“Sehrli hekayə” Frederick Van Rensselaer Day

Frederick Van Rensselaer Dey

  I HİSSƏ

Kafedə tək oturub qəhvəmə təzəcə tökdüyüm şəkəri qarışdırırdım. Bu gün hava yeri göyü dağıdırdı. Bir yandan göydən iri qar topaları ələnir, o bir yandan küləyin vıyıltısı qulaq batırırdı. Çöl qapı açılanda hava burulğanı istənməyən qonaq kimi özünü içəri salır, otağın künc-bucağına qədər qarı sovururdu. Bütün bunlara baxmayaraq mən halımdan razı idim. Bu cür havada burda oturub isti qəhvə içdiyim üçün içimdə qəribə bir şükür hissi vardı. Nə qar, nə də külək bu hissimə xələl gətirə bilməzdi. Qəhvəmdən qurtum-qurtum içərək xəyallara təzəcə dalmışdım ki, qapı açılıb bağlandı. Sturtevant içəri daxil oldu. Qeyri-adi istedadı olan bu rəssam əsl uğursuz idi. O, bacarıqsızların gedəcəyi bir yola addım atmışdı və uğursuzluğa düçar olmuşdu. Məyusdu, həm də yoxsul.

Gözlərimi qaldırıb Sturtevanta baxanda onun üzündə əvvəllər heç vaxt görmədiyim yeni, tamamilə fərqli bir ifadə hiss etdim. Düzü,bu məni təəccübləndirdi. Əslində, o həmişəki kimi geyinmişdi. Əynində yenə həmin cırıq palto, başında isə paltodan da nimdaş qəhvəyi papaq var idi. Bununla belə onun görkəmində ayırd edə bilmədiyim qəribə dəyişiklik vardı. Hətta şimal qərb küləyinin sovurub topladığı qarı təmizləmək üçün papağını silkələyəndə belə hərəkətlərindəki yeniliyi duymaq olurdu. Onu mənimlə nahar etməyə nə vaxt dəvət etdiyim dəqiqi yadımda deyil. Lakin mən artıq başımla onu çağırmış, o da başını tərpədərək razılıq vermişdi. Bir neçə dəqiqə sonra gəlib düz qarşımda əyləşdi.

Ondan nə yeyəcəyini soruşdum. Qiymətlər yazılmış menyuya diqqətsizcə nəzər yetirdikdən sonra sakitcə sifariş verdi və məni də çay sifariş verməyə dəvət etdi. Onu axmaq bir maraq hissi ilə izləyirdim. Cibimdə bir qəpiyim olmasa da, onu mən dəvət etdiyim üçün hesabı ödəməyə hazır idim. Bu arada onun həmişəki solgun gözlərindəki parıltı və yanağındakı ümidverici allıq da gözümdən yayınmadı.

“ Bu yaxınlarda varlı dayın rəhmətə getməyibki?”, təəccüblə soruşdum.

O sakit bir tonla cavab verdi:

“ Yox, mən sadəcə talismanımı tapmışam.”

“ İt yoxsa öküz?”, məzələnərək ondan soruşdum.

Xeyli vaxtdan sonra fincanı ağzına yaxınlaşdıraraq dedi:

“ Cənab Kurrier, sizi təəccübləndirdiyimi bilirəm. Qəribə olsa da özüm də təəccüb içindəyəm. Mən başqa biri olmuşam, dəyişmişəm. Özdə bu dəyişikliklər son bir neçə saat ərzində baş verib. Çox vaxt bura məyus halda gələndə məni görmədiyini düşünüm deyə üzünü çevirərdin. Bilirəm bunu niyə edirdin. Bunu yeməyin pulunu ödəmək istəmədiyindən deyil də, ödəməyə pulun olmadığı üçün edirdin. Bu günkü hesabımız budurmu? Təşəkkür edirəm. Düzdü cibimdə verəcək pulum yoxdu amma bu gün səni mən qonaq edirəm.”

Qarsonu çağırdı, hər iki ödəmə kağızının arxasını imzaladı və “ Hər ikisini mənim adıma yaz” deyərək qarsonu yola saldı.

Bir qədər susduqdan sonra gözlərimə baxdı. Hətta gizlətməyə çalışdığım təəccübümə gülümsədi də.

“ Məndən daha istedadlı bir rəssam tanıyırsanmı?”, deyə soruşdu. Sözünə davam edərək:

“ Yox, tanımırsan. Özümü bütünlüklə həsr edib də həyatda bacaramayacağım bir şeyin olduğunu düşünürsən? Yox. Uzun illərdi ki, gündəlik qəzetlər üçün məlumat toplayırsan. Indiyə kimi kiminsə mənə borc verdiyini eşitmisən? Yox. Elə indi də rədd edildimmi? Hər şeyi özün görürsən. Sabahdan yeni karyeram başlayır. Bir ay sonra bank hesabım olacaq. Niyə? Çünki mən uğurun sirrini kəşf etmişəm.”

Mənim cavab vermədiyimi görüb sözünə davam etdi.

“ Bəli, axır ki, bəxtim gətirdi. Qəribə bir hekayə oxudum. Onu oxuyandan bəri bəxtimin gətirəcəyini hiss edirəm. Bu sənin də taleyini dəyişə bilər. Sənin etməli olduğun şey sadəcə bu hekayəni oxumaqdır. Həyatının necə dəyişəcəyini heç təsəvvür də edə bilmərsən. Bu hekayəni bildikdən sonra sənin üçün mümkünsüz olan heç nə qalmayacaq. Hər şey A, B, C qədər sadə olacaq. Hekayənin əsl mənasını anladıqda uğura aparan qapı sənin üçün açılacaq. Bu səhər bu böyük şəhərdəki zibillxanada sadəcə bir zibil idim. Ümidsiz və məqsədsiz bir heç idim. Bu axşamsa yerimi heç milyonçu ilə də dəyişmərəm. Axmaq görünə bilər, lakin bu həqiqətdir. Milyonçu həvəsini çoxdan tükədib, mənim həvəsim isə hələ də əlimdədir.”

Onun içkili olub olmadığı barəsində düşünərək dedim:

“ Sən məni təəccübləndirirsən. Hekayəni mənə danışa bilərsən? Mən də bu hekayəni eşitmək istərdim.”

“ Əlbəttə, danışacam. Bu hekayəni bütün dünyaya danışacam. Uzun illər əvvəl yazılmasına baxmayaraq indiyə kimi heç kimin bu hekayənin dəyərini anlamaması doğurdan da qəribədir. Bu səhər acından ölürdüm. Nə pulun vardı, nə də qarnımı doyura biləcəyim bir yerim. Ağlımda bir fikir vardı. Intihar edəcəkdim. Əvvəllər işlədiyim üç qəzet redaksiyasına baş çəkdim. Verdiyim rəsm əsərlərini mənə geri qaytardılar. Heç bir ümidim qalmadı. Tez qərar verməli idim. İntihar yoxsa aclıqdan ölmək?! Bu an həmin hekayəni tapdım və oxudum. Bir anının içində necə dəyişdiyimi heç təsəvvür də edə bilməzsən. Dostum, hər şey bir dəqiqənin içində dəyişdi. Bu da nəticəsi.”

“ Sturtevant, bəs hekayədə nə yazılmışdı?”, soruşdum.

“ Səbr et. Qoy sözümü bitirim. Əlimdəki həmin rəsmləri başqa redaksiyalara apardım və hər bir əsərimi bəyənib götürdülər.”

“ Səncə hekayə sənə gətirdiyi dəyişiklikləri hamı üçün edə bilərmi? Yəni, mənə də faydalı ola bilərmi?” soruşdum.

“ Sənin üçünmü? Niyə də yox! Mən sənə danışaram amma keşkə özün oxuyardın bu hekayəni. Indi hekayəni bacardığım qədər yaxşı danışacam sənə. Qulaq as.”

Elə bu an qarson bizim söhbətimizi kəsdi. O bildirdi ki, Sturtevantı telefona çağırırlar. Rəssam üzr istəyib stoldan qalxdı. Beş dəqiqə sonra onun küçədə qaçdığını və qar burulğanının içində gözdən itdiyini gördüm. Bu kafeyə tez-tez gələnlərin dediyinə görə, Sturtevanta indiyə kimi bircə dəfə də olsun zəng gəlməyib. Bu zəng belə onun həyatındakı dəyişikliyin sübutu idi.

****

 

Sturtevantla həmin unudulmaz görüşümüzdən təxminən bir ay sonra bir gecə küçədə axşam qəzetlərindən biri üçün müxbir kimi çalışan keçmiş tələbə yoldaşım Averini gördüm.

“ Salam, köhnə dost. Həyat necə gedir? Hələ də boşluqdasan?”, o dedi.

Onun dediklərinə qəzəblənərək cavab verdim:

“ Hə. Yaxında kimdənsə kömək alacağıma ümid edirəm. Amma görürəm sənin kefin yerindədir. Xeyir ola?”

“ Əslində həyatımda hər şey qaydasındadır. Desəm inanmayacaqsan bəlkə də. Sturtevantı tanıyırsan da? Hər şey onun sayəsində oldu. Şansım heç gətirmirdi. Artıq ölmək, qurtulmaq haqqında düşünürdüm. Sturtevant ilə qarşılaşdığım həmin gün ev kirasını ödəmək üçün səndən borc almağa gəlirdim. O, mənə bir hekayə danışdı. Həyatımda eşitdiyim ən qəribə hekayə idi. Məni dəyişən hekayə. Bir günün içində öz ayaqlarım üstə dayanmağı öyrəndim. O gündən bəri sıxıntı, əzab nədir bilmirəm.”

Dəyişilməz bir həqiqəti danışan adam kimi Averinin sakit və əmin şəkildəki bu izahatları getdikcə bir ay əvvəl Sturtevantla şaxtalı gecədəki söhbətimizi xatırladırdı.

“ Bu deyəsən çox maraqlı hekayədir”- şübhə ilə dedim. “Sturtevant mənə artıq bir dəfə bu hekayədən danışıb. O vaxtdan bəri onu görməmişəm. Yeri gəlmişkən o indi hardadır?”

“ Həftədə iki yüzə Kubada müharibə eskizləri çəkirdi. Təzəcə qayıdıb. Hekayəni eşidən hər kəsin həyatının dəyişməsi həqiqətdir. Mənim iki dostum var. Sən onları tanımırsan. Kosgrov və Filip. Biri əmləkçı, digəri isə dəlal köməkçisidir. Sturtevant onlara da hekayəni danışdı. Təsir isə eyni ilə məndəki kimi oldu. Bu hekayənin dəyişdiyi həyatlar bununla bitmir.”

“ Sən hekayəni bilirsən? Mənim üzərimdə də onun təsirini yoxlaya bilərikmi?” soruşdum.

“ Əlbəttə. Böyük məmnuniyyətlə. Kaşki onu iri qara hərflərlə çap edib NyuYorkdakı bütün stansiyalardan asa bilərdim. Bu A, B, C kimi asandı. Mənə bircə dəqiqəlik icazə ver. Orda Danfortu gördüm. Bir dəqiqəyə qayıdıram.”

Düzünü desəm ac idim. Cibimdə isə cəmi beş sentim vardı. Bu pul sadəcə yol puluma çatardı. Qarnımı doyurmağa isə kifayət deyildi. Yaxınlıqda gecələr yemək üçün tez-tez getdiyim “gecə qondu” maşını vardı. Mən ora çatanda satıcı getməyə hazırlaşırdı.

“ Yenə çarəsizəm,” tam səmimiliyimlə dedim. “ Mənə bir dəfə də inanmalısan. Bir tikə donuz əti və yumurta ver mənə. Bəsimdir.”

Öskürdü, bir anlıq tərəddüd etdi və maşına qayıtdı.

Üzünü maşındakı işçiyə tutub dedi:

“ Cənab Kurrierə güvənmək olar. Mənim köhnə müştərilərimdəndir. Bu Cənab Brayndı. Indi o sizin qulluğunuzdadır. Mən hər şeyimi satdım. Maşınımı, sahib olduğum hər şeyi Brayna təhvil verdim. Yeri gəlmişkən, siz Cənab Sturtevantın dostu deyilsinizmi?”

Başımı tərpətdim. Cəhd etsəm belə danışa bilməyəcəkdim.

Gecə qondu sakini sözünə davam etdi:

“ Belə. Bir ay əvvəl bir gecə Sturtevant bura gəldi və mənə gözəl bir hekayə danışdı. Bu yaxınlarda Səkkizinci küçədə bir yer almışam. Artıq oranı daimi restoran kimi işlədəcəm. Iyirmi üçüncü küçənin lap yaxınlığındadır. Gəlin mənə də baş çəkin.”

Artıq maşından düşmüşdü. Onu yolundan saxlamaq istəmədim. Sakitcə yeməyimi yedim və yatmazdan əvvəl bu hekayəyə mütləq qulaq asmağa qərar verdim. Artıq hekayəyə xürafat kimi yanaşırdım. Əgər bu qədər insan taleyini dəyişmişdisə, mütləq mənimkini də dəyişə biləcəkdi.

Bu hekayəyə sehir kimi görürdüm. Açıq havada bir az gəzdikdən sonra bu hekayənin ovsununa düşdüyümdən tam əmin oldum. Cibimdəki tək metal pulu oynadaraq və sabah mütləq şəhərə düşəcəyimi düşünərək evə doğru gedirdim ki, sanki tale arxamca gəlirmiş və heç vaxt mənə yetişmirmiş kimi bir şeyin məni izlədiyini düşündüm. Hekayə məni ələ keçirmişdi.

Union meydanına çatanda ünvan kitabçamı vərəqləməyə başladım. Sturtevantın ünvanını axtarırdım amma tapa bilmədim. Sonra Universitet meydanındakı kafe yadıma düşdü. Saatın gec olmasına baxmayaraq Sturtevantı orda tapacağımdan əmin idim.

O, burda idi. Bir grup tanış adamlarla otağın bir küncündə oturmuşdu. O, məni gördü və onlara qoşulmamı istədi. Belə bir vəziyyətdə hekayəni öyrənməm üçün şansım yox idi. Stolun arxasında onlarla adam vardı. Sturtevantdan ən uzaqda oturan isə mən idim. Lakin gözümü ona dikib oturdum. Öz vaxtımı gözləyirdim. Ayağa duran kimi ona yaxınlaşacaqdım.

Mən oturanda stola hörməti və qorxunu əks etdirən bir sükut çökdü. Hər kəs nə isə düşünürdü. Bütün diqqət Sturtevanta yönəlmişdi. Hər şey aydın idi. O, hekayəni danışırdı. Mən isə bu hekayəni eşitməyə gec qalmışdım. Məndən sağda həkim, sol tərəfimdə isə vəkil əyləşmişdi. Mənlə üzbəüz oturan isə azda olsa tanışlığımız olan yazıçı idi. Digərləri isə rəssam və müxbirlər idi.

“ Çox təəssüf, Cənab Kurrier. Kaşki bir az tez gələrdiniz. Sturtevant gözəl bir hekayə danışırdı. Bilmirəm, sizin xətrinizə bəlkə bir dəfə də danışar”, həkim dedi.

“ Niyə də yox. Yanılmayıramsa hekayəni ilk dəfə onunla bölüşmək istəmişdim. Lakin Cənab Kurrierə hələ də bu hekayəni eşitmək nəsib olmayıb. Elə bu kafedə, bu stolda olmuşdu. Həmin dəhşətli gecəni xatırlayırsan, Kurrier? Deyəsən mənə zəng gəldi hə, ya da nəysə belə bir şey? Hə, indiki kimi yadımdadı. Elə hekayəyə başlayırdım ki, sözüm yarımçıq qaldı. Ondan sonra bir neçə tanışıma danışdım bu hekayəni. Mənimlə olduğu kimi onları da ayağa qaldırdı bu hekayə. Düzdü bir hekayənin bu qədər fərqli insanların uğuruna təkan verməsi inanılmaz görünür. Amma nəticə göz qabağındadır. Soyuqdəymədən vərəmə kimi hər şeyi sağalda biləcək bir öskürək dərmənı kimidir. Təsiri tükənməyən bir həb kimidir bu hekayə. Parsonu tanıyırsan da. Dəlalı deyirəm. Birjanın səhv tərəfində idi. Hər şeyini itirmişdi. Ən pis günündə onunla tanış oldum.

Söhbətimiz fırlanıb hekayəyə gəldi. Mən də hekayəni ona danışdım. Və hər şey tamamilə dəyişdi.

Düşünürəm ki, bir şeydə mənlə razılaşarsan. Məncə, hekayəni eşidən insanların beynində cərrahi əməliyyat aparan hekayənin özü yox, nəql edilmə üsulu, yəni hekayənin yazılma tərzidir. Sanki müəllif izah olunmaz bir psixoloji təsir yaradır. Oxucunu gipnoz edir. Adama mənəvi və əqli güc həbi verir bu hekayə.

Bəlkə, həkim, siz bizə hekayənin yaratdığı təsirin elmi izahını verə bilərsiniz? Bu bir növ sözlərdən ibarət eliksirdi, elə deyilmi?

Bu cümlədən sonra hamı hekayənin təsirini müzakirə etməyə başladı. Arada hekayədən kiçik sitatlar gətirilirdi. Bu sitatlar hekayəni eşitməyən yeganə insan olaraq məni çox qıcıqlandırırdı.

Sonda stuldan qalxıb Sturtevantın yanına gəldim. Qolundan yapışıb onu ayağa qaldırdım.

“ Əgər taleyin heç vaxt dinləməyə icazə verməyəcəyi kimi görünən bu lənətə gəlmiş hekayə ucbatından dəli olmuş köhnə dostuna bir az da olsa hörmət edirsənsə elə bu dəqiqə həmin hekayəni mənə danış”, kobudcasına dedim.

Sturtevant təəccüb içində mənə baxdı:

“ Yaxşı. O birilər bir neçə dəqiqəlik məni üzrlü sayarlar, yəqinki. Gəl əyləş və qulaq as. Onu Ann Küçəsində üç sentə aldığım albom dəftərin içindən tapmışam. Ilk olaraq harda çap olunmasına, ya da müəllifinə dair heç bir məlumat yoxdur. Onu tapanda maraqsız gəlmişdi mənə. Göz gəzdirdim və bir anın içində diqqətimi çəkdi. Əlimdən yerə qoyana kimi hər cümləsini əzbərdən biləcək qədər oxudum. Məndə qəribə təəssürat oyatmışdı. Sanki güclü bir xarakterlə üz-üzə dayanmışdım. Hekayədə onu oxuyan hər kəsə təsir edə biləcək fərdi ünsürlər var. Bir neçə dəfə onu oxudum və düşünməyə başladım. Evdə ürəyim partlayırdı. Buna görə paltomu və papağımı götürüb çölə çıxdım. Bir qədər əvvəl ümidsizlik içində itib batmış biri olduğumu unudaraq xeyli piyada gəzdim. Yəqin ki, yadındadır. Səninlə burda həmin gün qarşılaşdıq.”

Elə bu vaxt Sturtevanta telegram gətirmiş uniformalı poçtalyon içəri girdi. Telegram Sturtevantın rəisindən idi. Problem olduğunu və onun dərhal iş yerinə gəlməyini istəyirdi. Telegraf bir saat gecikmişdi. Ediləcək bir şey yox idi. Dərhal getməli idi.

Sturtevant ayağa qalxaraq əlini uzatdı və dedi:

“ Heç yaxşı olmadı. Dostum, sənə nə etməli olduğunu deyəcəm. İşim bir, iki saatdan tez qurtarmaz. Sən açarı götür və məni evimdə gözlə. Pəncərənin yanındakı yazı stolunun üstündə dəri üzlü köhnə bir albom dəftəri var. Əminəm ki, dəri üzü müəllifin özü hazırlayıb. Mən gələnə kimi məni orda gözlə.”

Kitabı asanlıqla tapdım. Evdə düzəldilmiş qəribə bir dəftər idi. Sturtevantın dediyi kimi xam dəri ilə üzlənmişdi. Səhifələr saralmış kağızlardan və evdə hazırlanmış perqamentdən ibarət idi. Adı son olaraq yazılmış material üzərinə qəribə şəkildə həkk olunmuş hekayəni tapdım. Güman ki, yazını həkk edən müəllifin yanında bu işi görmüşdü. Ifadə tərzi on yeddinci və on səkkizinci əsrin üslubu baxımından fərqli idi. Mətndə italiklli qalın hərflərin olması ancaq müəllifin ideyası ola bilərdi.

II hissə

( Müəllifi bilinmir)

Şəxsi təcrübəmə əsasən dünyanın ən böyük sirlərindən birini kəşf etdiyim və barmaqla sayılacaq qədər günlərim qaldığı üçün məndən sonra gələn nəsillərə malik olduğum bilgidən faydalanmaq imkanını verməyin ağıllı bir fikir olduğunu düşünürəm. Ifadə tərzimə və bədiiliyin azlığına görə birbaşa üzr istəmirəm. Çünki ikincisi özü-özlüyündə üzrxahlıqdır.

Bu dünyada qələmdən daha artıq alətlər qismətim oldu. Bundan başqa illərin ağırlığı əlimi və beynimi iflic etdi. Fındıq içindəki bir həqiqəti sizə danışacam. Ləpəni əldə edib ondan faydalanmaq üçün qabığın necə qırılmasının bir fərqi varmı? Əlbəttə ki, hekayəni danışarkən uşaqlıqdan bəri bildiyim ifadələrdən istifadə edəcəm. Çünki mənim yaşımdakı insanların yaddaşında uşaqlıqda olanlar indi yaşadıqlarından daha yaxşı qalır. Bitkin, faydalı və anlaşılan olduqdan sonra fikrin necə ifadə olunması o qədər də əhəmiyyət daşımır.

Kəşf etdiyim bu uğur sirrini ən yaxşı necə təsvir edə bilərəm sualı üzərində bir xeyli düşündüm. Sonda hekayəni olduğu kimi danışmağın daha faydalı olacağı qərarına gəldim. Əgər həyat hekayəmi bir ardıcıllıqla danışsam ərzaqların necə toplanması və yeməyin dadlı olması üçün qatılmış ədviyyatlar açıq şəkildə özünü büruzə verəcəkdir. Bunlar baş verə bilər. Və torpağa qarışdıqdan əsrlər sonra yazdığım bu sözlərə görə mənə dua edəcək biri tapıla bilər.

****

Dənizçi olan atam erkən yaşlarında dəniz səfərinə görə təhsilini yarımçıq qoyaraq Virginya kaloniyasındakı plantasiyada məskən salmışdı. Təxminən yüz il əvvəl, yəni 1642-ci ildə mən məhz bu plantasiyada dünyaya gəlmişəm. Atam o vaxtlar müdrik anamın təhsili davam etdirmək məsləhətinə qulaq assa idi daha yaxşı olardı. Bu məsləhəti dinləməyən atam kapitanı olduğu gəmini bu torpaqla dəyişir. Alınacaq ilk dərsimiz elə burdan başlayır:

Sahib olduğu gümüş parçasının yanında gələcək üçün verilmiş vədlərin heç nə olduğunu yadda saxlayaraq, hər bir kəs əlindəki fürsəti buraxmamalıdır.

On yaşım olanda anamı, iki il sonra isə atamı itirdim. Yeganə övladları mən olduğum üçün artıq bu dünyada tək qalmışdım. Düzdü bir müddət valideyinlərimin dostları mənə baxdı. Yəni başımı soxacağım bir damım oldu. Düz beş ay onlarla qaldım. Atamın mülkündən mənə heç nə çatmadı. Amma illər sonra həmin dostların atamın mülkünü mənimsədiyini və dolayı yolla mənim haqqımı yediyini öyrəndim.

On iki yaşımdan iyirmi üç yaşıma kimi yaşadıqlarımı sizə danışmayacam. Çünki onların bu hekayə ilə heç bir əlaqəsi yoxdur. Işləyib yığdığım on altı ginenin (21 şillinqə bərabər pul vahidi) onunu verib Bostona gedən gəmiyə mindim. Burada ilk olaraq çəlləkçi, daha sonra isə dənizin mənim arzularım arasında olmamasına baxmayaraq gəmi dülgəri işlədim.

Bəzən xasiyyətimizdəki saf inadcıllığımıza görə taleh məlum bir qurbana qəsdən gülümsəyir. Mənim də başıma belə bir iş gəldi. Mən varlandım. İyirmi yeddi yaşımda dörd il əvvəl günə muzd işlədiyim yerin sahibi oldum. Bununla belə, tale zorla sahiblənəcəyin şıltaq bir qadın kimidir. Nazını çəkməyəcəksən onun. Alınacaq ikinci dərsimiz də burdan başlayır:

Tale sürüşgəndir. Ancaq güc ilə onu əldə saxlaya bilərsən. Onunla incə davrandıqca daha güclü birisi üçün sizi tərk edəcək. ( bu cəhətdən, məncə tanıdığım digər qadınlardan heç də fərqlənmir)

Bu zamanlarda Fəlakət ( məhv olmuş ruhların və itmiş cəsarətin göstəricilərindən biri) mənə baş çəkdi. Iş yerimi külə çevirmiş yanğın məni qaralmış yollarda bir qəpiyim olmadan borclarla üzbəüzə qoydu. Hər şeyi yenidən başlamaq üçün köhnə tanışlarımla işləməyə başladım. Amma bütün varidatımı külə çevirmiş yanğın mənə olan simpatiyanı da tükətmişdi. Beləcə qısa bir zaman içində hər şeyimi itirmək azmış kimi, borclarımı qaytara bilmədiyim üçün həbsə düşdüm. Bütün ümidlərimi qıran sonuncu hadisədən başqa itirdiyim hər şeyi qaytara bilərdim. Düz bir il həbsdə qaldım. Azadlığa çıxanda əvvəlki kimi ümidli, xoşbəxt, həyatından məmnun və insanlara güvənən biri deyildim.

Həyatda çoxlu yol var. Bunların əksəriyyəti enişə doğru aparır. Bunlardan bəziləri çox dikdi , bəziləri isə daha az. Bu yollar nə qədər meyilli olmağından asılı olmadan eyni bir nəticəyə gətirib çıxarır. Uğursuzluq. Və üçüncü dərs:

Uğursuzluq ancaq məzardadı. Həyatda olan heç kim hələ uğursuzluğa düçar olmayıb. Hər zaman geri qayıdıb düşdüyünüz cığırla yuxarı qalxa bilərsiniz. Ən azından daha az dik olan və sizin vəziyyətə münasib olan bir yol vardır. (çox vaxt aparsa da)

Həpsdən çıxanda cibimdə siçanlar oynayırdı. Əynimdəki köhnə paltarlardan və dəyərsiz olduğu üçün gözətçinin götürməyə icazə verdiyi çəlikdən savayı bu dünyada heç nəyim yox idi. Yenə də,qısa bir vaxt ərzində bacarığıma görə yaxşı maaşlı iş tapdım. Lakin dünya nemətinin ləzzətini dadmış olduğumdan naşükürlükdən qurtula bilmədim. Kobud və qaraqabaq birinə çevrildim. Keflənmək və itgilərimi unutmaq üçün axşamları meyxanada keçirirdim. Bu içki düşgünü olduğuma görə deyildi. Sadəcə əllərindən heç bir iş gəlməyən dostlarımla əylənmək, mahnı oxumaq, zarafatlaşmaq üçün gəlirdim bura. Dördüncü dərs:

Dostlarınızı əməksevər insanlar arasından seçin. Tənbəl dostlar sizin enerjinizi bir gün tükədəcək.

O vaxtlar həyat məni sıxdıqca başıma gələn fəlakətlərin hekayəsini danışmaqdan və dar günümdə mənə əl uzatmamaqla səhv etdiklərini düşündüyüm dostlarımı söyməkdən zövq alırdım. Bundan başqa iş sahibinin pul ödədiyi iş vaxtından bir neçə dəqiqə oğurlamaqdan da uşaqcasına bir zövq alırdım. Bu cür davranış oğurluqdan da pis bir iş idi.

Bu vərdiş təkcə işimi deyil, xarakterimi də itirdiyim, yəni daha Bostonda kiminsə məni işə götürəcəyinə ümidimin olmadığı vaxta kimi davam etdi.

Bax bu zaman özümü bir xəta kimi görməyə başladım. Həmin vaxtkı vəziyyətim sıldırım qayadan enən adamın müvazinətini itirməsindən heç nə ilə fərqlənmirdi. Daha çox müvazinəti itirdikcə daha sürətli aşağı enirdim. Bu vəziyyətin xüsusi adının olduğunu öyrəndim. İşmailite (İshmaelite). Anladığım qədər bu söz hər kəsə qarşı olan və hər kəsin ona qarşı olduğunu düşünən adam deməkmiş. Beləliklə, beşinci dərs:

İşmailite və cüzəm ( irinli yara) eyni şeydi. Hər ikisi insanların gözündə iyrəncdir. Lakin birincinin tamamilə sağala bilməsi baxımından fərqlidirlər. Birincisi xəyal gücünün məhsulu, ikinci isə qandakı zəhərdir.

Enerjimin yavaş-yavaş tükəndiyi vaxtlardan danışmayacağam. Bədbəxtliklər üzərində çox dayanmaq lazım deyil (bu fikri də xatırlamağa dəyərdi). Yeməyə və geyməyə bir şey almağa pulumun olmadığı günün gəldiyini və arada bir neçə pens yaxud şilinq qazanmağı çıxmaqla dilənməyə möhtac vəziyyətə düşdüyümü demək kifayətdir. Daimi iş yerim yox idi. Beləcə bədənim bir dəri bir sümüyə, ruhum isə sklete çevrildi.

Acınacaqlı vəziyyətə düşmüşdüm. Bədənimin yanında ölümcül vəziyyətdə olan beynim üçün daha çox şey demək olardı. Xəyalımda özümü bütün dünyadan təcrid olunmuş kimi qiymətləndirirdim çünki çox dərinə batmışdım. Və budu altıncı, yəni sonuncu dərs ( bu dərs bir cümlədə, ya da bir abzasda izah oluna bilməz. Bu hekayənin qalan hissəsindən nəticə çıxarmalısınız).

****

Oyanışımı yaxşı xatırlayıram çünki gecə vaxtı həqiqətən yuxudan oyandığımda olmuşdu. Yatağım bir vaxtlar günə muzd çalışdığım çəlləkçi dükanının arxasındakı yonqar yığını idi. Tavanım isə özümü altına soxduğum çələk pramidası idi. Gecə soyuq idi, titrədirdim. Amma bunun əksinə olaraq yuxuda işıq və istilik görürdüm. Bir də yaxşı şeylərin tükəndiyini.

Yuxumun üzərimdə olan təsirini danışdıqca ağlıma da təsir etdiyini düşünəcəksiniz. Bunları yazmağıma səbəb başqalarının da ağlının bu təsirə məruz qalacağına olan ümidimdir. Bu yuxu iki şəxsiyyətə sahib olduğuma məni inandırmadı, bunu mənə göstərdi. Tanıdığım adamlardan istədiyim köməyi almağıma səbəb də məhz içimdəki yaxşı “Mən” oldu. Bu cür halın “ cüt” sözü ilə ifadə edildiyini eşitmişəm. Yenə də, bu söz mənim demək istədiyimi tam ifadə etmir. Cüt hansısa bir yarısı olmadan sahib olunmayan qoşalıqdan başqa bir şey deyil. Lakin fəlsəfi fikir yürütməyəcəm. Çünki fəlsəfə cansız bir bədəni bəzəyən paltardan başqa bir şey deyil.

Həm dəki məni ovsunlayan yuxunun təsiri deyildi; onun yaratdığı təəssürat və mənə azadlığımı qazandıran təsir idi. Bir sözlə mən başqa bir şəxsiyyətimi üzə çıxarmışdım.

Yuxumda qarlı, küləkli tufanda güclə addımladıqdan sonra bir pəncərədən içəriyə diqqətlə baxdım və orda o biri “Mən”i gördüm. Sağlamlıqdan yanaqları qırmızı idi. Qarşısındakı buxarıda odunlar çıtır-çıtır yanırdı; davranışında şüurlu güc, qüvvət vardı. Fiziki və əqli olaraq güclü idi. Qapını qorxaraq döydüm. Məni içəri dəvət etdi. Ocağın yanındakı stulda əyləşməyə işarə edəndə gözlərində kobud olmayan ələ salma vardı. Lakin xoş gəldinə bənzər heç bir söz demədi; ocaqda qızındığım zaman aramızdakı təzadın üstümə çökdürdüyü utanc və narahatlıq hissi ilə yüklənərək çölə çıxdım. Elə bu vaxt oyandım. Hekayənin qəribə tərəfi də elə burdan başlayır çünki oyananda tək deyildim. Sonradan başqalarının görə bilmədiyi, lakin mənim üçün gerçək olan bir “ Varlıq” mənimlə idi.

Varlıq mənə bənzəyirdi, amma nəzərə çarpacaq qədər də fərqli idi. Mənimkindən yuxarıda olmayan qaşları daha yumru və bütöv görünürdü; aydın, doğru, məqsədli gözləri qətiyyət və həvəslə parlayırdı. Dodaqlarında, çənəsində- üzünün və bədəninin konturlarında hömranlıq var idi. Sakit, dözümlü və özünə arxayın idi. Mənsə büzüşərək əsəbimdən titrəyirdim. Bir az da mücərrəd kölgələrdən qorxmuş idim.

Varlıq dönüb gedəndə onun arxasınca getdim. Girməyə cəsarət etmədiyim bəzi qapılardan içəri girib yox olduğu vaxtları çıxmaqla gün boyu onu heç gözümdən qaçırmadım. Bu Varlığın mənim addım ata bilməyəcəyim yerlərə girməyə cəsarət etməsinə təəccübümü saxlaya bilmədiyimdən onun qayıtmağını təlaş və pərəstiş hissi ilə gözləyirdim.

Sanki qəsdən qarşılaşmağa ən çox qorxduğum yerlərə və insanlara- nə vaxtsa işlədiyim məkanlara və pul sövdələşmələri etdiyim insanlara doğru yönəldilirdim. Bütün günü Varlığı izlədim və axşam onun şənlikləri və bahalı həyat şəraiti ilə məşhur olan bir otelin girişində yox olduğunu gördüm. Mənsə çəlləkdən düzəltdiyim pramidama və taxta yonqarlarıma qayıtdım.

Həmin gecə rastlaşdığım yaxşı Mən (onu belə adlandırırdım) ilə bir daha yuxularımda qarşılaşmadım. Lakin yuxudan ayılanda o hansısa şəkildə rəhmi gəlmə və ya təsəlli verməklə qarışdırılmayacaq həmin sakit təhqir edici gülüşü üzündə düz qarşımda dayanmışdı. Onun bu alçaldıcı gülüşü məni çox incidirdi.

Birinci günün təkrarı olan ikinci gündə də eyni şeylər baş verdi. Kifayət qədər cəsarət tələb edən mənim də getməli olduğum yerlərə Varlıq baş çəkdikcə mən yenə də qapı arxasında dayanıb onu gözləməyə məhkum idim. Bir insanın ruhunu bədənindən ayıran və onu alçalmağa gətirib çıxaran şey qorxudur. Bir neçə dəfə bunu dilə gətirməyə çalışdım, lakin sözlər düyünlənib boğazımda qaldı. Bu gün də əvvəlki kimi bitdi.

Bu vəziyyət günləri saymağı dayandırdığım vaxta kimi davam etdi. Yenə də bu Varlıqla mütəmadi olaraq əlaqədə olmağın üzərimdə bir təsir yaratdığını kəşf etdim. Bir gecə çələklərin arasında oyanıb onun yanımda olmağını görəndə qorxaqcasına olsa da danışmağa cəsarət etdim.

“ Sən kimsən?”, soruşmağa cürət etdim. Hətta öz səsimin titrəmədən təmiz çıxmasına təəccübləndim. Bu sual onun xoşuna gəlmişdi deyəsən. Sualıma cavab verərkən gülüşündəki alçaltmanı azaldığını hiss etdim.

“ Mən elə mənəm”, o cavab verdi. “ Mən əvvəlki sənəm. Mən yenidən ola biləcək sənəm. Niyə tərəddüd edirsən? Mən əvvəlki sənəm. Başqa dostun üçün çıxarıb atdığın adamam. Mən Tanrının sürətində yaradılan və nə vaxtsa sənin bədəninə sahib olan adamam. Bir vaxtlar bu bədəndə birgə yaşayırdıq. Harmoniyada yaşamırdıq çünki bu heç vaxt ola bilməz. Bir ittifaqda da yaşamırdıq çünki bu mümkün deyil. Biz tam sahiblənmək üçün nadir halda dava edəcək eyni evin kirakeşləri idik. O zamanlar çox zəif idin, lakin sən artıq özündən razı və bezdirici birinə çevrilirdin. Mən də buna dözə bilməyib səni tərk etdim. Hər bir insan içində bir müsbət və bir mənfi şəxsiyyətlə doğulur. Bədən bunlardan hansını dəstəkləyirsə o hökmranlığı ələ keçirir və digərini müvəqqəti ya da əbədi olaraq bədəni tərk etməyə məcbur edir. Mən sənin müsbət şəxsiyyətinəm; sən özün mənfi şəxsiyyətsən. Mənim hər şeyim var, sənin isə heç bir şeyin. Ikimizin yaşadığı bu bədən mənə aiddir, lakin təmiz deyil. Artıq onun içində yaşamıram. Amma təmizlənərsə yenə ona sahib çıxaram.”

“ Axı niyə məni izləyirsən?” ondan soruşduğum növbəti sual bu idi.

“ Mən yox, sən məni izləyirsən. Bir qədər də mənsiz keçinə bilərsən amma getdiyin yol səni uçuruma aparır. Sonu ölüm olan uçuruma. Artıq sona yaxınlaşdığına görə evini təmizləyib məni dəvət etməyinin agıllı fikir olub olmadığını götür qoy edirsən. Beynindəkiləri və iradəni kənara qoy. Onları varlığından çıxart; ancaq bu şərtlə yenidən onlara nəzarət edə bilərəm.”

“ Beynim artıq gücünü itirib” deyərək kəkələdim. İradəm də zəifdir indi. Sən onları bərpa edə bilərsən?”

Mən yazıqcasına onun ayağının altında büzüşərkən o, başımın üstündə dayanaraq dedi:

“ Dinlə! İnsanın müsbət şəxsiyyəti üçün hər şey mümkündür. Dünya onun ixtiyarındadır- onun mülküdür. O, heç nədən qorxmur; o, heç nədən ürpənmir; heç bir şey onu dayandıra bilməz; imtiyaz istəməz, onu tələb edər; o, hökm edəndir; yaltaqlıq etməz; onun istəkləri əmrdir; o, yaxınlaşanda rəqibi qorxub qaçır; o, dağları düzəngah edər; vadiləri doldurar; maneələrin bilinmədiyi düzlərə ayaq basar.”

Bundan sonra yuxuya getmişəm. Oyananda sanki başqa bir dünyada idim. Günəş şəfəq saçırdı, başımın üstdə quşların civildədiyini eşidirdim. Dünən əsməcə və tərəddüd içində olan bədənim güclü və enerji dolu idi. Uzun müddət burda qaldığımın və elə dünən gecəni də burda keçirdiyimi dərk edirmiş kimi təəccüblə çəllək pramidasına baxdım.

Gecə baş verənləri yadıma saldım. Varlığı tapmaq ümidi ilə ətrafıma göz gəzdirdim. O gözə görünmürdü. Amma az sonra qaldığım yerin uzaq bir küncündə büzüşmüş, eybəcər formalı, əzik və pırtlaşıq görüntülü bir kölgənin olduğunu gördüm. Gəzərkən səndələyirdi. Yazıqcasına mənə doğru gəlirdi, lakin ona baxıb qəddarcasına güldüm.

Onun mənfi “Mən” olduğunu anlamışdım. O zaman hiss etməsəm də müsbət “ Mən” daxilimdə idi. Burdan uzaqlaşmaq üçün tələsirdim. Fəlsəfə üçün vaxtım yox idi. Görüləsi çox işim var idi- lap çox. Dünən bu barədə düşünməməyim qəribə idi. Lakin dünən bitmişdi, mənimlə olan bu günüm idi. Gün isə təzə başlamışdı.

Ayaqlarım nə vaxtsa gündəlik vərdişə çevrilmiş həmin yemək yediyim kafeyə tərəf istiqamət aldı. Içəri girəndə həvəslə hamıya salam verdim, salamımı alanlara cavab olaraq gülümsədim. Aylardı məni görəndə özlərini görməməzliyə vuranlar indi mənə nəzakətlə salam verirdilər. Ayaqyoluna getdim sonra gəlib yemək stolunda əyləşdim. Barın yanından keçəndə dayandım və kafenin sahibinə dedim:

“ Əgər boşdursa əvvəllər qaldığım otağı yenidən kirayələyirəm. Boş deyilsə boşalana kimi hələlik başqa otaqla idarə edərəm.”

Sonra küçəyə çıxdım və tələsik çəlləkxanaya tərəf getdim. Həyətdə böyük yük maşını vardı. Adamlar çəlləkləri maşına yükləyirdilər. Heç bir şey demədən çəlləkləri götürüb yük maşınındakı adamlara tullamağa başladım. Iş qurtardıqdan sonra emalatxanaya girdim. Içəridə boş bir dəzgah vardı. Üzərindəki zirzibildən onun istifadə olunmadığını anladım. Bir zamanlar işlətdiyim dəzgaha çox oxşayırdı. Paltomu çıxarıb tez üst-başını təmizlədim. Bir dəqiqə sonra artıq ayaqlarım məngənə qolunun üzərində idi. Çəllək taxtalarını rəndələyirdim.

Bir saat sonra usta emaltxanaya girdi və məni görüncə təəccübdən donub qaldı. Bir vaxtlar çox bacarıqlı işçi olduğum üçün artıq qarşımda düzgün formada yonulmuş taxtalar təpələnib yığılmışdı. Məndən daha bacarıqlısı yox idi, lakin, təəssüfki, yaş öz sözünü deyirdi. Ustamın soruşmadığı suala qısa lakin hərtərəfli cavab verdim:

“ Baxın, mən qayıtdım.”

Başını tərpədərək getdi. O biri işçilərin işini gözdən keçirdikdən az sonra sual dolu baxışları mənə zilləndi.

Alınması vacib olan altıncı dərs burda bitsə də, deyiləsi çox sözüm var. Bu gündən etibaran uğurlu birinə çevrildim, tez bir zamanda öz tərsanəmi açdım və dünyadakı hər şeydən faydalanmağa başladım.

Bunu oxuyan hər kəsə aşağıdakı nəsihətlərə əməl etməkləri üçün yalvarıram çünki “uğur” kəlməsi və onun ifadə etdiyi hər şey bunlara söykənir:

Çox istədiyiniz hər şey bir gün sizin olacaq. Bircə əlinizi uzadın və onları götürün. Içinizdəki hökmranlığı dərk etməyiniz qazanıla biləcək hər bir şeyə sahib olmaq deməkdir.

Içnizdə hər hasısa bir qorxu saxlamayın çünki qorxu mənfi “Mən”inizin qidasıdır.

Əgər bacarığınız varsa ondan istifadə edin. Dünya bu bacarıqdan faydalanmalıdır, eləcə də siz.

Səhər axşam müsbət “ Mən”inizlə yoldaşlıq edin. Əgər onun məsləhətlərinə əməl etsəniz səhv bir iş görməyəcəksiniz.

Unutmayın fəlsəfə bir argumentdir. Sizin mülkünüz olan dünya isə faktlar toplusudur.

Buna görə də, ürəyinizə qulaq asın, içinizdən gələni edin. Sizi yolunuzdan döndərəcək şeylərə fikir verməyin. Bir iş görmək üçün heç kimdən icazə istəməyin.

Mənfi “ Mən” sizin yaxşı işlər görmənizi tələb edər, müsbət “Mən” isə bu yaxşılıqaları özü edər. Atdığınız hər bir addımda xoşbəxtlik sizi gözləyir. Onu əldə edin, ondan möhkəm yapışın. O sizindir, o sizə məxsusdur.

Bunları yadda saxlayaraq indi hərəkətə keçin, əllərinizi açın, bəlkə də indiyə kimi fövqəladə vaxtlardan başqa istifadə etmədiyiniz müsbəti qucaqlayın. Həyat özü fövqəladə vəziyyətdir.

Müsbət “ Mən” hər zaman yanınızdadır. Beyninizi təmizləyin, iradənizi gücləndirin. O elə həmin an hakimiyyəti ələ keçirəcək. O sizi gözləyir.

Elə bu gecə başlayın. Bu yeni səfərinizə elə indicə çıxın.

Hər zaman gözdə qulaqda olun. Hansı “ Mən” in sizi idarə etməyindən asılı olmayaraq o biri sizin yanınızda dayanıb gözləyir. Hər zaman içinizə girə biləcək pisdən ehtiyyatlı olun.

Mənim işim burda bitdi. Sizə “uğur”un sirrini verdim. Əməl etsəniz bu sirr sizi yarı yolda qoymaz. Tam aydınlıq gətirə bilmədiyim yerlərdə sizin müsbət “ Mən”iniz boşluqları dolduracaq. İndi isə hər yerə yayılmış sirri- daxilən olduğunuz kimi olmağın sirrinin gələcək nəsillərə ötürülməsini öz “Yaxşı Mən”imə həvalə edirəm.

 Tərcümə etdi: Günel Əbilova

 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi | Bir şərh yazın