Cerald parıltılı və istehzalı baxışlarını bir müddət qarşıdakı şəxsin üzərində cəmləşdirdi, onu yaxşıca gözdən keçirdi və nəhayət ki, dilləndi:
“Mən heç nə bilmirəm”.
“Amma mən yaxşı bilirəm-Mən sevmək istəyirəm”, deyərək Birkin köksünü ötürdü.
“Ciddi sözündü?!”
“Hə. Öz sevgimi tapmaq istəyirəm”.
“Həə, belə de. Öz sevgini”, Cerald oğrun-oğrun gülümsədi və uzun müddət sanki nəyisə götür-qoy etdikdən sonra dedi:
“Elə ancaq bir qadını sevmək istəyirsən?”
Axşamın yüngül, sərin mehi Birkinin təəccübdən donan üzünü oxşayırdı.
“Bəs necə?! Əlbəttə, bircə qadın olmalıdı həyatımda”.
Amma Ceralda elə gəldi ki, bu özünəinamdan daha çox nəsə bir şeyin israrlı şəkildə nəticəsidir. Öz fikirlərini bildirmək üçün isə söhbətə davam etdi:
“Mən qadınlara inanmıram və bununla belə həyatımı dəyişə bilən yeganə varlığın da qadın olduğunu bilirəm”.
“Yəni qadınlara inanmasan da həyatını dəyişə bilən bir sevgi hekayəsi yaşamaq istəyirsən?”, Birkin təəccüblə soruşdu.
Cerald gözlərini qıyaraq naməlum, qorxunc və istehza qarışıq bir təbəssümlə düz Birkinin gözlərinin içinə baxdı.
“Heç vaxt belə düşünməmişəm”.
“Heç vaxt? Bəs sənin üçün həyatda ən vacib olan şey nədir?”
“Bilmirəm, əgər kimsə bu haqda nəsə bilirsə, gəlsin mənə də desin”.
Birkin elə bil nəyisə sındırmağa hazırlaşan adam kimi var-gəl etməyə başlamışdı artıq. Bu isə onun söhbətdən məmnun qalmadığı və əsəbiləşdiyindən xəbər verirdi. Bir addım Ceralda doğru gələrək sadəcə bu sözləri deyə bildi:
“Əlbəttə. Bilirəm. Mənə elə gəlir ki, bir kişinin dünyası ancaq bir qadınla tam ola bilər, başqa heç bir şey ilə!”
“Başa düşmədim, indi sən deyirsən, qadınsız heç bir şey mümkün deyil?”, Cerald əsəbi halda soruşdu və dərhal üzünü pəncərəyə tərəf çevirərək mavi səmanı seyr etməyə başladı. Bu vəziyyətdə isə Birkin onun üzünün nə ifadə etdiyini görməkdə çətinlik çəkirdi.
“Əgər mən həyatımı yalnız bir qadına həsr eləsəm,I nanmıram ki, belə vəziyyətdə xoşbəxt ola bilərəm”.
Birkin artıq dözməyərək onu qəzəblə süzüb ağzında kilidlənib qalmış sözlərini güclə deyə bildi:
“Sən anadan kafir doğulmusan!”
“Mən nə hiss etdiyimi, nə düşündüyümü yaxşı bilirəm”, Cerald isə təmkinini pozmayaraq dedi və öz istehzalı, qəzəbdən parlayan gözlərini yenidən Birkinin gözlərinə dikdi. Birkinin gözləri də həmin an qəzəbdən alışıb-yanırdı. Lakin çox keçmədi ki, bu qəzəb əvvəl narahatlıq və şübhə, sonra isə mülayim mehribanlıq və gülümsəmə ilə əvəz olundu.
“Mən sənə görə çox narahatam, Cerald”, Birkin qaşlarını çataraq məyusluqla dedi.
“Görürəm, dostum, görürəm”, Cerald başını irəli-geri yelləyərək istehza ilə gülümsədi.
Birkin sanki onun təsiri altına düşmüşdü, o Ceralda daha yaxın olmaq, daha çox dərdləşmək istəyirdi. Ceraldda nəsə canayaxın bir şey var idi, amma nə? Birkin onu hamıdan üstün sayırdı, o inanırdı ki, dünyada Ceralddan sonra ikinci bir adam ola bilməz ki, dünyada baş verən həqiqətlərdən xəbərdar olsun. O,bu insanı hamıdan müdrik, hamıdan bilikli hesab edirdi…
Tərcümə Etdi: Günay Kərim