O, şəhərə çatanda noyabr ayının sıxıcı və izdihamlı günlərindən biri idi. Qatarda səyahət onu heyrətləndirmişdi. Elə ilk gündən islanmış ayaqları üşüyür və onu incidirdi.
Vağzaldan çıxanda yağış altında hərəkətin iflic, tramvayların adamla dolu olduğunu və taksilərin onlar üçün ayrılmış yolda şütüdüklərini görən Anna, çamadanını yerə qoyaraq ağlamağa başladı.
Qatarla yol gəlmək onun üçün yorucu və əziyyətli olmuşdu: bu isə onu şəhərdə heç də yaxşı şeylərin gözləmədiyinə işarə idi. Anna daha cəsarətli olmağı qərara alıb Orso küçəsinin, 94 nömrəli avtobus dayanacağının harda olmasını soruşmağa başladı. Bir sürücü yağışın altında islanmağına baxmayaraq, cəld Annaya yaxınlaşdı, yolun o biri tərəfindən, yəni, sol tərəfindən 94 nömrəli avtobusa minməli olduğunu izah etdi. Daha sonra Annanın çamadanını götürüb avtobusların hərəkət cədvəli yazılmış lövhənin qarşısına apardı.
– Biletin var? – kişi soruşdu.
– Yox, yoxumdur.
– Onda get oradan bilet al, mən sənin çamadanına göz-qulaq olaram.
Anna tələsik köşkə gedib bilet aldı. Bir az rahatlamış kimi 94 nömrəli avtobusu gözlədi. Avtobus dayanacağa çatanda bəlkə də avtobusda az adam oluğuna görə cəsarətli şəkildə avtobusa mindi. Orso küçəsini soruşduğu elə ilk adam, Orso küçəsinə çatanda ona xəbər edəcəyini bildirdi. Buna görə də Anna həmin adamın yanında oturdu.
Şəhərdə hər kəs ona qarşı nəzakətli idi, yalnız o digərlərindən nəsə gizlədirdi. Belə ki, bəzilərinin tövlə adlandırdığı aran kəndlərin birindən şəhərə – insanların çirkli və ölümlə dolu küçələrdə yaşamasına baxmayaraq, yenə də nəzakətli olduğu yerə – özü ilə sirr gətirmişdi.
Yağış hələ də yağmağa davam edirdi. Anna Orso küçəsindəki hotelə daxil oldu. Qapıçı yekə bir kağızda, digər adların arasından onun adını dərhal tapdı. Hotel çox gözəl idi, hətta qırmızı bir lifti də var idi. Liftə daxil olmazdan əvvəl Anna hotelin holuna göz gəzdirdi: qırmızı xalça və qırmızı kreslolar. Televizorun qarşısında dörd-beş müştəri oturmuşdu. Hotelin otağı təmiz idi, buna görə də o, razı qaldı. Meksikaya getməzdən əvvəl, balayını burada keçirmiş dərzisi Titsiana haqlı idi. Sallanan çubuğu fırladaraq jalüzi açdı və pəncərədən həyətə boylandı. Mənzərə kədərləndirici idi. Və dərhal fərqinə vardı ki, bu kədərləndirici mənzərəyə baxan yeganə insan o, idi. Pəncərəni bağlayıb tumbanın üzərinə keçirilmiş radionu yandırdı. Telefon o qədər balaca və yüngül idi ki, ona uşaq vaxtı hədiyyə edilən oyuncaq telefona bənzəyirdi. Yatağa uzandı və nəhayət ayaqqabılarından xilas oldu. Gözlərəni yuman kimi qatarın səsi qulağına gəldi, relslər və pəncərədən süzülən su damcılarının izləri yenidən onun gözü önündə canlandı. Hoteldə yataqda uzanmasına baxmayaraq, əslində özünü ələ almalıydı, çünki bədəni hələ də səyahət edirdi.
Kabuslar yox olan kimi Annanı yuxu apardı. Yuxudan ayılanda fərqli bir dünya ilə qarşılaşdı. Otağı sadə, balaca bir otaq idi, radio xışıldayır, mənəfələrdən isə xlor qoxusu gəlirdi. Hamam o qədər balaca idi ki, duş bütün hamamı isladırdı. Amma çimərkən özünə güzgüdə baxa bilməsi Annanın xoşuna gəlirdi. Güzgü tamam buxar olanda tələsik qurlandı və paltarları şkafa yığmağa başladı. Bu qədər paltarla iki həftə də burada qala bilərdi, anası haqlı idi. Səliqə ilə siyirmələri doldurdu və çamadanı şkafın aşağı gözündə gizlətdi. Onun gəlişindən daha heç bir iz qalmamışdı, rahat nəfəs ala bilərdi: narahatlığının biri də azalmışdı.
Telefon onun köhnə oyuncağı kimi zəng çalmağa başladı.
– Alo – Anna balaca dəstəyi qaldıraraq dedi.
– Sizə zəng var – onu məlumatlandırdılar. Telefon xışıltısının ardınca anasının narahat səsi eşidildi.
– Salam, ana, mən də elə sənə zəng edəcəkdim.
– Zəng etdim ki, görüm çatmısan? Hava necədir? Orada da yağış yağır?
– Hə yağır.
– Otel necədir, təmizdir?
– Hə. Elə indicə çimdim.
– Orada o yağışlı və soyuq havada dincələrsən indi.
– Yenə başlama da, ana.
– Kim bilir səni ora aparan həqiqi səbəb nədir?!
– Ana, mən burda yalnızam e!
– Çox üzgünəm. O yazıq da bilsəydi, o da üzülərdi.
– Yaxşı, ana, mən özüm sonra sənə zəng edərəm.
– Sənin işlərinə burnumu soxmaq istəmirəm, Anna.
– Di sağ ol, ana.
Ona çox gözəl yaraşan yun donunu geyinib aşağı, televizora baxmağa düşdü. Liftdə ona qarşı çox nəzakətli davranan, saçları boyanmış iki almaniyalı gənclə qarşılaşdı. Belə ki, o, liftə minməyə tərəddüd etdiyini görcək, onlar əlləri ilə qapını saxladılar. Heç Ananın ağlına gəlməsə də, onlar bu məsələdə təcrübəliymiş kimi görsənirdilər. Birinci mərtəbəyə çatanda, gənclər onunla sağollaşıb lifti tərk etdilər. Anna isə televizorun qarşısında qırmızı divanda oturmağa getdi. Onun yanında orta yaşlı bir cütlük oturmuşdu: geyindiyi ikiqat düyməli pencək əyninə çox dar olan kişinin baxışlarında heç bir xüsusi məna yox idi.
– Biz iki spirtsiz içki götürəcəyik – kişi Annaya dedi, – sizə də nəsə təklif edə bilərik?
– Təşəkkür edirəm, elə mən də bir spirtsiz içki içərəm.
Qapıçı hotelin kiçik barının həm də barmeni idi və bir əcnəbiyə pivə süzürdü. İkiqat düymələnmiş pencəyi olan kişi getdikdən sonra, yoldaşı Annaya daha yaxın oturdu.
– Siz də konsertə görə bura gəlmisiz?
– Yox konsert haqqında heç məlumatım da yoxdur.
– Cavan olduğunuza görə düşündüm, yəqin, siz də gedərsiz. Neçə yaşınız var?
– Iyirmi beş.
– Lap bəxtəvərsiz ki! Biz artıq konsert haqqında düşünəcək halda deyilik. Biz də bura ərimin analizləri üçün gəlmişik.
Qadının üzündən qəmginlik yağırdı deyə, Anna televizora baxmağı daha üstün tutdu.
– Necə də pis şəhərdir –qadın davam etdi, – bu qarma-qarışıqlığı yəqin ki, siz də gördünüz?
– Hə bir az gördüm çünki elə bir az olar çatmışam.
– Bu şəhərdə elə görüb –görəcəyiniz qarma-qarışıqlıq olacaq. Buyurun bu da sizin içkilər.
Kişi stəkanları xanımlara verdi və yavaşca, kreslodan ehtiyatlanırmış kimi əyləşdi.
– İndi bir detektiv film başlamalıdır – kişi dedi. Detektiv filmlər Annanın da xoşuna gəlirdi. Amma indi filmə baxacaq halda deyildi, kiminləsə danışmağı daha çox istəyirdi. Şəhərə gəlişi ilə bağlı inandırıcı yalan uydurmuşdu və əgər onu bu cütlüyə deyə bilsəydi çox şad olardı.
Bütün bunlara rəğmən film davam edirdi. Filmdə bir qız pul hərisi olan vicdansız bir oğlanı sevirdi. Necə də qəribədir, Anna düşündü, adətən sevən insanlar axmaq olurlar. Ancaq onunla Roberto arasında əksinə olmuşdu: nişanlandıqdan sonra onlar daha ağıllı olmuşdular. Digər cütlüklər birləşir ayrılırdılar, onlar üçün isə bu münasibət əbədi davam edəcəkmiş kimi görsənirdi.
– Bu aktyor çox bacarıqlıdır – qadın şərh verdi, – həmişə deyirəm ki, mənim ərimə oxşayır.
– Yaxşı görək – kişi etiraz etdi.
– O da polisdir – qadın izah etdi – real həyatda polis olmaq, filmdə polis olmaqdan daha pisdir.
– Elədir – Anna təsdiqlədi.
Ekranda səhnəyə uyğun musiqinin müşayəti ilə, yaraşıqlı oğlan qətl törətməyə hazırlaşırdı.
– Üzr istəyirəm, narahat edirəm – Anna dedi. Yataqda uzansa da, telefonun kabeli çox qısa olduğundan rahat ola bilmirdi. – saat doqquz üçün razılaşmışdıq, xatırlayırsız?
– Axşamınız xeyir. Necəsiniz? – Oğlan ya şad olmuşdu, ya da özünü şad olmuş kimi göstərirdi.
– Yaxşıyam. Siz necəsiniz? Şəhərə elə bu gün günorta çatmışam.
– Çox gözəl. Sabah sizi görməyə məmnun olacam. Əgər sizə də uyğundursa səhər tezdən görüşə bilərik, mən sizə dediyim kimi saat doqquzda xəstəxanada olacağam. Hər şey razılaşdığımız kimidir. Heç bir dəyişiklik yoxdur.
– Yaxşı, o zaman sabahadək.
Anna telefonla danışarkən emosiyalarını gizlətsə də, indi artıq dəstəyi yerə qoymuşdu. Ona görə də emosiyalarını gizlətməyə ehtiyac yox idi. Elə sevincli idi ki, yataqda özünə yer tapa bilmirdi. Pəncərənin önünə getdi. Bu dəfə gördüyü mənzərə çox həyacanverici idi. Küçələr çox işıqlı idi və rəngli işıqlar küçənin dörd-bir yanından bərq vururdu. Onun heç vecinə də deyildi ki, kənardakılar onun sirrini mənasız və yaxud axmaq bir şey görürdülər. Onsuz da hər bir insanın içində bəslədiyi bir sirri olur.
Paltosunu geyinib, çantasını götürüb aşağı düşdü: axşam yeməyini yeyib tez hoteldən çıxıb şəhərdə gəzişmək istəyirdi. Axı şəhərdə tək gəzişən qadınlarla heç kəsin işi olmurdu. Axşam yeməyi kiçik bir qabda ona təqdim olundu. Sonuncu qabı da götürən ofisiant şərabın və suyun ağzını bağladı və ona xatırlatdı ki, burda qaldığı müddətcə onun yemək masası həmişə bu masa olacaq.
– Axşam olacaq konsert haqqında hər hansısa məlumatınız var? – Anna ofisiantdan soruşdu.
– Mənim xəbərim yoxdur, amma qapıçı bilər, ondan soruşun.
Qara gödəkcə geyinmiş gənclərin dayandığı tramvay dayanacağını göstərərək qapıçı dedi:
– Tramvayla üç stansiyadır – qapıçı sözünə davam elədi: – stadion elə bu küçənin sonunda yerləşir. Təxminən, iki kilometr yoldur.
İçi adamla dolu olan tramvay tezliklə dayanacağa yaxınlaşdı. Gənclər qeyri-adi tərzdə tramvaya doluşsalar da, nə səs-küy salırdılar, nə də bir-birilərini itələyirdilər.
Stadion ətrafında izdiham var idi, buna baxmayaraq polislər çox rahat görünürdülər və bir-biriləri ilə söhbətləşirdilər. Polislərin və insanların rahat olması Annanı niyəsə narahat edirdi. Gənclər stadiona daxil olmaq üçün tələsirdilər. Stadiona yaxınlaşdıqca oxunan mahnıların səsi də gurlaşırdı.
Anna yolun qarşı tərəfinə keçdi, indi onun ayaqları ağırlaşmış, üzü isə keyiməyə başlamışdı. O, parklar üçün nəzərdə tutulmuş və içərisəndə gül olmayan yekə güldanın kənarında oturdu və ağlamağa başladı. Qara geyimli gənclər onun yanından keçsələr də onu narahat etmir, hətta görməzdən gəlirdilər. Hiss olunurdu ki, gənclər çox nəzakətlidirlər. Ancaq orada ağlaması Annaya pis təsir edirdi. İstərdi ki, tanımadığı şəhərdən qorxduğu üçün və yaxud da onlara görə ağlamadığını onu ağladanın onun sirri olduğunu həmin gənclərə desin.
Özünü yaxşı hiss edənə qədər elə oradaca oturub ağladı. Daha sonra ayağa durub piyada hotelə qayıtdı.
Səhəri gün saat səkkizdə liftin düyməsini bir neçə dəfə bassa da lift gəlmədi. Çox səbrsiz idi amma tez çatmaqdan da qorxurdu. Tələsmədən pilləkanlarla aşağı düşdü.
– Zəhmət olmasa, mənə bir taksi çağırın – Qapıçıdan xahiş etdi.
Kişi nömrəni yığdı və dərhal da ona məlumat verdi:
– İndi məşğuldur, siz bir az oturub gözləyin.
Anna televizor olan zala getdi, amma otura bilmirdi. İki pəncərə arasında o tərəf-bu tərəfə səbirsizcəsinə var-gəl edirdi. Çox tələsirdi, artıq görüşə vaxtından əvvəl çatsaydı belə, bu onu narahat etməzdi.
Sürücü elə sürürdü ki, sanki o da tələsirdi. Maşın sürətli getməsi Annanı bir az sakitləşdirdi. Elə saat doqquzun yarısı olan kimi avtomobil cərahiyyə şöbəsinin qarşısına çatdı. Anna taksinin pulunu ödədi və gedib daşdan düzəlmiş skamyanın üzərində oturdu. Hava soyuq, göy üzü isə tamamilə bomboz idi. Ağaclarda yerə tökülməmiş sonuncu yarpaqlar görünürdü. Saat doqquzdan öncə içəri daxil olmamağa qərar verdi. Anna onun necə biri olduğunu bilirdi, amma əgər lazım olsaydı özüylə qazetdən kəsdiyi şəkili də gətirmişdi. Həmin oğlan sadəcə özünü Annaya göstərsəydi, kifayət edəcəkdi çünki onu dərhal tanıyacaqdı. Axı onun daxilində Robertonun yorulmaq bilməyən ürəyi döyünürdü.
Oğlanı gətirən taksi ona beş dəqiqə işləmiş Annanın skamyasının qarşısında dayandı. O, asta-asta taksidən düşdü. Yaraşıqlı üzü var idi. İçəri daxil olmazdan əvvəl dönüb qıza baxsa da, Anna onu salamlamadan onun arxasınca getdi.
Oğlan qapıdan içəri girən kimi ayaq saxladı. Qapının ağzında bir həkim onun əlini sıxdı və onlar köhnə dostlar kimi gülümsündülər. Anna onların yanından keçdi. Bir neçə addım atıb geri qayıtdı. Sanki keçə bilmədiyi üçün əli ilə həmin oğlana toxundu. “Salam Roberto, mənəm, Anna” ürəyində dedi.
O, şüşə qapını açanda hiss etdi ki, oğlan ona baxır. Və həmin bu baxışlar da artıq onun sirri olacaqdı.
İtalyan dilindən tərcümə etdi: Abuzər Cəfərov