Bayquşlarla söhbət

–         Antonio, sən Allah, bağla pəncərəni, soyuqdur.

–         Bir dəqiqə, Letisiya, deyəsən cavab verirlər.

–         Yaxşı görək, mən heç nə eşitmirəm.

Antonio bayquş səsini yamsılayaraq pəncərəni açıq saxladı. Çox soyuq fevral gecəsi idi.

–         Yəqin ki, bu saat dağ başına qar yağır – Antonio pəncərəni bağlayıb divanda oturanda arvadı dedi.

–         Bəlkə elə bu cür soyuq olduğuna görə bayquşlarla danışa bimədim – itaətkarcasına söylədi.

Bir neçə həftə öncə qəzetdə bir elan oxumuşdu. Bir şirkət “on beş günə bayquşlarla danışmağı öyrən” adlı kitabça satırdı. Antonio arvadının “onu alma, səni aldadırlar, fırıldaqdır, inanma” kimi  ağıllı məsləhətlərinə fikir vermədən həmin kitabçanı aldı.

Antonio bayquşlarla danışa biləcəyinə həmişə ümid edirdi. Kitabçadan təlimatları oxuyur və özünü inandırırdı ki, öz məqsədinə çatacaq. “Bu səbir tələb edir” – deyirdi.

Günlər keçirdi. Axşamlar, şam yeməyindən sonra o, uzun müddət pəncərənin qabağında qalar, bayquş kimi səslər çıxardardı:

–         Hu, hu, hu–hu–hu…

Sonra çöldən gələn istənilən səsə qulaq kəsilir və ona elə gəlirdi ki,  bu, quşun səsi idi. Sonra aydın olurdu ki, sən demə, bu, uzaqlaşan bir avtomobilin siqnalı, uşaqların səsi və ya bir itin hürültüsü imiş.

Bir axşam yenə də adəti üzrə pəncərənin qabağına keçib bayquşların diqqətini çəkmək üçün səslər çıxartmağa başladı. Nəhayət, cavab gədiyini eşitdi. Səs çox aydın şəkildə eşidilirdi:

–         Hu, hu, hu–hu–hu–hu…

–         Letisiya, Letisiya, tez ol, gəl – həyəcanla arvadını çağırdı və dərhal da quşu hürkütməmək üçün mülayimcəsinə və sanki sevgi ilə o səsə səs verdi:

–         Hu, hu–hu, hu–hu–hu, hu…

Quş da Antonioya həmin formada cavab verdi və onlardan biri susana qədər bu deyişmə xeyli müddət davam etdi.

Həmin gecəni Antonio demək olar ki, yata bilmədi. Kitabçanı yastığının altına qoyurdu ki, lazım gəldiyində hansısa bir detalı yenidən gözdən keçirsin.

–         Görürsən, Letisiya – arvadına dedi – sistem işləyir və bu, sadəcə bir başlanğıcdır. İndi mən bayquşun nə demək istədiyini öyrənməliyəm. Bu, səbir tələb edən məsələdir.

Arvadı cavab vermədi, görünür artıq yatmışdı.

Növbəti gün Letisiya işə getmək üçün həmişəki kimi evdən tez çıxdı. Avtobus dayanacağında qonşu və rəfiqəsi ilə qarşılaşdı:

–         Nəhayət ki, Antonio bir bayquşla danışa bildi. Mən inanmazdım – deyə əhvalatı nağıl etməyə başladı.

–         Nə danışırsan, ay qız? – rəfiqəsi şübhəli şəkildə dedi.

–         Hə, elədir. Dünən, axşam saat hardasa 10 radələri idi. Antonio bir müddət bayquş kimi səslər çıxarmağa başladı. Və birdən bayquşdan cavab gəldi. Bayquşu çox yaxşı eşitmək olurdu.

–         Nə deyirsən, ay qız sən, nə bayquş, nə zad. Dünən elə o saatlarda mənim ərim sizin evə baxan pəncərənin qarşısında dayanıb dəli kimi ulayırdı ki, görsün bayquşla danışa bilirmi. Ad günündə ona bir kitab hədiyyə ediblər, adı belə idi deyəsən: “On beş günə bayquşlarla danışmağı öyrən”. Sənin ərinlə mənim ərim öz aralarında bayquş kimi səslər çıxardıblar, vəssalam. Bərəkallah!

 

Tərcümə etdi: Kamil İlqar Zaynalov

 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , | Bir şərh yazın