsl çaxnaşma içərisində olan camaat qaçırdı, elə bil müharibədə sürgün olunmuşdular. Onların arasında öncəgörməsi olan qadın da gedir və fəryad edirdi:
– Mən demişdim axı çox dəhşətli bir bəla üz verəcək, amma mənə deyirdilər ki, dəli olmuşam.
Peso* – peso (Latın Amerikasında pul vahidi)
Funt** – girvənkə |