Yenə də axşamın soyuğu… Pəncərəmdən görünən yarı qarla örtülmüş laurestinus kolu… O cansız və sakit halda irəli-geri yellənir, hər dəfə ona baxanda sanki zərif bir gül qoxusu içimə dolur.
İncitək səmanın əksinə böyük təpəcik qüllələri, dovşanqulaqları ilə örtülmüş , şirə bənzəyən füsunkar vəhşilik. Narın yağış yağsa da, hava sakit idi və karaka ağacından quşların titrək musiqi səsi hələ də eşidilirdi.
Üç oğlan çömbəlib küçədə siqaret çəkirdi. İndicə kiminsə onları görəcəyindən qorxsalar da, görkəmləri çox sakit idi, elə hərəkət edirdilər ki, sanki bu heç onların vecinə də deyil… Və budur, boz tüstü havaya dolur – və bu tüstü özüylə birgə sanki onların Böyük Qadağalar Tanrısına güclü, sərt qəzəbini də çatdırır.
İki kişi tələsik halda danışa-danışa küçəni aşağı düşür… Qarşı tərəfdəki evdə dörd qızılı işıqlı kvadrat var. Mənim otağım isə demək olar ki qaranlıqdır. Çarpayı məni qorxudur- o çox uzun və ağdır. Və birdə astaca irəli-geri yellənən pərdənin qotazları…. Mən inana bilmirəm ki, o sadəcə cansız bir əşyadır.
Hava getdikcə daha da qaralır. Balaca oğlanlar artıq çoxdan qəhqəhəli gülüşləri ilə küçəni tərk etmişdilər.
Və mən gizli və qadağan olunmuş hər şeyin ehtiraslı arzusunda yanaraq, təkcə pəncərəmdən əyilib, qaranlıqda boylanırdım. Mən gecənin gəlməsin, öz isti dodağı ilə məni öpməsi və bənövşəyi alatoranlıqda ağ qardeniyaların olduğu yerə məni uzatması arzusu ilə alışıb yanıram. Laurestinus kolu, cansız və sakit halda irəli-geri hərəkət edir. Burada saatın küt, ağır səsi artıq çox uzağı vurur və birdə mənim otağımda ruh kimi çarpayıdan savayı qaranlıq boşluq… Mən hiss edirəm ki, burada cansız, sakit, laqeydcəsinə uzanmaq çox dəhşətli olardı, hər halda bir az da məftunedici …
Tərcümə etdi : Tamella Abdiyeva