Bir ər və arvadın macərası – İtalo Kalvino

italo-calvino-5

Arturo Massolari gecə növbəsində işləyirdi. İşi saat altıda bitirdi. Evə qayıdarkən yolu uzun olduğundan yaxşı havada velosipeddən, soyuq və yağışlı aylarda isə tramvaydan isifadə edirdi. Yeddiyə on beş dəqiqə qalmış, ən geci saat yeddidə evə çatırdı. Yəni, arvadı Elidenin zəngli saatı çalmazdan ya bir az əvvəl, ya da bir az sonra. Səhərin  dərin yuxusunda olarkən üst-üstə düşən iki səsi: Arturonun ayaq səsləri ilə, zəngli saatın səsini eşidib, o, üzünü bir neçə saniyə daha yastığa sıxardı. Sonra gözü yumlu, saçları gözlərinin üstünə tökülmüş şəkildə yataqdan ayağa qalxar və əllərini xələtinin cibinə salardı. Arturo işə apardığı çantasındakı əşyaları – termusu, yemək qabını, çıxarıb masanın üzərinə qoyarkən, Elide bu halda onun qarşısına çıxardı. Əri artıq sobanı yandırıb, qəhvəni onun üzərinə qoymuşdu. Arturo Elidanı görən kimi, o, əlini saçlarında gəzdirər, sanki, ərinin evə həmişə daxil olaraq onu səliqəsiz və yarı yuxulu görməsindən utanırmış kimi gözlərini geniş açardı. İkisi birlikdə yatanda isə başqa cür olurdu, çünki hər ikisi eyni vaxtda yuxudan ayılardılar. Bəzən isə zəngli saat çalmazdan bir dəqiqə öncə, Arturo yataq otağına əlində bir fıncan qəhvə ilə daxil olub onu oyadardı. Bu zaman hər şey daha təbii olurdu: yuxudan ayılan vaxt onun üz hərəkətləri tənbəllik şirinliyinə çevirilir, qalxıb uzanan çılpaq əllər Arturonun boynunda hərəkətsizləşərdi. Qucaqlaşardılar. Daha da yaxınlaşdıqca ərinin geyindiyi su keçirməyən gödəkçəsinin soyuq, yaxud nəm olmasından Elida havanın yağışlı, buludlu, yoxsa qarlı olmasını anlayardı.

Bununla belə yenə soruşardı:

–         Hava necədir?

O, isə başına gələn narahatlıqlardan söz açmayaraq yarı ironiya ilə ən sondan danışmağa başlayardı : velosipedlə necə gəldiyini, fabrikdən çıxarkən qarşılaşdığı havanın  bir gün öncə işə gedərkən olan havadan fərqindən, işdəki dənli bitkilərdən və idarələrindəki söhbətlərdən danışardı.

Bu vaxt ev çox isti olmasa da, Elide soyunmuş halda azca titrəyərək hamama keçib yuyunmağa başlayardı. Onun arxasınca da Arturo daha sakit halda hamama girər, paltarını soyunar və o da yuyunmağa başlayardı. Sakitcə belini fabrikin tozu və yağından təmizləyərdi. Beləcə hər ikisi yarıçılpaq, bir az da donmuş halda, bir-birini itələyərək, sabunu, diş pastasını bir-birinin əlindən alaraq və bir-birinə deməli olduğu sözləri deyərək, aradabir isə qucaqlaşmaq ilə sonlanan bel sürtməsini edərək  eyni əl-üzyuyanın ətrafında dayanardılar.

Ancaq anidən Elidə qışqırardı: – Ay da! Gör artıq saat neçədir! – və qaçıb tez-tələsik corab bağını,  ətəyini geyinərdi. Və artıq daraq saçı ilə gah aşağı, gah yuxarı qalxırdı, ağzında paltar sancağını sıxdığı üçün üzü şkafın güzgüsündə çıxıntılı görsənərdi. Arturo ağzında siqaret onun arxasınca gələrdi.  Ayaq üstə siqaret çəkərək ona baxardı və sadəcə dayanıb baxmaqdan başqa heç nə edə bilməmək onu narahat edərdi. Elide artıq hazır idi, dəhlizdə paltosunu geyinər, öpüşərdilər , qapını açar və artıq onun pilləkanlarda ayaq səsləri eşidilərdi. Beləcə Arturo evdə tək qalardı. İndi o Elidenin pillakanlardakı ayaq səslərini izləyirdi, nə vaxt ki, səs daha gəlmirdi , düşüncəsində onunla birlikdə qapıya,  sonra səkiyə , daha sonra tramvay dayanacağına qədər gedərdi. Tramvayın səsini daha yaxşı eşidirdi : dayanacağa yaxınlaşması, dayanması və minən hər sərnişinin ayaq səsləri. “Budur, artıq o da tramvaya mindi” , düşündü və arvadını qadınlı- kişili bütün işçiləri fabrikə aparan “11” nömrəli tramvayda – işçilərin arasında təsəvvür etdi. Siqareti söndürdü, pəncərəni bağladı və səhərin alaqaranlığında  yatağa girdi.

Yataq elə Elide qalxanda qoyduğu kimi idi, amma Arturonun yatdığı tərəf  səhər düzəldilmiş kimi səliqəli olurdu. O, əvvəlcə öz tərəfində uzanar, sonra bir ayağını arvadının hənirtisinin getmədiyi tərəfə uzadar, sonra digər ayağını da uzadaraq yavaş-yavaş yatağın Elidenin bədənin izi hələ də qalan hissəsinə keçər və üzünü onun qoxusunu hiss etdiyi yastığa qoyardı.

Elide axşam evə qayıdanda Arturo bir az əvvəldən oyanıb otaqlarda gəzişərdi: qaz sobasını yandırıb, üzərinə bişməsi üçün nə isə qoymuş olardı. Axşam yeməyindən öncə yatağı düzəltmək, evi süpürmək, hətta yuyulmalı paltarları hamama aparmaq kimi bəzi işləri o görərdi.  Elide onun gördüyü işlərin səliqəsini bəyənməzdi, buna görə də Arturo bu işləri görmək üçün artıq güc sərf etməzdi. Onun etdiyi axşam saatlarında – küçədə işıqların yanmağa başladığı zaman, digər qadınlar kimi məhəllədəki mağazalardan alış-veriş edib evə qayıdan həyat yoldaşını dörd divar arasında gözləmək üçün başını qatmaq idi.

Axır ki, onun pilləkandakı ayaq səslərini eşidərdi. Amma bu səhərkindən fərqli olaraq daha ağır addımlar idi, çünki Elide işdən yorğun qayıdırdı.  Arturo pilləkanlara çıxıb onun əlindəki zənbilləri götürər və onlar danışaraq birlikdə evə daxil olardılar.  Əri zənbilləri boşaldarkən Elide paltosunu çıxarmadan mətbəxdəki stulların birində oturardı.

–         Qalxım sənə kömək edim – deyib, paltosunu çıxarar, ev paltarını geyinərdi.

Sonra ikisi də birlikdə axşam yeməyini, Arturonun gecə saat birdə olacaq fasilə üçün yeməyini, səhəri gün Elidenin işə aparacağı səhər yeməyini hazırlamağa başlayardılar.

Elide bir az ərinə kömək edər, bir az samandan hazırlanmış kresloda oturub ona nə etməli olduğunu deyərdi. Arturo əvvəlcədən dincəldiyi üçün bütün işləri görmək istəyərdi amma fikri başqa yerdə olduğundan dalğın olurdu. Belə anlarda sözlə dalaşmaq, bir-birlərinə kobud ifadə etmək dərəcəsinə çatardılar. Çünki Elide onun gördüyü işə daha  diqqətli yanaşmasını, yaxud özünə daha yaxın olmasını, daha çox dəstək olmasını istəyirdi.

Amma Arturo arvadının evə qayıtma sevinci keçdikdən sonra, ağlı evdən kənarda olardı, gedəcəyi üçün tələsməli olduğunu düşünərdi. Masa hazır olduqdan, hər şeyi, bir daha qalxmamaq üçün masaya qoyduqdan sonra, hər ikisini çox az bir yerdə olmağın təəssüfü bürüyərdi və hətta beləcə əl- ələ  tutub oturmaq istəyi qaşığı ağızlarına aparmağa mane olardı.

Amma hələ kofesini tam içib qurtarmamış, Arturo velosipedinin arxasına keçib hər şeyin yerində olub-olmadığını yoxlayardı. Daha sonra qucaqlaşardılar. O, yalnız indi anlayırdı yoldaşının necə yumşaq və hərarətli olduğunu. Az keçməmiş velosipedi çiyninə keçirib pillakanlarla aşağı düşədi.

Elide qabları yuyar, evi başdan ayağa süzər, ərinin gördüyü işlərə başını yelləyərdi. O, isə artıq az saylı lampaların olduğu qaranlıq küçələrlə irəliləyirdi, bəlkə də artıq hava qazı deposunu keçmişdi.  Elide işıqları söndürüb yatağa girdi. Ərinin hənirtisini hiss etmək üçün bir ayağını onun tərəfinə uzadardı amma hər dəfəsində anlayardı ki, özünün yatdığı hissə daha istidir. Beləcə ərinin də onun tərəfində yatdığını bilib xoşbəxtlik hissinə qərq olardı.

 

İtalyan dilindən tərcümə etdi: Abuzər Cəfərov

 

 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , , , , | Bir şərh yazın