Tərcümə məsələsi: Xi Jinpingin üzrxahlığı

Xi Jinpinq təəssüf edirmi?

Çin Kommunist Partiyasının yeni lideri cümə axşamı günü (15 noyabr, 2012-ci il) müəyyən edilmiş vaxtdan təxminən bir saat sonra kürsüyə qalxdıqda gecikdiyini aşağıdakı sözlərlə etiraf etdi: “让大家久等了”; Çin dilini öyrənməyə başlayan tələbələr belə, bu sözləri hərfi şəkildə “hamını xeyli gözlətdim” deyə tərcümə edərdi. Lakin tədbirdə tərcüməçi bu sözləri İngilis dilinə “hamını gözlətdiyim üçün təəssüf edirəm” deyə tərcümə etdi.

Xarici mətbuat orqanları bu sözləri tərcüməçinin dediyi şəkildə dərc etsələr də, Çin dilini əsas götürən bəzi mətbuat orqanları (məsələn, “Jurnal”) “təəssüf edirəm” ifadəsini işlətmədi.

Ümumən insanlar  Cənab Xinin sözlərində istənilən halda yüngül təəssüf əlamətinin olması ilə razılaşırdılar və “Sina Weibo” mikrobloq xidmətində bir çox Çinli müşahidəçilər Cənab Xinin üzrxahlığını alqışlayırdılar. Bununla belə, tərcümədəki bu fərq Çində tərcümə, siyasət və mədəniyyət üzrə kəsişməni izləyən insanlar arasında xoşniyyətli müzakirələrin yaranmasına səbəb oldu.

“Şəxsən mən mətnə sadiqlik prinsipini əsas tutar və “təəssüf edirəm” ifadəsini əlavə etmədən “hamını xeyli gözlətdim” deyə tərcümə edərdim”, deyə Çində baş verən hadisələrə tez-tez münasibət bildirən “Baidu İnk.” tədqiqat şirkətinin nümayəndəsi Kaiser Kuo öz Tvitter hesabında yazırdı.

Çin yazıçısı və tərcüməçisi Brendan O’Kane kontekstə əsaslanaraq, “təəssüf edirəm” ifadəsinin əlavə edilməsi ilə razılaşanlara tərəfdar çıxdı. “Cənab Xinin sözləri bu və ya digər dərəcədə “hamını xeyli gözlətdim” cümləsi  ilə eyni funksiyanı – narahatlığa görə üzrxahlıq funksiyasını yerinə yetirirdi”, deyə o qeyd etdi.

Çin və İngilis dillərində üzrxahlıq məsələsi heç də hər zaman belə elmi səciyyə daşımamışdır. 11 il bundan əvvəl Çinin cənub sahillərindən uçan müşahidə təyinatlı ABŞ təyyarəsinin Çinin reaktiv qırıcı təyyarəsi ilə toqquşması nəticəsində Çin pilotunun ölməsi və təyyarənin Hainan adasına enmək məcburiyyətində qalması bu məsələnin önə çıxmasına səbəb olmuşdur. Pekin Vaşinqtondan rəsmi üzr (道歉 və ya daoqian) tələb edir, ikinci isə yanlışa yol verdiyini etiraf etməməyə çalışsa da, gərginliyin azaldılmasına çalışırdı. Bu isə tərəflərin hər iki dildə müvafiq sözlər axtarması ilə nəticələndi.

2005-ci ildə dərc olunmuş bir yazıda Corc Mason Universitetinin tədqiqatçıları izah edir ki, problemin həlli linqvistikadan keçdi.  ABŞ Çin xalqına və itkin düşmüş pilotun ailəsinə “baş vermiş itkidən dolayı təəssüf etdiyini” bildirdi. ABŞ həmçinin Çinin hava məkanına daxil olduğu üçün də “təəssüf edirdi”.

Çində bu ifadə Çin dilinə tərcümə edildikdə məna bir qədər dəyişdi. “Çox təəssüf” ifadəsi “深表歉意” ilə əvəz edildi; bu  isə, Corc Mason Universitetinin tədqiqatçılarının tərcüməsinə görə, “üzrxahlıq və ya peşmanlığın dərin ifadəsi” kimi başa düşülür.

– Karlos Tejada/ Chine Real Time

 

Tərcümə etdi: Gülnaz Cavadova

Müzakirə kateqoriyasına göndərildi | Bir şərh yazın