Xanım Mallardın ürək ağrısından əziyyət çəkdiyini uzun zaman idi ki, bilirdik. Buna görə də , əlimizdən gələni edirdik ki, həyat yoldaşının ölüm xəbərini ona mümkün qədər daha yumşaq şəkildə çatdıraq.
Onun bacısı Josefin qırıq cümlələrlə olanları nağıl etdi; bütün məsələ aydın oldu . Onun həyat yoldaşının dostu Riçard da burada, onun yanında idi.O, Brentli Mallardın da adının “ölənlərin” siyahısında qeyd olunduğu dəmiryol qəzası ilə bağlı xəbər redaksiyaya daxil olanda orada idi. Ancaq bu xəbəri təsdiq etmək üçün ikinci teleqramı gözlədi və səssizcə bu acıya dözərək, bunu hamıdan qabaq xəbər vermək üçün tələsdi.
Xanım Mallard heç cür eşitdiklərinə inanmaq istəmirdi, elə buna görə də eynilə bu hekayəni eşitmiş bir çox qadın kimi olanları sonadək dinləmədi. Qəfildən vəhşi kimi özünü bacısının qollarına atdı və hönkürtü ilə ağlamağa başladı. Kədər qasırğası sakitləşəndən sonra o, təkcə öz otağına çəkildi. Artıq ona hayan olacaq biri yox idi.
Burada açıq pəncərə ilə üzbəüz rahat, geniş bir kreslo var idi. O, iliyinədək işləmiş, hətta ruhunu belə öz ağuşuna almış yorğunluqdan özünü kresloya atdı.
Evinin önündəki açıq sahədə yazın gelişi ilə canlanan agacların sevincdən o yan, bu yana nece əsdiyinə tamaşa edirdi. Havadan yağışın xoş ətri gəlirdi. Küçənin aşağısında qanunsuz yolla narkotik satan kişi qışqıraraq özünə müştəri axtarırdı. Uzaqdan zəif nəğmə səsi eşidilir, saysız-hesabsız sərçələr evin damında cikkildəşirdi.
Mavi səmanın qərbində, pəncərə ilə üzbəüz yarı qalaqlanmış topa buludlar gözə dəyirdi.
O, başını kreslonun söykənəcəyinə söykəyib dinməzcə oturdu və yalnız qəhər onun boğub silkələyəndə uşaq kimi hönkürməyə başladı.
O, ağbəniz, sakit çöhrəsi ilə üzünün hər cizgisi əzab və daxili gücdən xəbər verən gənc bir qadın idi. Ancaq indi onun səmadakı qalaqlara zillənmiş gözlərində mənasız baxışlar sezilirdi. Və artıq bu bir cüt göz dalğın baxışlardan daha çox, dərin xəyalları təcəssüm etdirirdi.
Sanki nəsə onun səbirsizliklə gözlədiyi bir şey ona tərəf yaxınlaşırdı. Nə idi o? O bilmirdi; bunu heç sözlə də ifadə etmək olmazdı. Amma o, bu gözəgörünməzin səmadan sürünə-sürünə havaya hopmuş səsdən, qoxudan, rənglərdən keçərək ona sarı gəldiyini hiss edirdi.
Artıq həyəcandan onun ürəyi ağzına gəlmişdi. Artıq yavaş-yavaş onu öz ağuşuna almağa hazırlaşan varlığı tanımağa başlayırdı və bacardığı qədər ağappaq, zərif əlləri ilə onu yolundan döndərməyə can atırdı.
O bir az sakitləşmişdi ki, yarı açılmış dodaqlarından pıçıltılı kəlimələr eşidildi. O elə hey pıçıltı ilə xəlvətcə bu sözləri təkrar eləyirdi: “Azadam, azad, azad!” Onun gözlərinə hakim kəsilmiş mənasız və qorxu dolu baxışlar sanki yoxa çıxmışdı. Onlar səmada bir cüt ulduz kimi bərq vururdu. Artıq nəbzi tez-tez vururdu, damarındakı qan bədəninin hər nöqtəsini qızışdırıb əldən salmışdı.
O, təpədən dırnağacan bütün bədənini saran bu nəşənin nə olduğunu anlaya bilmirdi. Nə isə çox aydın və qızğın bir duyğu ona bu lazımsız təklifi rədd etməyə imkan vermirdi.
O əmin idi ki, bilirdi ki, o isti, mehriban əlləri büzüşmüş, bütün bu illər ərzində ona yalnız sevgiylə baxmış o gözləri indi boz, mənasız ve ölü görsə, özünü saxlaya bilməyib yenidən hönkürtü ilə ağlayacaq. Ancaq o, bütün bu acıya baxmayaraq, digər tərəfdən də düşünürdü ki, artıq qarşıdan gələn uzun illər yalnız və yalnız tək ona məxsus olacaq. Və qadın, ayağınadək gəlmiş bu qonağı salamlamaq üçün qollarını açıb ona sarı uzatdı.
Artıq bundan sonra heç kim üçün yox, məhz özü üçün yaşayacaqdı. Artıq heç bir güc onu kişi və qadınların bir-birinə öz şəxsi istəklərini yeritmək haqqlarının olması ilə bağlı kortəbii şəkildə yaranmış inanclara inanmağa məcbur edə bilməzdi. İstər yaxşı, istərsə də pis niyyətli olsun, fərqi yoxdur, heç bir şey daha onun qəlbində qurduğu kiçik məhkəmədə bu cinayətə heç cürə bəraət qazandıra bilməzdi.
Ancaq bütün bunlara baxmayaraq, onu nə vaxtsa sevmişdi. Bəlkə də yox… Nə fərqi var axı! O artıq azadlığı, açılmamış bir sirrin nəyə layiq olduğunu özünə inam hissinin sahibliyinə rəğmən öz varlığının ən güclü implusu kimi hər şeydən üstün tuturdu.
“Azadam! Təpədən dırnağacan azadam!”, o elə hey pıçıldayırdı.
Cozefin isə dizi üstə bağlı qapının arxasında ağzını qapının açar yerinə tutub, içəri girmək üçün yalvarırdı. “Luiza, qapını aç! yalvarıram, aç qapını- özünü xəstə edəcəksən . Sən neynirsən, Luiza? Allah xatirinə aç qapını.”
“Rədd ol. Heç nə etmirəm.” Amma yox, o açıq pəncərədən həyat cövhəri ilə dolmuş havanı içinə çəkirdi.
Bu günlərdə onun xəyalları heç sözünə baxmırdı. Artıq yaz, yay, bir sözlə bütün günlər yalnız ona məxsus olacaq. O tez dua etdi ki, Allah ona ömür versin.Yalnız dünən uzun ömür barədə düşünəndə canından bir üşütmə keçmişdi.
Və, nəhayət, o, bacısının təkidi ilə qalxıb qapını açdı. Onun gözlərində sanki bir zəfər qığılcımı alovlanırdı və özü də bilmədən sanki Qələbə İlahəsi kimi amiranə şəkildə addımlayırdı. Bacısının belindən tutdu və onlar birlikdə pilləkənləri aşağı düşdülər. Riçard aşağıda onları gözləyirdi.
Elə bu zaman kimsə bayırda darvazanı açırdı. Çağırılmamış qonaq əlində çamadanı və çətir ilə səyahətin yorğunluğu hələ canından çıxmayan Brentli Mallard idi. O, nəyinki qəza yerindən çox uzaq olub, hətta, orada kiminsə olmağından xəbəri də olmayıb. O, içəri girəndə Cozefinin necə hayqırtı qoparmasını və ən yaxın dostu Riçardın hər vəcdlə onu həyat yoldaşından gizlətdiyini görəndə yerində donub qaldı.
Ancaq Riçard çox gecikmişdi.
Həkimlər gələndə məlum oldu ki, onun sevincdən ürəyi partlayaraq ölüb.
Tərcümə etdi: Tamella Abdıyeva