Saat altıda gələn qadın – Qabriel Qarsia Markez

Gabriel-Garcia-Marquez-2

Fırlanan qapı açıldı. Bu saatda Xosenin restoranında heç kəs yox idi. Saat yenicə 6-nı vurmuşdu və o bilirdi ki, daimi müştəriləri yalnız saat yeddinin yarısında gəlməyə başlayırlar. Restoranın müştəriləri ənənəyə sadiq və düzgün adamlar idi. Saatın əqrəbləri altıncı zəngi vurmuşdu ki, hər gün eyni saatda gələn bir qadın içəri daxil oldu və heç nə demədən fırlanan hündür bar kətilində oturdu. Dodaqları arasında sıxılmış, ancaq yanmayan bir siqaret vardı.

–         Salam, reyna* – onun oturduğunu görən Xose dedi. Sonra quru əski ilə şüşəli piştaxtanın üstünü silə-silə onun arxasına keçdi. Restorana kimsə girəndə Xose həmişə belə edirdi. Hətta demək olar ki, məhrəm münasibətə nail olmaq istədiyi qadınla da bu şişman və qırmızısifət restoran sahibi zəhmətlkeş adamın gündəlik hoqqasını beləcə nümayış etdirirdi.

Piştaxtanın o biri başından soruşdu:

–         Bugün nə istəyirsən?

–         Hər şeydən qabaq, sənə bir alicənablıq dərsi vermək istəyirəm – qadın dedi. O, sıradakı ən son fırlanan kətildə oturmuş, dirsəklərini piştaxtaya söykəmişdi. Dodağında isə sönmüş siqaret vardı. Bu sözləri deyərkən ağzını elə büzdü ki, Xose yanmayan siqaretə diqqət yetirsin.

–         Ah, bayaqdan fikir vermirəm… – Xose dedi.

–          Sən, ümumiyyətlə, heç nəyə fikir vermirsən – qadın onun sözünü ağzında qoydu.

Xose əskini piştaxtanın üstünə qoyub qətran iyi verən, toz basmış tünd rəngli taxta şkaflara doğru getdi və kibritlə geri qayıtdı. Qadın siqaretini yandırmaq üçün qaba və tüklü əllərin arasında yanan kibritə tərəf əyildi. Xose onun ucuz vazelin çəkilmiş qalın saçlarını, əlvan rəngli döşlüyündən yuxarı çılpaq çiynini, dodağındakı yanan siqaretlə başını qaldırdıqda isə alatoranlıqda dikəlmiş döşlərini gördü.

–         Bugün qəşəng görünürsən, reyna– Xose dedi.

–         Boş danışma. Sənin borcunu bugün qaytara bilməyəcəm, heç ümid eləmə – qadın dedi.

–         Onu demək istəmirdim, reyna. Deyəsən, bugünkü nahar yeməyi sənə pis təsir edib.

Qadın siqaretə dərin bir qullab vurdu. Piştaxtaya söykədiyi dirsəklərini çarpazlayıb restoranın geniş pəncərəsindən küçəyə baxdı. Üzündə qəmgin, adi, amma bezdirici bir ifadə vardı.

–         Sənə bir bifşteks hazırlayaram – Xose dedi.

Qadın cavabında:

–         Hələki pulum yoxdur.

–         Üç aydır, sənin pulun yoxdur, amma mən həmişə sənə bir şeylər hazırlayıram.

–         Bugün başqadır – qadın baxışlarını küçədən çəkmədən, qaşqabaqlı şəkildə dedi.

–         Hər gün eynidir – Xose etiraz etdi – Hər gün saat altını vuranda gəlirsən, it kimi ac olduğunu deyirsən, mən isə yeməyə bir şey hazırlayıram. Bircə fərq odur ki, bugün it kimi acdığını deyil, bugünün fərqli olduğunu demisən.

–         Çünki belədir – qadın soyuducuda nəsə axtaran və piştaxtanın o biri tərəfində dayanmış Xoseni bir daha süzdü. Təxminən 2-3 saniyə onu müşahidə elədi. Sonra şkafın üstündəki saata baxdı.  Saat yeddiyə üç dəqiqə işləyirdi. “Elədir, Xose, bugün tam başqadır” –təkrar etdi. Daha bir qullab alıb qısa, lakin hərarətli sözlərlə davam etdi:

–         “Bugün saat altıda gəlməmişəm, ona görə fərqlidir, Xose”.

Xose saata baxdı:

–         Mən biləyimi kəsərəm əgər bu saat bircə dəqiqə belə geri qalsa…

–         Məsələ onda deyil, Xose. Söhbət ondan gedir ki, mən bugün saat altıda gəlməmişəm. Mən bura gələndə saat altıya on beş dəqiqə qalırdı.

–         Ola bilməz, reyna – Xose dedi. Saat altını yenicə vurmuşdu ki, sən içəri girdin.

–         Mən on beş dəqiqədir ki, burdayam – qadın dedi.

Xose ona tərəf gəldi. İri qırmızı sifətini yaxınlaşdırıb şəhadət barmağı ilə onun göz qapağını yuxarı qaldıraraq:

–         “Ho” elə görüm – dedi.

Qadın başını arxaya çəkdi. O, ciddi, nədənsə dilxor və mütəəssir idi. Amma yüngülvari kədər və yorğunluq əlaməti ona ayrıca bir gözəllik bəxş edirdi.

–         Bu boş söhbəti burax, Xose. Bilirsən ki, altı aydan çoxdur, içmirəm.

–         Get nağılı başqasına danış, mənə yox – Xose dedi. Mərc girərəm ki, iki nəfərə ən azı bir litr içmisiz.

–         Bir dostumla, amma yalnız ikicə qurtum – qadın etiraf etdi.

–         Deyirəm axı. İndi mənə hər şey aydın oldu.

–         Sənə heç nə aydın deyil. On beş dəqiqədir ki, burdayam.

Xose çiyinlərini atdı.

–         Yaxşı, on beş dəqiqə qalmış deyirsən, olsun on beş dəqiqə qalmış. Sənə necə xoşdursa. Onsuz da on dəqiqə tez, on dəqiqə gec, nə fərq edər?!

–         Fərqi var, Xose – qadın dedi. Qollarını piştaxtanın şüşə səthi boyunca uzadaraq, etinasız şəkildə davam etdi – Ona görə yox ki, mən belə istəyirəm. Ona görə ki, bura gəldiyim vaxtdan on beş dəqiqə keçir – Bir daha saata baxdı və dəqiqləşdirdi:

–         Aaa, mən nə deyirəm?! On beş yox, artıq iyirmi dəqiqə keçir.

–         Olsun, reyna – Xose dedi – Təki razı qalasan deyə sənə əlavə olaraq bütöv bir gün də hədiyyə edərəm.

Bütün bu vaxt ərzində Xose piştaxtanın arxasında əşyaları artıq yerbəyer etmiş, bir şeyi bir yerdən götürüb başqa yerə qoymuşdu. Bir sözlə, öz işində idi.

–         Səni həmişə məmnun görmək istəyirəm – təkrar etdi. Bir anlıq dayandı, qadına tərəf çevrilib – Bilirsən… Səni sevirəm – dedi.

Qadın ona soyuq nəzər yetirdi.

–         Yaxşı görək. Etirafa bir bax. Elə bilirsən ki, milyon peson olsa, sənlə olaram?

–         Elə demək istəmədim, reyna – Xose laqeydliklə cavab verdi – Deyirəm də, nahar yeməyin yaxşı olmayıb.

–         Məsələ ondadır ki – qadın səsinə yumşaqlıq qatdı – heç bir qadın sənin ağırlığına tab gətirə bilməz, hətta milyon pesoya belə.

Xose pərt olduğunu gizlətmək üçün tez arxasını qadına çevirib əlindəki əski ilə butulka olan rəflərin tozunu ehmalca çırpmağa başladı. Üzünü çevirmədən:

–         Bugün yaman acıqlısan, reyna. Məncə, bifşteksi yeyib bir az yatsan yaxşıdır.

–         Ac deyiləm – qadın dedi. Yenə baxışlarını küçəyə zilləyib şəhərin alatoranlığında tək-tük yoldan ötənlərə tamaşa etməyə başladı. Bir anlıq restorana qulaqbatıran sakitlik çökdü. Sakitliyi Xosenin şkafdakı nəsə eşələməsi pozdu. Birdən qadın baxışlarını küçədən çəkib incə, sönmüş və fərqli səs tonu ilə soruşdu:

–         Həqiqətən məni sevirsən, pepilyo**?

–         Əlbəttə – Xose quru tərzdə və ona baxmadan dedi.

–         Hətta sənə dediklərimə baxmayaraq?

–         Nə dedin ki? – təmkinini pozmadan və yenə də qadına tərəf çevrilmədən Xose soruşdu.

–         Milyon peso söhbəti.

–         Mən onu çoxdan unutmuşam – Xose dedi.

–         Deməli, məni sevirsən? – qadın bir də soruşdu.

–         Hə – Xose cavab verdi.

Ortaya sükut çökdü. Xose yenə də qadına baxmadan şkafda eşələnirdi. Qadın daha bir qullab vurub sinəsini piştaxtaya söykədi, dilini dişləyərək bic-bic, sanki nədənsə ehtiyat edirmiş kimi:

–         Hətta mən sənlə yatmasam belə? – soruşdu.

Yalnız bunu eşitdikdə Xose ona tərəf çevrildi:

–         Səni sənlə yatmayacaq qədər sevirəm – dedi. Sonra qadına doğru addımlayaraq düz qənşərində dayandı. Ətli qollarını piştaxtaya söykəyib düz gözlərinə baxa-baxa – Səni o qədər çox sevirəm ki, gecələr sənlə görüşən hər kəsi öldürməyə hazıram.

Qadın bir anlıq donub qaldı. Yavaş-yavaş özünə gəlib ona diqqətlə nəzər yetirdi. Baxışlarında mərhəmətlə bərabər rişxənd də hiss olunurdu. Özünü ələ almaq üçün bir neçə saniyə sakit qalmaq istəsə də, bacarmadı. Şaqqanaq çəkib: – Qısqanırsan, Xose? – soruşdu. Ay səni, Xose. Necə də qısqancmışsan!

Xose sirləri açılan uşaqların etdiyi kimi həyasızca, amma səmimi utanc hissi ilə yenə də qızarıb pörtdü.

–         Bugün nəsə yaman dilbilməz olmusan – Xose əlindəki əski ilə tərini silib davam elədi – donuzsayağı həyat gör səni nə günə salıb.

Qadının üz ifadəsi dərhal dəyişdi:

–         O zaman yox – qadın qəribə parıldayan, amma eyni zamanda kədərli baxışlarını ona zilləyərək – Deməli, qısqanc deyilsən – dedi.

–         Müəyyən mənada, amma sən dediyin kimi yox – deyərək Xose yaxasını azca açıb əski ilə boyun-boğazını qurulamağa başladı.

–         Bəs necə?

–         Yəni, səni çox sevdiyimə görə etdiyin şeylər xoşuma gəlmir.

–         Hansı hərəkət?

–         Hər gün fərqli adamlarla görüşməyini deyirəm.

–         Doğrudan mənimlə görüşməsin deyə hər kəsi öldürə bilərsən?

–         Səninlə görüşməməsi üçün yox – Xose dəqiqləşdirdi – amma səninlə görüşdüyü üçün öldürərdim.

–         Nə fərqi var ki?! – qadın dedi.

Söhbət çox həyəcanlı bir nöqtəyə gəlmişdi. Qadın sakit, mülayim, qılığagirən səslə danışırdı. Üzü sözlərin hərarətindən ovsunlanmış kimi hərəkətsiz qalmış Xosenin gülümsər və mülayim üzünə lap yaxınlaşmışdı.

–         Dediyim hər şey doğrudur – Xose dedi.

–         Yaxşı, – qadın bir əlini uzadıb onun kobud qolunu sığalladı, digər əli ilə sönmüş siqaret kötüyünü tullayaraq davam etdi – sən kimisə öldürməyi bacarırsan?

–         Dediyim səbəbə görə hə – Xosenin səsində gərginlik hiss olunurdu.

Qadın istehzasını gizlətmədən şaqqanaq çəkərək:

–         Dəhşət! – gülə-gülə əlavə etdi – Aman Allah, Xose adam öldürür. Kimin ağlına gələr ki, hər gün məni müftə bifşteksə qonaq edən, müştəri gözləyərkən mənimlə söhbətləşən abırlı və təmiz adam kimisə öldürə bilər?! Səndən qorxmağa başlayıram.

Xose çaşıb qalmışdı. Hətta bir qədər qəzəblənmişdi də. Xüsusən də qadın ona gülməyə başlayanda hiss elədi ki, hər şey onun üçün məhv olmuşdur.

–         Sən sərxoşsan, axmaq – Xose dedi – Get yat. Heç yeməyə də həvəsin yoxdu.

Yalnız indi qadın gülməyinə ara verdi, piştaxtaya dirsəkləndi. Üzündə ciddi və fikirli bir ifadə yenidən hakim oldu. Yenə də Xoseni baxışları ilə izləməyə başladı. Xose soyuducunun qapısını açıb-bağlayır, amma oradan heç nə götürmürdü. Piştaxtanın arxasına keçib əvvəlki kimi parıldayan şüşəni silməklə məşğul oldu. Qadın “Doğrudanmı sən məni sevirsən, Pepilyo?” deyərkən olduğu kimi bu dəfə də səsinə mehribanlıq və şəfqət qataraq çağırdı:

–         Xose!

Xose ona baxmadı.

–         Xose – qadın təkrar səslədi.

–         Get, yat – Xose dedi. Özü də yatmazdan qabaq soyuq duş qəbul elə ki, sərxoşluğun keçsin.

–         Mən sərxoş deyiləm, Xose, ciddi sözümdür.

–         Onda özünü axmaq yerinə qoymusan.

–         Yaxın gəl, Xose, səninlə söhbətim var.

Xose ümid və şübhə içində ona yaxınlaşdı.

–         Yaxınlaş – qadın təkrar etdi.

Xose düz onun qarşısında dayandı. Qadın ona tərəf əyilib saçlarından möhkəmcə, ancaq çox nəvazişlə yapışaraq

–         Bayaq dediyini təkrar elə – dedi.

–         Hansı? – Xose qadının onun saçlarından tutduğuna görə aşağı dikilmiş başını qaldırıb onun gözlərinə baxmaq istəyirdi.

–         Mənimlə gecələyən hər kəsi öldürmək haqda dediyini.

–         Səninlə gecələmək istəyən hər kəsi öldürərdim, reyna. Bu, həqiqətdir – Xose dedi.

Qadın onun saçlarını buraxdı.

–         O zaman onu mən öldürsəm, məni müdafiə edərsənmi? – qadın əminliklə və Xosenin qaban kimi iri başını kobud işvə ilə itələyərək soruşdu

Xose cavab vermədi, sadəcə gülümsədi.

–         Cavab ver mənə, Xose – qadın təkid etdi – Əgər mən öldürsəm, məni müdafiə edərsən?

–         Baxır da – Xose cavab verdi – Bilirsən, bunu etmək sözdə demək qədər asan deyil.

–         Polis sənə inandığı qədər heç kimə inanmır – qadın dedi.

Xose məmnun və özündən razı halda gülümsədi. Qadın piştaxtanın üzərində yenidən ona sarı əyilib:

–         Düz deyirəm, Xose. Nədən desən, mərcə girərəm ki, sən heç vaxt yalan deməmisən.

–         Nə dəxli var? – Xose dedi.

–         Hər halda.. Polis bunu bilir deyə sənə inanır və ona görə də səndən heç nəyi ikinci dəfə soruşmur.

Xose onunla üzbəüz dayanaraq piştaxtanı yüngülcə döyəcləməyə başladı. Nə deyəcəyini bilmirdi. Qadın yenidən küçəyə baxdı. Sonra saata baxıb ilk müştərilərin gəlməsindən öncə söhbəti bağlamağa tələsirmiş kimi səs tonunu dəyişdi.

–         Xose, mənə görə yalan danışa bilərsən? – soruşdu – Tam ciddiyəm.

Xose dərhal qadına baxdı. Üzbəüz dayanıb düz gözlərinin içinə baxarkən beynində qorxunc bir fikir ildırım kimi çaxdı. Elə bir tutqun, anlaşılmaz bir fikir ki, bir qulaqdan girir, bir anlıq beyində dolaşır və o biri qulaqdan çıxarkən sadəcə qorxulu isti iz buraxır.

–         Nə qələt qaynatmısan, reyna? – İrəli əyilib piştaxtanın üstündə qollarını çarpazlayaraq soruşdu. Qadın onun iri gövdəsinin piştaxtanın üstünə düşməsi ilə ağzından çıxan kəskin, acı naşatır iyini hiss elədi – hə, de görüm, neyləmisən? Nəyəsə ilişmisən? – Xose maraqlandı.

Qadın bir qədər geri çəkilib:

–         Heç nəyə – dedi – Elə-belə, mırta deyirdim.

Sonra ona bir daha nəzər yetirdi.

–         Bilirsən, bəlkə də sənin kimisə öldürməyinə ehtiyac olmayacaq.

–         Heç vaxt kimisə öldürmək haqda düşünməmişəm – Xose məyus halda dedi.

–         Yox e, mənimlə görüşəcək kimisə nəzərdə tuturdum.

–         Hə, anladım. Mən həmişə deyirdim axı bu yola düşməyinə ehtiyac yoxdur. Sənə söz verirəm ki, əgər bu işin başını buraxsan, sənə hər gün həmişəkindən daha böyük bifşteks hazırlayaram, özü də bir qəpik belə almadan.

–         Çox sağol, Xose. İş ayrıdı. Məsələ ondadır ki, mən daha heç kimlə görüşməyəcəm.

–         Yenə qəliz danışırsan – Xose səbirsiz görünürdü.

–         Qəliz danışmıram – deyib oturacağa sərələndi və Xose onun döşlüyünün içindəki solmuş və ölüvay döşlərini gördü.

–         Sabah burdan gedirəm və söz verirəm ki, bir daha səni narahat etməyəcəm. Həmçinin daha kimsəylə görüşməyəcəm.

–         Nə əcəb bu fikrə gəlmisən? – Xose təəccübləndi.

–         Hə, bir az əvvəl bu qərara gəldim – qadın dedi – mən indi anladım ki, bu iş iyrəncdir.

Xose bir daha əskini götürüb piştaxtanın qadına yaxın olan hissəsini silməyə başladı. Ona baxmadan:

–         Əlbəttə, məşğul olduğun iş iyrənc işdir. Bunu çoxdan dərk etməliydin.

–         Dərk edirdim, sadəcə bir az əvvəl daha da əmin oldum. Kişilərə qarşı nifrət var içimdə – qadın dedi.

Xose gülümsədi. Üzündə təbəssüm başını qaldırıb qadına baxdı. Ancaq onu gərgin və çaşqın gördü. Çiyinlərini qaldırıb, fırlanan kürsüdə yellənə-yellənə, ömrünün xəzan çağını yaşayan adamlar kimi solğun və kədərli ifadə ilə danışmağa davam edirdi:

–         Sənə elə gəlmirmi ki, bir kişiylə görüşdükdən sonra onun özünə və bütün görüşdüklərinə nifrət hissi bəslədiyi üçün həmin kişini öldürən bir qadını sakit buraxmaq lazımdır?

–         Həddən artıq irəli getməyə dəyməz buna görə – Xose hərəkətsiz halda, bir qədər mərhəmətli səslə dedi.

–         Əgər kişinin əynini geyindiyini görən qadın bütün gecəni onunla keçirdiyini xatırlayaraq həmin kişiyə nifrət bəslədiyini deyir və hiss edirsə ki, onun qoxusunu nə bir sabun, nə də hər hansısa bir əski ilə təmizləmək olar, onda necə?

–         Olur belə şeylər, reyna – Xose piştaxtanı silə-silə laqeyd şəkildə davam etdi – onu öldürməyə ehtiyac yoxdur. Sadəcə buraxırsan, gedir.

Ancaq qadın yeknəsək tonda, ehtiraslı və kövrək səslə danışmağa davam edirdi:

–         Bəs əgər qadın ona nifrət etdiyini deyərkən kişi paltarını yenidən soyunub qadına doğru gedirsə ki, onu öpsün…?

–         Bunu heç bir ləyaqətli kişi etməz – Xose onun sözünü kəsdi.

–         Bəs əgər edərsə? – əsəb və həyəcan içində soruşdu – əgər o, ləyaqətli adam deyilsə və bunu edərsə, o zaman qadın hiss edirsə ki, ona olan nifrət qadını öldürə bilər və bütün bunlara son qoymaq üçün yeganə çıxış yolu kişini aşağı nahiyyəsindən bıçaqlamaqdır?

–         Bu ki vəhşilikdir. Yaxşı ki, sənin dediklərini edən bir adam yoxdur.

–         Nə isə – indi qadın tamam özündən çıxdı – bəs əgər belə bir adam varsa? Təsəvvür elə ki, elə bir adam var və bunu edir.

–         Hər halda buna dəyməz – Yerində durub hələ də piştaxtanın üstünü silməyə davam edən Xose indi söhbətə daha çox laqeyd yanaşırdı.

Qadın piştaxtanın şüşəsini barmaqları ilə döyəcləməyə başladı. Yenidən özünə əminlik və məğrurluqla:

–         Necə də vəhşisən sən, Xose. Heç nə anlamırsan – deyib onun paltarının qolundan bərk tutdu – De görüm, o qadın o kişini öldürməli idi yoxsa yox?

–         Yaxşı – Xose barışdırıcı tonla dedi – Necə deyirsən, elə də olsun.

–         Bu, özünümüdafiə deyil? – qadın onun qolunu silkələyərək soruşdu.

Xose ona mərhəmət dolu və istiqanlıqla nəzər yetirərək: – Demək olar – deyib qadına göz vurmaqla sanki onunla ürəkdən razılığını və dəhşətli bir anlaşmaya şərikliyini ifadə edirdi.  Ancaq qadın ciddiliyini itirmədi, sadəcə onun qolunu buraxdı.

–         Bunu edən bir qadını müdafiə etmək üçün yalan danışa bilərsən? – qadın soruşdu.

–         Baxır da – Xose cavab verdi.

–         Necə yəni?

–         Qadından asılıdır – Xose dedi.

–         Təsəvvür elə ki, o, sənin çox sevdiyin qadındır. Onunla olmaq istədiyin üçün yox, sadəcə sən deyən kimi həqiqətən çox sevdiyin bir qadın.

–         Yaxşı, reyna, necə istəyirsənsə, elə də olsun – Xose həvəssiz cavab verdi. Bir qədər aralanıb saata baxdı. Saat yedini yarısına az qalırdı. Düşündü ki, bir azdan restoran müştərilərlə dolacaq. Ona görə də pəncərədən küçəyə boylana-boylana var gücü ilə piştaxtanı silməyə girişdi. Qadın isə sakit şəkildə öz yerində oturub onun hərəkətlərini qəmli-qəmli, sönməkdə olan bir lampanın bir adamı seyr etməsi kimi izləyirdi. Birdən qadın həlim səslə yenidən dilləndi:

–         Xose!

O, qadına mülayim və eyni zamanda qəmli, bir öküzün baxışlarında olan ifadə ilə nəzər yetirdi. Qadını eşitmək ya görmək üçün deyil, sadəcə burada olduğunu bilmək və ondan heç bir müdafiə və ya həmrəylik tələb etməyən baxışları görmək istəyirdi.  Sadəcə bir oyuncaq baxışlarını..

–         Sənə deyirəm, sabah gedirəm, sənin isə heç vecinə deyil – qadın dedi.

–         Hələ hara getdiyini deməmisən – Xose cavab verdi.

–         Elə bir yerə ki, orada biri ilə görüşmək istəyən kişilər olmasın.

Xoseni gülmək tutdu.

–         Doğrudan gedirsən? – Xosenin üzündəki ifadə qəfil dəyişdi.

–         Bu, səndən asılıdır – qadın dedi – Əgər sən mənim bura saat neçədə gəldiyimi deyə bilsən, sabah gedəcəm və bir də bu işlərə baş qoşmayacam. Belə xoşuna gəlir?

Xose təsdiq işarəsi olaraq gülə-gülə başını yellədi. Qadın bir balaca ona tərəf əyilib:

–         Əgər bir gün bura qayıdası olsam, elə bu kətildə oturan və elə bu saatda səninlə söhbətləşən başqa bir qadını görsəm, çox qısqanacam.

–         Əgər buralara dönsən, mənə nəsə bir şey gətirərsən.

–         Söz verirəm, bir ayı balası oyuncağı tapmaq üçün hər yeri gəzəcəm ki, sənə gətirim – qadın dedi.

Xose güldü və əlindəki əskini elə hərlətdi ki, sanki qadınla özü arasında gözəgörünməz bir şüşəni silir. Qadın da gülümsədi, amma bu dəfə sevinc hissi və naz ilə.. Xose piştaxtanı o biri başını silə-silə aralandı.

–         Nə etməliyəm? – Xose ona baxmadan soruşdu.

–         Səndən mənim bura saat neçədə gəldiyimi soruşan olsa, altıya on beş dəqiqə qalmış gəldiyimi deyəssənmi?

–         Niyə? – Xose sanki onu güclə eşidirmiş kimi yenə də baxmadan soruşdu.

–         Nə işinə?! – qadın dedi – Əsas odur ki, sən bunu edəsən.

Elə bu ərəfədə bir nəfər müştəri fırlanan qapıdan içəri girib küncdəki bir masaya doğru addımladı. Xose bunu görcək saata baxdı. Saat düz yeddinin yarısı idi.

–         Yaxşı, reyna– Xose dalğın görünürdü – Sən necə istəyirsən. Onsuz da həmişə sən necə istəyirsənsə, elə də edirəm.

–         Yaxşı – qadın dedi – onda mənə bir bifşteks hazırlayarsan?

Xose soyuducuya tərəf gedib bir boşqab ət çıxartdı və masanın üstünə qoydu. Sonra sobanı yandırdı.

–         İndi sənə vida bifşteksi hazırlayacam, reyna – dedi.

–         Çox sağol, pepilyo – qadın cavab verdi.

Qadın fikrə getdi. Sanki tutqun, anlaşılmaz və naməlum adamların məskunlaşdığı qəribə bir aləmdədir. Piştaxtanın o biri tərəfində təzə ətin çırtıldayan yağda necə səs elədiyini, Xose fileni tavada digər üzünə çevirərkən quru və xırda qovuqlu çartıldını eşitmədi, ədviyyat vurulmuş ətin iştaha açan və yavaş-yavaş restoranın havasına hopan ətrini hiss etmədi. Beləcə – qaradinməz, ağırlaşmış halda qaldı. Başını qaldıranda sanki ani ölümdən qayıdırmış kimi gözlərini qırpdı. Və bu zaman sobanın kənarında dayanmış və qalxan alovun işığı altında sezilən Xoseni gördü.

–         Pepilyo!

–         Hə – Xose cavab verdi.

–         Nə fikirləşirsən? – qadın soruşdu.

–         Fikirləşirəm ki, görəsən, hardasa ayı balası oyuncağını tapa biləssən – Xose dedi.

–         Əlbəttə, tapacam. Amma istəyirəm, mənə deyəsən görüm, bu vida günündə səndən nə xahiş etsəm, edəcəksənmi?

Xose sobadan boylandı:

–         Eyni sözü nə qədər demək olar? Yaxşı bir bifşteksdən başqa daha nəsə istəyirsən?

–         Hə – qadın cavab verdi.

–         Nə? – Xose soruşdu.

–         Daha bir on beş dəqiqə.

Xose saat baxmaq üçün arxaya çevrildi. Sonra küncdə sakitcə oturmağa davam edən müştəriyə və nəhayət tavada qızaran ətə baxdı. Və yalnız bu zaman dilləndi:

–         Mən heç nə başa düşmürəm, reyna – Xose dedi.

–         Axmaq olma, Xose. Sadəcə yadında saxla ki, mən saat altının yarısından burdayam.

*  Reina- kraliça. Burada qeyri-rəsmi müraciət forması olub: “gözəl”, “gözəlim” anlamını daşıyır.

** Pepillo – burada qeyri-rəsmi müraciət forması olaraq “oğlan” mənasını verir.

 

İspancadan tərcümə: Kamil İlqar Zeynalov

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , , , | Bir şərh yazın