“Böyük qanadlı qoca” Gabriel Garcia Marquez

Gabriel-Garcia-Marquez-Öldü-Haberi

Artıq üç gün idi ki, yağış dayanmadan yağırdı. Onlar evin içində çoxlu yengəc öldürmüşdülər. İndi Pelayo su içində qalmış həyətdən keçərək ölü yengəcləri dənizə atmağa aparırdı. Onların yeni doğulmuş körpəsi qızdırma içində alışıb yanırdı. Bunun evdə ölü yengəclərin yaratdığı üfunətə görə olduğunu düşünürdülər. Çərşənbə axşamından bəri dünya qəribə bir hüzn içində idi. Sanki dənizlə səma əlbir olub qaraya bürünmüşdülər. Mart ayında günəş kimi bərq vuran sahil qumları indi heyvan qalıqları qarışmış palçıqdan başqa bir şey deyildi. Günün günorta çağı işıq o qədər zəif idi ki, Pelya yengəcləri dənizə tullayıb evə qayıdanda ayağının altında qalıb zarıldayan şeyin nə olduğunu seçə bilmədi. Lap yaxına gəldikdən sonra gördü ki,ayağının altında çabalayan üzü üstə palçığa yıxılıb qalmış qoca bir kişidir.Dəhşətli cəhdlərinə baxmayaraq yöndəmsiz nəhəng qanadlar ayağa durmağa imkan vermirdi.

Gördüyü kabusdan qorxuya düşən Pelayo arvadı Elisendanı çağırmaq üçün evə qaçdı. Evə gələndə arvadı xəstə uşağın alnına yaş dəsmal qoyurdu. Pelayo vaxt itirmədən arvadını götürüb evin arxasına qayıtdı. Hər ikisi bir söz demədən uzun müddət yıxılıb qalmış bu əcaib varlığa təəccüb içində baxdılar. Onun keçəl kəlləsində bir neçə ağ tük, ağzında isə bundan da az olan bir neçə dişi vardı. İslanmış zavallı baba görkəmi onun müdrik görkəminə bir kölgə salırdı. Sar qanadlarına bənzər nəhəng,yolunmuş qanadlar sanki onu əbədi olaraq palçığa pərçimləmişdir. Uzun uzadı baxışdan sonra Pelayo və Elisenda təəccüblərini bir kənara qoyub ona yaxınlaşmaq qərarına gəldilər.

Cəsarətlərini toplayıb onunla danışdılar da. O, güclü dənizçi səsi ilə anlaşılmayan bir ləhcədə danışırdı. Bu səs onları yuxudan ayıltdı sanki. Qanadları bir kənara qoyub ağıllı mülahizələr yürütməyə başladılar. Bu sadəcə tufanda qəzaya uğramış zavallı,əcnəbi dənizçi idi. Bununla belə, həyat və ölüm barəsində hər şeyi bilən müdrik qonşu qadını çağırdılar. Onların harda səhv etdiyini görsətmək üçün bu qadının bircə baxışı kifayət idi.

“ O, mələkdir.”- qadın dedi, “Yəqin ki,sizin körpəniz üçün gəlib. Lakin zavallı çox qoca olduğu üçün yağış onu əldən salıb.”

Növbəti gün artıq hər kəs Pelayonun evində canlı bir mələyin əsir saxlanıldığından danışırdı. Mələklərin ilahi sui-qəsdən qaçaraq canını qurtarmış varlıqlar olduğunu düşünən qonşu qadından fərqli olaraq,bu zavallını ölümün pəncəsində qoyub getməyə onların ürəyi gəlmədi. Pelayo dəyənəyi əlində gün boyu mətbəxin pəncərəsindən onu izlədi. Yatmağa getməzdən əvvəl onu palçıqdan dartıb çıxartdı və məftildən hasarı olan toyuq hinində bağladı. Gecə yarı yağış kəsəndə Pelayo ilə Elisenda hələ də yengəc öldürməklə məşğul idilər. Çox keçmədi ki, körpə də yuxudan ayıldı. Onun qızdırması düşmüş,iştahası düzəlmişdir. Ürəklərinə mərhəmət hissi gələn cütlük onu üç günlük təmiz su və azuqə ilə birgə bəndin kənarına qoyub talehin ümidinə buraxmaq qərarına gəldilər. Lakin sübh çağı günəşin ilk işartısı görünər-görünməz həyətə çıxanda bütün qonşuların toyuq hininin önünə toplaşdığını gördülər. Adamlar azacıq da olsa belə pərəstiş hissi olmadan mələklə əylənirdilər. Sanki bu fövqəltəbii bir varlıq yox adi bir sirk heyvanı idi. Məftilin arasından ona yemək tullayırdılar.

Kənddə gəzən qəribə xəbərdən təşvişə düşən Keşiş Gonzaga saat yeddi olmamış artıq Pelayogilin həyətində idi. Sübh tezdən həyətə toplaşanlarla müqyisədə nisbətən məntiqli olan inidi gələnlər bu zavallı əsrin gələcək taleyi barəsində hər cür fərziyyələr yürüdürdülər. Onlardan ən sadəlövhləri fikirləşirdilər ki, bu varlıq dünyanın başçısı elan olunmalıdır. Nisbətən soyuqqanlı olanlara görə isə bütün müharibələrdə qələbə çalmaq üçün onu beş ulduzlu general rütbəsi ilə təltif etmək vacib idi. Bəzi xəyalpərəstlər isə ümid edirdilər ki, Yer üzündə bəşəriyyətin mühakiməsini yürüdəcək qanadlı müdrik insanlar nəsli yaratmaq üçün bu yaratığı damazlıq kimi saxlamaq lazımdır.

Keşiş olmazdan əvvəl qolu qüvvətli odunçu olmuş Gonzaga Ata məftillərin yanında dayanaraq tələm tələsik öz duasını oxudu və bəzəkli cücələr arasında qoca toyuq kimi görünən bu yazıq məxluqa daha yaxından baxmaq üçün hininin qapısını açmağı xahiş etdi. Mələk sübh ziyarətçilərinin tulladığı meyvə qabıqları arasında uzanaraq bir küncdə günəşin şüaları altında qanadlarını qurudurdu. Gonzaga Ata toyuq hininə girib ona Latınca salam verəndə dünya əhlinin sırtıqlığından bixəbər olan bu əcnəbi varlıq sadəcə füsunkar gözlərini yuxarı qaldıraraq dodağının altında nə isə mırıldandı. Onun Allahın dilini anlamamasını görəndə keşişin ürəyinə onun fırıldaqçı olmağı barəsində soyuq bir şübhə doldu. Lap yaxından baxdıqdan sonra keşiş onun insana daha çox bənzədiyini gördü. Ondan dözülməz üfunət qoxusu gəlirdi. Qanadlarının altında qurdların qaynaşması azmış kimi Yer küləkləri də lələklərini bir yandan yolub tökmüşdür. Onda mələyə məxsus heç bir əlamət yox idi. Hindən çıxıb qısa mohizə oxuyan keşiş hər şeyi bilməyə can atan adamlara bu qədər saf olmamağı məsləhət gördü. O, çaxnaşma yaratmanın şeytan əməli olduğunu xatırlatdı. Şeytanın da sirk ustaları kimi hoqqabazlıq edərək insanları yoldan çıxarması kimi vərdişləri olduğunu camaata dedi. Sonda isə belə bir iddia irəli sürdü:

“ Əgər qanad tərlan ilə təyyarəni fərqləndirən əsas amil deyilsə,demək ki,bu varlığın mələk olduğunu da sübut edən əsas göstərici deyil.”

Bununla belə, o söz verdi ki,baş keşişə məktub yazacaq. Ali məhkəmədən yekun hökm almaq üçün isə baş keşiş arxiyepiskopa , o da öz növbəsində Roma Papasına məktubla müraciət edəcək.

Onun bu uzaqgörənliyi sadəlövh ürəklərə yağ kimi yayıldı. Mələyin əsir saxlanılması xəbəri o qədər sürətlə yayıldı ki,bir neçə saatdan sonra həyət bazar meydanını xatırlatmağa başladı. Hətta evi dağıdıb tökən camaatı qovmaq üçün ev sahibləri silahlı keşikçilər çağırmağa məcbur oldular. Həyətdəki zirzibili təmizləməkdən bezən Elisenda və əri həyəti çəpərləmək qərarına gəldilər. Indi mələyi görmək istəynlər adambaşına beş sent ödəməli idilər.

Getdikçə ziyarətçilərin sayı artırdı. Adamlar müxtəlif məqsədlər üçün buraya axışırdı. Elə bu vaxt hardansa kəndirbaz dəstəsi gəlib çıxdı. Adamların başı üzərində ora bura vurnuxan uçan kəndirbaz heç kimin vecinə deyildi. Daha çox yarasanı xatırladan bu kəndirbazın qanadları əsirlikdəki mələyin qanadlarına heç də bənzəmirdi. Şəfa axtarışında olan şikəstlər,ölümcül xəstələr bu həyətə axışırdı. Onların arasında uşaqlıqdan bəri ürək döyüntülərini sayıb elmə bəlli bütün ədədləri bitirən qoca aqadın,ulduzların səsindən yata bilməyən portuqaliyalı,səhərlər düzəltdiyi əşyaları gecəyarı durub sındıran lunatik və bu cür xəstəliklərdən əziyyət çəkən yüzlərlə insan vardır.

Bir gəmi qəzasının gətirdiyi bu fəlakət bütün kainatı sirkələdiyi vaxtda Pelayo və Elisenda öz talelərindən xeyli məmnun idilər. Bir həftənin içində bir otaq pul yığmışdılar. Hələ də çəpərin arxasında mələyi görməyə gələn minlərlə ziyarətçi növbə gözləyirdi.

Bütün bu hadisələrdən kənarda qalan isə elə mələyin özü idi. Bütün bu vaxt ərzində o, qəfəsin ətrafına düzülmüş neft lampalarının və şamların tüstüsündən keflənərək dar yuvasında rahatlanmağa çalışırdı. Ilk olaraq ona güvə dərmanı yedirməyə çalışmışdılar. Qonşu müdrik qadına görə bu mələklər üçün yaradılmış bir qida idi. Lakin o, güvə dərmanını yeməkdən imtina etmişdir. Kimsə heç vaxt onun bunu nə üçün etdiyini bilmədi. O, mələk olduğu üçünmü bunu etmişdir,yoxsa həqiqətdə sıyıqdan başqa heç nə yeyə bilməyən qoca kişi idi bu varlıq?!  Onun ilahi məxluq olmasına dair bircə əlamət var idi. Bu da onun tükənməyən səbri idi.  Xüsusi ilə, ilk günlərdə toyuqlar onun qanadında qaynaşan soxulcanları dimdikləyəndə və ayağa qalxsın deyə adamlar onu daşa basanda çox səbirli idi. Onu cəmi bircə dəfə ayağa qaldıra bildilər. Beləki, uzun müddət hərəkətsiz qaldığı üçün onun öldüyünü düşünürdülər. Bunu yoxlamaq üçün öküzləri damğaladıqları qızdırılmış dəmiri onun ətinə basdılar. O, yerindən sıçrayıb qalxdı. Öz dilində danışmağa və ağlamağa başladı. Qanadlarını bir neçə dəfə çırpdı. Bu çırpıntı özü ilə ətrafa toyuq peyni ilə qarışmış toz burulğanı,ürəklərə isə dəhşətli qorxu fırtınası gətirdi. Sanki o bu dünyadan olmadığını sübuta yetirirdi. Lakin bir çoxları düşündü ki, bu qəzəbdən ya hikkədən irəli gələn reaksiya yox, sadəcə ağrı hissinə cavab idi. Daha heç kimin onu narahat etməyə

cəsarəti çatmadı. Onun sakitliyi qəhrəmanın dincəlməsi deyildi. Fırtına qoparmağa hazırlaşan dənizin sakitliyi idi.

Bu varlıq barəsində yekun rəyi gözləyən Keşiş Gonzaga qulluqçusunun ilhamlandırıcı tərifləri ilə camaatın ağılsız mülahizələrinə uymamağa çalışırdı. Lakin Roma cavab verməyə tələsmirdi. Onlar məhbusun göbəyinin olub olmaması, onun ləhcəsinin Aramik dialekti ilə əlaqəli olub olmaması, bu varlığın mismarın başına neçə dəfə dəqiq zərbə vura bilməsi, yaxud onun qanadlı norveçli olub olmaması kimi vacib məqamları araşdırırdılar. Bu günlər ərzində Pelayonun həyətinə gələnlər arasında ən çox marağa səbəb olan qəribə bir qadın oldu. O, valideynlərinin sözündən çıxdığı üçün hörümçəyə çevrildiyini iddia edirdi. Onu görmək istəyənlərin sayı mələyi görməyə gələnlərdən heç də az deyildi. Ondan bu inanılmaz hadisə barəsində istənilən hər şeyi soruşmaq olardı. Onun başına gəlmiş bu faciyəyə şübhə etməmək üçün onu təpədən dırnağa yoxlamaq da olardı. O, üzgün qız başlı qoç boyda nəhəng hörmçək idi. Lakin insanların ürəyini parçalayan onun xarici görnüşü yox, öz hekayəsini olduqca inandırıcı danışması idi. Belə ki, o uşaq olarkən evdən icazəsiz qaçaraq rəqsə gedir. Bütün gecə rəqs edir. Meşə ilə geri qayıdanda dəhşətli şimşək çaxır və səmada böyük bir dəlik əmələ gəlir. Bu dəlikdən çıxan yanar daş onu hörümçəyə çevirir. O, ancaq xeyirxah insanların onun ağzına atdığı xırda küftələrlə qidalanırdı. Bu cür insani həqiqətlərlə zəngin tamaşalar, çətinki, fanilərə baş qoşa biləcək lovğa mələyin adına kölgə salmaq üçün fikirləşilmiş idi. Bundan başqa,görmə qabiliyyətini bərpa etmək üçün mələyin yanına gəlmiş qocanın göz əvəzinə təzə üç dənə diş çıxarması, yerimək ümidi ilə gələn şikəstin loteriyada udması, cüzəm xəstəsinin yaralarından günəbaxan tumlarının cücərməsi insanlar üçün mələyin möcüzəsi idi. Daha çox zarafata bənzəyən bu möcüzələr hörümçək qadının mələyin şöhrətini üstələməsinə təkan verdi. Bununla da Gonzaga Atanın yuxusuz gecələrdən canı qurtuldu. Pelayonun həyəti isə əvvəlki sakitliyinə qovuşdu.

Lakin ev sahiblərinin gileylənməyə haqları yox idi. Qazandıqları pul ilə özlərinə iri eyvanlı,bağ-bağçalı üç mərtəbəli ev tikmişdilər. Hətta yengəclər həyətə dolmasın deyə evin ətrafına hündür tor çəpər çəkmişdilər. Pelayo məhkəmə icraçısı olmaqdan imtina edib şəhərin yaxınlığında dovşan fermsı açdı. Elisenda indi həmin dövrün kübar xanımlarının geydiyi parıltılı ipək donlar, hündür daban atlaz ayaqqabılar geyinirdi. Dəyişməz qalan isə köhnə toyuq hini idi. Onlar buranı mələyin xətrinə yox özləri üçün təmizləməli idilər. Çünki yalnız buranı təmizləməklə yeni evə nimdaşlıq görüntüsü gətirən dəhşətli peyin qoxusundan qurtula bilərdilər.

Uşaq ilk addımlarını atanda ona hinin həndavərinə getməyə də imkan vermirdilər. Lakin vaxt keçdikcə bu qadağa unuduldu. Uşaq ikinci dişini çıxardanda artıq rahatca toyuq hininə girib çıxırdı. Hinin ətrafındakı məftil barmaqlıqlar da çoxdan götürülmüşdür. Mələk də uşağa qarşı biganə deyildi. Digər fanilərdən daha fərqli münasibəti vardı bu körpəyə qarşı. Balaca yaramazın bütün ərköyünlüklərinə sadiq tula kimi səbrlə dözürdü. Hətta onlar eyni vaxtda su çiçəyinə yoluxdular. Körpəni yoxlamağa gəlmiş həkim mələyin ürək döyüntülərinə qulaq asmaq istəyini boğa bilmədi. Onun ürəyindən və böyrəyindən qəribə uyultu səsləri gəlirdi. Bu cür orqanlarla çətinki dəhşətli qışdan sağ çıxmaq olardı. Həkimin ən çox təəccübünə səbəb isə, əlbəttəki,qanadlar idi. Qanadlar onun bədəninə elə bir tərzdə birləşmişdi ki, sanki bütün insanlarda bu cür qanadların olması zəruri idi.

Artıq körpə böyüyüb məktəb yaşına çatmışdı. Bu illər ərzində isti,soyuq,qar,yağış köhnə toyuq hinini yararsız vəziyyətə salmışdı. Elə mələk də əldən düşmüş idi. Lap ölüm yatağındakı adama bənzəyirdi.

Onlar mələyi süpürgə ilə qovub yataq otağından çıxartdılar. Biz göz qırpımında o, mətbəxtdə peyda oldu. Sanki evdə bir neçə mələk var idi. Onlar hər yerdə idi. Qəzəblənmiş Elisenda dəli kimi qışqırmağa başladı:

“ Mələklərlə dolu xarabada necə yaşamaq olar axı. Bura ev yox cəhənnəmdir!”

Yazıq mələk güclə yemək yeyir,hərəkət edirdi. Gözlərini tor basırdı. Tərpəndikcə ətrafdakı əşyalara dəyir,olan qalan lələkləri də beləcə tökülürdü. Lakin Pelayonun ona yazığı gəlirdi. Onun üstünü ədyalla örtüb tövlədə yatmasına icazə verməklə savab bir iş gördü. Yalnız gecəyarı onun qızdırma içində yanmasının fərqinə vardılar. Bütün gecə Norveç dilində

yanıltmaclar deyərək sayıqlamışdı. Bu illər ərzində birinci dəfə idi ki, onun tezliklə öləcəyini düşünürdülər. Indi heç müdrik qadın da ölü mələklə nə edəcəklərini deyə bilməzdi.

Lakin gözlənilənlərin əksinə olaraq qışı arxada qoyub sağ qala bildi. Günlərlə gözdən uzaq bir küncdə hərəkətsiz uzanıb qaldı. Qanadlarından özü kimi qartımış yeni lələklər çıxmağa başladı. Bu lələklər əslində onun qocalığının bir sübutu idi. Özü bu dəyişikliklərin fərqində olsa da,kiminsə bu lələkləri görməsini,dənizdən gələn matros mahnılarını eşitməsini istəmirdi. Bir səhər Elisenda nahar üçün soğan doğrayanda dənizdən əsən güclü külək sanki mətbəxə hücüm etdi. O, pəncərəyə yaxınlaşdı və mələyin uçmağa cəhd etdiyini gördü. Hər dəfə havaya qalxmağa cəhd etdikcə yöndəmsiz caynaqları bostanın üzərində şırımlar açırdı. Havaya qalxsa da uzun müddət havada qala bilmirdi. Az qala tövləyə çırpılacaqdı. Nəhayət dəhşətli cəhdlərlə qanadlarını necə gəldi çırpıb şəhərdəki sonuncu evin üzərindən uçub getdi. Elisenda dərindən bir ah çəkdi. Gözdən itənə qədər onun arxasınca baxdı. Artıq onun həyatını alt-üst etmiş mələk yox idi. Ucsuz-bucaqsız üfiqlər onu alıb aparmışdı.

 

Tərcümə etdi: Günel Əbilova

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi | Bir şərh yazın