“Körpüdəki qoca” Ernest Heminqvey

ernest-hemingway

Yolun kənarında gözündə polad çənbərli eynəyi olan təpədən dırnağacan toz-torpağa batmış bir qoca oturmuşdu. Burada, çayın üzərində isə araba, yük maşınları ilə bərabər, ayaqyalın insanların- qoca, qadın, uşaqların da keçməsi üçün üzən körpü qurulmuşdu. Əsgərlərin əziyyətlə təkərlərin qulplarından yapışıb itələməsi hesabına eşşək arabaları çətinliklə də olsa dik sahillərdə səndələyirdi. Yük arabaları içindəkilərlə birgə o tərəf, bu tərəfə yırğalana-yırğalana gedir, kənd camaatı isə topuğacan toz içində ağır-ağır ləngərləyirdi. Bayaqdan burada oturmuş qoca kişi isə hələ də heç yerə tərpənməmişdi. Onun artıq bir addım da atmağa taqəti qalmamışdı. 

Mənim işim isə  körpünün o tayına keçmək, qarşıdakı döyüş meydanını yoxlamaq və düşmənin hansı nöqtəyədək irəlilədiyini müəyyən etməkdən ibarət idi. Üzərimə düşən işi bitirib, yenidən körpüyə  geri qayıtdım. Artıq burada bir-iki araba və çox az piyada qalsa da qoca hələ də həmin yerdə idi.

“Sən haradan gəlmisən, qoca?” – mən soruşdum.

“San Karlosdan” – o dedi və gülümsədi.

San Karlos onun doğma şəhəri olduğundan bu adı çəkmək qocaya elə bir xüsusi zövq verirdi ki, sanki çöhrəsinə ani bir gülüş qonurdu.

“Mən heyvanlara qulluq edirdim” –  o sözə başladı.

“Doğurdan?” – mən soruşdum baxmayaraq ki, nə dediyini tam anlamamışdım.

– Hə. Sən Allah şahidisən ki, hələ də burdayam. San Karlosu da ən sonuncu mən tərk etmişəm.

İş orasındadır ki, o, nə çobana, nə də naxırçıya oxşayırdı. Mən onu qara toz basmış üz-gözündən, üst-başından tutmuş, polad çənbərli eynəyinədək süzəndən sonra soruşdum, “Hansı heyvanlara?”

“Müxtəlif heyvanlar idi”- o dedi və başını silkələdi. “Ancaq onları tərk etməyə məcbur oldum”.

Mən gah körpüyə, gah da Ebro Deltanın Afrikaya bənzər ölkəsinə baxıb düşünürdüm ki, görəsən, düşmənin gəlib çatmasına, hər tərəfi siqnal səslərinin bürüməsinə hələ nə qədər var…Qoca isə hələ də burada idi…

“Yaxşı, de görək, hansı heyvanları saxlayırdın?” – soruşdum.

“Cəmi üç növ idilər” – o izah etməyə başladı; “ iki keçi, bir pişik, bir də sonradan dörd cüt göyərçin də gətirdim”.

“İndi deyirsən onları məcburən qoyub gəldin?” – soruşdum.

“Bəli, mərmi yağışına görə. Kapitan isə mənə artilleriyaya görə şəhərdən çıxmağı əmr etdi”.

“Bəs ailən?” , bir gözüm körpünün axırında  sahilin yamacına doğru tələsərək enən sonuncu arabalarda soruşdum.

“Ailəm yoxdu” o dedi. “Yalnız heyvanlarım var idi. Pişikdən ürəyim arxayındı, o, tək baş çıxaracaq. Amma  o birilərinin vəziyyətin düşünməyə  belə qorxuram”.

“Nəsə bir planınız var? ” mən soruşdum.

“Heç bir planım yoxdur” – o dedi. “Mənim artıq yetmiş beş yaşım var. Mən bu yaşımda düz iyirmi kilometr yol qət etmişəm və düşünürəm ki, bundan artıq gedə bilməyəcəm”.

“Məncə dayanmaq üçün heç də yaxşı yer seçməmisən, qoca” dedim. “Yaxşısı budur, sən yolun başına, Tortosaya gedəcək yük maşınlarına tərəf tələsəsən”.

“Bir az da gözləyim, sonra gedəcəm”- o dedi. “Bu maşınlar hara gedir belə?” qoca soruşdu.

“Üzü Barselonaya”.

“Mən o tərəflərdə heç kimi tanımıram. Hər şeyə görə çox sağ ol, oğlum, Allah köməyin olsun”.

O, mənə çox yorğun və laqeyd baxışlarla baxdı və daha sonra yenidən sanki narahatçılığını bölüşmək üçün sözə başladı: “Pişik öhdəsindən gələcək, əminəm. Ona görə heç narahat olmağına dəyməz. Amma o biriləri…Səncə, onların halı necə olacaq?” o soruşdu.

-Yəqin ki, bir yolla başlarının çarəsinə baxacaqlar.

-Doğurdan belə düşünürsüz?

“Niyə də yox ” artıq heç bir maşın görünməyən sahilə baxa-baxa dedim.

-Əgər məni bu top-tüfəngə görə  şəhərdən çıxardırlarsa, bəs onlar neyləyəcək?

-Heç olmasa, göyərçin qəfəsini açmışdınız çıxanda?

-Hə.

-O zaman göyərçinlər uçub canlarını qurtaracaq.

-Hə, onlar dəqiq uçub gedəcəklər. Bəs o birilər? Yaxşısı budur  geridə qalanlar barədə düşünməyim.

-Əgər dincini aldınsa, gedək. Qalx ayağa və yavaş-yavaş yeriməyə çalış.

O ayağa qalxsa da o tərəf  bu tərəfə səndələyib  yenidən arxası üstə toz-torpağın içinə oturdu.

-Mənim heyvanlarım var idi, amma, sən demə, bura qədərmiş. Mən yalnız onların qayğısına qalırdım, başqa heç nə…

Artıq edə biləcəyimiz bir şey yox idi. Bu gün Pasxa bayramı idi və faşistlər Ebroya doğru sürətlə irəliləyirdi. Ancaq, bu günkü boz, bulanıq  hava və buludların alçaqdan uçması təyyarələrə havaya qalxmağa imkan vermədi.  Bəlkə də, bundan sonra həyatda bu hadisə və pişiklərin özlərinə  qulluq etməyi bacarmağından başqa  bu zavallı qocanın bəxti heç vaxt gətirməyəcəkdi.

 

Tərcümə etdi: Tamella Abdıyeva

 

 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , | Bir şərh yazın