“İtkin adaxlı” Xose Xoakin Lopez (José Joaquín López)

josé-joaquín-lópez

Serxio Qomezlə hardasa 5 il bundan qabaq tanış olmuşdum.    Mənə dediyinə görə, prokurorluqdakı işindən artıq 7 il idi ki,   təqaüdə çıxmışdı və o vaxtdan özünü şəxsi detektiv işinə həsr   etmişdi. O, boğazındakı infeksiyaya görə  mənim yanıma gəlirdi,   ona görə də dostlaşmışdıq. Heç kim Qomez qədər maraqlı söhbət   edə bilməz; futboldan tutmuş fəlsəfəyə, ədəbiyyat və elmə qədər. Mən şahmat və tennisi onun kimi yaxşı oynaya bilən ikinci bir adam tanımıram. Onunla birgə şahidi olduğumuz hadisələri qeydə almaq kimi bir vərdişim var və indi onun icazəsi ilə sizə bu yaxınlarda baş vermiş və ikimizin də iştirak etdiyi bir hadisəni nağıl edəcəm.

Elə günlər var ki, xəstəm olmur, amma bu həkimin biznesi üçün yaxşı hal deyil. Bir axşam nə xəstəm vardı, nə də zəng gəlirdi. Məsləhətxanamdan çıxdım, ancaq asistentimə bildirdim ki, mənə yalnız hər hansı təcili bir şey olsa, zəng eləsin. Günün ikinci yarısında Serxio Qomezin evinə gəldim. Məni həmişəki kimi mehribanlıqla qarşıladı.

-Nə yaxşı ki, gəldiniz Xaime. İndi bura mənim elektron ünvanıma öz başına gələn bədbəxtlik haqqında məktub yazan bir gənc qız gələcək.

-Söhbət nədən gedir? —soruşdum.

-Bilirsiniz Xaime, bu qız kilsədə oturub öz adaxlısını gözləyirmiş. Mənə göndərdiyi elektron məktubda yazdığına əsasən, düşünürəm ki, yaşı 21-dən çox olmaz, tələbədir, pis oxuyur və gözəldir.

-Hm. Yalnız bir məktubla bunu bilməyə nail olmusuz? – cavab verdim və güldüm.

-Yazı insanın barmaq izi kimidir, göründüyündən daha çox şeylər deyir. Yaşını da ondan bilirəm ki, axtardığı adaxlısı kollec tələbəsidi, bundan başqa, yazıda diqqətsizlik edirdi, orfoqrafik səhvləri vardı ki, bu da onun biliyə marağının az olmasını göstərir. Üstəlik şəklini e-mailinin səhifəsində gördüm, bir çoxları kimi o da doğum tarixini göstərmişdi.

Ürəkdən güldüm. Qapının zəngi çaldı və Qomez qapını açmağa getdi. Zala, həqiqətən də, füsunkar bir qız daxil oldu, ancaq gözəl üzündə qəmginlik və narahatlıq vardı. Onun adı Qabriela Vargas idi.

-Xanım qız, sizə həkim Xaime Ramosu təqdim edirəm, ən çox inandığım dostumdu və mənə işlərimdə kömək edir – Serxio Qomez dedi – Əyləşin zəhmət olmasa. Günün duran vaxtı sizi dəvət etdiyimə və düşdüyünüz tıxaca görə çox təəssüf edirəm.

-Hardan bildiniz ki, bura gələndə tıxaca düşmüşəm?

-Çox sadə. Köynəyinizdə tər izləri var və otağa girəndə gördüm ki, istidən təngnəfəs olmusunuz. Üstəlik, iyirmi dəqiqə də gecikmisiz. Həm də, sizin Twitter-dəki profilinizə göz gəzdirmişəm, lənətə gəlmiş tıxacdan şikayət xarakterli status yazmışdınız.

-Bəs hardan bildiniz ki, o mənim profilimdir?

-Sistem istifadəçiləri e-mail vasitəsilə axtarış imkanına malikdir. Sadəcə mənə yazdığınız e-mail ünvanı daxil etdim və profilinizi tapdım. Yaxşı, lütfən, hadisələrin necə baş verdiyini danışın – Qomez həyəcanlanmış qız üçün stəkana soyuq koka-kola süzərək dedi.

Gözəl qız içkidən bir damcı alıb öz hekayəsini danışmağa başladı.

-Bura ona görə gəldim ki, sizi mənə məsləhət gördülər. E-mail vasitəsilə dediyim kimi mən kilsədə bütün dəvətli qonaqlarla birgə öz adaxlımı gözləyirdim, amma o hec vaxt gəlmədi. Toy şənbə günü olacaqdı və bu gün birinci gündür, ondan isə xəbərim yoxdur. Bu günlər çox böyük əzab və dərd çəkirəm. Onu hər tərəfdə axtarmışıq, amma “gördüm” deyən olmadı. Ən pisindən qorxuram, ona görə də, sizin yanınıza gəldim.

-Adaxlınızın adı nədir, onu nə vaxtdan tanıyırsız? Sizin münasibətlər necə idi?

-Biz uşaqlıqdan tanışıq – qız ağlamaq istəyən adamlar kimi qaşqabağını salladı, amma özünü saxladı – Onun adı Humberto Pradodur və yaxşı bir ailədəndir. Həmişə yaxşı yola getmişik. Onun ailəsi məni çox sevir, qətiyyən şübhəm yoxdur ki, o, məni bütün qəlbi ilə sevir.

-Yəqin, bir-iki ay bundan qabaq dalaşmısız – Qomez qeyd etdi.

-Hardan bildiniz? — qız təəccüblü halda soruşdu.

-“Biz həmişə yaxşı yola getmişik” deyəndə şübhələndim. Bundan başqa, siz bunu mənə Facebook-da demisiniz.

-Yəqin, bunu da e-mailimi saytın axtarış hissəsinə daxil edəndə bilmisiz – mən dedim.

-Elədir ki var, dostum Ramos. Yaxşı, xanım qız, zəhmət olmasa, davam edin. Toy ərəfəsində adaxlınızın davranışında qəribəliklər müşahidə etmişdinizmi?

-Toydan iki həftə qabaq Humberto soyuq görünürdü. Ancaq düşündüm ki, bu, təbiidir, çünki biz qadınlar toy ərəfəsində həyəcanlanırıq, kişilər isə onu cansıxıcı hesab edir və tutqun görünürlər.  İndi başa düşürəm ki, başqa nəsə də varmış. Heç kim ondan bir xəbər bilmir, hamımız çox narahatıq, baxmayaraq ki, ailəsi onu mənim kimi ümidsizcəsinə axtarmır.

-Xanım Varqas, həyasızlıq kimi çıxmasın, sizin bal ayınız harda olacaqdı?

-Biz bazar günü onun valideynərinin Antigua Guatemala*-dakı evinə getməyi düşünürdük, bir neçə gün qaldıqdan sonra Havanaya gedəcəkdik.

-Çox gözəl senyorita, işləməyə bundan başlayacağıq. Xahiş edirəm, adaxlınızın valideylnləri ilə yaşadığı ev ünvanını verəsiniz. Onun işlədiyi yeri də bilmək istərdim ziyarət etmək üçün. Ola bilər ki, sabah axşam sizə bir xəbər olsun, ona görə də mobil telefonu açıq saxlayın.

Xanım Varqas Qomesin evindən çıxanda özünü bura gəldiyindən daha çox yüngülləşmiş hiss edirdi. Birdən dostum bildirdi ki, itmiş adaxlının evinə baş çəkməliyik. Araşdırmanı orada başlayacaqdı.

Xoşbəxtlikdən, ev yaxınlıqda yerləşirdi, ona görə də ora tez çatdıq. Bizi anası qarşıladı və qəbul etdi. Bizim xanım Varqasın xahişinə görə gəlməyimizi biləndə ehtiyatlı davranmağa başladı.

-Çox təəssüf, belə bir hadisə baş verdi – adaxlının anası dedi – Humberto həmişə yaxşı oğlan olub, ancaq indi belə görünür ki, zərurətdən xilas olmaq istəyib: böyümək istəmir.

-Xanım Prado, sizcə, o, harda ola bilər? — Qomez soruşdu.

-Bilmirəm, ancaq əminəm ki, gizlənir. Heç düz-əməlli də bilmirəm nə üçün. Hamımız narahatıq. Mənimlə sonuncu söhbətində evlənməyə məcbur olduğunu hiss etdiyini deyirdi və Gabrielaya izdivac təklifi etməkdə nə dərəcə düzgün hərəkət etdiyini də bilmirdi.

Dostum itmiş adaxlının yataq otağına girmək üçün icazə istədi. Bütün mebellərə, gəncin şəkillərinə, elektrik gitarasına və avtomobil jurnalları toplusuna baxdı. Kompyuterə və içindəki bir neçə mahnıya qulaq asdığı musiqi pleyerinə xüsusi fikir verdi. Sonra kompyuteri açdı, inernetə girmə tarixçəsini yoxladı.

Oğlanın atası ilə söhbət edə bilmədik, çünki bizi qəbul etmək istəmədi. Evdən çıxdıq və evə qayıdana qədər Serxio Qomez danışmadı. Bütün fikri bu işlə məşğul idi və mənim suallarıma sadəcə təkhecalı sözlərlə cavab verirdi. Nəhayət, evə çatanda hadisəni mənə izah etdi.

-Ramos, hadisə haqda nə düşünürsüz?

-Məncə, aydın görünür ki, anası bilir ki, oğlu salamatdır, yaxşıdır, əks halda çox narahat olardı. Atası isə ondan inciyib, yoxsa bizimlə görüşərdi.

-Bu, mənə də elə gəldi. Əgər hər şey fikirləşdiyimlə uyğun gəlsə, onda sabah axşam bu işi çözmüş olacağıq. Sabah səhər bəzi araşdırmalar aparacam, bir yerə də dəyəcəm. İşi bağlamaq üçün sabah axşam onu evdə gözləyəcəm.

Dostumun bu işi necə həll edəcəyini bilmək marağı ilə evimə qayıtdım. Oğlanın ailəsi daha nəsə bilirdi, amma bundan tutmuş itkini tapmağa və onun gizlənməyini izah etməyə qədər xeyli vaxt gedərdi. Bu iş haqda nə qədər çox fikirləşsəm də, onu tez bir zamanda həll etməyi bir o qədər təsəvvür edə bilmirdim.

Ertəsi gün səhər klinikada məşğul oldum. Sərbəst olan kimi işin gedişatını öyrənmək üçün Qomezə zəng etdim. Məndən xahiş etdi ki, onlara gedim, çünki bu hadisənin açılmasında mənim şahid kimi iştirakımı lazım bilirdi. Mümkün qədər tez getdim. Evinə çatanda Qomezi kompyuterin qarşısında dərin fikrə gedən gördüm. Gəldiyimi bildirmək üçün bir-iki dəfə öskürdüm.

-Hə, Ramos, gəldiyiniz üçün təşəkkür edirəm. İşi artıq həll etmişəm, ancaq özümə mənəvi borc bilirəm ki, sevgililər görüşsünlər və bizim müştərimiz həqiqəti bilsin, ən azı, yaxşı tərəfdən. Axı o, çox əzab çəkib.

-Yaxşı, bəs bütün bunları necə həll etdiniz? Oğlan haradadır?

-Gözləyin, görəcəksiniz – Qomez dedi və elə bu zaman qapının zəngi çaldı.

Gələn kim olsa, yaxşıdır? Həmin itmiş adaxlı. O, yaraşıqlı, şən və həyatsevər xarakterli bir gənc idi. Şübhəsiz, baş verənlərə görə təəssüfünü büruzə verirdi və Serxio Qomez onu kiçik bir hiylə ilə gətirmişdi: ona demişdi ki, Qabriela xəstədir və bir dəlilik edə biləcəyi riski böyükdür. İnternet vasitəsilə ona məktub göndərmişdi. Qomez belə bir fənd işlətdiyinə görə üzr istədi, ancaq dedi ki, bu yoldan istifadə etməkdən başqa heç bir çarəsi qalmamışdı.

-Bildiyim qədəri ilə, cavan oğlan, nişanlınızı sevirsiniz – Qomez dedi, – belə olmasaydı gəlməzdiniz. Ancaq onu da bilirəm ki, siz evlənmək istəmirdiniz, ona görə yox ki, gözəl Qabrielanı istəmirdiz. Başqa səbəbə görə.

Gənc oğlan məyus halda öz hekayəsini danışdı.

-Əlbəttə, mən Qabrielanı sevirəm. Ancaq mən 2 ya 3 il içərisində – universitetdəki işlərimi bitirdikdən və dəstəmlə birgə CD yazdırandan sonra – evlənməyi düşünürdüm. Amma atam izdivaca girmək üçün mənə təzyiq göstərirdi.

-Belə başa düşdüm ki, – Qomez onun sözünü kəsdi – atanızın işləri yaxşı getmir.

-Bəli, elədir. Bu il bir neçə vacib müştəri çıxıb getdi və bizə bu qədər uğur gətirmiş şirkət indi az qala müflis ola. Mən atamın yanında işləyirəm və hər şeyin necə getdiyini bilirəm. Ancaq düşünürəm ki, bu vəziyyətdən çıxa biləcəyik. Hər bir şirkətin bəxtinin gətirməyən vaxtları olur.

-Ancaq sizin atanız belə düşünmür – Qomez bir siqaret də yandırdı.

-Yox. O, fikirləşirdi, mən Qabriela ilə mümkün qədər tez evlənməliydim ki, sonra qaynatam – o, uğurlu tacirdir – şirkətə sərmayə yatırsın və beləcə şirkəti qurtarsın. Toyun vaxtı yaxınlaşdıqca özümü daha pis hiss edirdim, çünki mən Qabrielanı sevirəm, amma yarımçıq qalan işləri həll edənəcən daha bir məsuliyyətin altına girmək istəmirəm. Üstəlik, biz hələ cavanıq, qarşıda daha çox vaxtımız var.

-Və bu fikirlə də siz bal ayını keçirəcəyiniz Antigua Guatemaladakı evdə gizləndiniz.

-Elədir. Düşündüm ki, məni axtarmayacaqları yeganə yer oradır. Anama zəng etdim deyim ki, mən yaxşıyam, narahat olmasın. Toya getməməyimin səbəbini də dedim: mən məcburiyyət qarşısında yox, istəyərək evlənmək istəyirəm.

Cavan oğlanın öz hekayəsini danışıb qurtarmasından bir neçə dəqiqə sonra qapının zəngi yenidən çaldı. Gələn Qabriela Varqas idi. Evə girib adaxlısını görəndə özünü rahat hiss etdi və ağladı. Nişanlısı ona hər şeyi izah etdi, özünü təhqir olunmuş hiss etsə də, Qabriela hər şeyi anladı və onu bağışladı. Vəziyyət aydınlaşandan sonra xanım Varqas dostuma yaxşı məbləğdə bir qəbz uzatdı və adaxlısının qoluna girib uzaqlaşdı.

-Bu, nadir məhəbbət hekayəsidir – onlar gedəndən sonra Qomezə dedim.

-Çox nadir, əzizim Ramos, o, hələ hamısını demədi. Heç şübhə etmirəm ki, cavan oğlan xanım Varqası sevir, amma bu işdə daha nəsə də var.

-Daha nəsə? Nə ola bilər axı? — təəccüblə soruşdum.

-Cənab Prado Antigua Guatemalada tək deyildi. Görünür, ora getdiyi gecə bir diskotekada təsadüfən rastlaşdığı köhnə sevgilisi ilə bir yerdəymiş.

-Qomez, axı bunları hardan bilirsiniz? Bəs nə üçün bunu qıza demədiz?

-Dediyim kimi, Ramos, oğlanın xanım Varqası həqiqətən də sevdiyinə şübhə etmirəm, ona görə də onaların bu yenidən qovuşmalarını korlamaq istəmədim. Bunu necə bilməyimə gəldikdə isə, bu, o qədər də çətin bir iş deyil. Twitterdəki bir neçə söhbəti tutuşdurdum, onun Facebook-dakı bir ayamadan istifadə etdiyi alternativ profilində dediklərini əlaqələndirdim və nələrin baş verdiyini bildim. Həmin profil vasitəsilə ona bir məktub göndərdim və söz verdim ki, əgər bura gəlsə, onun köhnə sevgilisi haqda heç nə deməyəcəm. İnsanlar sosial şəbəkələrdə inandıqları şeylər haqda daha çox danışırlar, beləliklə də, onların həyatlarını araşdırmağımız üçün bizim işimizi əhəmiyyətli dərəcədə asanlaşdırırlar.

 

Antigua Guatemala* – tərcüməsi: “Qədim Qvatemala”. 1533 metr hündürlükdə yerləşən şəhərdir. Hazırda Qvatemalanın cənub-qərbindəki Sakatepekez departamentinin inzibati mərkəzidir.

İspan dilindən tərcümə etdi: Kamil Zeynalov

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , | Bir şərh yazın