Kaktus – O. Henry

огенри

Zaman barəsində ən diqqətəlayiq anlayış  onun büsbütün nisbi olmasıdır. Qəhərdən boğulmaqda olan bir adam üçün bol miqdarda xatirə hamılıqca qəbul olunub, rəva görüləndir; və bir adamın əlcəklərini çıxardığı vaxt ərzində bütöv bir eşq macərasını gözdən keçirməsi heç də  köhnə kəşf  deyil.

Mənzildəki stolun yanında dayanan Traysdeylin etdiyi də məhz bu idi. Stolun üstündə qırmızı, torpaq saxsı qabda yaşıl bir bitki vardı. Kaktus ailəsinə mənsub bu bitkinin uzun, buynuzvari yarpaqları zəif meh əsdikdə belə qəribə şəkildə, başını yelləyirmiş kimi tərpənirdi.

Bufetin yanında dayanan Traysdeylin dostu, gəlinin qardaşı təkbaşına içmək məcburiyyətində qalmağından şikayətlənirdi. Hər ikisi kostyum geymiş, pencəklərinin yaxasındakı ağ bant mənzilin boğuqluğunda ulduz kimi parlayırdı.

Əlcəklərini yavaş-yavaş çıxardıqca Traysdeylin ağlından bir neçə saat öncəki əzabverici keçmiş sürətlə gəlib keçdi. Sanki hələ də burnunda kilsədəki gül dəstələrindəki çiçəklərin qoxusu varıydı. Qulağında kübar görünüşlü minlərlə insanın yavaşca uğultusu, dəbli paltarların xışıltısı, xüsusilə, keşişin onları izdivaca daxil etdiyi vaxt söylədiyi sözlər dövr edirdi.

O, vərdişkar kimi bu umidsiz son nöqtədə,  hələ də o qadını necə və nəyə görə itirdiyini düşünüb bir fərziyyə tapmağın mübarizəsində idi. Acı həqiqətlə sarsılmış halda özünü qəfildən əvvəllər heç vaxt üzləşmədiyi bir düşüncəylə üz-üzə gördü – qəlbinin lap dərinliklərində, özünün  tam və çılpaq mənliyində. Nə vaxtsa ruhuna geydiyi yalançılıq və eqoizm indi səfehlik tör-töküntüsünə çevrilmişdi. Ruhunun bu geyimləri keçmişdə başqa insanları incitmiş və onları bezdirmiş ola bilərdi, bu fikir ilə çiyinlərini çəkdi. Şöhrət və qürur? Bunlar onun zirehi idi və o qadın bunların ikisindən də uzaq idi… bəs niyə?…

***

Qadın kilsə skamyalarının arasından yavaş-yavaş mehraba doğru gedərkən Traysdeyl daxilində dəyərsiz və tutqun təntənə hiss etdi, bu, onun özünümüdafiəsi idi. Öz-özünə qadının üzündəki solğunluğun səbəbkarının az sonra özünü təslim edəcəyi kişi yox, başqa biri olduğunu söylədi. Lakin, bu zəif təsəlli belə onun əlindən alınmışdı. Həyatını paylaşacağı kişinin qadının əlindən tutduğu an, qadının çöhrəsindəki saf və qısa təbəssümü gördükdə özünün unudulacağını anladı. Nə vaxtsa bu baxışı görmüşdü və onun mənasını da bilirdi. Həqiqətən, qüruru yerlə yeksan idi, qürurunun  son qırıntısı da yox olmuşdu. Niyə belə bitdi? Aralarında heç bir küsülülük olmamışdı, heç nə olmamışdı….

Həyat axınının istiqamətinin qəfildən dəyişdiyi vaxtdan öncəki bir neçə gün ərzində baş verənləri yenidən və yenidən minlərcə dəfə düşünmüşdü.

***

 

O qadın onu həmişə göyün yeddinci qatına qaldırıb qoymuş, o da bu hörməti şahlara xas əzəmətlə qəbul etmişdi.  Qadının onun qarşısında belə alışıb yanması şipşirin yoldançıxarma idi; necə də təvözökarcasına ( o, öz–özünə dedi), uşaqcasına, sitayiş edirmiş kimi və ( bir dəfə and belə içmişdi) qəlbin dərinliklərindən gəlirmiş kimi. Qadın saysız-hesabsız fövqəltəbii cəhədləri, istedadları ona iltifat etməklə sanki ona yatırım etmişdi və o, ona edilmiş bu qurbanları çiçək açmaq və bar gətirmək vədi verməmiş  səhranın yağışı sorması kimi içmişdi.

Traysdeyl kefsiz halda ikinci əlcəyini də çıxarmaqda idi, o axmaq və kədərlənməkdə gecikmiş eqoizminin yerinə gözündə taclandırılma canlanırdı.

Gecə idi, o qadından öz sarayına gəlməsini və əzəmətini paylaşmasını istədiyi vaxt. Özünü incidəcəyini bildiyi üçün indi beyninə qadının həmin gecəki gözəlliyini düşünməyə icazə vermirdi- onun saçlarının dalğalanmasını, baxışındakı və sözlərindəki bakirə cəlbediciliyi və gözəlliyi düşünməməmyə çalışırdı. Lakin bu gözəlliklər onu danışmağa məcbur etməyə kifayət idi. Söhbət əsnasında qadın belə demişdi:

“ Kapitan Karuzer sənin ispanca ana dilindəki kimi danışdığını söyləyib. Niyə bu istedadını məndən gizli saxlayıbsan.  Sənin bilmədiyin nəysə varmı?”

Demək  belə, Karuzer ağılsızın biri idi. Şübhəsiz ki, o, ( Traysdeyl) lüğətlərin sonundan tapıb çıxardığı qədim bir Kastiliya atalar sözünü klubda deyib qürrələndiyi üçün günahkar idi ( bəzən belə işlər görərdi).  Karuzer onun iradəsiz heyranlarından biri və şübhə doğuran bilikləri qarşısında ovsunlanan birinci insan idi.

Təəssüf,  qadının heyranlığı o qədər şirin və ovsunlayıcı idi ki,  Traysdeyl öz yalanının ayaq alıb yeriməsinə icazə verdi. İnkar etmədən, qadının bu saxta ispan dili alimliyi qarşısında heyran qalmasına imkan verdi. Bu iltifatın məğrur başını ucaltmasına izin verdi, lakin beyninin səthi qırışlarında sonralar ona batacaq tikanı hiss etmədi.

Qadın necə xoşbəxt, utancaq və həyəcanlı idi. Traysdeyl öz böyüklüyünü onun ayaqları altına sərdikcə qadın qəfəsdəki quş kimi çırpınırdı. O, qadının gözlərindəki razılığı gördüyünə and içə bilərdi, elə indi də and içə bilər. Lakin qadın dərhal ona cavab vermədi, naz ilə dedi:

“ Cavabı sabah göndərəcəm sənə”.

Trasdeyl öz qələbəsindən əmin halda gülümsəyərək ona bu vaxt möhlətini verdi. Sabahı gün öz evində səbirsizliklə qadının cavabını gözlədi. Axşam çağı qadının nökəri ona qırmızı saxsı qabda qəribə bir kaktus gətirdi. Nə bir namə, nə bir ismarış vardı, sadəcə bitkinin hansısa xarici dildə və ya elmi adı yazılmış kağız vardı. Gecəyə qədər cavabı gözlədi, lakin cavab gəlmədi. Böyük qüruru və şöhrətpərəstliyi qadınla danışmasına imkan vermədi. İki gün sonra bir şam yeməyində qarşılaşdılar. Salamlaşmaqları adəti üzrə baş verdi, lakin qadın ona nitqi qurumuş, böyük maraq və istək içində baxırdı. Traysdeyl isə kübar və ciddi görkəmdə ondan izahat gözləyirdi. O, qadına xas cəldliklə Trasdeylin davranışlarındakı mənanı anladı və buz parçasına çevrildi dərhal. Beləcə, onlar ayrıldılar. Axı onun səhvi nə idi? Günahkar kim idi? İndi, cavabı qürurunun qırıntılarının arasında axtarırıdı. Əgər…….

 

***

Otaqdakı digər adamın səsi onun fikrini dağıtdı.

“  Traysdeyl, de görüm sənə nə olub axı? Sən elə bədbəxt görsənirsən sanki evlənən sənsən, sən sadəcə bu cinayətə yoldaşlıq etmisən. Mənə bax, ikinci günahkar adam olaraq bu fədəkarlığa göz yummaq üçün Cənubi Amerikadan sarımsaq və banan yüklü gəmidə düz iki min mil məsafə qət etmişəm – çiynimdəki yükün necə yüngül olduğuna bir bax. Mənim bircə balaca bacım vardı, indi o da getdi. İndi bura gəl! Vicdanının rahatlatmaq üçün nəysə iç”.

“ İndi içmək istəmirəm, təşəkkür edirəm” – Traysdeyl dedi.

Digər adam – “ sənin brendin bərbatdı ki” – deyərək ona qoşuldu. “ Bir gün Punta Redondaya gəlib mənə baş çək. Qoca Qarsianın qaçaqmalçılıqla gətirdiyi içkilərin dadına bax. Gəlməyinə dəyər.  Salam! Bu da köhnə tanışlarımdandır ( kaktusa baxaraq)! Bu kaktusu hardan gətirmisən, Trasdeyl?”

Trasdeyl- “ bir dostumun hədiyyəsidir, hansı növdən olduğunu bilirsən?”- deyə soruşdu.

“ Demək, belə. Bu, bir tropik bitkidir. Puntada hər gün yüzlərlə belə bitki görə bilərsən. Bax, üstündə adı yazılan bir kağız var, sən ispanca bilirsən, Trasdeyl?”

“ Yox. İspanca yazılıb?” – acı təbəssümlə soruşdu.

“ Bəli, yerli əhalinin inancına görə onun yarpaqları uzanıb əsməklə insanı çağırır. Bu səbəbdən onu “Ventomarme” adlandırıblar. Bu da, tərcümə də “ gəl və məni apar” deməkdir”.

 

Tərcümə etdi: Günel Əbilova

 

 

Bədii Tərcümə kateqoriyasına göndərildi | Etiketləndi , , , , , , , , | Bir şərh yazın