7 noyabr 1913 -cü ildə Əlcazairdə doğulmuş fransız yazıçısı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi Alber Kamyu, sağlığında “Qərbin vicdanı” adlandırılmışdı. Yazıçı dünyanın çox hissəsində oxunan “Xoşbəxt ölüm”, “Yad”, “Taun” və s. romanların müəllifidir. Bundan əlavə yazıçı “Astar və üz”, “Üsyankar insan”, “Süqut” esseler kitabının, “Kaliqula” pyesinin də müəllifidir. Alber Kamyu 1957-ci ildə “insan vicdanının həlledici rolunu aşkara çıхartmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə” Nobel mükafatı aldı. Yazıçı lakonik Nobel mühazirəsində bütün yaradıcılıq növlərinin başlıca vəzifəsinin “ağ yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq” olduğu fikrini əsaslandırmışdı.
Alber Kamyunun həcmcə o qədər də böyük olmayan yaradıcılıq irsi müasir dövrdə təkcə yazıçının tariхi vətəni Fransada deyil, bütün dünyada böyük maraq doğurur. Kamyunun əsərləri oхunur, müхtəlif dillərə tərcümə edilir, mübahisələrə səbəb olur, düşündürür. Bir sözlə, o, sağlığında olduğu kimi yaşayır və insanlığa nəcib хidmətini davam etdirir.
Literary.agta.az saytı indiyədək Alber Kamyunun iki hekayəsini – “Nə qurban, nə də cəllad” , “Susqunlar” hekayələrini Azərbaycan dilinə tərcümə etmişdi. İndisə Alber Kamyunun Nobel mükafatı aldıqdan sonra ilk müəlliminə yazdığı məktubu təqdim edirik:
“Əziz Müsyö Jermen,
Sizinlə bütün səmimiyətimlə danışmadan əvvəl ətrafımdakı səs-küyün bir az sakitləşməsini gözlədim.Yenicə , nə tələb etdiyim, nə də əldə etmək istəyində olduğum çox böyük bir mükafata layiq görülmüşəm.
Fəqət xəbəri eşidəndə anamdan sonra ağlımdan keçən ilk siz oldunuz .Siz olmasaydınız, sizin kiçik yoxsul bir oğlana -mənə uzatdıgınız nəvazişli əliniz , sizin təlim və tədrisiniz olmasaydı bunların heç biri həyata keçə bilməzdi.
Bu mükafata görə çox şey etməmişəm.Amma ən azından bu mənə sizin mənim üçün nə məna kəsb etdiyinizi söyləməyə və sizin əməyinizin , sizin zəhmətinizin, mənə həsr etdiyiniz o səxavətli ürəyinizin illər kəçməsinə baxmayaraq heç bir zaman sizin qədirbilən tələbəniz olmağı yadırğamayan o kiçik məktəbli oğlanlardan birinin daxilində hələ də yaşadığınıza sizi inandırmaq imkanı verir.
Bütün səmimiyyətimlə sizi qucaqlayıram.”
Məktubu tərcümə etdi: Kamran Məhərrəmov