Açıq Pəncərə – H. H. Munro (Saki) (1870-1916)

Hector_Hugh_Munro_aka_Saki,_by_E_O_Hoppe,_1913

“Xalam tezliklə aşağıda olacaq, cənab Nattel, – 15 yaşlı gənc, təmkinli  qız bildirdi, – ona kimi həmsöhbətiniz mən olacağam”.

Framton Nattel yolda olan xalanın şan-şöhrətinə xələl gətirən bir söz demədən çox hörmətli xala qızını lazımınca tərifləmək üçün nəsə deməyə çalışırdı. Özünün heç gümanı gəlmirdi  ki, tanımadığı adamlara etdiyi bu ziyarətlərin müalicəsi labüd olan sinirlərinə çox xeyri dəysin.

“Mən bilirəm necə olacaq, – o, bu kəndə köçəndə bacısı ona demişdi, – sən özünü hamıdan təcrid edəcək,  bir Allah bəndəsi ilə də danışmayacaqsan. Qəm-qüssədən əsəblərin daha da pozulacaq. Sənə orda tanıdığım insanlara göstərməyin üçün təqdimat məktubları verəcəyəm. Yaxşı yadımdadır, onlardan bəziləri gözəl insanlar idi”.

Məktublardan birini təqdim edəcəyi xanım Sappletonun yaxşıların qrupuna daxil olub-olmadığı Framtona maraqlı idi.

 Qız səssizliyin hökm sürdüyünü görüb:“Buradakı insanların çoxusunu tanıyırsınız?”, – deyə soruşdu.

 “Heç bir nəfəri də tanımıram. Nəzərinizə çatdırım ki, bacım təxminən 4 il əvvəl burada prixod keşişinin malikanəsində qalırdı. O, mənə təqdimat məktubları verib ki, burda bəzi insanlara təqdim edim”.

O, sonuncu cümləsini açıq-aşkar təəssüf  hissi ilə dedi.

 “Onda siz, demək olar ki, xalam haqqında heç nə bilmirsiniz”, – gənc, təmkinli qız sözlərinə davam elədi.

 “Təkcə adını və ünvanını”, – qonaq etiraf etdi. O, xanım Sapletonun evli və ya subay olduğunu öyrənmək istəyirdi. Otaqda nə isə qeyri-müəyyən bir şey burada kişi yaşadığından xəbər verirdi.

 “Onun faciəsi düz üç il bundan qabaq, elə bacınızın gedişindən sonra baş verdi”, – uşaq söylədi.

 “Necə? Faciəsi?” Framton soruşdu.

Bu sakit, balaca məkana faciə sözü heç uyğun gəlmirdi.

Çəmənliyə açılan böyük qapını göstərərək bacı qızı dedi:”Sizə maraqlı gələ bilər ki, oktyabr ayında axşamüstü biz niyə onu açıq saxlayırıq”.

 “İlin bu vaxtına görə istidir, – Framton bildirdi, – amma qapının faciə ilə nəsə əlaqəsi var ki?”

“Üç il bundan qabaq bu qapıdan onun həyat yoldaşı ilə iki cavan qardaşı gündəlik ov üçün çıxıb getdilər, bir də geri qayıtmadılar. Torfluqdan ən sevdikləri pusqu yerlərinə keçərkən hər üçü də qorxunc bataqlığa qərq olublar. Bilirsiniz, elə rütubətli yay idi ki! Başqa vaxt təhlükədən əsər-əlamət olmayan bu yerlər qəfildən  dəyişmişdi. Onların cəsədləri heç vaxt tapılmadı. Ən qorxunc tərəfi də bu idi”. Burada uşağın səsindəki soyuqqanlılıq yox oldu və duruxsunub dedi: “Yazıq xalam həmişə düşünür ki, onlar və onlarla qeyb olan balaca qəhvəyi spaniel nə vaxtsa geri qayıdacaq və əvvəlki qayda ilə arxa qapıdan evə daxil olacaqlar. Elə buna görə də hər gün qaranlıq qarışana qədər qapını açıq saxlayırıq. Mənim yazıq xalam. Mənə tez-tez onların, yəni qolları üzərində ağ sukeçirməz plaş olan həyat yoldaşının və xalamı cırnatmaq üçün onun əsəblərinə toxunan  “Berti, sən niyə tullanırsan?” mahnısını oxuyan ən kiçik qardaşı Ronninin necə getdiyindən danışır. Bilirsiniz, bəzən məhz bügünkü kimi sakit, səssiz gecələrdə mən elə tükürpədici hisslər keçirirəm ki, az qala, elə bilirəm, onlar gəlib, həmin qapıdan evə daxil olacaqlar”.

O, yüngülcə titrədi. Qızın xalasının gec gəldiyi üçün otağa hay-küylə daxil  olub, üzr istəməsi Framtonu bir qədər sakitləşdirdi.

 “Ümid edirəm, Vera ilə vaxtınız xoş keçib”, – qızın xalası dedi.

“Bəli, özü də çox”, – Framton cavab verdi.

Ümidvaram, qapını açıq saxlamağımıza etiraz etməzsiniz, – xanım Sapleton cəld şəkildə qeyd elədi, – həyat yoldaşım və qardaşlarım ovdan birbaşa evə qayıdacaqlar və onlar həmişə bu yolla gəlirlər. Onlar bu gün ov üçün bataqlıqda olublar. Bu, o deməkdir ki, mənim yazıq xalçalarımı yaxşıca çirkləndirəcəklər. Bütün kişilər məgər belə deyilmi?”

O, dayanmadan, sevincək halda ovdan, quşların azlığından, qışda ördəklərin sayından danışırdı. Framtona görə bu, çox acınacaqlı idi. O, vahiməli görünən söhbətin mövzusunu dəyişdirmək üçün ümidsizcəsinə cəhd göstərdi, amma bu, qismən uğurlu alındı. Anlayırdı ki, ev sahibəsinin fikri onda deyil. Xanımın nəzərləri daima ondan yan keçib, açıq pəncərəyə və arxadakı çəmənliyə doğru istiqamət alırdı. Onun belə bir gündə, yəni faciənin ildönümündə ziyarətə gəlməsi neçə də pis təsadüf idi!

 “Həkimlər bir məsələdə razılığa gəlirlər ki, yaxşıca istirahət etməli, həyəcanlanmamalı və ağır fiziki işlərdən uzaq durmalıyam”, – qarabasmalardan əziyyət çəkən Framton vurğuladı. Yadlar və təsadüfi tanışlar acgözlüklə bu cür insanların xəstəliyinin, zəifliyinin ən xırda detallarını, səbəblərini və nə cür müalicə olunduğunu öyrənməyə can atırlar. “Pəhriz məsələsində isə ortaq bir nöqtəyə gələ bilmirlər”, – deyə o, sözünə davam elədi.

 “Həqiqi?”, – deyərək xanım Sapleton son məqamda səs tonunu dəyişib, əsnədi. Amma qəfildən  yerindən dikəldi. Səbəb isə Framtonun söylədikləri deyildi..

 “Nəhayət ki gəldilər, – o qışqırdı, – çay vaxtına gəlib-çatdılar. Elə bil, heç təpədən dırnağa kimi palçığa batmayıblar”.

Framton xəfifcə titrədi, xanım Sapletonu anladığını, ona ürəyinin yandığını göstərmək üçün dönüb xala qızına baxdı. Uşaq dəhşət ifadə edən gözlərini açıq pəncərəyə zilləmişdi. Təsvirə gəlməz qorxunun dərin sarsıntısı içində Framton çevrilib eyni istiqamətə baxdı.

Getdikcə tutqunlaşan alaqaranlıqda hər biri qollarında silah tutan 3 kölgə çəmənlikdə evə doğru irəliləyirdi. Onlardan biri çiyinlərinə ağ plaş da atmışdı. Yorğun qəhvəyi spaniel də onlarla birlikdə idi. Səssizcə evə yaxınlaşdılar və daha sonra toranlıqda  boğuq səsli bir gənc oxumağa başladı:“Mən dedim ki, Berti, sən niyə tullanırsan?”

Framton dəli kimi əl ağacından və şapkasından yapışdı; zalın qapısı, çınqıl yol, ön darvaza – hamısı başıalovlu geri qayıdan Framtona tutqun səhnə kimi görünürdü. Onunla qarşı-qarşıya gələn velosipedçi də labüd toqquşmadan yayınmaq üçün  velosipedi çəpərə sürməli oldu.

 “Biz gəldik, əzizim, – ağ sukeçirməz plaşın sahibi qapıdan içəri girərək dedi,- büsbütün palçığa batmışıq, amma palçığın çox hissəsi quruyub. Biz gələndə tez-tələsik aradan çıxan o kişi kim idi?”

 “Çox qəribə insan – cənab Nuttel idi. Bircə öz xəstəliyindən danışdı, siz gəlib çatanda da sağollaşmadan, üzr belə istəmədən tələm-tələsik çıxıb getdi. Elə bil ki, ruh görüb.” – xanım Sapleton bildirdi.

 “Məncə, spanielə görədir, – bacı qızı aramla bildirdi, – o, mənə demişdi ki, itlərdən yaman qorxur. Bir dəfə Qanq sahili tərəfdə qəbiristanlıqda sahibsiz küçə itlərinin hücumuna məruz qalmış, bütün gecəni başının üstündə hürüb, dişlərini qıcayan itlərin əhatəsində yenicə qazılmış qəbirdə keçirtməli olmuşdur. Belə olanda kimin sinirləri pozulmaz ki?”

O, qısa müddət ərzində özündən hekayələr düzüb-qoşmaqda mahir idi.

 Tərcümə etdi: Vüsalə Cuvarova

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , | Bir şərh yazın