“Görüş ağacı” Mayn Rid

capt m reid

“Öldürücü atəş” romanından parça

Elena Armstronq əyilə-əyilə, oğrun-oğrun ətrafına baxaraq gecə vaxtı çıxdığı yola davam edir, bəzən də dayanıb ətrafı dinləyirdi. Tərəddüd içində olmasına baxmayaraq, sanki müəyyən bir məqsədlə harasa çatmağa tələsirdi.

Bu səbəbin nə olduğunu oxucu biz deməsək də, başa düşər. Yalnız məhəbbət belə gecə vaxtı gənc bir qadını qaranlıq və təhlükəli meşə cığırı ilə yol getməyə vadar edə bilərdi. Bu, onun ruhuna hakim kəsilmiş bir insana qarşı icazəsiz, bəlkə də qadağan edilmiş bir sevgi idi.

Bu hiss onu irəli getməyə vadar etmişdi, amma, yəqin ki, mantiyasına bürünüb başlıq ilə üzünü gizlətməsinin tək səbəbi havanın soyuq olması deyildi. Əgər atası xəbər tutsa, eləmək istədiyi işi həyata keçirə bilməyəcəkdi. Və qız bunu çox yaxşı başa düşürdü. Məğrur plantasiya sahibi başına gələn bədbəxtliklərə baxmayaraq, hələ də qürurlu idi, hələ də yüksək sosial mövqe xəyalı ilə yaşayırdı və əgər Polkovnik Armstronq bəsirət sahibi olsa və indi qızını belə, gecənin bir yarısı meşədə təkbaşına gəzən görsə, məqsədinin nə olduğunu – bir müddət əvvəl öz seçkin əhatəsinə mənsub olmadığı üçün evində çox soyuq şəkildə qarşıladığı bir kişi ilə görüşmək üçün getdiyini duysa, böyük ehtimalla getmək hazırlıqlarını təxirə salar, qanlı və hətta iyrənc hərəkəti törətmək üçün tüfəngi qapıb yolunu azmış qızının arxasınca gedərdi.

Qızın yolu elə də uzaq deyildi, evdən təxminən yarım mil, qarğıdalı sahələri ilə balta dəyməmiş meşəlik arasında çəkilmiş əyri-üyrü barıdan isə cəmi dörddə bir mil məsafədə olardı. Bu səfər onu ətraf meşələrin şahı sayılan nəhəng maqnoliya ağacına aparacaqdı. Ora yaxınlaşdıqca, qız daha yaxşı fərqinə varırdı.

Ağaca çatdıqdan sonra onun ətrafa qol-budaq atmış nəhəng budaqlarının altında nəfəsini dərdi. Bu arada başlığı arxaya atdı və gözəl üzü göründü.

Artıq qorxmurdu. Malikanənin ətrafında gəzişən zəncilərdən uzaq yerdə idi. Yalnız kisəli siçan və ya yenot ovlayan kimsə buralara gələ bilərdi; lakin bu cüzi ehtimal qızı narahat etmədi.

Dayanıb gözləməyə başladı. Ona layiq olmasa da, işıldaquşlar ətrafına işıq saçırdılar. Amma hətta bu cür solğun işıqda belə qızın necə misilsiz gözəl olduğunu aydın görmək olardı. Qaraçıya bənzər cizgiləri (mantiyanın başlığı ona daha özünəməxsus görüntü verirdi) olduğu yerlə – meşə ilə tam ahəngdarlıq təşkil edirdi.

Elena sadəcə bir neçə dəqiqə hərəkətsiz dayandı. Bu isə meşənin içi ilə, ən çətini isə qaranlıqda buralara gəldikdən sonra nəfəsini dərməyə kifayət etdi. Digər tərəfdən də keçirdiyi güclü hisslər ürək döyüntülərini artırırdı.

Ürəyinin sakitləşməsini gözləmədi. Ağaca tərəf dönüb ayaq barmaqlarının ucuna qalxdı və əlləri ilə ağacın kötüyünün yuxarı hissəsində nəsə axtarmağa başladı. İşıldaquşlar qızın ağac qabığının üzərində gəzişən və nəhayət qara bir dairənin – ağac koğuşunun kənarında dayanan ağappaq əllərinin ətrafında uçuşub işıq saçırdılar.

Qız əllərini koğuşdan çıxardı – boş idi!

Üzündə heç bir məyusluq nişanəsi duyulmurdu. Əksinə, zəif fosfor işığında üzündən məmnunluq yağdığını sezmək olardı – dodaqlarından qopan iki kəlmə söz və səs tonu bunu bir daha sübut edirdi. Qız məmnun halda dedi: “Məktubumu alıb!”

Amma həmin solğun işıq üzündəki dəyişikliyi də əks etdirirdi – qız bir qədər ovqatı təlx olmuş halda mızıldanaraq əlavə etdi: “Bəs niyə cavab yazmayıb onda?”

Yazmadığına əmindirmi? Deyəsən yox. Amma tezliklə bundan əmin olacaq.

Bu düşüncələr içində yenidən qətiyyətlə ağaca sarı döndü; yenidən ağappaq əlini biləyinə qədər, daha sonra isə artıq dirsəyə qədər koğuşun içinə saldı, bütün koğuşu axtardı və yenidən əlini çıxardı. Bu dəfə üzündəki ifadə məyusluqdan daha dəhşətli idi. Narazılığı qəzəb həddinə çatmışdı. Bunu sözlərindən də duymaq olardı:

“Ən azı bura gəlib gəlməyəcəyini deyə bilərdi, heç olmasa bircə kəlmə yazardı. Məndən qabaq gəlməli idi o bura. Amma artıq bir saat keçib vaxtdan”.

Qız əmin deyildi, bu sadəcə ehtimal idi. Bəlkə də vaxtı səhv salırdı –  amma ola bilsin ki, yanıldığı vaxt deyil, gözlədiyi kişi idi. Kəmərindən saatını çıxardı. Yenicə doğan ayın işığında vaxta baxdı. Saatın şüşəsinə, barmaqlarındakı qızıl üzük və daş-qaşa düşən şüalar ətrafa sevinc dolu şəfəq saçırdı. Amma bu sevinci qızın üzündə görmək mümkün deyildi. Əksinə, kədər və pərtliyin qarışığı olan bir ifadə qonmuşdu üzünə. Çünki saatın əqrəbləri görüş vaxtından artıq on dəqiqə keçdiyini deyirdi.

Vaxtda xəta ola bilməzdi – qız onu özü qurmuşdu. Saatda da xəta yox idi, çünki ucuz saatlardan deyildi. Almaniya və ya Cenevrə məhsulu deyildi, Yankilərin xırdavatçılarından da alınmamışdı, hər halda cənublu qız buna həqarətlə yanaşardı. Əsl İngiltərə istehsalı olan bu saat məşhur “Striter” firmasının fabrikdə hazırlanan saatları kimi günəş şüalarına davamlı idi.

Əminliklə saatına baxıb acı-acı söyləndi: “On dəqiqə keçib, amma o hələ də yoxdur! Məktubuma da cavab yazmayıb! Məktubu almış olmalıydı: Görəsən Cul məktubu dəqiq bu ağaca qoymuşdu? Ondan başqa kim götürə bilərdi ki? Of, bu amansızlıqdı! Gəlməyəcək, qayıdım evə”.

Yenidən mantiyaya bürünüb başlığı yuxarı çəkdi. Hələ də yubanaraq ətrafı dinləyirdi.

Ayaq səsi eşidilmirdi – sisəylərin cırıltısı və bayquş ulartısından başqa meşənin ağır sükutunu pozan heç bir səs yox idi.

Qız qəmgin və məyus halda son dəfə saata nəzər saldı. Əqrəblər təyin olunmuş vaxtdan tam on beş dəqiqə keçdiyini göstərir, artıq iyirmiyə doğru irəliləyirdi.

Saatı qaytarıb kəmərdəki yerinə qoydu, qəfildən hərəkətlərində nəsə bir dəyişiklik yaranmışdı. Bir qədər pərtlik qalsa da, kədər əlaməti yox idi. Kədərin yerini əminlik, qətiyyət və sərtlik tutmuşdu. Sanki ay və işıldaquşlar birləşib qəzəbli qadının gözlərindən yağan qığılcımlara cavab verirmiş kimi ətrafa nur saçırdılar. Çünki Elena Armstronq artıq belə qəzəbli idi. Mantiyaya bərk-bərk bürünərək ağacdan aralanmağa başladı. Amma hələ budaqların çətirinin altından çıxmamışdı ki, ayaq saxladı. Xəzəllərin arasından xışıltı səsi, ağır ayaq səsləri eşidilirdi – bir kişinin addım səsləri!

Bir kölgə yaxınlaşırdı, aydın seçilməsə də, yaxınlaşan bir kişi idi. Bəs həqiqətən gözlənilən kişidirmi?

“Heç şübhəsiz gecikməsinin nə isə əsaslı bir səbəbi var”, kölgə yaxınlaşdıqca hiddət və kədəri azalan qız dilləndi.

Kölgə gəlib çatana qədər bu hisslərdən əsər-əlamət qalmamışdı. Amma Elena qadınlara məxsus əda ilə onu bağışlamağı qərara aldı və sözə məzəmmətlə başladı:

“Axır ki gəlib çıxdın. Ümumiyyətlə gəlməyə tənəzzül etməyin də qəribədir. Belə bir köhnə deyim var: “Heç olmamaqdansa, gec olmağı yaxşıdı”. Necə düşünürsən, bu ifadə bizim indiki vəziyyətimizə uyğun gəlmirmi? Bəlkə də sən səhv salmışdın. Məncə, həqiqətən belədir. Mən kifayət qədər uzun müddətdir ki, burdayam və artıq dayanmaq niyyətim yoxdur. Gecəniz xeyrə qalsın, cənab! Gecəniz xeyrə!”

Qızın səsindəki istehzanı, sözlərindəki hiddəti hiss etməmək mümkün deyildi. Halbuki, bütün bunlar yalnız üzdən belə idi. Lakin ona hörmətsizlik eləmiş sevgilisinə bir az daha dərs vermək üçün mantiyasına daha da bərk bürünüb özünü ordan uzaqlaşırmış kimi göstərdi.

Onun bu hiyləgərliyini ciddi qəbul edən oğlan tez yolunu kəsərək qızı dayandırdı. Qaranlıq olmasına baxmayaraq qız oğlanın qollarını açaraq ona tərəf uzatdığını gördü. Onun bu duruşu əslində təəssüfü, peşmanlığı, üzrü – qızın ürəyinə yüngüllük gətirə biləcək hər şeyi ifadə edirdi.

Qız rahatladı; sevgilisinin qollarına atılmağa, bütün günahlarının bağışlayaraq məhəbbətlə onu qucaqlamağa hazır idi. Amma yenə də qadınlara xas bir şəkildə son dəfə məzəmmət etmək üçün dedi: “Sənin bu hərəkətin çox amansız idi, Çarlz! Çarlz, axı sən niyə belə etdin?”

Bu sözləri dedikcə qızın üzünə günəşin önünü kəsən buludların qaranlığından daha dərin kölgə çökürdü. Bunun səbəbi düz qarşısında dayanan insanın üzü idi. Yerlərini dəyişdikdən sonra ay işığı oğlanın üzünü tamamilə işıqlandırmışdı. Bu, onun görüşmək üçün gəldiyi oğlan deyildi! Onun əslində kim olduğunu isə aşağıdakı sözlərdən başa düşmək olardı:

“Siz yanılırsınız, Miss Armstronq. Adım Çarlz deyil, Riçarddır. Mən Riçard Darkeyəm”.

1.Mantiya – plaş şəklində qolsuz, uzun üst geyim

2.Yanki – ABŞ-da vətəndaş müharibəsi dövründə Şimal ştatlarına verilən ad.

3.Sisəy –həşərat növü.

 

Tərcümə etdi: Gülnaz Cavadova

 

 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , | 2 Şərh