Insan oğlu – Nataliya Ginzburq

ginzburg

Müharibə zamanı insanlar evlərin necə yıxıldığının şahidi olmuşdu və indi onlar özlərini evlərində bir vaxtlar olduğu kimi sakit və təhlükəsiz hiss etmirdilər. Bəzi yaralar sağalmır. İllər keçsə də bizim yaralarımız da heç vaxt sağalmayacaq. Bəlkə də bir gün yenə masamızın üzərində lampa, güldan və əzizlərimizin şəkilləri olacaq, amma daha biz bunların heç birinə inanmırıq, çünki bir dəfə bunları gözlənilmədən qoyub qaçmağa və yaxud dağılmış evlərin altında axtarmağa məcbur olmuşuq.

Keçən bu iyirmi ildə yaralarımızın sağalacağına inanmaq faydasızdır. Bizlərdən təqib olunanlar heç zaman rahatlıq tapmayacaqlar. Uzun –uzadı gecə zəngləri bizim üçün “polis bölməsindən” başqa məna kəsb etmir. Və öz-özümüzə təkrarlamağın xeyri yoxdur ki, bəlkə də indi “polis  bölməsi” ifadəsinin arxasında bizim müdafiə və yardım istəyə biləcəyimiz dostlarımız var.  Bizim üçün bu ifadə etibarsızlığı və qaçıb uzaqlaşmağı ifadə edir. Övladlarımın yatmasına baxıb fərəh hiss ilə düşünürəm ki, gecənin bir yarısı onları durğuzub qaçmağa məcbur olmayacağıq. Ancaq bu fərəhin kökü dərin deyil. Mənə hər zaman elə gəlir ki, bir gün gecə oyanıb yenə hər şeyi – boş otaqları, xatirələri və pal-paltarı, arxamızda qoyub qaçmağa məcbur olacayıq.

Bir dəfə çəkilmiş əziyyət, xoş olmayan təcrübə heç zaman unudulmur.  Dağılmış evləri görən insan güldanın, ağ divarlardakı portretlərin qiymətini çox aydın anlayır. O evin nədən tikildiyini çox yaxşı bilir. Ev kərpicdən və əhəngdən tikilir,  buna görə də dağıla bilər. Ev çox da davamlı deyil. Bir andaca dağıla bilər.  O güldanların, çaydanların, xalçaların, ağ rəngə boyanmış döşəmənin arxasında  evin digər üzü – dağıdılmış evin amansız üzü, dayanır.

Bu müharibənin yarasından daha sağalan deyilik. Artıq əhəmiyyəti də yoxdur. Çünki biz daha sakit insanlar – düşünən, təhsil alan və öz həyatı əminamanlıqdan  ibarət olan insanlar deyilik. Görürsüzün müharibə bizim evlərə nələr etdi? Görürsüz müharibə bizə nələr etdi? Daha heç vaxt sakit insanlar ola bilməyəcəyik.

Biz reallığın ən sərt üzünü gördük. Bəlkə də reallığın bundan daha acınacaqlı sifətini görməyəcəyik. Hələ də yazıçıların ancaq acı və şiddətli dildən istifadə etməsindən, qəmli şeylərdən danışmasından və reallığı ən yalqız terminlərlə təqdim etməsindən şikayətlənən bəzi insanlar var.

Biz yazdığımız kitablar və etdiyimiz heç bir şeydə daha yalan danışa bilmərik. Bəlkə də, müharibədən bizə qalan yeganə yaxşı şey də elə budur. Yalan danışmamaq və başqalarının da bizə yalan danışmasına göz yummamaq. Bizim gənclər, bizim nəsil hal-hazırda bax belədir. Bizdən yaşlı nəsil isə hələ yalanın, reallığın maskalanmasının vurğunudurlar. Bizim dil tərkibimiz onları incidir və kədərləndirir. Onlar bizim reallıq qarşısındakı rəftarımızı anlamırlar. Biz onların xəyallarına daha yaxınıq. Müharibənin yaşlılara verməyib də yalnız bizə verdiyi yeganə yaxşı şey inamsızlıq və qorxudur.  Biz gənclər də qorxuruq, biz də özümüzü evdə təhlükəsiz hiss etmirik , amma biz bu qorxu qarşısında aciz deyilik. Bizim elə dözümlülüyümüz və elə gücümüz var ki, bizdən əvvəlki  nəsildə bu heç vaxt olmayıb.

Bəziləri üçün müharibə elə müharibənin başlaması ilə – dağılmış evlər və almanlar, başlandı. Başqaları üçün isə müharibə faşizimin ilk illərindən başlanmışdı və belə ki, davamlı təhlükə və etibarsızlıq hissi onlar üçün hələ də çox dəhşətlidir. Təhlükə – gizlənmək məcburiyyətində qalmaq  hissi, anidən yatağın və evin istisini tərk etməli olmaq hissi, bizim çoxlarımız üçün bir neçə il əvvəldən başlamışdı. Müharibə bizim həyatımıza şən gənclik illərimizdə daxil oldu, parta arxasında oturmağa başlayandan bizi təqib etdi və bizə düşmənlərimizin harada olduğunu göstərdi. Müharibə bizim çoxumuz üçün İtaliyada və digər ölkələrdə belə oldu və inanırdıq ki, bir gün bizim olan bu şəhərin küçələrində rahatca addımlaya biləcəyik. Bəlkə də bu gün bu şəhərdə rahatca gəzişə bilərik, amma biz özümüzə təlqin etmişik ki, hələ də bu yaradan sağalmamışıq. Beləliklə, biz hər zaman reallığa qarşı qoymaq üçün yeni güc, yeni dözümlülük   axtarmaq məcburiyyətində qalmışıq. Hər zaman xalçanın və güldanın verdiyi rahatlıqdan əlavə rahatlıq, əmin-amanlıq axtarmağa məcbur edilmişik.

İnsan oğlu üçün heç zaman rahatlıq yoxdur. Canavarların, tülkülərin bir yuvaları olur, amma insan oğlunun başını soxmağa bir yeri yoxdur. Bizim cəmiyyət canavar, tülkü  cəmiyyəti deyil, bizim cəmiyyət insan cəmiyyətidir. Hər kəs başını soxmağa bir yer axtarar, hər kəs gecələməyə isti və quru bir yuva istər. Ancaq insan oğlu üçün rahatlıq yoxdur.  Hər kəs həyatında ən azı bir dəfə hər hansı bir şeyin üzərində rahat yata biləcəyinə, hər hansı inanca, əminliyə sahib ola biləcəyinə və öz əzalarını istirahət etdirə biləcəyinə aldanmışdır.  Amma indiki inanclar hamısı bir-birinə bənzəyir və inanc heç də üzərində yatılası bir şey deyildir.

Və təssüff ki, hamımız artıq rəhmsiz insanlara çevirilmişik.  Bizim valideynlərimizin yolu ilə gedənlər də heç də ideal yolda deyillər. Bizim valideynlərimiz və bizdən yaşlı nəsil bizim övladlarımızı tərbiyəli yetişdirməyimiz üçün bizə məsləhətlər verirlər. Onların bizə yalan danışdığı kimi, istəyirlər biz də onlara yalan danışaq. İstəyirlər ki, bizim uşaqlarımız  qızılgül rəngində boyanmış, divarlarında ağac və dovşan şəkilləri olan otaqlarda təmtəraqlı oyuncaqlarla başlarını qatsınlar. Onlar istəyirlər ki, biz övladlarımızın uşaqlığını yalan pərdəsiylə örtüb onları reallığın həqiqi sifətindən ustalıqla gizlədək. Amma biz bunu edə bilmərik axı. Biz bunları gecənin qaranlığında  – həyacan siqnalının ərşə qalxdığı vaxtda, yuxudan oyadıb qorxudan əsə-əsə qaçmaq və gizlənmək üçün  geyindirdiyimiz övladlarımıza bunu edə bilmərik. Bizim üzümüzdə dəhşəti və qorxunu görən övladlarımıza bunu edə bilmərik. Bu uşaqlara bizim onları hansısa atın üstündən tapdığımızı və ölən adamlar üçün uzun bir səyahətə çıxdığını deyə bilmərik.

Bizimlə bizdən əvvəlki nəsil arasında keçilməz  uçurum var. Onlar üçün təhlükə gülməli idi və onların çox nadir halda evləri dağılardı. Zəlzələ və yanğınlar davamlı və hər kəs üçün deyildi. O dövrün qadınları iş köynəyi ilə işləyirdilər, yeməklərini aşpazlara sifariş edirdilər və dağılmamış evlərində öz rəfiqələrini qəbul edirdilər.  O qadınlardan kimisi rahatlıqla qərar qəbul edir, kimisi təhsil alırdı, kimisi isə öz həyatını rahatlıqla qururdu. O dövr başqa bir dövr idi və bəlkə də insanlar çox yaxşı yaşayırdı. Lakin biz öz qayğılarımıza  bağlıyıq və  biz payımza düşən insan taleyi ilə qürur  duyuruq.

 

Tərcümə etdi: Abuzər Cəfərov

 

 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , , | Bir şərh yazın