AGTA Bədii Tərcümə Mərkəzinin üzvü, Ernest Heminqueyin “Fiesta” əsərinin tərcüməçisi Tamella Abdıyevanın tərcüməsində Ernest Heminqueyin “Ağ fillərə bənzəyən təpələr” adlı hekayəsini təqdim edirik.
Ebro vadisi boyunca uzanan təpələr uzun və bəyaz idi. Bu tərəflərdə nə bir kölgəlik, nə də bir ağac var idi. Dayanacaq isə günün altında, relslərin arasında yerləşirdi. Dayanacağın qarşı tərəfinə binanın və milçəklərdən qorunmaq üçün barın qapısından asılmış bambuk və muncuqlardan hazırlanmış pərdənin kölgəsi düşürdü. Amerikalı gənclə bir qız binanın həyətində, kölgəlikdə oturmuşdular. Hava çox isti idi və qatar qırx dəqiqəyə Barselonadan gələcəkdi. O, bu yol ayrıcında iki dəqiqə fasilə edəcək, daha sonra Madridə yola düşəcəkdi.
– Nə içək? – qız soruşdu. O, şlyapasını çıxardı və stolun üstünə qoydu.
– Hava çox istidi, – oğlan dedi.
– Gəl, onda pivə içək.
– Dos cervezas, – oğlan içəri səsləndi.
– Böyük? – qadın qapının ağzından soruşdu.
– Bəli. İki böyük bakal, zəhmət olmasa.
Bir az sonra, qadın əlində iki bakal pivə və bakal altlığı ilə onlara yaxınlaşdı. O, bakal altlığını və bakalları stolun üstünə qoyub, cütlüyə nəzər saldı. Qız təpəliklərin cığırlarına tərəf gözünü zilləmişdi. Təpələr günəşdə bəyaz, kənd isə qəhvəyi və boz görünürdü.
– Onlar ağ fillərə bənzəyir, – qız dedi.
– İndiyə qədər belə şeyə rast gəlməmişəm, – oğlan pivəni başına çəkdi.
– Belə deyil.
– Belədir, – oğlan dedi.
Qız muncuq pərdəyə baxırdı.
– Pərdənin üstünə nəsə çəkilib, – qız dedi. -Ora nə yazılıb?
– Anis del Toro. Bu, içki adıdır.
– Bəlkə dadına baxaq?
Oğlan içəri səslənərək, ofisiantı çağırdı. Xidmətçi qadın ənənəyə sadiq qalaraq onlara yaxınlaşdı.
– Dörd real.
– Bizə iki bakal Anis del Toro gətirin.
– Su ilə ya susuz?
– Necə istəyirsən?
– Düzü, bilmirəm, – qız dedi, -səncə, hansı yaxşıdır?
– Məncə, su ilə.
– Su ilə istəyirsiniz? – qadın soruşdu.
– Bəli, su ilə olsun.
– Bu ki biyan dadır, – qız dedi və bakalı stolun üstünə qoydu.
– Ətrafımızdakı hər şey kimi.
– Hə, elədir, – qız dedi. -Hər şey biyan dadır. Xüsusilə də, uzun müddət gözlədiyimiz şeylər, lap absent* kimi.
– Yaxşı, söhbəti bağlayaq.
– Sən özün başladın, görürsən ki, əylənməyə çalışıram.
– Onda, gəl vaxtımızı daha əyləncəli keçirməyə çalışaq.
– Yaxşı, çalışacam. Görürsən, dağlar necə də ağ fillərə bənzəyir? Səncə, onlar parlaq deyil?
– Parlaqdır.
– Mən bu içkinin dadına baxmaq istədim. Əlimizdən gələn yalnız budur – ətrafa baxmaq və yeni içkilər dadmaq.
– Səninlə razıyam.
Qız yenidən təpələri seyr edərək xəyala daldı.
– Onlar çox qəşəngdir, – qız dedi, – əslində heç ağ fillərə bənzəmirlər. Sadəcə onlar ağacların arasından parıldayır. Bəlkə, başqa bir şey içək?
– İçək.
İsti külək muncuq pərdəni stola sarı yellədirdi.
– Pivə sərin və dadlıdır, – amerikalı dedi.
– Hə, dadlıdır.
– Ciq, bu həqiqətən çox sadə bir əməliyyatdır, – oğlan dedi, – buna heç əməliyyat da demək olmaz.
Qızın qulağı onda olsa da, gözləri stolun ayaqlarına zillənmişdi.
– Mən bilirəm ki, sən etiraz etməyəcəksən, Ciq. Burada qorxulu bir şey yoxdur. Sadəcə kiçik bir əməliyyatdır.
Qız sakitcə ona qulaq asırdı.
– Söz verirəm, səninlə gedəcəm və ömrümüzün axırınadək birlikdə yaşayacağıq. Sadəcə bir az cəsarət lazımdır, bu çox sadədir.
– Yaxşı, bəs sonra?
– Sonra hər şey yaxşı olacaq, lap keçmiş günlərdə olduğu kimi.
– Niyə axı belə fikirləşirsən?
– Bu yeganə şeydir ki, bizə mane olur. Xoşbəxtliyimizə mane olan tək şey budur.
Qız pərdəyə baxır, muncuqları əlinə keçirmək üçün qollarını pərdəyə sarı uzadırdı.
– Deməli, fikirləşirsən ki, sonra hər şey düzələcək və biz xoşbəxt olacağıq.
– Mən buna əminəm. Yetər ki, qorxma. Bunu etmiş onlarla insan tanıyıram.
– Mən də onlardan biri, – qız dedi, – yəqin, hamısı sonra xoşbəxt olublar.
– Yaxşı, – oğlan dedi, – əgər istəmirsənsə, məcbur deyilsən. Səni istəmədiyin bir işi görməyə məcbur edə bilmərəm. Amma bilirəm ki, bu çox sadə bir işdir.
– Doğurdan bunu etməyimi istəyirsən?
– Məncə, ən yaxşı yol budur. Ancaq, istəmirəm ki, ürəksiz edəsən.
– Əgər etsəm, hər şey əvvəlki kimi olacaq? Xoşbəxt olacaqsan? Məni sevəcəksən?
– Mən indi də səni sevirəm. Özün də bunu çox yaxşı bilirsən.
– Hə, bilirəm. Demək, dediyini etsəm hər şey düzələcək və mən nə desəm razılaşacaqsan?
– Mən indi də razıyam, sadəcə bunu ağlıma belə gətirə bilmirəm. Özün də bilirsən ki, mən narahat olanda necə oluram.
– Dediyini etsəm, daha heç vaxt narahat olmayacaqsan?
– Mən onsuzda buna görə narahat deyiləm, çünki çox asan bir işdir.
– Onda, belə də edəcəm. Çünki, özümü fikirləşmirəm.
– Bu nə deməkdir?
– Deyirəm ki, özüm haqqında fikirləşmirəm.
– Amma mən fikirləşirəm.
– Hə, əlbəttə. Bunu edəcəm və hər şey sən istədiyin kimi olacaq.
– Əgər bu cür fikirləşirsənsə, etmə.
Qız ayağa qalxdı və vağzalın sonuna doğru irəlilədi. Qarşı tərəfdə, Ebro çayının sahilləri boyunca uzanan taxıl tarlaları və ağaclar göz oxşayırdı. Lap uzaqda, çayın arxasında isə dağlar görünürdü. Buludların kölgəsi tarlaya doğru iməklədikcə, ağacların arasından çay daha aydın görünürdü.
– Bunlar bizim ola bilərdi, – qız dedi, – ancaq, indi hər şey gün keçdikcə daha da əlçatmaz olur.
– Sən nə dedin?
– Deyirəm ki, bizim hər şeyimiz ola bilərdi.
– Belə də olacaq.
– Yox, artıq mümkün deyil.
– Bütün dünya bizim olacaq.
– Elə deyil.
– İstədiyimiz hər yerə gedə biləcəyik.
– Yox. O, artıq bizim deyil.
– Bizimdir.
– Elə deyil. İtirilən bir şey, geri qayıtmır.
– Biz heçnə itirməmişik.
– Onu bilmək olmaz.
– Gəl, kölgəyə qayıdaq, – amerikalı gənc dedi. – Sən bu cür fikirləşməməlisən.
– Mən heç nə fikirləşmirəm. Necə var, elə də deyirəm.
– Razı olmaram ki, istəmədiyin bir şeyi edəsən.
– Bilirəm ki, mənim üçün yaxşı olmayacaq, – qız dedi, -mən yenə pivə istəyirəm.
– Yaxşı, amma sən başa düşməlisən ki …
– Mən hər şeyi başa düşürəm. Olar, daha bu barədə danışmayaq?
Onlar yenidən stol ətrafında əyləşdilər və qız vadinin boz tərəfindəki təpəliklərə doğru gözlərini zillədi. Oğlan isə gah qıza, gah da stola baxırdı.
– Sən başa düşməlisən ki, – o yenidən sözə başladı, – istəmədiyin bir şeyi etməyini istəmirəm. Əgər, bunun sənin üçün az da olsa mənası varsa, mən qəbul etməyə hazıram.
– Demək, sənin üçün heç bir mənası yoxdur?
– Əlbəttə, var. Ancaq, mən səndən başqa heç kəsi istəmirəm. Artıq heç kəs, yalnız və yalnız sən. Bu çox sadə işdir.
– Əlbəttə, demək çox asandır.
– Bu, doğurdan da belədir.
– Mənim üçün bir şey edə bilərsən?
– Ürəyin nə istəsə.
– Çox, çox, çox xahiş edirəm, yalvarıram sənə, sus.
O, daha heçnə demədi və gözlərini divara söykənmiş çantalara dikdi. Çantaların üstündə onların birlikdə qaldığı bütün mehmanxanaların yarlıqları var idi.
– Ancaq, mən istəmirəm ki…, – oğlan dedi, – bu mənim heç vecimə də deyil.
– Bu dəqiqə qışqıracam!
Bardakı qadın əlində iki pivə bakalı ilə pərdədən keçərək onlara yaxınlaşdı və pivələri stolun üstünə qoydu.
– Qatar beş dəqiqəyə gələcək, – qadın dedi.
– O nə dedi? – qız soruşdu.
– Deyir ki, qatar beş dəqiqəyə burada olacaq.
Qız öz minnətdarlığını bildirmək üçün qadına gülümsədi.
– Yaxşısı budur, çantaları vağzalın o biri tərəfinə aparım, – oğlan dedi.
Qız razılıq əlaməti olaraq ona gülümsədi.
– Yaxşı, sonra qayıt, pivələrimizi içib qurtaraq.
Amerikalı iki ağır çantanı ehmalca qaldırdı və onları o biri relsə aparmaq üçün addımladı. O, relslərə tərəf baxdı ancaq, qatar hələ görünmürdü. Geri qayıdanda isə qatar gözləyən adamların vaxt öldürmək üçün toplaşdığı barın içindən keçdi. O, burada Anis içdi və ətrafdakı insanlara nəzər saldı. Hərə bir səbəbdən qatar gözləyirdi. Nəhayət, amerikalı muncuq pərdədən keçərək bayıra çıxdı. Ciq, həmin yerdə oturmuş və ona gülümsəyirdi.
– Yaxşısan? – oğlan soruşdu.
– Yaxşıyam, – qız dedi, -heçnə olmayıb. Hər şey yaxşıdır.
*absent- spirtli içki
İngilis dilindən tərcümə etdi: Tamella Abdıyeva
Ernest Heminqueyin “Fiesta” əsərini əldə etmək üçün aşağıdakı linkə baxın:
https://www.facebook.com/events/944266855626887/