XX əsrin tanınmış mütəfəkkirlərdən sayılan, filosof, tarixçi-mediavist, yazıçı Umberto Eko 19 fevral tarixində yerli saatla 22.30 radələrində yaşadığı evdə vəfat etmişdir. “Gülün adı”, “Praqa məzarlığı”, “Ərəfə adası” kimi əsərlərin müəllifi olan Eko, həmçinin semiotika sahəsində də tədqiqatçı kimi məşhur idi.
AGTA Bədii Tərcümə Mərkəzi Abuzər Cəfərovun yazıçının vəfatı münasibəti ilə italyan dilindən tərcümə etdiyi “Ölümə özünü necə hazırlamalı” məqaləsini təqdim edir. Qeyd edək ki, bu məqaləni Umberto Eko 1997-ci ildə “Espresso” jurnalı üçün yazıb.
Bilmirəm, dediyim nə dərəcədə orijinal məsələdir, amma insan cəmiyyətini düşündürən ən böyük problemlərdən biri də ölümlə necə üzləşməkdir. Elə düşünülə bilər ki, bu problem ancaq inancı olmayanlar üçün çətindir (axı ölümdən sonra bizi gözləyən “heç nə” ilə necə üzləşmək olar?) amma statistika göstərir ki, bu məsələ ölümdən sonra həyatın var olduğuna ürəkdən inanan və ölümdən sonrakı həyatı özü-özlüyündə xoşagəlimli, onu tərk etməyi isə lazımsız hesab edən, ölümdən sonrakı həyatı səbirsizliklə gözləyib amma mələklərin dəstəsinə gec qoşulmaq istəyən bir çox inanclıları da narahat edir.
Bu yaxınlarda bir fikirli (Kritone adlı) şagird məndən soruşdu: “Müəllim, insan özünü ölümə necə hazırlamalıdır?” Cavab verdim ki, ölümə hazırlaşmağın yeganə yolu, bütün digər insanların sarsaq olduğuna inanmaqdır.
Kritonenin təəccübünə qarşılıq olaraq izah etməyə başladım : “Bax, hətta inanclı biri olsan belə, sən öldükdən sonra gənclərin diskotekada rəqs edib əyləndiyini, işıqlı alimlərin kosmosun yeni sirlərini öyrəndiyini, pula satılmayan siyasətçilərin daha yaxşı cəmiyyət qurduğunu, qazetlərin və televiziyaların yalnız əhəmiyyətli xəbərlər verdiyini, məsuliyyətli sahibkarların ətraf mühiti çirkləndirməkdən narahat olduğunu və axar suların yenidən içməli olmasına səy göstərdiklərini, meşə yamaclarının, açıq səmaların və təmiz havanın tədbirli ozon qatı tərəfindən qorunduğunu, qabarıq buludların artıq daha şirin yağışlar yağdırdığını düşünsən ölümü necə asan qəbul edə bilərsən? Bütün bu gözəl şeylər baş verərkən sənin daha olmayacağını düşünmək insanı incidər.
Amma çalış əmin olasan ki, sənin tərk etməkdə olduğun bu diyar (altı milyard insan) sarsaqlardan ibarətdir. Düşün ki, diskotekada rəqs edənlər sasaqdırlar, kosmosun sirrinə bələd olduğunu düşünən alimlər sarsaqdırlar, bizim xəstəliklərimizə dərman olmağa çalışan siyasətçilər sarsaqdırlar, səhifə-səhifə marjinal axmaq qiybətlər yazanlar sarsaqdırlar, planeti korlayan qatil istehsalçılar sarsaqdırlar. Bu zaman bu sarsaqlar diyarını tərk etdiyin üçün daha xoşbəxt, daha rahat, daha məmnun olmazsanmı?”
Kritone bu zaman mənə daha bir sual verdi: “ Müəllim, nə zaman belə düşünməyə başlamalıyam?” Ona cavab verdim ki, belə düşünməyə tez başlamaq olmaz, çünki kimsə iyirmi və ya otuz yaşında hər kəsin sarsaq olduğunu düşünsə, onun özü elə sarsaqdır və o heç zaman müdrik ola bilməz. Bu yaşlarda digərlərinin bizdən daha yaxşı olduğunu düşünmək, qırx yaşlarına çatdıqca yavaş-yavaş şübhələnməyə başlamaq, əlli – altmış yaş arasında şübhələri daha da artırmaq və yüzə doğru addımlayarkən artıq əmin olmaq lazımdır.
Ətrafındakı hər kəsin (altı milyardın) sarsaq olduğuna özünü inandırmaq elə incə sənətdir ki, bunu heç qulağı (və ya burnu) sırğalı Cebete (V əsrdə yaşamış yunan filosofu –tərc.) də bacarmazdır.. Bunun üçün çalışmaq və əziyyət çəkmək lazımdır. Zamanın axarını sürətləndirmək də lazım deyil. Sadəcə rahat ölə biləcəyin doğru zamana çatmaq lazımdır. Yox əgər bir gün əvvəl düşünsək ki, sevdiyimiz və ya həsəd apardığımız hər hansısa bir insan həqiqətən də sarsaq deyil, o zaman onun da hər hansısa bir gün sarsaqlıq etdiyini xatırlamaq lazımdır. Bax, o zaman ölmək olar.
Beləliklə, bu böyük sənət hadisələri gözdən keçirməklə, hər gün kütləvi informasiya vasitələrini, özündən razı müğənniləri, qayğısız siyasətçiləri, qiyaməti tənqid edən filosofları, xarizmatik qəhramanların aforizmlərini izləməklə, teoriyaları, təklifləri, müraciətləri, şəkilləri, görünüşləri incələməklə düşüncəni inkişaf etdirməkdən ibarətdir. Yalnız o zaman, sonda, sənə böyük vəhy gələcək ki, hər kəs sarsaqdır. Bu zaman artıq sən ölümlə üzləşməyə hazır olacaqsan.
Sona qədər bu davamlı daxili inqilaba dözməli olacaqsan və insanların bu kitab digərindən yaxşıdır və yaxud bu lider həqiqətən də xalqının yaxşılığını istəyir deməsi sənin üçün sensasiyalı açıqlamalar olacaq.
Təbii ki, insanlar, əsasən də bizim kimi insanlar hər kəsin sarsaq olması fikrini rədd edirlər, yoxsa yaşamağın daha nə mənası var idi? Amma sonda, bu fikri qəbul edəndən sonra, nə üçün ölməyə dəydiyini (daha doğrusu, ölməyin necə möhtəşəm olduğunu) anlayacaqsan.
Bu dediklərimdən sonra Kritone mənə dedi: “Müəllim, tələsik qərar vermək istəməzdim, amma daxilimdə bir şübhə baş qaldırdı ki, siz sarsaqsınız”. “Görürsən” , dedim, “artıq doğru yoldasan.”
Espresso 12 iyun 1997
İtalyan dilindən tərcümə etdi: Abuzər Cəfərov