“Şənbə günü oğrusu” Qabriel Qarsiya Markez

gabriel garcia marquez

Yalnız həftə sonlarında oğurluq edən Hüqo yenə də şənbə gecəsi bir evə girdi. Təxminən 30 yaşlarında olan və xroniki yuxusuzluqdan əziyyət çəkən gözəl ev sahibəsi Anna onu cinayət başında yaxaladı. Oğrunun tapança ilə hədə-qorxu gəlməsindən qorxan qadın bütün daş-qaşını, qiymətli əşyalarını ona verdi, ancaq xahiş etdi ki, 3 yaşlı qızı Pauliyə yaxınlaşmasın.
Şübhəsiz, qız onu görürdü, oğru isə sehrbaz hiylələri göstərməklə onu ələ almağa çalışırdı. Hüqo düşündü: “Əgər burda hər şey yaxşıdırsa, niyə belə tez gedim ki?” Bütün həftə sonunu qala və vəziyyətdən tam şəkildə zövq ala bilərdi, çünki qadının əri işgüzar səfəri ilə bağlı olaraq bazar günü gecə gələcəkdi (bunu onları izlədiyinə görə bilirdi). Oğru bu barədə çox fikirləşmədi: ev sahibinin şalvarını geyindi və Annadan xahiş etdi ki, onun üçün nəsə bişirsin, anbardan şərab gətirsin və şam etmək üçün yaxşı bir mahnı qoysun, çünki musiqisiz yaşamaq mümkün deyil.
Pauliyə görə narahat olan Anna şam yeməyini hazırlaya-hazırlaya bu hərifi evdən çıxarmaq barədə fikirləşirdi. Ancaq əlindən heç nə gəlmirdi, çünki Hüqo telefon xətlərini kəsmişdi, ev isə uzaqda yerləşirdi. Gecənin bir aləmi, heç kim də gedib-gəlmir. Anna qərara gəldi ki, Hüqonun qədəhinə yuxu dərmanı atsın. Şam yeməyi zamanı həftə içi bir bankda gözətçi işləyən Hüqo aşkar etdi ki, sən demə, Anna radioda onun hər gecə qulaq asdığı sevimli musiqi verilişinin aparıcısıdır. Hüqo qızğın pərəstişkar idi. Kasetdə böyük müğənni Benninin “Necə oldu” mahnısına qulaq asa-asa musiqi və musiqiçilərdən söhbət etdilər. Anna onu yatırmağa peşman olmuşdu, çünki Hüqo özünü çox sakit aparırdı və ona zərər vurmaq və ya zor işlətmək niyyəti yox idi, amma artıq gecdir, yuxu dərmanı artıq qədəhdə idi və oğru onu məmnuniyyətlə içirdi. Ancaq bir yanlışlıq olmuşdu, içində həb olan qədəhi Anna götürmüşdü. Ona görə də bir göz qırpımında yuxuya getdi.
Ertəsi gün səhər Anna oyananda gördü ki, qonaq otağında paltarlı uzanıb və üstünə də səliqə ilə ədyal salınıb. Hüqo və Pauli bağçada oynayırlar, görünür, səhər yeməyini artıq yemişdilər. Anna onların bir-biri ilə yaxşı yola getdiyinə sevindi. Üstəlik, bu oğrunun yemək hazırlaması Annanın xoşuna gəlirdi, hər necə olsa da, Hüqo kifayət qədər yaraşıqlı idi. Anna qəribə xoşbəxtlik hissi keçirməyə başladı.
Elə bu vaxt Annanın bir rəfiqəsi gəlib onu yeməyə dəvət etdi. Hüqonun əsəbiləşdiyini görən Anna yalandan uşağın xəstə olduğunu bildirib onunla tez sağ ollaşdı. Beləcə, onlar üçü birlikdə bazar günündən zövq almaq üçün evdə qaldılar. Hüqo dünən gecə fit çala-çala sındırdığı pəncərələri və telefonu təmir elədi. Anna onun çox gözəl danson* oynamağı bacardığını öyrəndi. Bu rəqs Annanın çox xoşuna gəlirdi, amma heç vaxt heç kimlə oynamamışdı. Hüqo ona bir parçanı oynamağı təklif etdi və onlar rəqsə elə aludə olmuşdular ki, axşam da düşdü. Pauli onlara baxır, əl çalırdı və nəhayət, yuxuya getdi. Onlar isə oynamaqdan yorulub rəqsi zaldakı kreslonun üstünə yıxılmaqla bitirdilər.
Vaxtın necə keçdiyini hiss etməmişdilər. Artıq ərinin qayıdan vaxtı idi. Anna etiraz etsə də, Hüqo oğurladığı demək olar ki, hər şeyi geri qaytardı, ona evinə oğruların girməməsi üçün bir neçə məsləhət də verdi. Sonra hər ikisi ilə kədərli şəkildə vidalaşdı. Hüqo artıq gözdən itirdi ki, Anna onu səslədi. Hüqo geri qayıdanda qadın onun gözlərinə diqqətlə baxaraq dedi ki, gələn həftə əri yenə səfərdədir. Şənbə günü oğrusu yola düşəndə özünü xoşbəxt hiss edirdi, rayonun küçələrində rəqs edirdi, hava isə yavaş-yavaş qaralırdı.

 

Danson* – Kuba milli rəqsi

Tərcümə etdi: Kamil Zeynalov

 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi | Bir şərh yazın